“Azərbaycan heç vaxt kino
ölkəsi olmayıb, olmayacaq
da”
“Amma
dövlətin hazırkı kino siyasəti ilə milli kinonun
inkişafı perspektivlərini görmürəm”
“Televiziya
kanallarımızda kifayət qədər bayağı
verilişlər, məzmunsuz şou proqramlar hazırlanır”
“Ölkəmizdə
kino yalnız o zaman inkişaf edə bilər
ki, kinostudiya ilə paralel olaraq televiziyalarda da bədii
filmlərin istehsalına başlansın”
Budəfəki
qonağımız kino aləmində “Tahir Tahiroviç” kimi tanınan peşəkar kinorejissor,
ARB "Aranfilm" Yaradıcılıq Mərkəzinin
bədii rəhbəri, Beynalxalq
festivalların mükafatçısı Tahir
Əliyevdir. Onunla söhbəti
“Hürriyyət”in oxucularına təqdim edirik.
(Əvvəli ötən sayımızda)
- Müstəqil
Azərbaycan kinosunun inkişaf
etdiyini söylədiniz. Doğrudur, artıq qeyd etdiyimiz kimi, vaxtaşırı müxtəlif beynəlxalq
kino festivallarından Azərbaycan filmlərinin
də sorağı gəlir, amma Azərbaycan
dünyada kino ölkəsi
kimi tanınmır axı. Biz
bu gün də nə
bədii, nə də sənədli filmlərimizlə dünya bazarına çıxa bilmirik.
- Azərbaycan heç vaxt kino ölkəsi olmayıb, olmayacaq da. Xahiş edirəm, özümüzü aldatmayaq.
- Bunun səbəbini
nədə görürsünüz?
- Gəlin müqayisə üçün qonşu ölkəmiz Gürcüstanı seçək. Şübhəsiz ki, bizdə olan musiqi gürcülərdə yoxdur, amma gürcülərdə olan kino da bizdə yoxdur. Biz nə qədər çalışsaq da kino ölkəsi ola bilmərik. Biz neft ölkəsiyik, musiqimizlə, idmanın müəyyən növləri üzrə dünyada tanınırıq, əslində bu çox gözəldir. Amma kino ölkəsi kimi tanınmaq üçün kifayət qədər potensialımız yoxdur. Bizdə kino məktəbi zəifdir, kinonu ictimailəşdirməmişik.
Bayaqkı fikrimə qayıdıram. Ölkəmizdə kino yalnız o zaman inkişaf edə bilər ki, kinostudiya ilə paralel olaraq televiziyalarda da bədii filmlərin istehsalına başlansın. Yalnız sağlam rəqabət inkişfa təkan verə bilər.
Amma dövlətin hazırkı kino siyasəti ilə milli kinonun inkişafı perspektivlərini görmürəm.
- Tamamilə razıyam. Özümüzü
aldatmağa dəyməz. Doğrudur,
bizim zəngin mədəniyyətimiz, incəsənətimiz
var, bu torpaq
kifayət qədər istedadlı insan yetirib. Amma təəssüf
ki, nə teatr, nə
də kino sahəsində dünyada
tanınan ölkələrin sırasında
olmamışıq, bu gün
də o cərgədə adımız yoxdur.
- Buna görə darılmağa, məyus olmağa dəyməz. Milli teatr və kinomuzun inkişafı üçün dövlət qayğısı olmalıdır. Dövlət müstəqil kinoya, eləcə də müstəqil teatra maddi-mənəvi dəstək verməlidir. Müstəqil kinostudiyaların, prodüser mərkəzlərinin fəaliyyəti üçün dövlət büscəsindən vəsait ayrılmalıdır. Özü də bu iş aidiyyati dövlət qurumlarının ciddi nəzarəti altında aparılmalıdır, yaradıcı proses diqqətdən kənarda qalmamalıdır, hər şey milli kinonun inkişafına hesablanmalıdır.
Onu da qeyd etmək lazımdır ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin ortalarınadək milli kinomuz sözün əsl mənasında intibah dövrünü yaşadı.
- Amma onda da dünya miqyasına çıxa bilmədik.
- Çünki bu inkişafı davam etdirə bilmədik.
- Əslində xatırlatdığınız illər yalnız milli kinomuzun deyil, eləcə də milli teatrımızın intibah dövrü kimi tarixiləşdi.
- Razıyam sizinlə. Həmin dövrdə Azərbaycanda bir sıra müstəqil teatrlar yarandı. Ölkənin, xüsusilə də paytaxt Bakının həyatında əsl mədəni inqilab baş verdi.
- Əslində sözügedən dönəm ölkəmiz
və xalqımız üçün ən
ağır bir dönəm idi. Müharibə şəraitində
yaşayırdıq, qan-qada, aclıq, səfalət,
torpaqlarımızın, igid vətən
övladlarının itkisi hər birimizi sarsıtmışdı. Bununla belə, artıq qeyd
etdiyimiz kimi, ölkədə
mədəni inqilab baş
verirdi. Çox böyük bir ziddiyyətdir.
Bəlkə o dövrdə milli incəsənətin, mədəniyyətin
inkişafına təkan verən məhz həmin kataklizmlər
idi?
- Birmənalı şəkildə. Özü də həmin illərdə incəsənət xadimlərimiz böyük, sarsılmaz xarakter nümayiş etdirirdi.
- Doğrudur. O dönəmdə
xalqımız siyasi cəhətdən daha prinsipial idi, incəsənətimizdə də həmin
prinsipiallığı görürdük.
Bu gün isə çox təəssüf ki,
hər şey tamamilə fərqlidir.
- Razıyam sizinlə o dövrkü prinsipiallıqdan əsər-əlamət qalmayıb. Bu günün incəsənət adamları çox mənfəətpərəstdir, demək olar ki, hər biri dövlətdən nəsə umur.
- Elədir.
Prezident mükafatı,
prezident təqaüdü,
mənzil və s…
- Bəli, bu gün hədəf
məhz sadaladıqlarınızdır.
Umacağı olan insan isə təbii ki, prinsipial ola
bilməz, çünki
asılıdır. Bu da həm mənəviyyatımıza,
həm mədəniyyətimizə,
həm də incəsənətimizə öz
sarsıdıcı təsirini
göstərir. Sənət eşqi
ikinci plana keçib, yarınmaq istəyi hər şeyi üstələyib.
Əslində, Azərbaycan xalqı teatr və kinodan
bir az
küsüb. Televiziya kanallarını
zəbt edən, hökumətə heç
bir zərəri dəyməsə də, xalqın mənəviyyatına
çox böyük zərbə endirən bayağı verilişlər
teatr və kino seyriçilərini oğurlayıb.
- Televiziya verilişlərindən danışmışkən,
peşəkar televiziya
işçisi kimi teleməkanımızın hazırkı
vəziyyəti-şou proqramları,
verilişlər haqda fikirlərinizi də eşitmək istərdik.
- Doğrudur, televiziya kanallarımızda
kifayət qədər
bayağı verilişlər,
məzmunsuz şou proqramlar hazırlanır. Amma bunu bütün
tv kanallara
şamil etmək olmaz. Misal üçün, İTV son zamanlar çox yaxşı işləyir,
dəyərli proqramlarla
seyrçilərinin zövqünü
oxşayır, AzTV-nin
“Mədəniyyət” kanalında
da ara-sıra maraqlı verilişlər,
sənədli filmlər
təqdim edilir.
Mənə elə gəlir
ki, istəsələr,
hər şeyi yoluna qoya bilərlər,
sadəcə o zaman işləri çoxalacaq.
Bax söhbət bundan gedir.
- İşləmək istəmirlər?
- İşləmək
üçün insana
ruh lazımdır, vaxt lazımdır, səbr lazımdır.
Gərək səhər saat
8-dən, axşam saat
10-a kimi televiziyada olasan. Şou proqramlardan ibarət
telekanalı işlətmək
üçün isə
director olmağa ehtiyac
yoxdur.
Biri var ki, yağ qaynadırsan, onun üstündə durmalısan ki, daşıb eləməsin.
Bir də var ki,
kartof qızardırsan,
tavanın qapağını
örtüb gedirsən
öz işlərinin
dalınca. Yananda da
deyirsən, cəhənnəmə
yansın, elə bir təhlükəsi yoxdur.
- Cəhənnəmə yansın
deyirsiniz, amma yanan övladlarımızın
əxlaqıdır, gənclərimizin
mənəviyyatı aşılanır,
zövqlər korlanır.
- Zənnimcə,
Azərbaycanda telekanalların
sayı artmalıdır
ki, tamaşaçı
seçim qarşısında
qalsın və daha səviyyəli, daha kanalları, daha məzminlu proqramları seçə
bilsin.
- Amma ölkəmizdə kifayət qədər televiziya kanalı var.
- Düşünürəm
ki, bur az
da artmalıdır. Daha 5-6 televiziya kanalına da ehtiyac var.
- Amma mən düşünürəm
ki, bizə lazım olan kəmiyyət yox, keyfiyyətdir. Əgər
bütün telekanallar
yağışdan sonar bitən
göbələklər kimi,
eyni şou proqramılara çıxırsa
seyriçilərin qarşısına,
onların sayını
artırmaqla nəyə
nail ola bilərik?
Bir çox ölkələrdə
telekanallar hər hansı bir sahə üzrə ixtisaslaşıblar. Uşaqlar
üçün, yeniyetmələr
üçün ayrıca
kanallar var, elmi-kütləvi verilişlərin,
bədii, sənədli,
televiziya filmlərinin
öz kanalları var və s. və i. a. Bizdə
də belə olsa, bəlkə hansısa inkişafdan danışmaq olar.
- Təbii ki, hər bir
televiziya kanalının
öz siması olmalıdır. Bu məsələdə sizinlə
tam razıyam.
- Maraqlı söhbətə
görə təşəkkür
edirəm. Sizə yaradıcılıq uğurları diləyirəm.
- Çox sağ olun.
Hazırladı: Banu OĞUZ
Hürriyyət.- 2019.- 1 iyun.- S.13.