İstedad və ləyaqət
mücəssəməsi
Professor Qulu
Məhərrəmlinin 65 illik
yubileyinə
Bu gün ölkəmizin görkəmli qələm sahiblərindən biri olan professor Qulu Məhərrəmlinin 65 yaşı tamam olur. Qulu müəllim mənim üçün istedad, ləyaqət və mərdlik mücəssəməsidir. Çoxlu sayda kitablar yazmış, jurnalistika elmimizin bünövrəsini qoymuş böyük alimdir. Milli dəyərlərimiz, o cümlədən ana dilimiz uğrunda mübarizə aparan fədakar ziyalıdır. Bu barədə çox yazılıb, əsərləri ciddi təhlil olunub, əməyi qiymətləndirilməsə də, millət qarşısında xidmətləri etiraf olunub. Amma mən tamamilə başqa bir məqam haqqında danışmaq istəyirəm.
Bir neçə il əvvəl AzTV-nin işbacarmaz və şübhəli reputasiyası olan sədri A.Alışanovun qeyri-peşəkarlığını kəskin tənqid etdiyinə görə həmin qurumda professor Qulu Məhərrəmliyə qarşı geniş miqyaslı hücuma keçmişdilər. Ona qarşı böhtan və təhqir kampaniyası aparmaqla ürəyi soyumayan AzTV sədri Q.Məhərrəmlini məhkəməyə vermiş və qorxulu iddialar irəli sürmüşdü. Pullu sədr əvvəla, onu həbs etdirmək üçün Yasamal məhkəməsində jurnalistə qarşı cinayət işi açdırmağa nail olmuş, ikincisi isə Nəsimi məhkəməsində professora qarşı mülki iddia qaldıraraq təzminat kimi onun 100 min manat cərimə olunmasını istəmişdi.
Nə yaxşı ki, həmin çətin günlərdə vicdanlı insanlar Qulu Məhərrəmlini meydanda tək qoymadılar. Başda böyük ustadımız və müəllimimiz, mərhum professor Şirməmməd Hüseynov olmaqla bir qrup görkəmli ziyalı onun müdafiəsinə qalxdı. Üzdə olan gənc yazarlar da söz adamına qarşı məhkəməni pisləyən bəyanatla çıxış etdilər. Əlbəttə, həmin günlərdə olduqca yüksək təmkin, mətanət və ləyaqət nümayiş etdirən Qulu müəllim bir il sürən məhkəməni öz əzmi ilə udaraq məmur oliqarxı yerində oturda bildi. Məncə, həmin ədalətsiz məhkəmədən sonra Q.Məhərrəmlinin cəmiyyətdə nüfuzu daha da artdı, eyni zamanda cəmiyyət də haqq sözün əvvəl-axır qalib gələcəyinə əmin oldu.
Mən həmin günlərdə əziz dostuma mənəvi dayaq olmaq üçün bir şeir yazmışdım və həmin şeiri yenicə çapdan çıxmış “Dərd əlindən havalandım” kitabına (2019) daxil etmişəm. Görkəmli jurnalistin 65 illik yubileyində həmin şeiri “Hürriyyət”in oxucularına təqdim edirəm:
DÖZ,
QARDAŞIM, AMANDI!
(Görkəmli jurnalist Qulu Məhərrəmliyə)
Döz, qardaşım, sinə gər,
Namərdlərə, amandı!
Qarğa-quzğun çoxalıb,
Zaman əyri zamandı.
Ədalətin yeri dar,
Namərdlər sular meydan,
Yəhərləyib kor atı
Köndələn çapır şeytan.
Cahillərin üzündən,
Çox acılar yemisən.
Qaranı
qara görüb,
Sən ağa-ağ demisən,
Bəs niyə düz deyənin
Dilini kəsir
hakim?
Qanuna ağa olub,
Paraya əsir
hakim.
Beyinlər çalxalanır,
Fırtına havasıdır,
Haqq nahaqla üz-üzə,
Bu, vicdan davasıdır.
Şirməmmədlər dayanıb
Kürəyində şir kimi,
Millət
səni qoruyur
Bəd nəfəsdən pir kimi
Yolun Tanrı yoludur,
Geri baxma, düz yeri,
Düzlər geri çəkilsə
-
Əyri kəsər düz Yeri.
Ərşad Əzimzadə
18.04.2016
Hürriyyət.- 2019.- 2-4 noyabr. S. 13.