Ustad
Dədə Qərib Mehdi
Maraqlı
cəhət burasındadır ki, hər dəfə Gəncə
mədəni-ədəbi ictimai həyatından yazmaq istərkən
böyük bir xəzinənin içərisində
olduğumu görürəm. Bu xəzinə mənə mərhum
valideyinim, respublikanın xalq artisti Məhəmməd Burcəliyevdən
miras qalıb. Ömrünün 80 ilinin 65 ilini Gəncə mədəni-ədəbi
ictimai həyatının inkişafına, formalaşmasına
sərf etməklə yanaşı həm də ətrafına
mərd dostları da toplaya bilib. Onlarla bağlı xatirələrini
dəfələrlə danışıb. Bu söhbətlər
zehnimə elə həkk olunub ki,
hər dəfə onlar haqqında yazmaq istərkən məhz
bu xatirələrdən bəhrələnirəm. Bu gün də
belə olacaq. Məhəmməd Burcəliyevin yaxın
dostlarında biri olan, Gəncə yazarlarının mənəvi
atası hesab etdiyimiz Ustad Dədə Qərib Mehdidən
söhbət açaçam.
Orta məktəbin
altıncı sinfində oxuyurdum. Atam Məhəmməd Burcəliyev
həftədə üç dəfə dərslərdən
sonra əlimdən tutub məni Gəncədə fəaliyyət
göstərən “Alimlər evi”nə aparırdı. Buraya Gəncənin
ağsaqqalları, söz sahibləri, elm adamları
toplanardı. Həm də “Alimlər evi”ndə bir “İlham”
Ədəbi Birliyi də fəaliyyət göstərirdi. Atam
Məhəmməd Burcəliyev də bu ədəbi birliyin
görüşlərində iştirak edər, müzakirələrdə
fikirlərini bölüşərdi. Mənsə sadəcə
olaraq uşaq düşüncələrimlə onları seyr
edərdim. Qərib Mehdi “İlam” Ədəbi Birliyinə istedadlı
və sözünü misralara köçürməyi bacaran
gəncləri toplamaqla onları istiqamətləndirər,
şerlərinə düzəlişlər edər və hər
birinin gələcəkdə böyük qələm sahibləri
olmaları üçün dəridən-qabıqdan
çıxardı. Çox tələbkar idi. Hətta onun tənqidi
fikirlərindən sarsılıb içində
hiçqırtı ilə ağlayanlar da olurdu. Ancaq bu hissləri
heç zaman Ustad Dədə Qərib Mehdiyə bildirməzdilər.
Deyim ki, Qərib Mehdi burada şerdən başqa heç kimin əlavə
nəsə oxumasına icazə verməzdi. Ara-sıra hekayələrini
oxumaq istəyənlər də olurdu. Bir müddət bu
proseslərə alışdıqdan sonra birliyin
toplantısına gələrkən özümdə cəsarət
tapıb əlimi qaldırdım. Qərib Mehdi dərhal dilləndi:
-Nə
istəyirsən, Anar bala?
-Qərib
əmi, mən də Gəncə Dövlət Dram
Teatrının tamaşası haqqında bir balaca yazı
yazmışam. Olar Sizə oxuyum, qulaq asasız?
Qərib
Mehdi müdrik təbəssümü ilə dedi:
-Yaxşı,
oxu görək sən nə yazmısan.
Mən də
öz yazımı burada oxudum. O, məni maraqla dinləyib məsləhətlərini
verdi. Beləcə “İlahm” Ədəbi Birliyi ilə əməkdaşlığım
genişləndi. Məndə bu Ustad Dədə Qərib Mehdi
bulağından su içib, “İlham”ın yetirmələrindən
sayıldım.
Ustad Dədə
Qərib Mehdi 50-ci illərin sonunda milli ədəbiyyatımıza
qədəm qoyub. “İşıq”la, “Qərib, hey”lə,
“Rast”la etiraf edilib və böyük oxucu kütləsini ətrafında
toplaya bilib. Sonrada o, 60-cı illərin ədəbi mübarizəsinə
qoşulub. O zamanlar çox çətin bir dövr idi. Sovet
post məkanında Stalin dönəmindən sonra qəbul
olunmayaraq bir çox nümayəndələri ideoloji
düşmən olaraq xaricə qovulan dissident ədəbiyyatının
mehi Gəncəyə də çatırdı. Bu gün o illərdən
söz düşərkən Qərib Mehdi dalğın
baxışlarla xatirələrini bir daha vərəqləyərək
deyir: “SSRİ-də, o cümlədən, Azərbaycanda
“60-cılar”ın meydana gəlməsilə bu ədəbi meh,
ədəbi küləyə çevrildi. Və daha sonra bu
proses qarşısıalınmaz oldu. Sükanın doğru
istiqamətə dönüşünə səbəb olan bu
hərəkata hərə bir cür ad verir. Mən də adlar
içinə bir ad qoşdum: “Şübhə ədəbiyyatı”.”
Bütün
bu sadalanlara rəğmən Qərib Mehdi bir gün də olsun dogma Gəncəmizdən
ayrılmayıb. Hər zaman burada Xan Çinarların kölgəsində
ruhən dinclik tapıb və yazıb, yaradıb. Bir gün Qərib
Mehdiyə sual verdim ki, ustad, nə əcəb Bakı Sizi
özünə cəlb etməyib?
Yaradıcılığınızı orada davam etdirmək
istəməmisiz? Nə əcəb?
Axı Bakıda olan daha rəvan inkişaf Gəncədə
yoxdur. Sualı eşidən tək o, güldü və
söylədi: “Bu barədə mənə çoxları
suallar verib. Hər dəfə də eyni cavabı vermişəm.
Mən də heç vaxt paytaxt cazibəsi olmayıb. Baxmayaraq
ki, sənin qeyd etdiyin daha rəvan inkişaf üçün
mərkəz bəli münbit şərait yaradırdı.
Bununla belə, mərkəzə qaçma sevdası məndən
də yan keçmədi. Yazılarım diqqət çəkəndən
sonra təəssübkeşlərim məni də müxtəlif
ünvanlara – “Gənclik” nəşriyyatına, televiziyaya və
“Azərbaycan” jurnalına dəvət etdilər. Bu proses
uçotdan çıxıb qatara bilet almağa qədər
davam etdi. Son anda mərhum yazıçımız Altay Məmmədov
məni bu fikirdən daşındırdı. Nə dərəcədə
udub-uduzduğumu isə deyə bilmirəm.”
Bu illər
ərzində bir-birindən maraqlı və orjinal povestləri,
çağdaş və retro hekayələri, esseləri ilə
daima maraqlı fikir ünsiyyətində olan Ustad Dədə
Qərib Mehdi heç zaman yaradıcılığında
büdrəməyib, əksinə, yeni fikir və
düşüncələr informalaşmasında müstəsna
xidmətlər göstərib. Belə olmasaydı
“İşıq” (“Gənclik” nəşriyyatı – 1967),
“Yaralı mərmər” (“Gənclik”nəşriyyatı –
1969), “Ucalan dağlar” (“Gənclik”nəşriyyatı – 1971),
“Rast”(“Gənclik”nəşriyyatı – 1973), “Təmiz
hava”(“Yazıçı”nəşriyyatı – 1980), “Səndən
sonra ” (“Yazıçı” nəşriyyatı – 1985),
“Çinar günü” (“Gənclik” nəşriyyatı –
1986), “Müsabiqə” (“Yazıçı” nəşriyyatı
– 1988), “Qəhqəhə”(“Gəncə” nəşriyyatı –
1993), “Xatırlanmaq xoşbəxtliyi” (“Gəncə” nəşriyyatı
– 2000), “Kentavr lətifələri”(“Gəncə” nəşriyyatı
– 2000), “Hamını oxumağa çağıran adam” (“Gəncə”
nəşriyyatı – 2000) və başqa adda 46 ədəd
maraqlı kitabları bu günə kimi işıq üzü
görməzdi. Qərib Mehdi
yaradıcılığının həm də xoşbəxtliyi
orasındadır ki, o, hər zaman aktualdır. Çünki
fikirlər toplusu Qərib Mehdi yaradıcılığında
hər zaman dövrünün müasiridir. Mübağiləsiz
deyə bilərəm ki, o, dövrü mətbuatda hətta
çıxışlarında belə hər zaman formaca rəngarəng,
mövzu və ideyaca aktual, dil-üslub baxımından orijinal
fikirləri ilə oxucular tərəfindən sevilə-sevilə
oxunan, ədəbi mühitimizdə geniş rezonans doğuran,
onlarla xarici dilə tərcümə olunan bədii
yaradıcılıq dünyasının sahibidir.
Tənqidçi
Gülrux Əlibəyli onun
yaradıcılığı haqqında yazır: “Bədii
etirafın ən kamil nümunəsi Qərib Mehdinin “Məni
çağıran səs” povestidir. Azərbaycan ədəbiyyatında
ana haqqında yüzlərlə gözəl, kamil povestlər,
poemalar, romanlar yaranmışdır. Ana möcüzəsi isə
ölməz və ümumbəşəri, mövzudur. Burada
oxucunu təəccübləndirmək də sanki
qeyri-mümkündür. Bununla belə, Qərib Mehdi təəccübləndirir
də, heyrətləndirir də.” Və ya tənqidçi Rəhim
Əliyev ona üzünü tutub yazır: “Sizdən xahiş
edirəm, qəzeti uşaqlara tapşırıb var qüvvənizlə
işləyin, hər saatınızın qədrini bilin. Cəsarətlə
Gəncənin iç dünyasını açıb
tökün. Bunu Siz etməsəniz, bəlkə, yüz ildə
heç kəsə nəsib olmayacaq.”
Qərib
Mehdi bu yüksəkliyə özü çatıb. O illərdə
doğru-dürüst dayday da tapmaq bu tip xüsusiyyətli
insanlara nadir hallarda nəsib olurdu. Ustad Dədə Qərib
Mehdimiz isə heç zaman həqiqəti söyləməkdən
vaz keçmədi, bəziləri tək qələm
altında yatıb köləlik taxtında oturmadı. Buna
görə də onun bütün toxunduğu mövzuları
öz orjinallığını qorumaqla, düzü-düz, əyrini-əyri
kimi göstərə bildi. Qələminin məhsulu olan
“Müsahibələr və müsahibələr” (“Gəncə”
nəşriyyatı – 2001), “Əlin çatan, ünüm yetən
sənətçilər ” (“Gəncə” nəşriyyatı
– 2002), “Bulanma, könül çayım” (“Gəncə” nəşriyyatı
– 2002), “Göyçəgülü” (“Gəncə” nəşriyyatı
– 2002), “Səbuhinin hekayətləri” (“Gəncə” nəşriyyatı
– 2003), “Bu qızı eşit ilahi” (“Gəncə” nəşriyyatı
– 2003), “Gördüyünü çağıran
aşığın nağılı” (“Gəncə” nəşriyyatı
– 2004), “Güldün, ağlım apardın” (“Gəncə” nəşriyyatı
– 2006), “Gül əvəzinə söz” (“Qeyrət” nəşriyyatı
– 2006), “Sözün vaxtı-vaxtın sözü” (“Gəncə”
nəşriyyatı – 2007), “Mənsiz gün olmaz günün”
(“Gəncə” nəşriyyatı – 2007),“Küləklər
ağzında şam işığı” (“Vektor” nəşriyyatı
– 2007), “Nizami Aydın şəhidliyi” (“Vektor” nəşriyyatı
– 2008) kimi kitabları neçə-neçə oxuçu qəlbini
fəth etməklə, dövrünün aktual problemlərini
açıqlayırdı. Qərib Mehdi hərdən söhbətlərində
deyir: “İnsan sevəndə, yaradanda, kiməsə
yaxşılıq edəndə yaşayır. Qələmim
nadinc uşaq kimi dinc durmur. Elə bir ucdan yazıram.
Döyüşə girən cəngavərin silahları cəsarətdən,
atdan və qılıncdan ibarətdir. Mənim də
silahlarım qələmim, mövzum və üslubumdur.”
1979-cu ildə,
orta məktəbi bitirən kimi Gəncəyə gəlməsini
xatırlayan Əməkdar mədəniyyət işçisi
Qəşəm Nəcəfzadə ilk dəfə olaraq kənddən
kənara çıxdığını və şəhəri
tanımadığını söyləyir. “Bu boyda şəhərdə
bir nəfər də tanışım yox idi. Bircə
ağaclar, küləklər, yağışlar tanış
idi. Onları kənddə görmüşdüm, elə bil mənimlə
şəhərə gəlmişdilər.Gəncə Dövlət
Universitetinə (Köhnə KDPİ) Dil-ədəbiyyat
fakültəsinə qəbul olundum. Doğrusu Bakıda oxumaq
istəyirdim. Məni instituta qəbul etdirən adam demişdi
ki, səni Bakıdakı unversitetlərin birinə
köçürtdürəcəyəm. İki aydan sonra Qərib
Mehdi ilə tanış oldum. Qərib Mehdiyə “aldanıb”
qaldım Gəncədə. Yaxşı ki, qaldım.Gəncədə
ilk tanış olduğum insan da elə Qərib Mehdi idi.
İlk tanış olduğum yazıçı da, müəllim
də, dost da Qərib Mehdi oldu. Buna kimi canlı
yazıçı görməmişdim, kitab hədiyyə
almamışdım, mənə avtoqraf
yazmamışdılar. Hamısını Qərib Mehdi ilə
tanıdım.”
Ustad Dədə
Qərib Medi bu gün xalq yazıçısı deyil. Onun
buna heç ehtiyacı da yoxdur. Qələm əhli
tanıyıram ki, qalaq-qalaq kitabları var. Hamısını
o qədər toz basıb ki, heç imzaları belə
oxunmur. Ancaq, Ustad Dədə Qərib Mehdinin imzası ilə
bir kitab görəndə ixtiyarsız olaraq əlinə
götürürsən. Vərəqləyirsən. Sanki yeni
bir dünyaya düşürsən. Bütün
düşündüklərini, zehnini,
işığını bu imzada tapırsan. Elə buna
görə də Ustad Dədə Qərib Mehdi xalq
yazıçısı olmadan xalqın
yazıçısıdır.
Azərbaycan
Yazıçılar Birliyininsədri, xalq
yazıçısı Anar onun əsərlərindən
söz düşərkən maraqlı bir faktı önə
çəkməklə deyir: “Siz əsərlərinizlə
Allah, cəmiyyət və dünya qarşısındakı məsuliyyət
hissinin dərinindən, əxlaqlı şəkildə
qavranmasına yardımçı olmaq niyyətinizdə həmişə
təmənnasız olmusunuz. Bir yazar olaraq, bir insan olaraq, sənətdaşlarınıza,
xüsusən, ədəbi gəncliyə davamlı şəkildə
diqqət və qayğı göstərmisiniz. Bu xidmətləriniz
heç zaman unudulmayacaq.”
Qərib
Mehdi hər zaman oxucuları ilə görüşə
maraqlı bir üslubda, duyumda gəlməyi bacarır. Onun təqdimatında
hər bir mövzu həyat həqiqətlərindən və
ya gündəlik gördüyü hadisələrdən
qaynaqlanır. Bir çox hekayələrində və esselərində
onu tanıyan oxucusu belə bunu duya bilir. Hətta çox zaman
qələmə aldığı mövzular o qədər
maraqlı olur ki, oxuyub belə etinasız ötmək
mümkün olmur. Məsələn bu günlərdə
“Vektor”Beynəlxalq Nəşrlər evində çapdan
çıxan “Ağpapağın nağılı” adlı
kitabında eyni adlı povestində oxuyuruq: “Açıq
danışmaq heç kimə əskiklik gətirməz. Sovet
sistemi dağılanda maliyyə
çatışmamazlığı üzündən
yazarların çoxusu təntidi. Necə deyərlər, biz
avarları sıradan çıxmış qayıqlar kimi
fırtınalı dənizin dalğaları arasında qərq
olmaqdaydıq. Kimin bəxtinə xeyirxah “dalğıc”
düşmüşdüsə, o, sahilə çıxa
bilirdi. Fəaliyyətini dayandırmaq məcburiyyətində
qalan o “qayıqlardan” biri də mən idim. Elə bu zaman Sənin
xilaskar əlin mənim əlimdən yapışdı və
yaradıcılıq qayığım batmaq təhlükəsindən
xilas oldu. Bu fikri əvvəllər də demişəm.
Xilaskarlığı bir dəfə nəzərə
çatdırmaq bəs eləməz. O xeyirxah əməli təkrarlamaq
insanın iç dünyası üçün ancaq fayda gətirər.
Budur, Sənin xeyriyyəçilik yolu ilə nəşr
etdiyin 15-ci kitab əlimizdədir. Bu o deməkdir ki, Sənin
sayəndə mən ədəbiyyatda hələ varam.”
Maraqlı
cəhət burasındadır ki, Qərib Mehdi dramaturgiyada cəmi
qələmini bircə dəfə sınayıb. Gəncə
Dövlət Dram Teatrının səhnəsində onun qələmə
aldığı “Oxşarlar” iki hissəli, altı şəkildən
ibarət olan dram əsəri maraqla izlənilib. Əsərin
ilk tamaşası Gəncə Dövlət Dram
Teatrının səhnəsində 23 fevral 1989-cu ilə təsadüf
edir. Tamaşanın quruluşçu rejisoru, xalq artisti Məhəmməd
Burcəliyev, rəssamı, əməkdar artist Telman Əliyev
və musiqi tərtibatçısı isə Rafael Ziyadov
olublar. Xüsusi olaraq qeyd etmək lazımdır ki,
“Oxşarlar” pyesi də satirik çalarla işlənərək
ekoloji problemlərə həsr olunub. Tamaşanın
quruluşçu rejisoru, xalq artisti Məhəmməd Burcəliyev
əsəri dramatik-yumoristik planda verməyə müvəffəq
olub. Əslində pyes komediya deyil. Ancaq burada yumor çox
güclüdür. Hətta əsərin ciddi məsələlər
həll olunan səhnələrində belə, yumor öz
silahını yerə qoymurdu.
Bu gün
yazıçı-publisist, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, əməkdar jurnalist, Məmməd Araz və
Həsən bəy Zərdabi mükafatçısı,
BMT-nin “Şərəf və vicdan” ordeninə, Türk
Dünyası Araşdırmaları Beynəlxalq Elmlər
Akademiyası tərəfindən türk ellərinə ədəbi-mədəni
xidmətinə görə “Fəxri doktor” elmi tituluna, həmçinin
“Altun medal”na layiq görülən Ustad DədəQərib
Mehdiömrünün 80-ci baharını yaşayır.
Qarşımda aydın diksiyası, zədəsiz məntiqi,
ötkəmliyi, əksərən ciddi problemlərin üzərinə
cəsarətlə yeriməyi bacaran bir müdrik
ağsaqqalın, Ustad Dədə Qərib Mehdinin
yaradıcılıq şöləsinə uğurlar diləyir,
xoşbəxt, sağlam həyat arzu edirəm.
Anar Burcəliyev
Hürriyyət.-
2019.- 5-6 noyabr. S. 13.