SSRİ-nin birinci xanımı
olan bakılı qızın intiharı
General Qusevin işvəkar arvadının
baiskarlığı
Sabah Stalinin həyat yoldaşı Nadejda Alliluyevanın ölümünün 87-ci ili tamam olur. Ancaq bu qədər vaxt keçsə də bu, hələ də sirli ölüm sayılır. Bunun intihar, yoxsa qətl olması mübahisəlidir. Bu hadisəyə dair bir neçə, bir-birinə yaxın və bir qədər fərqli versiyalar var.
Məsələn, Stalinin baş mühafizəçisi Nikolay Vlasik Nadejda Alliluyevanın ölümünün intihar olduğunu yazıb. O Stalinin ən yaxın adamı, bütün sirlərinin yeganə bilicisi olub, təbii ki, başqa söz deməzdi. Ancaq Nikita Xruşov öz memuarlarında intihar versiyasını qəbul etsə də, qətl məsələsinə də əl yeri qoyub. O da Stalini sovet xalqının, eləcə də bütün bəşəriyyətin düşməni çıxarmış adam olduğuna görə, bəlkə də bir az qərəzli olub.
Nadejda Alliliyeva 1901-ci ildə Bakıda doğulub. Onun atası Sergey Alliluyev inqilabçı olub, imperiyanın mərkəzi şəhərlərində yaşaması yasaqlandığından taleyin hökmü ilə bolşevik hərəkatının üç mərkəz şəhərindən biri olan Bakıya gəlib. Nadejda da burada anadan olub, amma ağlı söz kəsmədən onun ailəsinə Bakıda yaşamağı da qadağan ediblər. Sergey Alliluyev Sankt-Peterburqa yerləşib və onun evi inqilabçıların gizli görüş yerinə çevrilib. 16 yaşlı Nadejda ilə 40 yaşlı İosif Stalin bu evdə tanış olublar. Onlar 1918-ci ildə Nadejdanın 17 yaşı olanda evləniblər. 14 il birgə yaşayıblar. İki övladları olub: Vasili (1921-62) və Svetlana (1926-2011). 1932-ci ildə isə 31 yaşlı Alliluyeva öz həyatına tapança atəşi ilə son qoyub.
Nadejda Leninin katibliyində çalışıb, “Revolyutsiya i kultura” və “Pravda” qəzetləri ilə əməkdaşlıq edib. Onu 1921-ci ildə, Stalinin rəsmi həyat yoldaşı olsa da, partiyadan çıxarıblar, ancaq 4 gündən sonra Rusiya Kommunist (bolşeviklər) Partiyasının üzvlüyünə namizəd qəbul ediblər. 1929-cu ildə Sənaye Akademiyasının toxuculuq sənayesi fakültəsində Nikita Xruşovla birlikdə təhsil alıb. Xruşovu Stalinlə məhz Nadejda tanış edib.
Ancaq N.Alliluyeva digər kurs yoldaşlarını xoşbəxt edə bilməyib. Sovet dövlətinin cəza maşını onun tələbə yoldaşı olan səkkiz qızı həbs edib. Nadejdaya Henrix Yaqoda (Birləşmiş Dövlət Siyasi İdarəsinin başçısı) zəng edərək rəfiqələrinin dərhal azadlığa buraxılmasını tələb etsə də, Yaqoda ona deyib ki, artıq gecdir, qızlar həbsxanada yoluxucu xəstəlikdən ölüblər.
Sovet dövlətində baş verən bu kimi hadisələrə və şəxsi həyatındakı problemlərə görə Nadejda Alliluyevanın əsəbləri daima gərgin olub. Onun səhhətində ciddi problemlər olub, müntəzəm olaraq şiddətli başağrılarından əziyyət çəkib. Nadejda hətta bir ara Almaniyanın Düsseldorf şəhərində müalicə də olunub, amma xəstəlik davam edirmiş.
Şahidlərin sözlərinə görə, 1932-ci ilin 7 noyabrında, paraddan sonra Voroşilovun mənzilində təşkil olunan ziyafətdə Stalinlə Nadejdanın arasında növbəti dəfə mübahisə baş verib. 8-dən 9-na keçən gecə isə onun ölüm xəbəri gəlib.
Şahidlər deyir ki, davaya səbəb Stalinin ziyafət zamanı ona “ey, sən də iç” deməsi olub. Nadejda ayağa qalxıb və deyib: “Mən sənin üçün ey deyiləm”. Və məclisdən çıxıb gedib.
Stalinin qızı Svetlana böyüyəndən sonra ona hər şeyi danışıblar və o? öz memuarında yazıb ki, atası baş verən hadisəyə görə çox üzülüb, bir neçə gün özünə gələ bilməyib, deyirmiş, özü də artıq yaşamaq istəmir.
Nadejda Alliluyevanın Stalin tərəfindən qətlə yetilməsi versiyasını Stalinin həm intihardan sonrakı davranışı və sarsıntı keçirməsi, həm də qadının onun üçün məktub yazıb qoyması təkzib edir.
Svetlana Alliluyeva yazır: “Aydındır ki, o, məktubu gecə yazıb. Mən, əlbəttə ki, o məktubu heç vaxt görmədim. Onu yəqin ki, dərhal məhv etmişdilər, ancaq bu barədə məktubu görənlər mənə danışıblar. Çox dəhşətli məktub imiş, ittihamlarla və qınaqlarla doluymuş. Bu, təkcə şəxsi məktub olmayıb, qismən siyasi məktub olub. Onu oxuyandan sonra atam düşünə bilərdi ki, anam yalnız görüntü xatirinə onun yanındaymış, əslində isə hardasa o illərin müxalifəti ilə birlikdə addımlayırmış.
O, buna görə sarsılıb və hiddətlənib və vida mərasiminə gəlib tabuta yanaşarkən, birdən onu özündən itələyib və geri çevrilərək çıxıb gedib. Daha sonra heç dəfnə də gəlməyib”.
Nikita Sergeyeviç Xruşov öz memuarında keçmiş kurs yoldaşının ölümünə dair qeydlər də edib.
Xruşov yazıb: “Nadejda Sergeyevnanın sağlığında Stalinin evindəki qonaqlıqlar xüsusilə xoş olurdu. Nadejda prinsipial partiya adamı idi, eyni zamanda həssas, duz-çörəkli ev sahibəsiydi. O, öləndə mən çox heyfsiləndim. Onun vəfatı ərəfəsində oktyabr təntənəsi keçirilmişdi. Nümayiş gedirdi və mən Leninin mavzoleyinin yanında fəallar qrupu ilə birlikdəydim. Alliluyeva da yanımdaydı, söhbət edirdik. Soyuq idi və Stalin mavzoleyin tribunasında şineldəydi (o, həmişəki kimi o vaxtlar şineldə gəzirdi). Şinelin yaxası bağlanmamışdı və ətəyi tamam açılmışdı. Külək əsirdi. Alliluyeva dedi: “Bax, odur, mənimki şərf götürməyib, soyuqlayacaq və yenə xəstələnəcək”. Bütün bunlar çox məişətcə söhbət idi və rəhbər olaraq Stalin haqqındakı təsəvvürümüzlə düz gəlmirdi. Sonra nümayiş bitdi, hamı dağılışdı. Ertəsi gün Kaqanoviç Moskva rayonlarının birinci katiblərini yığdı və dedi ki, Nadejda Sergeyevna vaxtsız vəfat edib. O zaman mən düşündüm: “Bu, necə ola bilər? Axı mən onunla dünən danışmışam. Çox parlaq, gözəl qadın idi”. Səmimi qəlbdən acıdım və fikirləşdim: “Amma neynəmək olar, hər şey olur, insanlar ölür…”. Bir-iki gündən sonra Kaqanoviç həmin heyəti yenidən topladı və dedi: “Mən Stalinin tapşırığını çatdırıram. Stalin əmr etdi ki, deyim, Alliluyeva ölməyib, intihar edib, özünü güllələyib. Vəssalam. Əlbəttə, intiharın səbəbini bizə demədilər. Özünü güllələyib, bitdi. Onu dəfn etdilər. Stalin onu qəbiristanlığa yola salmağa gəldi. Onun üzündən görünürdü ki, çox sarsılıb, xeyli ağlayıb.
Artıq Stalinin ölümündən sonra mən Nadejda Sergeyevnanın ölümünün səbəbini öyrəndim. Bu barədə sənədlər var. Biz Stalinin mühafizəsinin rəisi Vlasikdən soruşduq: “Nadejda Sergeyevnanı intihara hansı səbəblər sövq etmişdi?” O, bu barədə bizə danışdı. Demək, paraddan sonra həmişəki kimi hamı Voroşilovun evinə yemək yeməyə gedib. (Onun Kremldə böyük mənzili vardı. Mən də bir neçə dəfə orada nahar etmişdim). Bu evə məhdud dairədə adamlar gedib: həmin vaxt parada rəhbərlik edən Kork, paradı qəbul edən müdafiə naziri Voroşilov və Siyasi Büronun bəzi, Stalinə ən yaxın üzvləri. Ora birbaşa Qırmızı meydandan gediblər. O zaman nümayiş xeyli uzanmışdı. Onlar orda yemək yeyiblər, içiblər, bu kimi hallarda necə lazımdırsa, elə olub. Nadejda Sergeyevna orada olmayıb. Hamə dağılışıb, Stalin də gedib. O, Voroşilovgildən çıxıb, amma evə gəlməyib. Artıq gec imiş. Nadejda Sergeyevna narahat olub – Stalin haradadır? O, ərini telefonla axtarmağa başlayıb. Hər şeydən qabaq o, bağ evinə zəng vurub.
O zaman onlar Zubalovda yaşayırdılar, ancaq son illərdə Mikoyanın yaşadığı yerdə yox, yarğanın o üzündə. Zəngə növbətçi cavab verib. Nadejda Sergeyevna soruşub: “Yoldaş Stalin haradadır?”. – “Yoldaş Stalin burdadır”. –“O, kiminlədir?”. Növbətçi cavab verib: “Onunla birlikdə Qusevin arvadıdır”. (General Vladimir Qusev, Sovet İttifaqı Qəhrəmanı – red.). Səhər-səhər Stalin evə gələndə artıq Nadejda Sergeyevna ölmüş olub. Qusev isə hərbçiydi və o da Voroşilovun evindəki ziyafətdə iştirak edib. Stalin gedəndə Qusevin arvadını da özüylə aparıb. Mən Qusevanı heç vaxt görmədim, amma Mikoyan danışırdı ki, o, çox gözəl qadındır. Vlasik bu əhvalatı danışdıqda belə bir şərh də verdi: “O təcrübəsiz növbətçi axmaqlıq etmişdi, qadın soruşub, o da nə varsa, birbaşa deyib”.
Hələ o vaxt söz-söhbət gəzirdi ki, onu Stalin özü öldürüb. Belə şayiələr vardı və mən onları şəxsən eşitmişəm. Görünür, Stalin də bu haqda bilirdi. Əgər şayiələr dolaşırdısa, deməli, çekistlər yazıblar və məruzə ediblər. Sonra adamlar danışırdılar ki, Stalin Nadejda Sergeyevananın ölü tapıldığı yataq otağına gəlib, amma tək gəlməyib, Voroşilovla birlikdə gəlib. Belə olub, ya olmayıb, demək çətindir. Nə üçün birdən-birə yataq otağına Voroşilovla getmək lazım idi? Amma əgər adam özüylə şahid aparırsa, demək, onun artıq həyatda olmadığını bilirdi? Bir sözlə, işin bu tərəfi hələ də qaranlıqdır.
Ümumiyyətlə, mən Stalinin ailə həyatı barədə az şey bilirdim. Bu barədə yalnız süfrə arxasında olduğumuz zaman olan söhbətlərdən və ayrı-ayrı replikalardan çıxış edərək mühakimə yürüdə bilərəm. Olurdu ki, Stalin kefli olanda bəzən xatırlayırdı: “Məsələn, mən, olur ki, oz otağımda qapını bağlayıb otururam, Nadejda da qapını döyür və qışqırır: “Sən dözülməz adamsan. Səninlə yaşamaq mümkün deyil”. Bəzən də danışırdı ki, balaca Svetlana da hirslənəndə anasının sözünü təkrar edir, deyir: “Sən dözülməz adamsan, səndən şikayət edəcəm”. –“Kimə?”.-“Aşbaza”. Aşbaz onun üçün ən nüfuzlu adam imiş.
Nadejda Sergeyevananın ölümündən sonra bir müddət Stalinin evində gənc və gözəl bir qadın gördüm, tipik bir qafqazlıydı. O çalışırdı ki, bizimlə rastlaşmasın. Yalnız gözləri parıldayırdı və o dəqiqə də yox olurdu. Sonra mənə dedilər ki, bu qadın Svetlananın tərbiyəçisidir. Ancaq bu qısa müddət davam etdi və qadın yoxa çıxdı. Beriyanın bəzi sözlərindən başa düşdüm ki, bu, onun adamı olub. Beriya isə “tərbiyəçi” seçməyi bacarırdı”.
Xruşov keçmiş
kurs yoldaşını belə
xatırlayır: “O, həyatda çox təvazökar
idi. Akademiyaya
yalnız tramvayla gələrdi və
hamıyla birlikdə gedərdi və heç
vaxt özünü “böyük adamın arvadı” kimi aparmazdı. Köhnə bir
həqiqət var: tale
bizi tez-tez ən
yaxşılardan məhrum edir”
Hürriyyət.-
2019.- 7-8 noyabr. S. 14.