Sərdar Zeynal poeziyasında ədəbi dil normaları

 

Çoxəsrlik tarixi olan Azərbaycan poeziyası milli müstəqillik dövründə yeni bir mərhələyə qədəm qoymuşdur. Milli müstəqillik dövründə yaranan poetik nümunələr müasir Azərbaycan ədəbi dilinin bütün incəliklərini özündə əks etdirir. “Azərbaycan dili qədim tarixə malik olan, min illərin bütün keşməkeşlərindən üzüağ çıxaraq dövrümüzə gəlib çatmış ən böyük xəzinədir. Bu gün Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər sırasında Azərbaycan dili tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlıqdır” (1.4). Özünəməxsus inkişaf xəttinə malik Azərbaycan ədəbi dili əsrlər boyunca cilalanmış, təkmilləşmiş, müasir dövrdə kamil bir mərhələyə qədəm qoymuşdur.

Ədəbi dil haqqında çox yazılmış, çox fikirlər deyilmişdir. Ədəbi dil mövzusuna toxunan müəlliflər (Ə.Dəmirçizadə, A.Qurbanov, T.Hacıyev, N.Xudiyev, B.Xəlilov və b.) ona müxtəlif təriflər vermiş, onu müxtəlif şəkildə xarakterizə etmişlər. A.Qurbanov ədəbi dil haqqında mülahizələrini ümumiləşdirərək belə qeyd etmişdir ki, ədəbi dil ümumxalq dilinin ən vacib mədəni tərkib hissəsidir, onun sistemində ədəbi dilin xüsusi yeri və vəzifəsi vardır, ümumxalq dilinin cilalanmış nümunəvi hissəsi olan ədəbi dil xalq dilinin ən yaxşı cəhətlərini özündə cəmləşdirir, bu dil hər xalqın milli mədəniyyətinin nailiyyətlərini əks etdirir (2.138). Həqiqətən də, tarix boyu hər bir xalqın keçdiyi tarixi, ictimai-siyasi, iqtisadi, milli-mənəvi inkişaf yolu onun dilinə, həmçinin ədəbi dilinə yansıyır və bir növ, hər bir xalqın ədəbi dili həmin xalqı xarakterizə edir, onun dünyagörüşünü, adət-ənənələrini, yaşayış tərzini, düşüncə tərzini əyani şəkildə əks etdirir. T.Hacıyev ədəbi dil haqqında fikirlərini belə bildirmişdir: “Ədəbi dil xalq dili əsasında seçmə və əvəzetmə əməliyyatı ilə meydana çıxan, təşkil olunan nitq təzahürüdür. ...Ümumxalq dilinin müəyyən normaya tabe edilən, normativ tələblər (kursiv bizimdir – S.S.) çərçivəsində fəaliyyət göstərən qolu ədəbi dildir” (3.20,21). Norma dedikdə, ümumməqbul hesab edilən qaydaların, meyarların məcmusu nəzərdə tutulur. Dil norması isə hər hansı bir dilin, misal üçün Azərbaycan dilinin ümumməqbul hesab edilən qaydalarının məcmusudur.

Müasir Azərbaycan poeziyasının tanınmış və sevilən nümayəndəsi Sərdar Zeynalın əsərlərinin dil və üslub xüsusiyyətlərini araşdırarkən, onun sözə necə dəyər verdiyinin, sözün imkanlarından məqamında və yerində necə məharətlə istifadə etdiyinin şahidi oluruq. Q.Kazımovun dediyi kimi, o: “...hər şeydən əvvəl, bir şair kimi, sözü qiymətləndirir, hər şeyin ötəri, yalnız sözün əbədi olduğuna, sözün əbədiyaşarlığına və gücünə inanır”.

Sözdən bu cür məharətlə istifadə etməyinin bir səbəbi Sərdar Zeynalın fitri istedad sahibi, anadangəlmə şair olması ilə bağlıdırsa, digər bir səbəbi də onun dilçi alim, ana dili müəllimi olması ilə bağlıdır. Məhz bir alim-müəllim dəqiqliyi ilə ədəbi dil normalarını qoruyan, onlara riayət edən şairin əsərlərində fonetik, leksik, frazeoloji, morfoloji, sintaktik və üslubi normaların özünü göstərdiyini müşahidə etmək olar.

Fonetik normalar: Poeziyada ədəbi dil normaları dedikdə, özünü ilk göstərən fonetik normalardır, onlara riayət edilib-edilməməsidir. Fonetik normalara danışıq səslərindən ahəngdar şəkildə istifadə, vurğudan düzgün, yerli-yerində istifadə olunması, fonetik hadisə və qanunlardan üslubi-poetik məqamlarda düzgün istifadə və s. kimi priyomları aid etmək olar. Qeyd edək ki, fonetik normalar poeziyada, bədii dildə ən çox gözlənilən normalardır.

 

Payıza dəyişib ömrün yazını,

Çiçəkli baharı qışa vermişəm.

Qismətim bilmişəm payın azını

Min dərdlə günümü başa vermişəm (4.28).

 

Verilən misralarda hər bir səs ənənəvi deyiliş formasında işlənmişdir və bu cür işlənmə norma hesab olunur. Bundan əlavə, söz köklərinə əlavə olunan şəkilçilərin də uyğun variantları işlənmişdir. Məsələn: qalın saitli söz köklərinə qalın saitli şəkilçilər: payız+a; yaz+ı+; bahar+ı; qış+a; pay+ın; az+ı+nı; incə saitli söz köklərinə incə saitli şəkilçilər: dəyiş+ib; çiçək+li; ver+miş+əm; qismət+im; bil+miş+əm; dodaqlanan saitli söz köklərinə dodaqlanan saitli şəkilçilər: ömür+ün; gün+üm+ü artırılmışdır.

 

Yadından çıxmışam bəlkə də sənin,

Yadına düşmürəm, bəlkə nə vaxtdır.

Mənim öz qismətim özümə qənim,

İstəyim min illər məndən uzaqdır (4.33).

 

Bu misralarda şifahi nitqin tələbinə uyğun olaraq səs uyuşması (yadından – yadınnan; məndən – mənnən), səsdüşümü (vaxtdır – vaxdır) hadisələri özünü göstərsə də, həmin sözlər yazılı ədəbi dilin normalarına uyğun olaraq işlədilmişdir. Bundan əlavə, bu misralarda da söz köklərinə əlavə olunan şəkilçilərin uyğun variantları işlənmişdir. Məsələn: qalın saitli söz köklərinə qalın saitli şəkilçilər: yad+ın+dan; uzaq+dır və s.; incə saitli söz köklərinə incə saitli şəkilçilər: sən+in; qismət+im; öz+üm+ə; il+lər artırılmışdır. Sənətkarın yüzlərlə misrasının təhlili onu deməyə əsas verir ki, onun şeir dilində ədəbi dilin fonetik normaları qorunmuşdur.

Azərbaycan dilində əsas normalardan biri olan fonetik normaya N.Abdullayev belə tərif vermişdir: “Ədəbi dilin səs sistemi də normalar əsasında tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur” (7.122). Şeir dilində bəzən fonetik normanın pozulması halları da müşahidə olunur. Fonetik normanın pozulması ilə bağlı hallar müəyyən danışıq səslərinin fərqli şəkildə işlədilməsində, ahəng qanununun pozulmasında, sözlərdə müəyyən səslərin artırılmasında və ya ixtisarında, söz köklərinə şəkilçilərin uyğun gələn variantlarının artırılmamasında, vurğunun yerində işlədilməməsində özünü göstərə bilər. Poeziyada fonetik normanın pozulması halları həm yazılı ədəbi dildə, həm də şifahi ədəbi dildə müşahidə olunur. Xüsusilə də, vurğunun yerli-yerində işlədilməməsi poetik bədii örnəklərin şifahi şəkildə oxunması zamanı, hətta bədii qiraət ustalarının ifasında da müşahidə olunur. Poetik bədii örnəklərin yazılı formasını nəzərdən keçirdikdə isə, daha çox səsartımı və səsdüşümü ilə bağlı fonetik norma pozuntusuna yol verildiyini müşahidə edirik. Məsələn:

 

Ürəkdə nə günah, ürək bir şüşə,

Dözmədim, eylədin dözümdən məni (4.29).

 

Bu parçada ədəbi dildə elədin fonovariantında işlənən söz eylədin fonovariantında işlənmiş, fonetik norma pozulmuşdur. Burada şifahi dilin, danışıq dilinin təsiri açıq-aydın hiss olunur. Yaxud, başqa bir nümunəyə diqqət yetirək:

 

Nə mən o həmənəm, nə sən o həmən,

Sevgisi həmindir altmış yaşımın (4.28).

 

Bu parçadakı həmən sözləri ədəbi dildə həmin fonovariantında işlənir. Nümunədə sözün həmən fonovariantında işlənməsi ilə ədəbi dilin fonetik norması pozulmuş, dialektal tələffüzdən yaranmış variant işlənmişdir. Lakin bir cəhəti qeyd etmək istərdik ki, müəllifin bu üsula əl atması uğurlu bədii-poetik tapıntıdır, çünki müəllif birinci misrada həmən fonovariantını, ikinci misrada isə ədəbi dilə uyğun olaraq həmin variantını verməklə, təzad yaratmışdır ki, burada da fonetik normanın pozulması, əslində fikrin bədii ifadəsinin bir qədər də qüvvətlənməsinə səbəb olmuşdur.

Leksik normalar: Ədəbi dildə, həmçinin poeziya dilində gözlənilməsi ən vacib olan normalardan biri leksik normadır. Sərdar Zeynal poeziyası, yarandığı dövrün leksikasını, lüğət tərkibini, təbii olaraq, əks etdirir. Məlumdur ki, müasir dövrdə ədəbi dilin leksik qatında xeyli dəyişmələr baş vermişdir. Bununla bağlı F.Məmmədli yazır: “Azərbaycan ədəbi dili postsovet dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu mərhələ Azərbaycan ədəbi dilinin müasir səviyyədə əlifba, orfoqrafiya məsələləri ilə yanaşı, leksik, semantik və qismən də olsa, qrammatik proseslərin gedişində dəyişikliklərin baş verməsi ilə davam edir.

Bütün əvvəlki dövrlərdə olduğu kimi, bu dövrdə də Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı dilin digər qatlarına nisbətən daha sürətli və daha mütəhərrikdir. ...bu sürət yenə də ictimai-siyasi həyatdakı dinamikaya uyğundur. Təbii ki, bu vəziyyət ictimai həyatla bilavasitə bağlı olan, onun hər bir dəyişikliyinə reaksiya verən lüğət tərkibinə dərhal təsir göstərməli idi” (5.3). Qeyd edək ki, bugünün şairi Sərdar Zeynalın şeir dili yeniliyi sürətlə qəbul etmir, onun şeir dili müasir klassik dildir, XXI əsrin klassikasıdır.

 

Min dəfə qaladın alova, oda,

Göründün yaz gəldi, görünmədin qış,

Vüsalın nə qədər şirin olsa da,

Həsrətin ondan da şirin olurmuş (4.33).

Aylarla yad olub gözüm yuxuya,

Bir şirin kəlməni eşitmək üçün.

Həsrətin çevrilib qara qorxuya,

Odlanıb yanmışam hey için-için (6.17).

Kim idi sən varkən yadıma düşən,

Həsrəti qovmuşdu vüsalın odu.

Hər anım min sevinc, hər dəqiqəm sən,

Yaşadım, həsrətin unutdum adın (6.5).

 

Adətən, leksik norma ilə bağlı pozulma halları özünü çox tez-tez göstərdiyi üçün, ədəbi dildə, xüsusən də şeir dilində sözlərin seçilərək işlədilməsinə diqqət yetirilməli, söz sənətkarları bu məsələdə xüsusi həssaslıq göstərməlidirlər. “Leksik normalar sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş işlənməsi, mənasının asan dərk olunması və s. baxımından uyarlısının müəyyənləşdirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir” (7.122). Həqiqətən də, yuxarıda verdiyimiz nümunələrdə leksik vahidlər o qədər dəqiq seçilmiş, o qədər yerində işlədilmişdir ki, insanın daxili dünyasının tərənnümü o qədər zərif, incə sözlərlə təsvir edilmişdir ki, bu misralarda bir sözü belə dəyişməyə, başqası ilə əvəz etməyə ehtiyac yaranmır.

Leksik normalarla bağlı digər bir hal ədəbi dilə uyğun söz və ifadələrin seçilməsində, loru, vulqar, köhnəlmiş sözlərin, dialekt və şivə sözlərinin işlədilməməsində özünü göstərir. Müasir poeziyamızda bu tələblərin gözlənilməsi diqqət mərkəzindədir, müəllif leksik normaların bu cəhətlərə görə də qorunmasına diqqət yetirir. Bəzi nümunələri nəzərdən keçirək:

 

Ömrümə yazılan bu neçə ildə,

Sevinc də tanışdır, qəm də tanışdır.

Gecə də, gündüz də, il də, fəsil də,

Hər biri bir ümid, bir aldanışdır (6.92).

Həsrətə tab etməz sevən hər ürək,

Bu dərdə sevənin dözümü gərək,

Anasın itirmiş körpə maral tək,

Boynunu kədərli burmağın nədir?! (6.140).

 

Nümunələrdən göründüyü kimi, ədəbi dilin leksik normalarına dəqiqliklə əməl olunmuş, heç bir dialekt və şivə sözü, heç bir loru, kobud söz və ifadə, köhnəlmiş söz işlədilməmişdir. Bu söz qruplarının poetik nümunələrdə işlədilməməsi leksik normalara əməl olunmanın göstəricisidir.

 

(Ardı var)

 

Sevinc Sadıqova

Hürriyyət.- 2019.- 9-13 noyabr. S. 11.