Sərdar Zeynal
poeziyasında ədəbi dil normaları
Sərdar
Zeynal poeziyasında ədəbi dil normaları
Çoxəsrlik tarixi olan Azərbaycan poeziyası milli
müstəqillik dövründə yeni bir mərhələyə
qədəm qoymuşdur. Milli müstəqillik dövründə
yaranan poetik nümunələr müasir Azərbaycan ədəbi
dilinin bütün incəliklərini özündə əks
etdirir. “Azərbaycan dili qədim tarixə
malik olan, min illərin bütün keşməkeşlərindən
üzüağ çıxaraq dövrümüzə gəlib
çatmış ən böyük xəzinədir. Bu gün Azərbaycan dövlətinin əldə
etdiyi nailiyyətlər sırasında Azərbaycan dili
tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın
psixoloji-fəlsəfi cizgilərini yaşadan milli
varlıqdır” (1.4). Özünəməxsus
inkişaf xəttinə malik Azərbaycan ədəbi dili əsrlər
boyunca cilalanmış, təkmilləşmiş, müasir
dövrdə kamil bir mərhələyə qədəm
qoymuşdur.
Ədəbi dil haqqında çox yazılmış,
çox fikirlər deyilmişdir. Ədəbi dil
mövzusuna toxunan müəlliflər (Ə.Dəmirçizadə,
A.Qurbanov, T.Hacıyev, N.Xudiyev, B.Xəlilov və b.) ona müxtəlif
təriflər vermiş, onu müxtəlif şəkildə
xarakterizə etmişlər. A.Qurbanov ədəbi dil
haqqında mülahizələrini ümumiləşdirərək
belə qeyd etmişdir ki, ədəbi dil ümumxalq dilinin ən
vacib mədəni tərkib hissəsidir, onun sistemində ədəbi
dilin xüsusi yeri və vəzifəsi vardır, ümumxalq
dilinin cilalanmış nümunəvi hissəsi olan ədəbi
dil xalq dilinin ən yaxşı cəhətlərini
özündə cəmləşdirir, bu dil hər xalqın
milli mədəniyyətinin nailiyyətlərini əks etdirir
(2.138). Həqiqətən də, tarix boyu hər bir xalqın
keçdiyi tarixi, ictimai-siyasi, iqtisadi, milli-mənəvi
inkişaf yolu onun dilinə, həmçinin ədəbi dilinə
yansıyır və bir növ, hər bir xalqın ədəbi
dili həmin xalqı xarakterizə edir, onun
dünyagörüşünü, adət-ənənələrini,
yaşayış tərzini, düşüncə tərzini əyani
şəkildə əks etdirir. T.Hacıyev ədəbi dil
haqqında fikirlərini belə bildirmişdir: “Ədəbi
dil xalq dili əsasında seçmə və əvəzetmə
əməliyyatı ilə meydana çıxan, təşkil
olunan nitq təzahürüdür. ...Ümumxalq dilinin müəyyən
normaya tabe edilən, normativ tələblər (kursiv bizimdir –
S.S.) çərçivəsində fəaliyyət göstərən
qolu ədəbi dildir” (3.20,21). Norma dedikdə, ümumməqbul hesab edilən
qaydaların, meyarların məcmusu nəzərdə tutulur.
Dil norması isə hər hansı bir dilin,
misal üçün Azərbaycan dilinin ümumməqbul hesab
edilən qaydalarının məcmusudur.
Müasir Azərbaycan poeziyasının
tanınmış və sevilən nümayəndəsi Sərdar
Zeynalın əsərlərinin dil və üslub xüsusiyyətlərini
araşdırarkən, onun sözə necə dəyər
verdiyinin, sözün imkanlarından məqamında və
yerində necə məharətlə istifadə etdiyinin
şahidi oluruq. Q.Kazımovun dediyi kimi, o: “...hər şeydən əvvəl,
bir şair kimi, sözü qiymətləndirir, hər
şeyin ötəri, yalnız sözün əbədi
olduğuna, sözün əbədiyaşarlığına və
gücünə inanır”.
Sözdən bu cür məharətlə istifadə etməyinin
bir səbəbi Sərdar Zeynalın fitri istedad sahibi, anadangəlmə
şair olması ilə bağlıdırsa, digər bir səbəbi
də onun dilçi alim, ana dili müəllimi olması ilə
bağlıdır. Məhz bir alim-müəllim dəqiqliyi
ilə ədəbi dil normalarını qoruyan, onlara riayət
edən şairin əsərlərində fonetik, leksik,
frazeoloji, morfoloji, sintaktik və üslubi normaların
özünü göstərdiyini müşahidə etmək
olar.
Fonetik
normalar: Poeziyada ədəbi dil normaları dedikdə,
özünü ilk göstərən fonetik normalardır,
onlara riayət edilib-edilməməsidir. Fonetik normalara
danışıq səslərindən ahəngdar şəkildə
istifadə, vurğudan düzgün, yerli-yerində istifadə
olunması, fonetik hadisə və qanunlardan üslubi-poetik məqamlarda
düzgün istifadə və s. kimi priyomları aid etmək
olar. Qeyd edək ki, fonetik normalar poeziyada, bədii
dildə ən çox gözlənilən normalardır.
Payıza
dəyişib ömrün yazını,
Çiçəkli baharı qışa vermişəm.
Qismətim
bilmişəm payın azını
Min dərdlə günümü başa vermişəm
(4.28).
Verilən
misralarda hər bir səs ənənəvi deyiliş
formasında işlənmişdir və bu cür işlənmə
norma hesab olunur. Bundan əlavə,
söz köklərinə əlavə olunan şəkilçilərin
də uyğun variantları işlənmişdir. Məsələn:
qalın saitli söz köklərinə qalın saitli şəkilçilər:
payız+a; yaz+ı+nı; bahar+ı;
qış+a; pay+ın; az+ı+nı; incə saitli söz
köklərinə incə saitli şəkilçilər: dəyiş+ib;
çiçək+li; ver+miş+əm; qismət+im;
bil+miş+əm; dodaqlanan saitli söz köklərinə
dodaqlanan saitli şəkilçilər: ömür+ün;
gün+üm+ü artırılmışdır.
Yadından
çıxmışam bəlkə də sənin,
Yadına düşmürəm, bəlkə nə
vaxtdır.
Mənim
öz qismətim özümə qənim,
İstəyim min illər məndən uzaqdır (4.33).
Bu misralarda şifahi nitqin tələbinə uyğun
olaraq səs uyuşması (yadından – yadınnan; məndən
– mənnən), səsdüşümü (vaxtdır –
vaxdır) hadisələri özünü göstərsə
də, həmin sözlər yazılı ədəbi dilin
normalarına uyğun olaraq işlədilmişdir. Bundan əlavə,
bu misralarda da söz köklərinə əlavə olunan
şəkilçilərin uyğun variantları işlənmişdir.
Məsələn: qalın saitli söz köklərinə
qalın saitli şəkilçilər: yad+ın+dan;
uzaq+dır və s.; incə saitli söz köklərinə
incə saitli şəkilçilər: sən+in; qismət+im;
öz+üm+ə; il+lər
artırılmışdır. Sənətkarın
yüzlərlə misrasının təhlili onu deməyə əsas
verir ki, onun şeir dilində ədəbi dilin fonetik
normaları qorunmuşdur.
Azərbaycan
dilində əsas normalardan biri olan fonetik normaya N.Abdullayev belə
tərif vermişdir: “Ədəbi dilin səs sistemi də
normalar əsasında tənzimlənir. Səslərin sözlərdə
müəyyən düzülüş forması və
ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə
uyğun variantları və ənənəvi deyiliş
forması norma kimi qəbul olunur” (7.122). Şeir dilində bəzən fonetik normanın
pozulması halları da müşahidə olunur. Fonetik normanın pozulması ilə bağlı
hallar müəyyən danışıq səslərinin fərqli
şəkildə işlədilməsində, ahəng qanununun
pozulmasında, sözlərdə müəyyən səslərin
artırılmasında və ya ixtisarında, söz köklərinə
şəkilçilərin uyğun gələn
variantlarının artırılmamasında, vurğunun yerində
işlədilməməsində özünü göstərə
bilər. Poeziyada fonetik normanın
pozulması halları həm yazılı ədəbi dildə,
həm də şifahi ədəbi dildə müşahidə
olunur. Xüsusilə də, vurğunun
yerli-yerində işlədilməməsi poetik bədii örnəklərin
şifahi şəkildə oxunması zamanı, hətta bədii
qiraət ustalarının ifasında da müşahidə
olunur. Poetik bədii örnəklərin yazılı
formasını nəzərdən keçirdikdə isə,
daha çox səsartımı və səsdüşümü
ilə bağlı fonetik norma pozuntusuna yol
verildiyini müşahidə edirik. Məsələn:
Ürəkdə
nə günah, ürək bir şüşə,
Dözmədim, eylədin dözümdən məni
(4.29).
Bu parçada
ədəbi dildə elədin fonovariantında işlənən
söz eylədin fonovariantında işlənmiş, fonetik norma pozulmuşdur. Burada şifahi
dilin, danışıq dilinin təsiri açıq-aydın
hiss olunur. Yaxud, başqa bir nümunəyə diqqət
yetirək:
Nə mən
o həmənəm, nə sən o həmən,
Sevgisi həmindir altmış yaşımın (4.28).
Bu parçadakı həmən sözləri ədəbi
dildə həmin fonovariantında işlənir. Nümunədə
sözün həmən fonovariantında işlənməsi
ilə ədəbi dilin fonetik norması pozulmuş, dialektal tələffüzdən
yaranmış variant işlənmişdir. Lakin bir cəhəti
qeyd etmək istərdik ki, müəllifin bu üsula əl
atması uğurlu bədii-poetik tapıntıdır,
çünki müəllif birinci misrada həmən
fonovariantını, ikinci misrada isə ədəbi dilə
uyğun olaraq həmin variantını verməklə, təzad
yaratmışdır ki, burada da fonetik normanın pozulması, əslində
fikrin bədii ifadəsinin bir qədər də qüvvətlənməsinə
səbəb olmuşdur.
Leksik
normalar: Ədəbi dildə, həmçinin poeziya dilində
gözlənilməsi ən vacib olan normalardan biri leksik
normadır. Sərdar Zeynal poeziyası,
yarandığı dövrün leksikasını, lüğət
tərkibini, təbii olaraq, əks etdirir. Məlumdur
ki, müasir dövrdə ədəbi dilin leksik qatında
xeyli dəyişmələr baş vermişdir. Bununla
bağlı F.Məmmədli yazır: “Azərbaycan ədəbi
dili postsovet dövründə yeni inkişaf mərhələsinə
qədəm qoymuşdur. Bu mərhələ Azərbaycan
ədəbi dilinin müasir səviyyədə əlifba,
orfoqrafiya məsələləri ilə yanaşı, leksik,
semantik və qismən də olsa, qrammatik proseslərin
gedişində dəyişikliklərin baş verməsi ilə
davam edir.
Bütün əvvəlki dövrlərdə olduğu
kimi, bu dövrdə də Azərbaycan ədəbi dili
lüğət tərkibinin inkişafı dilin digər
qatlarına nisbətən daha sürətli və daha mütəhərrikdir. ...bu sürət
yenə də ictimai-siyasi həyatdakı dinamikaya uyğundur.
Təbii ki, bu vəziyyət ictimai həyatla
bilavasitə bağlı olan, onun hər bir dəyişikliyinə
reaksiya verən lüğət tərkibinə dərhal təsir
göstərməli idi” (5.3). Qeyd edək
ki, bugünün şairi Sərdar Zeynalın şeir dili
yeniliyi sürətlə qəbul etmir, onun şeir dili
müasir klassik dildir, XXI əsrin klassikasıdır.
Min dəfə
qaladın alova, oda,
Göründün
yaz gəldi, görünmədin qış,
Vüsalın
nə qədər şirin olsa da,
Həsrətin ondan da şirin olurmuş (4.33).
Aylarla yad
olub gözüm yuxuya,
Bir şirin kəlməni eşitmək
üçün.
Həsrətin
çevrilib qara qorxuya,
Odlanıb yanmışam hey için-için (6.17).
Kim idi sən
varkən yadıma düşən,
Həsrəti qovmuşdu vüsalın odu.
Hər
anım min sevinc, hər dəqiqəm sən,
Yaşadım, həsrətin unutdum adın (6.5).
Adətən,
leksik norma ilə bağlı pozulma
halları özünü çox tez-tez göstərdiyi
üçün, ədəbi dildə, xüsusən də
şeir dilində sözlərin seçilərək işlədilməsinə
diqqət yetirilməli, söz sənətkarları bu məsələdə
xüsusi həssaslıq göstərməlidirlər. “Leksik
normalar sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən
daha geniş işlənməsi, mənasının asan dərk
olunması və s. baxımından uyarlısının
müəyyənləşdirilməsi və ədəbi dilə
gətirilməsinə xidmət edir” (7.122). Həqiqətən
də, yuxarıda verdiyimiz nümunələrdə leksik vahidlər
o qədər dəqiq seçilmiş, o qədər yerində
işlədilmişdir ki, insanın daxili dünyasının
tərənnümü o qədər zərif, incə sözlərlə
təsvir edilmişdir ki, bu misralarda bir sözü belə dəyişməyə,
başqası ilə əvəz etməyə ehtiyac
yaranmır.
Leksik normalarla bağlı digər bir hal ədəbi dilə
uyğun söz və ifadələrin seçilməsində,
loru, vulqar, köhnəlmiş sözlərin, dialekt və
şivə sözlərinin işlədilməməsində
özünü göstərir. Müasir
poeziyamızda bu tələblərin gözlənilməsi diqqət
mərkəzindədir, müəllif leksik normaların bu cəhətlərə
görə də qorunmasına diqqət yetirir. Bəzi
nümunələri nəzərdən keçirək:
Ömrümə
yazılan bu neçə ildə,
Sevinc də tanışdır, qəm də
tanışdır.
Gecə də,
gündüz də, il də, fəsil də,
Hər biri bir ümid, bir aldanışdır (6.92).
Həsrətə
tab etməz sevən hər ürək,
Bu dərdə
sevənin dözümü gərək,
Anasın
itirmiş körpə maral tək,
Boynunu kədərli burmağın nədir?! (6.140).
Nümunələrdən göründüyü kimi, ədəbi
dilin leksik normalarına dəqiqliklə əməl olunmuş,
heç bir dialekt və şivə sözü, heç bir
loru, kobud söz və ifadə, köhnəlmiş söz
işlədilməmişdir. Bu söz
qruplarının poetik nümunələrdə işlədilməməsi
leksik normalara əməl olunmanın göstəricisidir.
(Ardı
var)
Sevinc Sadıqova
ADPU-nun dosenti,
f.ü.f.d.
Hürriyyət.- 2019.- 14-15 noyabr. S. 12.