Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əlaqələri
Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı ilə əlaqələri
Azərbaycan Respublikasının beynəlxalq telekommunikasiya sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq təşkilat BMT-nin İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqıdır (BTİ).
17 may 1865-ci il tarixində Beynəlxalq Teleqraf İttifaqı adı ilə təsis olunmuş BTİ-nin əsas vəzifəsi harada yaşamasından asılı olmayaraq bütün dünya üzrə insanlar arasında rabitə əlaqələrin yaradılmasına nail olmaqdır. BTİ öz fəaliyyəti ilə hər bir şəxsin rabitə əlaqəsi yaratmaq hüququnu müdafiə edir və dəstəkləyir. BTİ BMT-nin ixtisaslaşmış agentlikləri sistemində özünəməxsus xüsusiyyətə malikdir, belə ki, BTİ-nin həm ictimai, həm də özəl sektordan olan üzvləri mövcuddur. BTİ-yə 193 üzv-dövlətlə yanaşı, akademik institutlar, tənzimləyicilər və təxminən 700 özəl şirkət üzvdür. BTİ-nin Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. BTİ dünya üzrə 12 regional və sahə ofislərinə malikdir. Hökumətlər (üzv-dövlətlər) və özəl sektor (sektor üzvləri, assosiasiyalar və akademiyalar) arasında beynəlxalq əməkdaşlıq prinsipi əsasında yaradılan BTİ İKT sahəsinin geniş əhatəli məsələlərinin müzakirə edildiyi və konsensus əsasında həll edildiyi qlobal forumdur. Azərbaycan 10 aprel 1992-ci il tarixində BTİ-yə üzv qəbul olunmuşdur. Azərbaycanın BTİ ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikasının müvafiq nümayəndə heyətləri il ərzində BTİ çərçivəsində keçirilən iclaslarda iştirak edir. Eyni zamanda, BTİ nümayəndələrinin müxtəlif illərdə Azərbaycana rəsmi səfərləri olmuşdur.
Beynəlxalq sərgilər
və uğur paketləri
5-9 oktyabr 2009-cu il tarixində Cenevrə şəhərində keçirilmiş “ITU Telecom World” sərgi və forumunda Azərbaycan Respublikasının müvafiq dövlət qurumları və İKT şirkətlərindən ibarət geniş nümayəndə heyəti iştirak etmiş və ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr, xidmətlər, o cümlədən problemlərin həlli yolları barədə məlumatlar Azərbaycan pavilyonunda nümayiş etdirilmişdir. 16-20 may 2011-ci il tarixində keçirilmiş İnformasiya Cəmiyyətləri üzrə Ümumdünya Sammitinin illik forumunda Azərbaycan tərəfi Rabitə və İnformasiya Texnologiyaları Nazirinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak etmişdir. Tədbirdə dünyanın 140 ölkəsini təmsil edən rabitə və informasiya texnologiyaları nazirləri, nazir müavinləri, səfirlər və dünyanın tanınmış telekommunikasiya şirkətlərinin rəhbərləri də daxil olmaqla, 1150 nəfər iştirak etmiş, 6 paralel istiqamətdə, 12 müxtəlif mövzuda 100-dən artıq fərdi sessiya, o cümlədən 5 yüksək-səviyyəli seqment və dialoq toplantısı, 17 interaktiv iclas, 25 tematik seminar, 6 ölkə təqdimatı, sərgi, açıq məsləhətləşmələr, biliklərin mübadiləsi toplantıları və digər tədbirlər təşkil olunmuşdur. Tədbir çərçivəsində geniş zolaqlı komissiya çərçivəsində təşkil olunan sessiyada Daimi Nümayəndəlik tərəfindən Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsi üzrə həyata keçirilmiş fəaliyyətlər barədə məlumat verilmişdir. 24-27 oktyabr 2011-ci il tarixində “ITU Telecom World 2011” ümumdünya telekommunikasiya sərgi-konfransı keçirilmiş, tədbirdə Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsi üzrə fəaliyyət göstərən şirkətlər, bir sıra dövlət qurumlarımızın bu sahə üzrə mütəxəssisləri də daxil olmaqla, ümumilikdə 65 nəfərdən ibarət nümayəndə heyəti iştirak etmişdir. “ITU Telecom 2011” çərçivəsində, həmçinin, qlobal telekommunikasiya və informasiya texnologiyalarına həsr edilən sərgi keçirilmişdir. Azərbaycan sərgidə ayrıca milli pavilyonla təmsil olunmuşdur.
BTİ ilə əməkdaşlığın
önə çıxması
24 oktyabr 2011-ci il tarixində BTİ-nin Genişzolaqlı İnkişafa dair Komissiyasının 4-cü toplantısı və Genişzolaqlı çıxış üzrə liderlərin zirvə toplantısı keçirilmişdir. Tədbir çərçivəsində panel sessiyasında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri genişzolaqlı inkişafa dair qlobal komissiyanın komissarı olaraq, əsas məruzəçi qismində çıxış edərək ölkəmizdə İKT sektorunda aparılan islahatlar, regional əhəmiyyətli layihələr, xüsusilə də TASİM (Trans-Avrasiya super informasiya magistralı) layihəsi, ilk süni telekommunikasiya peykinin orbitə çıxarılması və digər regional və qlobal əhəmiyyətli layihələr haqqında ətraflı məlumat vermişdir. BTİ ilə əməkdaşlığımızın yüksək səviyyəsinin göstəricilərindən biri kimi BTİ-nin Baş katibi cənab H.Turenin təşkilata rəhbərliyi dövrü ərzində bir neçə dəfə Azərbaycana rəsmi səfər etməsi qeyd edilməlidir. Bu səfərlər zamanı prezident İlham Əliyev H.Tureni qəbul edərək onunla ölkəmizdə İKT sahəsinin mövcud vəziyyəti, inkişaf istiqamətləri və beynəlxalq əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi apararaq dövlətimizin BTİ ilə əlaqələrinin yüksək səviyyədə qurulmasında maraqlı olduğunu nümayiş etdirmişdir. 22-26 noyabr 2011-ci ilin tarixində BTİ-nin Baş katibi H.Ture “BakuTel” beynəlxalq telekommunikasiya sərgi-konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər etmiş, prezident İlham Əliyev və ölkəmizlə BTİ arasındakı münasibətlər barədə ətraflı fikir mübadiləsi aparmışdır. BTİ ilə əməkdaşlığın yüksək səviyyəsinin nəticəsi olaraq BTİ-nin Baş katibi H.Turenin 4-7 noyabr 2012-ci il tarixində Azərbaycana növbəti rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində H.Ture Bakıda təşkil olunan Rabitə Regional Birliyi Şurasının 47-ci sessiyası və MDB Üzv-Dövlətlərinin Məlumatlandırma üzrə Əlaqələndirmə Şurasının 18-ci birgə sessiyası, həmçinin 18-ci Azərbaycan Beynəlxalq BakuTel-2012 Sərgisi və İnternet İdarəçilik Forumunda iştirak etmişdir. Səfər çərçivəsində noyabrın 6–da prezident İlham Əliyev BTİ-nin Baş katibi H.Tureni qəbul etmişdir. H.Ture 2003–cü ildən başlayaraq Azərbaycana səfərlər etdiyini və hər gəlişi zamanı ölkəmizdə böyük inkişafın şahidi olduğunu vurğulamışdır. Prezident İlham Əliyevin BTİ-nin Cenevrə sammitində iştirakını və o vaxtlar dövlət başçısının “qara qızılı insan kapitalına çevirəcəyəm” sözlərini xatırlayan H.Ture həmin fikirlərin bu gün artıq reallığa çevrildiyini qeyd etmişdir. Eyni zamanda, H.Ture VII İnternet İdarəçilik Forumunun yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir. H.Ture ölkəmizlə rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlığı daha da genişləndirməyin önəmini vurğulamışdır. Dövlətimizin başçısı son 9 ildə Azərbaycanın qeyri-neft sektorunda, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində böyük uğurlar əldə etdiyini vurğulamışdır. VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edən prezident İlham Əliyev bunu Beynəlxalq Telekommunikasiya İttifaqının bu sahədə ölkəmizdə görülən işlərə verdiyi qiymətin göstəricisi kimi dəyərləndirmişdir. Prezident İlham Əliyevin 16 yanvar 2013-cü il tarixli Sərəncamına əsasən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edildiyini nəzərə alaraq, BTİ ilə əməkdaşlıq 2013-cü il ərzində Daimi Nümayəndəlik tərəfindən prioritet istiqamətlərdən biri olaraq müəyyən edilmişdir. BTİ ilə əməkdaşlığın yüksək səviyyəsinin nəticəsi olaraq, BTİ-nin Baş katibi H.Turenin 1-3 dekabr 2013-cü il tarixində Azərbaycana növbəti rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində H.Ture prezident İlham Əliyev ilə birlikdə “BakuTel-2013” XIX Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olmuşdur. Eyni zamanda, BTİ-nin Baş katibi H.Ture tərəfindən prezident İlham Əliyevə məktub ünvanlanaraq “BTİ Telekom-2013” tədbirinə Azərbaycan tərəfindən verilmiş töhfələrə görə Ölkə Başçımıza böyük minnətdarlıq ifadə edilmişdir.
İnformasiya texnologiyaları və rabiətdə
uğurlu addımlar
13-17 may 2013-cü il tarixində Cenevrə şəhərində İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti Forumu keçirilmişdir. Sammit çərçivəsində Azərbaycan tərəfinin təşkilatçılığı ilə “TASİM/EuraCA: Avrasiya regionunda rabitə bağlantısının yaxşılaşdırılması üçün yeni platformalar” mövzusunda tematik seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini E.Vəlizadə çıxış edərək BTİ-nin Baş katibi H.Ture, eləcə də digər iştirakçıları Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqqında məlumatlandırmışdır. 11-21 iyun 2013-cü il tarixində və 6-15 may 2014-cü il tarixində Cenevrə şəhərində BTİ Şurasının növbəti sessiyası, 1-26 iyul 2013-cü il tarixində isə BMT-nin İqtisadi və Sosial Şurasının substantiv sessiyası çərçivəsində yüksək səviyyəli seqmentdə “Davamlı inkişafın təşviqi və Minilliyin İnkişaf Məqsədlərinə nail olunması üçün elm, texnologiya və innovasiya, mədəniyyət potensialı” mövzusu üzrə illik Nazirlər icmalı keçirilmişdir. Bundan əlavə, 10-13 iyun 2014-cü il tarixində Cenevrədə “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti+10 Yüksək Səviyyəli Tədbiri” keçirilmişdir. Sözügedən tədbir çərçivəsində İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin nəticələri (2003 and 2005) nəzərdən keçirilmiş və 2 mühüm sənəd - “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin nəticələrinin implementasiyası barədə Bəyanat” və “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti+10-un 2015-ci ildən sonraya baxışı” təsdiqlənmişdir. Telekommunikasiya sahəsi üzrə Azərbaycanın tarixində ən mühüm hadisə 2013-cü il ərzində baş vermişdir. Belə ki, Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18.36-da (Bakı vaxtı ilə 8 fevral 2013-cü il saat 01.36) orbitə buraxılmışdır. Faydalı yük üzrə 36 aktiv transponderlə təchiz olunan və təqribən 3,2 ton çəkisi olan “Azerspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində, geostasionar orbitdə yerləşəcək və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edəcəkdir. Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək “Azerspace-1” peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulmuşdur.
“Azerspace-1”
peykinin vəd etdiyi üstünlüklər:
· İqtisadiyyatın şaxələndirilməsi
və yeni sənaye sahələrinin
inkişafı;
· İnformasiya mübadiləsinin
xarici ölkələrdən
asılılığının aradan qaldırılması
və informasiya təhlükəsizliyinin təmin
edilməsi;
· Yeni iqtisadi sahələr
üzrə mövcud insan ehtiyatları və intellektual potensialın inkişaf etdirilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi;
· Nəticə etibarilə innovasiya yönümlü
iqtisadiyyatın formalaşdırılması;
· Azərbaycanın regional və
beynəlxalq nüfuzunun
genişləndirilməsi;
· Azərbaycanın İKT üzrə
regional mərkəzə çevrilməsi;
· Ölkə iqtisadiyyatının
telekommunikasiya xidmətlərinə
olan ehtiyacının ödənilməsinin təmin
edilməsi və telekommunikasiya infrastrukturun
inkişaf etdirilməsi;
· Teleradio yayım və rabitə xidmətlərinin göstərilməsi,
hökumət və korporativ müştərilərin
tələblərinə cavab
verən yüksək
etibarlı rabitə platformaları;
· Ölkənin ən ucqar yaşayış məntəqələrində belə
internetə qoşulmanın,
elektron hökumət,
təhsil, səhiyyə
və digər xidmətlərin həyata
keçirilməsininin təmin
edilməsi;
· Ölkənin mümkün
informasiya blokadası riskindən qorunması və Azərbaycanın informasiya mövqelərinin
möhkəmlənməsi;
· Telekommunikasiya peyki xidmətlərinə görə
xarici ölkələrə
ödənilən maliyyə
axınının Azərbaycan
iqtisadiyyatına yönəldilməsi
və peyk tutumlarının xaricə
satılması və
digər sahələrdə
əlaqələr inkişaf
etdirilmişdir.
Hürriyyət.- 2019.- 16-18 noyabr.
S. 10.