Şəhriyar haqqında
düşüncələr
Şəhriyar
haqqında düşüncələr
Övladımız məzhəbini danmasın,
Hər içi boş sözlərə aldanmasın.
Şəhriyar otuz beş il Vətəndən uzaqlarda oldu. Qürbətdə yaşadı. Fars dilində yazıb yaratdı. Hafizdən sonra durğunluq keçirən şeiri yeni obraz və ifadə vasıtələri ilə zənginləşdirən, bəşəri və ictimai ideyaları ilə diqqəti cəlb edən, Şəhriyar ədəbiyyat sevərlərin o cümlədən İran aristokratiyasının rəğbətini qazandı.
Ancaq, onun yalnız farsdilli ədəbiyyata töhfələr verməsi azərbaycanlıların narazılığına səbəb oldu. Çünki, onun əsərlərini xalqın əksəriyyəti nə başa düşürdü, nə oxuya bilirdi. Azərbaycan xalqı uzun müddət Şəhriyardan öz ana dilində şerlər gözlədi. Azərbaycan ziyalıları Şəhriyarın Azərbaycana məxsus olduğunu gələcəkdə sübüt eləməyin çətinliklərindən ehtiyat edirdilər. Xalqın narazılığı, ziyalıların qınağı, xahişlər, umu-küsülər, dedi-qodu və deyilənə görə ona yazılan həcvlər Şəhriyarı düşündürməyə bilməzdi.
Tehranda xəstə olarkən anasının onun yanına gəlməsi və usaqlıq xatirələrini onun yadına salması Şəhriyarın öz ana dilində yazmasını gerçəkləşdirdi. O Tehranan Təbrizə salam söylədi. “Heydərbabaya salam” əsərini yazdı.
Üzünü dağa tutdu. Dağı insan kimi danışdırdı.
“Dağ göylərə yaxındır. O təbiətin şah əsərlərindən biridir” dedi.
Sonra belə söylədi:
Heydərbaba dağ adıdır. O əbədi olaraq tarixin açıq gözüdür, vətəndə baş verən hadisələri seyr edərək öz sinə dəftərinə yazır. Şairin göylərə qalxan nalələrini əks etdirib bütün yer üzünə yayaraq, hamının qulağına çatdırmağı təkcə o bacarır.
Çox kövrək misralar qopdu Şəhriyarın qələmindən:
“Heydərbabaya, Nənəqızın gözləri,
Rəxşəndənin şirin-şirin sözləri,
Türki
dedim,
oxusunlar özləri.
Bilsinlər ki, adam
gedər, ad qalar,
Yaxşı- pisdən ağızda bir dad qalar.
“Heydərbabaya salam”
əsəri çox qısa müddətdə
azərbaycan türkcəsi
anlaşılan bütün
məmləkətlərə yayıldı.
Bu əsər o dövrə
təsadüf edirdi ki, Pişəvəri inqilabı qan gölündə boğulmuşdu. İranda azərbaycanlılara
qarşı misilsiz irtica, zülm hökm sürürdü.
Pəhləvi rejimi nökərlərinin
azərbaycan xalqının
əleyhinə uydurduqları
yalançı nəzəriyyələr
təbliğ olunurdu.
Şovinistlərin azərbaycanlılara qarşı təhqiramiz ifadələri, iftira və böhtanları baş alıb gedirdi. İranda azərbaycanlılara öz dilində danışmaq da yasaq olunmuşdu.
Vaxtilə akademik Mirzə
İbrahimov şovinistlərin
azərbaycan xalqı haqqında iftira və uydurmalarını “qızdırma içərisində
olan dəlinin sayaqlamaları”na bənzədirdi.
“Heydərbabaya salam” əsəri Şəhriyarın
azərbaycan dilində
yazmasının başlanğıcı
hesab olunur.
“Heydərbabaya salam”
əsərindən sonra
Şəhriyar ana dilində silsilə şerlər yazdı. Türki şerlərindən
bir Divan bağladı.
“Divani Türki Şəhriyar”ı açıram. Burada nə qədər məktub var. Süleyman Rüstəmə, Əbülfəz
Hüseyniyə, Rüstəm
Əliyevə, Məmməd
Rahim həzrətlərinə,
Bulud Qaraçorlu Səhəndə və s.
“Heydərbabaya salam”
poemasında da çoxdan görmədiyin
adamlara, həsrətində
olduğun yerə-yurda
məktub yazarkən keçirilən hisslər
var. Ancaq bu cəmi yeddi bənddədir. Özü də əvvəlinci
yeddi bənddir. Onların sonuncu misralarını xatırladıram:
Salam olsun şövkətüzə,
elüzə,
Mənim də bir adım
gəlsin dilüzə.
Bizdən
də bir mümkün olsa yad elə,
Açılmayan ürəkləri şad elə.
Biz də vallah unutmarıq sizləri,
Görəmməsək halal edin bizləri.
Məktub kimi başlayan əsər usaqlıq xatərələri ilə
davam edir.
Arada bir də başımıza
gələnlərə şairin
öz münasibətini
bildirən düşündürücü
misralar:
Kərbəlaya gedənlərin qadası,
Düşsün bu ac yolsuzların
gözünə,
Təməddünün uyduq yalan sözünə.
Xoş xatirələr rəsmi keşid qurur Şəhriyarın qabağında
Elat həyatı...
Dağ ətəyində
insan məskəni. Kənd mənzərələri.
Qoyun sürüləri, mal naxırı.
Daşlı bulaq, Quru göl, Mirzəmmədin baxçası, çay, Qaraçəmən cadası.
Dağın sıldırım qayası
üstünə çıxıb
ətrafa boylandığı
uşaqlıq illəri. “Çoban qaytar quzunu” mahnısını oxuyan uşaqlar.
Kəndə armudsatanların və çərçilərin gəlməsi. Usaqların səsi-küyü,
haray-həşiri. Mal mübadiləsi. Buğda ilə
armudu dəyişmək,
kəndin toyu. Bəyin damdan gəlinə alma atması. Sazlı-sözlü aşıqlar. Dərdsiz-qəmsiz uşaqlıq illəri.
Biz xoş idik xeyrat
olsun, toy olsun
Fərq eyləməz, hər nolacaq qoy olsun.
Ağac minib at gəzdirdiyi günlər. Kəndin bahar vaxtları.
Yaz ayları. Novruz bayramı. Novruz gülünün
qarçiçəyinin çıxması.
Çərşənbədə bacadan şal
salmaq adətləri.
Yumurtanın güllü-göyçək boyanması.
Bərəkətli günlər. Badyalarda südün aşıb
daşması. Çox
yeməkdən az qala çatlamaq
qorxusu. Qarı nənənin gecə
nağıl deməsi.
Təndirlərin tüstüsünün qovzanması. Çörəklərin
gözəl iyi-istisi,
Abır-həya, şuxluq
təsvir olunur Heydərbabaya
salam əsərində.
Sitarəmmə nəzikləri yapardı,
Mirqadir də hərdəm birin qapardı,
Qapıb, yeyib, dayça təkin çapardı.
Gülməliydi onun nəzik qappası,
Əmmənin də ərsininin şappası.
Doğma yurdun Faunası, Florası təsvir olunur, Heydərbabaya salam əsərində.
Bildirçinlər, kəkliklər, dəstə
ilə uçan göyərçinlər
Quru göldəki qazlar.
Kol dibindən
qəflətən, gözlənilmədən,
durub qaçan dövşan, gədiklərdəki
qurd, xəlvətləyib
bulaqdan su içən gözəl quşlar, sıldırım
qayalarda dövrə vuran qaraquşlar təsvir olunur.
Bunlar şirin
xatirələrdi. Olub keçənlərdi. İyirminci əsrin əvvəllərinə
düşüb Şəhriyarın
usaqlığı. O vaxtlar
ibtidai üsülnan yer şumlayirdılar:
Novruzəli xərməndə vəl
sürərdi,
Gahdan enib küləşlərin
kürərdi,
Dağdan
da bir çoban
iti hürərdi,
Onda gördün ulaq ayaq saxladı,
Dağa baxıb qulaqların şaxladı.
O zamanlar oraqla taxıl biçərdilər.
Biçim üstü sünbül
biçən oraqlar,
Elə bil ki, zülfü darar daraqlar.
Şikarçılar bildirçini soraqlar.
Biçinçilər ayranların içərlər,
Bir huşlanıb,
sondan durub biçərlər.
Artıq onlar yoxdu. Şəhriyar
demişkən:
İndi
desək, əhvalatdı,
nağıldı,
Keçdi-getdi, itdi-batdı, dağıldı.
Əvvəllər olub o gözəlliklər. İndi kənd
viran qalıbdır.
Bunlar kədərlə xatırlanır.
Bir tərəfdən də şair uşaqlıq illərini yada salıb bədii sözün qüdrəti
ilə Elat həyatımızın gözəlliklərini
aləm səhnəsində
əbədiləşdirir və
təsəlli tapır.
Məşum 46-cı il hadisələrindən 5 il
keçib. 1951-ci ildi. Poemanın yazılma tarixi
belədi. Şəhriyarı başa düşmək üçün Azərbaycanın
başına gələn
müsibətlərdən gərək
xəbərdar olasan.
Şəhriyar hələ Tehrandadı. Vətənimizdəki
vəziyyəti eşidir.
Bu eşitdiklərini gəlib
görəndə lap kövrələcək.
Kəndə getməyə qorxur.
Qəşş edə biləcəyindən
qorxur.
Heyvan kəsirlər. Ehsan verirlər ki, Şəhriyarın başı
bir az
qarışsın çox
dərd eləməsin
özünə. Daha olan
olub keçən-keçib.
Buradan da 2-ci söhbət başlayır. Soruşur ki,
Məmmədhəsən hardadı.
Şairin uşaqlıq yoldaşı
idi o. Deyirlər ki, elə uşaq
vaxtı burnunnan qan açıldı.
Onnan da öldü.
(Ardı var)
Arif Orucov,
Azərbaycan Texnologiya Universitetinin
baş müəllimi
Hürriyyət.- 2019.- 16-18 noyabr.
S. 12.