Sərdar
Zeynal poeziyasında ədəbi dil normaları
(Əvvəli
var)
Çoxəsrlik tarixi olan Azərbaycan poeziyası milli
müstəqillik dövründə yeni bir mərhələyə
qədəm qoymuşdur. Milli müstəqillik dövründə
yaranan poetik nümunələr müasir Azərbaycan ədəbi
dilinin bütün incəliklərini özündə əks
etdirir. “Azərbaycan dili qədim tarixə
malik olan, min illərin bütün keşməkeşlərindən
üzüağ çıxaraq dövrümüzə gəlib
çatmış ən böyük xəzinədir. Bu gün Azərbaycan dövlətinin əldə
etdiyi nailiyyətlər sırasında Azərbaycan dili
tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın
psixoloji-fəlsəfi cizgilərini yaşadan milli varlıqdır”
(1.4). Özünəməxsus inkişaf xəttinə
malik Azərbaycan ədəbi dili əsrlər boyunca
cilalanmış, təkmilləşmiş, müasir dövrdə
kamil bir mərhələyə qədəm qoymuşdur.
Şairin
“Qədrimi bilmədin” adlı şeirlər kitabına ön
söz əvəzi yazdığı “Mən əynimə
alovdan don geymişəm” adlı şeirindən nümunə
gətirdiyimiz bu üç bənddə “fürsəti əldən
vermək, özünü yaman günə qoymaq, işinə
yaramaq, can qoymaq, döşünə döymək, qəsdinə
durmaq, tüstüsünə kor olmaq, alovdan don geymək” kimi
frazeoloji vahidlər ədəbi dil normalarına uyğundur,
onların şeir dilində işlənməsi əsərin mənasının
güclənməsinə, daha təsirli olmasına səbəb
olur. Səkkiz bəndlik bu şeirdə, qeyd etdiklərimizdən
əlavə, “tələ qurmaq, yola vermək, canına
qıymaq, yerə(göyə)
sığmamaq” və s. kimi frazeoloji vahidlər də işlənmişdir
ki, bunlar da söz sənətkarının öz əsərinə
zərgər dəqiqliyi ilə seçib yerləşdirdiyi
incilərdir. “Obrazlılıq yaradan, fikri, mətləbi
məntiqi çalarlarla diqqətə çatdıran ifadə
vasitələri kimi... frazeologizmlərin – idiom, ibarə, hikmətli
söz, atalar sözü, zərbi-məsəl, metafora,
metonimiya, sinekdoxa və sairənin də rolu
böyükdür” (7.173-174). Sərdar Zeynal
da bu ifadə vasitələrindən məharətlə istifadə
edən söz sərrafıdır.
Morfoloji
normalar: Dildə morfoloji xüsusiyyətlər rəngarəng
olduğu üçün, morfoloji normalar da çoxcəhətliliyi
ilə seçilir. Morfoloji normalar dedikdə, sözlərin
quruluşu və tərkibi ilə bağlı normalar,
ümumi qrammatik kateqoriyaların morfoloji göstəricilərinin
işlənməsi ilə bağlı olan normalar və s. nəzərdə
tutulur. Bunları ayrı-ayrılıqda nəzərdən
keçirək:
Sözlərin quruluşu və sözün tərkibi ilə
bağlı normalar dilin ümumi qanunauyğunluğuna
müvafiq şəkildə formalaşır. Belə ki, Azərbaycan
dilində əksər hallarda söz kökündən sonra
leksik şəkilçilər işlənir. Burada alınma mənşəli ön şəkilçilərin
söz kökünün əvvəlinə
artırılması istisnalıq təşkil edir. Milli mənşəli leksik şəkilçilər
söz kökündən sonra artırılır, daha sonra
qrammatik şəkilçilər əlavə olunur. Məsələn:
Döyüşdə
tək əllə vuruşmaq çətin,
Son anda məğlubsan, yoxsa qüdrətin (6.138).
Sevgini
döndərsən narın yağışa,
Çaylar tək kükrəyib axıb, gedərəm
(6.161).
Bədii
nümulərdəki döyüşdə (döy+üş+də),
vuruşmaq (vur+uş+maq), sevgini (sev+gi+ni),
yağışa (yağ+ış+a) kimi sözlərin tərkibinə
nəzər salsaq, burada əvvəlcə söz
kökünün, sonra leksik şəkilçilərin, daha
sonra isə qrammatik şəkilçilərin işləndiyini
və morfoloji normaya riayət olunduğunu görə bilirik.
Morfoloji normaların gözlənilməsi ilə
bağlı digər bir hal ümumi qrammatik kateqoriyaların
morfoloji göstəricilərinin yerli-yerində işlədilməsidir. Məsələn:
Sevginin
quluyam, qəmin yağırı,
Payıma
həsrətin düşüb ağırı,
Baxmıram,
arxadan səsin çağırır,
Dönürəm, qəlbimi sıxırsan belə
(6.86).
Həsrətin
qəlbimi parçalayanda,
Dərdimi danışdım bulağa, çaya.
Bahara bənzədi
gəlişin onda,
Çətin ki, yolundan gözlərim doya (6.87).
Bu bədii
nümunələrdə həm hal kateqoriyasının (məs.: sevginin, qəmin, payıma, həsrətin,
arxadan, qəlbimi, dərdimi, bulağa, çaya, bahara, onda,
yolundan), həm mənsubiyyət kateqoriyasının (məs.:
payıma, qəlbimi, dərdimi, gözlərim, səsin, gəlişin,
həsrətin, yolundan, quluyam, yağırı,
ağırı), həm şəxs kateqoriyasının (məs.:
quluyam, baxmıram, dönürəm, danışdım,
sıxırsan) morfoloji göstəriciləri yerli-yerində
işlənmiş, morfoloji norma qorunmuşdur.
Bədii nümunələrdə inkarlıq
kateqoriyasının formal əlamətinin işlənməsi
də morfoloji normaya uyğun olmalıdır. Belə ki, bir çox
hallarda, məsələn inkarlıq kateqoriyasının -ma2
şəkilçisi ilə indiki zamanın -ır4 şəkilçisi
yanaşı işləndikdə, inkarlıq şəkilçisinin
tərkibindəki sait səs ixtisara düşür (məsələn:
almayır – almır, gəlməyir – gəlmir və s.). Lakin poetik örnəklərdə bir sıra hallarda
morfoloji normanın qorunmasını, hər iki morfoloji göstəricinin
tam formada işləndiyini müşahidə edirik. Məsələn:
Qalamısan
vaxtsız oda, atəşə,
Qoymayırsan
od səngiyə, köz düşə
(6.51).
Hardasan, nə vaxtdır gəlməyir səsin?!
Qəlbimə ələnir həsrət
yağışı (6.53).
Bu bədii
nümunələrdə qoymayırsan, gəlməyir sözlərinin
tərkibindəki həm inkarlıq kateqoriyasının
morfoloji göstəricisi olan -ma2 şəkilçisi, həm
də indiki zamanın morfoloji göstəricisi olan -(y)ır,-(y)ir şəkilçisi tam şəkildə
işlənmişdir.
Morfoloji
normaların pozulması: məlumdur ki, dildə morfoloji
xüsusiyyətlər çox zəngin və rəngarəngdir.
Şeir dilində də bu xüsusiyyətlər,
təbii olaraq, öz əksini tapır. Lakin
bəzi hallarda morfoloji normaların pozulması halları da
müşahidə edilir. Mütəxəssislər
bununla bağlı həyəcan təbili çalırlar:
“Dilimizin qrammatik quruluşuna müdaxilə artıq
dözülməz vəziyyətə gəlib çatıb. ...Öz qrammatik quruluşuna görə sintetik dillər
qrupuna daxil olan dilimizə analitik-sintaktik konstruksiyalar gətirən
...sözlər dilin deyim informasiyasına yadlıq verir” (5.6).
Dilin morfoloji quruluşu nə qədər sabit
olsa da, bəzi hallarda burada da normanın pozulması halları
müşahidə edilir.
Morfoloji normaların pozulması ümumi qrammatik
kateqoriyaların morfoloji göstəricilərinin işlənmə
məqamlarının düzgün seçilməməsində,
yaxud morfoloji göstəricilərin doğru məqamda işlədilməməsi
ilə bağlı olur. Məsələn, poetik nümunələrdə
bəzən feilin zaman kateqoriyasının morfoloji əlamətləri
müəyyən dəyişikliyə uğramış şəkildə,
əsasən, ixtisar olunmuş formada işlənir. Bunlardan nəqli keçmiş zaman şəkilçisinin
tərkibindəki müəyyən səsin ixtisarı
müşahidə edilir. Məsələn:
Özün
də bilmədən əzəldən məni,
Sevginə, vəfana inandırmısan (6.17).
Sən ki
məni çevirmisən kölənə,
Niyə məni yaddaşından silirsən?! (6.49).
Bədii örnəklərdəki inandırmısan,
çevirmisən feillərinin tərkibindəki nəqli
keçmiş zaman şəkilçisi olan -mış4
ixtisar olunmuş şəkildə işlənmişdir. II şəxsin
təkində və cəmində özünü göstərən
bu hal, əsasən şifahi nitq üçün xarakterikdir.
Ədəbi dil normasına uyğun olaraq bu feillər
inandırmışsan (inan+dır+mış+san),
çevirmişsən (çevir+miş+sən) şəklində
işlənməlidir. Şəkilçinin
tərkibindəki son samit səsin ixtisar olunması ilə ədəbi
dilin morfoloji norması pozulur.
Ədəbi dilin morfoloji normasının pozulduğu
hallardan biri də üçüncü şəxsin təkində
-dır4 şəkilçisinin -dı4 variantında,
üçüncü şəxsin cəmində isə
-dırlar4 şəkilçisinin -dılar4 variantında
işlənməsidir. Ə.Tanrıverdi bunu “qrammatik
normaların ən ciddi pozuntularından biri” (10.5) hesab edir.
Həqiqətən də, morfoloji normanın bu
pozuntusu getdikcə daha çox müşahidə edilir ki, bu
da mütəxəssislərin haqlı narahatlığına
səbəb olur.
Mənim
ömrüm ömür deyil, nağıldı,
Deyirlər ki, insanınkı ağıldı (6.14).
Dərdlərimə
nə dən çarə, nə dərman,
Ürəyimdən nə keçibsə, o kəmdi
(6.32).
Göstərdiyimiz nümunələrdəki
nağıldı, ağıldı, kəmdi sözləri
nağıldır, ağıldır, kəmdir şəklində
işlənməlidir. Bu şəkildə işlənmədiyinə
görə, ədəbi dilin morfoloji norması pozulmuşdur.
İndiki zaman şəkilçiləri ilə
bağlı da morfoloji normanın pozulması halları
müşahidə edilir. Məsələn:
Baharmı
kövrəldib, ya ömrün qışı?!
Ürəyim olubdur yuxa, bilmirəm (6.127).
Xoşbəxtlik
çağlamır dünya varından,
Boylanır ömürün ilk baharından (6.128).
Nümunədəki bilmirəm, çağlamır feilləri
indiki zamanda, inkar formasında, birinci şəxsin təkində
və üçüncü şəxsin təkində
işlənmişlər. Ədəbi dilin
morfoloji normasına uyğun olaraq, bu feillər bilməyirəm
(bil+mə+yir+əm), çağlamayır
(çağla+ma+yır) şəklində işlənməlidir.
Lakin daha çox danışıq dilinin
xüsusiyyətinə uyğun olaraq, bu feillər şeirdə
verildiyi variantlarda işlənmişlər.
Gələcək zaman şəkilçilərində
ixtisar olunma qəti gələcək zaman şəkilçilərində
daha çox müşahidə olunur.
Baş
götürüb ruhum getsə canımdan,
Xatirə tək yaddaşında qalacam (4.36).
O anlar, o
dəmlər əldən getdisə,
Mən dözüb duracam, özünə baxma (6.134).
Bu bədii nümunələrdə işlənmiş
feilin qəti gələcək zamanında işlənmiş
qalacam feili qalacağam, duracam feili duracağam formasında
işlənməlidir. Bu feillərdə zaman şəkilçiləri ixtisar
olunmuş formada işlənməklə morfoloji norma pozulmuşdur.
Feilin
bacarıq forması ilə bağlı morfoloji normanın
pozulması: Müasir Azərbaycan ədəbi dilində feilin
bacarıq forması aşağıdakı qayda üzrə
yaranır: “Feilin bacarıq forması feil kökü+-a(-ə) şəkilçisi+bilmək
sözünün iştirakı ilə yaranır: yaza bilmək,
ala bilmək, görə bilmək, duya bilmək və s.
Bacarıq forması şəxslər üzrə dəyişir.
Bacarıq forması şəxs şəkilçisi
qəbul edərkən şəxs şəkilçiləri
bilmək sözünə qoşulur. Bacarıq
formasının inkarı -ma2 inkar şəkilçisi ilə
yaranır. Bu zaman inkar şəkilçisi bilmək
sözünə qoşulur: görə bilmədim, görə
bilmədin, görə bilmədi və s.” (11.248).
Müasir poeziyada bu forma geniş şəkildə işlənməkdədir
və ədəbi dil üçün normadır. Lakin bəzən bu normanın pozulması
hallarına da rast gəlinir. Məsələn:
Çox razıyam taleyimdən, yazımdan,
Olammadım nə yaxının, nə yadın (6.13).
Ünvan bəlli, mənzil yaxın, yol kəsə,
Varlığımı qaldırammır qanadım (6.13).
Siləmmirəm yaddaşımın pasını,
Xatirələr geri dönür birbəbir (6.57).
Nümunə göstərdiyimiz
bu bədii parçalarda feilin bacarıq formasının
inkarı fərqli şəkildədir: feil kökü + -a//-ə
şəkilçisi + -m inkar şəkilçisi + mır
(bilmək sözünün transformasiyaya uğramış
forması) + şəxs sonluğu – ol +- a + -m + -ma + dı +
-m, qaldır + -a + -m + mır, sil + -ə + -m + -mir(-məyir)
+ -əm. Bu
halda ədəbi dilin morfoloji norması pozulmuşdur.
(Ardı
var)
Sevinc Sadıqova
ADPU-nun dosenti, f.ü.f.d.
Hürriyyət.-
2019.- 16-18 noyabr. S. 13.