Sərdar
Zeynal poeziyasında ədəbi dil normaları
(Əvvəli
var)
Sərdar
Zeynal poeziyasında ədəbi dil normaları - IV
HİSSƏ
Çoxəsrlik tarixi olan Azərbaycan poeziyası milli
müstəqillik dövründə yeni bir mərhələyə
qədəm qoymuşdur. Milli müstəqillik dövründə
yaranan poetik nümunələr müasir Azərbaycan ədəbi
dilinin bütün incəliklərini özündə əks
etdirir. “Azərbaycan dili qədim tarixə
malik olan, min illərin bütün keşməkeşlərindən
üzüağ çıxaraq dövrümüzə gəlib
çatmış ən böyük xəzinədir. Bu gün Azərbaycan dövlətinin əldə
etdiyi nailiyyətlər sırasında Azərbaycan dili
tarixi-genetik dəyərlərimizi, ruhumuzu, həyatımızın
psixoloji-fəlsəfi cizgilərini yaşadan milli
varlıqdır” (1.4). Özünəməxsus
inkişaf xəttinə malik Azərbaycan ədəbi dili əsrlər
boyunca cilalanmış, təkmilləşmiş, müasir
dövrdə kamil bir mərhələyə qədəm
qoymuşdur.
Köməkçi
nitq hissələri ilə bağlı morfoloji normanın
pozulması: Əsas nitq hissələri kimi, köməkçi
nitq hissələri də poeziya dilində, ümumiyyətlə
ədəbi dildə çox geniş şəkildə
işlənir. Poeziya dilində işlənən
köməkçi nitq hissələri, əsasən ədəbi
dil normalarına uyğun gəlsə də, bəzi hallarda ədəbi
dil normalarına uyğun olmayan qoşma və ədatların
işlənməsi, bağlayıcıların işlənmə
məqamı ilə bağlı ədəbi dil
normalarının pozulması halları da müşahidə
edilir. Bunları ayrı-ayrılıqda nəzərdən
keçirək:
Qoşmaların
işlənməsi ilə bağlı morfoloji normanın
pozulması: Müasir Azərbaycan ədəbi dilində kimi,
doğru, sarı, tərəf, tək, başqa, özgə,
qeyri, savayı, ilə, aid, dair, məxsus, -can2 və b.
qoşmalar işlənir, bunların bədii dildə işlənməsi
də norma hesab olunur. Lakin bəzən
poetik nümunələrdə elə qoşmalara rast gəlirik
ki, bunların işlənməsi ədəbi dil
normasının pozulmasıdır. Məsələn:
Neçə
yol uzaqlaşıb
Səndən qaçmaq istədim (40.26).
Vaxtım
yox, güzgüdə özümə baxım,
Darıxır
ürəyim, üzümdən yana (6.138).
Nümunələrdəki
“dəfə” mənalı yol, “ötrü” mənalı yana qoşmaları ədəbi dil
normalarına uyğun deyildir. Bu qoşmalar haqqında müəyyən
fikirlər söylənmişdir: “Qərbi Azərbaycan şivələrində
və Azərbaycan dilinin digər dialekt və şivələrində
(Cəlilabad, Qax, Ordubad, Şərur) işlənən yol
qoşması hal-hazırda Azərbaycan ədəbi dilində
işlənməsə də, tarixən ədəbi dildə
işlənmişdir” (12.25). Ə.Şükürov bu
qoşma barəsində fikirlərini belə qeyd etmişdir:
“Yol – dilimizdə işlədilən ən qədim
qoşmalardan biridir. Bu qoşma, adətən, cümlədə
adla feil arasında qrammatik əlaqə yaratmış və
iş, hərəkətin təkrar olaraq icra edildiyini, bəzən
də zamanını bildirmişdir. Müasir
dilimizdə yol şəklində rast gəlinən bu qoşma
qədim türk dilində yolı şəklində işlənmişdir”
(12.26). Yana qoşması da qərb qrupu
dialekt və şivələrində, Naxçıvan
dialektində işləkdir. Bu qoşmalar
Azərbaycan dilinin ayrı-ayrı dialekt və şivələrində
işlənir, onların müasir ədəbi dildə işlənməsi
morfoloji normanın pozulmasıdır.
Poetik nümunələrdə ilə
qoşmasının işlənməsi ilə bağlı ədəbi
dil normalarının pozulması halları da müşahidə
edilir. Məsələn:
Təbiət
güləndə ilk baharınan,
Hər gecə yuxuna qonaq gələcəm (6.74).
Haraya gedirsən bu inadınan?!
Sevimli doğmaynan, namərd yadınan (6.113).
Nümunələrdəki baharınan, inadınan,
doğmaynan, yadınan sözlərinin tərkibindəki şəkilçiləşmiş
ilə qoşmasının danışıq variantına
uyğun formalarıdır. Bədii nümunələrdə
qoşmaların yuxarıda qeyd etdiyimiz variantlarının
işlənməsi ədəbi dilin morfoloji normasının
pozulmasıdır.
Sintaktik
normalar: Şeir dilində, poetik dildə gözlənilməsi
ən çətin olan normalardan biri sintaktik normadır.
Çünki şeir dilinin tələbinə uyğun olaraq, əksər
hallarda cümlədə sözlərin sırası dəyişir,
bununla da sintaktik norma pozulmuş olur. Lakin müasir Azərbaycan poeziyasında sintaktik
normanın qorunduğu xeyli sayda bədii nümunələr
vardır.
Sintaktik normanın gözlənilməsi hallarından
biri eyni sözlərin təkrarına yol verilməməsidir. N.Abdullayev qeyd
edir ki, eyni söz və ya ifadənin təkrarını aradan
qaldırmaqla nitqin ahəngdarlığı təmin edilir
(7.124). Sərdar Zeynal poeziyasında bunun geniş
şəkildə işləndiyini müşahidə edirik:
Mən əsir
etmirəm gülüşü qəmə,
Hər şirin kəlmədən dodağım
dadır.
Sevinci
bölürəm bütün aləmə,
Dərdimlə yatıram, dərdim oyadır (6.59).
Bu bədii nümunədə birinci cümlənin
mübtədası I şəxsin təkini bildirən mən əvəzliyi
ilə ifadə olunmuşdur. Şeirin sonrakı misralarında isə
artıq bu əvəzlik təkrar olunmamışdır ki, bu
da şeirin dilini daha ahəngdar, axıcı etmiş, təkrarçılıqdan
qaçılmış, sintaktik norma
gözlənilmişdir.
Sintaktik normalardan biri də cümlədə söz
sırası ardıcıllığının gözlənilməsidir. “Nitq
kommunikasiyasında sözlər müəyyən
düzülüş qaydasına malik olur: mübtəda
cümlənin əvvəlində, xəbər sonunda, təyin
isim və isimlə ifadə olunan üzvdən əvvəl,
tamamlıq ismi və feili xəbərin, zərflik xəbər,
xəbər qrupunun əvvəlində işlənir” (7.123).
Bir sıra dilçilər (Ə.Abdullayev, Q.Kazımov, Ə.Cavadov, B.Xəlilov
və b.) cümlədə söz sırası, cümlə
üzvlərinin, sintaktik vahidlərin sırası,
düzülüşü məsələsinə münasibət
bildirmişlər. Əlbəttə, şeir
dilində, poetik nümunələrdə cümlə üzvlərinin
ardıcıllığının gözlənilməsi həmişə
mümkün olmur. Lakin bir sıra bədii
nümunələrdə bu sintaktik normanın gözlənildiyini
görürük. Məsələn:
Var-dövlət
gözümdə ötərgi səsdir,
Arzudur, istəkdir, xoş bir həvəsdir (6.90).
Nümunədə
cümlə mübtəda ilə – var-dövlət –
başlayır, sonra tamamlıq – gözümdə – işlənmiş,
sonra təyin – ötərgi – gəlmiş, cümlənin
sonunda isə ismi xəbər – səsdir – işlənmişdir
və bununla da cümlədə söz sırasının
ardıcıllığı gözlənilmişdir.
Sintaktik normaların digər bir növü mübtəda
ilə xəbərin uzlaşması ilə
bağlıdır. Dilimizdə mübtəda ilə xəbərin şəxsə
və kəmiyyətə görə uzlaşması sintaktik norma kimi qəbul edilmişdir. Poetik örnəklərdə,
adətən, bu norma gözlənilir:
Öz
haqqıma özüm nökər,
Dar macalda özüm yiyəm.
Başım
üstün kəssə də şər,
Mən haqqımın köləsiyəm (6.102).
Birinci, ikinci və dördüncü misralarda mübtəda
birinci şəxsin təkində olanda xəbər də
birinci şəxsin təkində işlənmiş,
üçüncü misrada isə mübtəda
üçüncü şəxsin təkində olanda xəbər
də üçüncü şəxsin təkində
işlənmişdir.
Üslubi
normalar: Üslubi normalardan bəhs etməzdən öncə,
üslub anlayışının mahiyyətini
aydınlaşdırmaq zəruridir. Üslub
geniş bir anlayışdır, spesifik cəhətlərin cəmidir.
Bədii yaradıcılıqda, poeziyada söz sənətkarlarından
hər birinin özünəməxsus üslubu vardır.
“Bədii yaradıcılıqda hər bir sənətkarın
öz üslubunun olması əsas şərtlərdəndir.
Çünki fərdi üslub onun
yaradıcılıq orijinallığını müəyyən
edir və onu başqalarından fərqli bir sənətkar
kimi tanıdır. Elə buna görə də
bədii yaradıcılıqda “üslub sənətkarın
özü” deməkdir” (2.186).
Üslub nə qədər spesifik, fərdi olsa da, yenə
də o, müəyyən normalar daxilində mövcuddur. “Dildə üslubi
normaların əsasını obrazlılıq, zənginlik, təsirlilik,
ifadəlilik, sadəlik, aydınlıq, ahəngdarlıq və
s. nitq əlamətləri təşkil edir. Üslubi
normalara əməl olunması nitqin səlisləşməsinə,
onun məntiqli və düzgün olmasına, təsirliliyi ilə
seçilməsinə xidmət edir” (2.169).
Üslubi normaların gözlənilməsi
özünü nədə göstərir? Əgər
poetik əsərin dilində fonetik normalar, leksik-semantik
normalar, morfoloji və sintaktik normalar gözlənilirsə, bu
zaman üslubi normalar da gözlənilmiş olur.
Beləcə
əridə intizar məni,
Gah
yağış üşüdə, gah da qar məni,
Gələsən,
oyada ilk bahar məni,
Gözümü
yollara dikəm, nə gözəl! (6.110).
Şairin yaradıcılığındakı
ayrı-ayrı nümunələri oxuduqca burada nəinki hər
kəlmənin, hər sözün, hər cümlənin, hətta
hər səsin də yerli-yerində işləndiyini
görürük. Bu, həm Azərbaycan dilinin poeziya dili,
şeir dili olmasından, həm də müəllifin sözə
məharətlə yanaşmasından, sözdən yerində
istifadə etməsindən irəli gəlir.
Sənətkarın poetik dili onun üslubunu
formalaşdırır. A.Qurbanov üslub haqqında yazır: “Müasir
dilçilik üslub anlayışının elmi
xarakteristikasını verərkən onu belə müəyyənləşdirmişdir:
linqvistik üslub insanların əmək fəaliyyəti ilə
bağlı ədəbi dilin müxtəlif
növlüyüdür. Ədəbi dildəki
bu müxtəliflik həmin dildə danışanların
başqa-başqa sahələrdəki əmək fəaliyyəti
ilə əlaqədardır.
Linqvistik üslub sözlərin seçilməsinə,
işlənilməsinə və nitqin sintaktik normalarına
uyğun olaraq qurulur. Bununla bərabər nitqdə
aydınlıq, düzgünlük, dəqiqlik, təbiilik, təmizlik,
axıcılıq, yığcamlıq kimi üslubi normalar zərurət
təşkil edir. Bunların birinə
düzgün əməl edilməməsi ədəbi dilin
üslublarına xələl gətirə bilər” (2.188-189).
Üslubi normalardakı bu tələblər Sərdar Zeynal
poeziyasında özünü kifayət qədər əks
etdirir:
Gözümdə
çiçəkdi qaya da, daş da,
Zirvənin cilovu əlimdə idi.
Buludla
yarışda, qışla savaşda,
Ən şirin mahnılar dilimdə idi (6.5).
Arzu da,
istək də, ümid də sözdür,
Söz ilə qoyulub daş üstə daşım.
Nə
zaman sözlərdən əlimi üzdüm,
Nəyimə gərəkdir quru yaddaşım (6.92).
Müasir
dövrün poeziyasından, bədii
yaradıcılığından danışan B.Xəlilov
yazır: “Bədii dilin
güclü olması oxucunu özünə çəkir, istənilən
bədii materialı sevdirir, nəticədə oxucunu öz
arxasınca aparır, sehirləyir, tilsimə salır. Belə olduqda oxucu şair və
yazıçının istedadına qibtə edir. Əslində istedadlı şair və
yazıçı öz yazdığı əsərlərin
dili ilə həm özünün səviyyəsini, həm də
dilimizin imkanlarını ortalığa qoya bilir.
Şair və yazıçıların əsərlərinə
şöhrət qazandıran onların dilinin poetikliyi, həm
də yazdığı bədii nümunələrin
texnologiyasıdır. Müasir ədəbiyyatımızın
şöhrət qazanması üçün bədii dilin
imkanlarına, bədiiyyatın texnologiyalarına fikir vermək
lazımdır” (1.331). Bu sətirlər
söz sənətkarlarını öz əsərlərinin
dil və üslubu, dilinin poetikliyi üzərində daha ciddi
çalışmağa, əsərlərin dilinin üslubi
normalara cavab verməsini təmin etməyə sövq edir.
Sərdar
Zeynalın yaradıcılığında ədəbi dilin
normalarının və onların pozulması hallarının
araşdırılması belə bir nəticəyə gəlməyə
əsas verir ki, şairin poetik dilində fonetik, leksik,
frazeoloji, morfoloji, sintaktik, üslubi normalar qorunmuşdur,
müəyyən hallarda normaların pozulması halları da
müşahidə edilir ki, bunlar da söz sənətkarının
ifadə etmək istədiyi fikrin daha təsirli olmasına xidmət
edir.
İstifadə
olunmuş ədəbiyyat:
1.Xəlilov B. Dil, Ədəbiyyat, Mədəniyyət. Bakı,
“Bakı Çap Evi”, 2013, 484 s.
2.Qurbanov
A. Ümumi dilçilik. Bakı, “Nurlan”, 2004, 532 s.
3.Hacıyev T. Azərbaycan ədəbi dilinin tarixi. I
hissə. Bakı, “Elm”, 2012, 476 s.
4.Zeynal
S. Məni düşünəcəksən. Bakı,
“Elm və Təhsil”, 2013, 452 s.
5.Məmmədli F. Azərbaycan ədəbi dili (1990-2010-cu illər).
ADPU, Bakı, 2012, 46 s.
6.Zeynal
S. Qədrimi bilmədin. Bakı, “Elm və təhsil”,
2017, 172 s.
7.Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, 2014, 278 s.
8.Əhmədov B. Azərbaycan dili şivələrində
söz yaradıcılığı. Bakı, APİ nəşri,
1987, 80 s.
9.Xəlilov B.Ə. Müasir Azərbaycan dilinin leksikologiyası.
Bakı, “Nurlan”, 2008, 442 s.
10.Tanrıverdi Ə. Dilimiz, düşüncəmiz.
Bakı, “Elm və təhsil”, 2017, 360 s.
11.Xəlilov B. Müasir Azərbaycan dilinin
morfologiyası. II hissə. Bakı,
“Papirus NP”, 2016, 352 s.
12.Sadıqova S. Ədəbi dildə arxaikləşmiş
köməkçi və xüsusi nitq hissələri Qərbi
Azərbaycan şivələrində. Filologiya
məsələləri. Bakı, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutu, 2017, ¹ 19,
s.24-35.
Sevinc Sadıqova
ADPU-nun dosenti, f.ü.f.d.
Hürriyyət.-
2019.- 19-20 noyabr. S. 11.