Beynəlxalq Orxus Konvensiyası və ekoloji təhlükəsizlik

 

Prezident İlham Əliyev çıxışlarının birində ölkədə ekoloji problemlərin həllinin dövlət siyasətinin prioritet məsələsi olduğunu vurğulayaraq demişdir: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkəmizin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür. Son nəticədə ən önəmli sahə budur. Neft-qaz tükənən sərvətlərdir. Onların müvəqqəti önəmi var. Ancaq təbiət, ətraf mühit – bu, daimi sərvətdir. Əsrlər boyu, minilliklər boyu təbiət olub, kainat olub, dünya olubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq. Özümüz üçün, gələcək nəsillər üçün, ölkəmizin yaşaması üçün qoruyaq. Ona görə biz bu məsələlərə çox böyük önəm veririk. Çalışırıq ki, ekoloji proqramların icrasında Azərbaycan qabaqcıl yerlərdə olsun”.

Ekologiya və sosial-iqtisadi uzlaşma

Dövlətimizin başçısının bu ­fikrinin məntiqi nəticəsi olaraq son illərdə ölkəmizdə atmosfer havasının mühafizəsi, su ehtiyatlarının çirklənməsinin, torpaqların deqradasiyasının qarşısının alınması, mövcud yaşıllıqların qorunması və yeni yaşıllıq sahələrinin salınması, tullantıların idarə olunmasının təkmilləşdirilməsi, habelə biomüxtəlifliyin nəzarətdə saxlanılması kimi hədəflərin gerçəkləşdirilməsi istiqamətlərində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, ekoloji tarazlığın qorunmasında əsaslı dönüş yaranmış və ətraf mühitin mühafizəsində ciddi nailiyyətlər əldə edilmişdir.

Ekoloji təhlükəsizliyin mahiyyəti təkcə əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasından və ətraf mühit problemlərinin həllindən ibarət deyildir. Bu, həm də gənclərimiz tərəfindən ətraf mühitin mühafizəsinin sosial-fəlsəfi cəhətdən dərk edilməsi prosesində onlarda ekoloji təfəkkürünün formalaşdırılmasına nail olmaqdan ibarətdir. Hazırda dünyanın məşhur alimləri belə qənaətə gəlmişlər ki, davamlı inkişafın təmin olunmasında əhalinin, o cümlədən gənclərin ekoloji maarifləndirilməsi və məlumatlandırılması olduqca mühüm önəm daşıyır. Bu vacib məsələnin həllində, şübhəsiz ki, KİV-lərin də üzərinə ciddi vəzifələr düşür.

Ekoloji təhlükə əsasən antropogen və təbii təsirlər nəticəsində insan sağlamlığının, ekoloji tarazlığın normal ahənginin pozulması, ətraf mühitin pisləşməsi ilə müşahidə edilir. Belə vəziyyət isə müvafiq ekoloji təhlükə mənbələrinin mövcudluğu nəticəsində meydana gəlir. Bu baxımdan hər bir ölkənin ekoloji təhlükəsizlik konsepsiyasının qarşısında duran əsas vəzifə ekoloji təhlükə mənbələrinin müəyyənləşdirilməsi, həmin təhlükə mənbələrində ekoloji risk dərəcəsinin aydınlaşdırılmasıdır.

Qeyd edək ki, ekoloji təhlükəsizlik anlayışı elmi ədəbiyyatda kifayət qədər ətraflı şərh olunmuş, son illərdə respublikamızda qəbul edilmiş ekoloji qanunvericilik aktlarında bununla bağlı bir çox anlayış və terminlərin izahı verilmişdir.

Ekologiya haqqında təkmilləşən qanunlar

Məsələn, ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsinin hüquqi əsası olan “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda (8 iyun, 1999-cu il) “Ekoloji təhlükəsizlik”, “Ekoloji təhlükəsizliyin təmin edilməsi”, “Təhlükəli ekoloji vəziyyət”, “Ekoloji təhlükənin subyekti” və s. anlayışlar şərh edilmişdir. Burada ekoloji təhlükəsizlik anlayışı “insan və cəmiyyətin həyati vacib maraqlarının ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi” kimi ifadə olunmuşdur.

Dövlət başçısının 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”nın uğurla reallaşdırılması ekoloji təhlükəsizliyin təmin edilməsinə müsbət təsir göstərmişdir. Bununla bərabər, cənab Prezidetin “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqında” və “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 20 iyun 2007-ci il tarixli sərəncamları da Xəzər dənizinə axıdılan çirkab suların ətraf mühit və insan sağlamlığına mənfi təsirinin azaldılmasında, Kür və Araz çaylarının suyundan istifadə edən bəzi yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təminatında mühüm rol oynamışdır.

Regional iqtisadi rayonlar və ekoloji təhlükəsizlik

Yeri gəlmişkən, xatırladaq ki, 2007-2014-cü illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 18 rayonun 268 kəndində modul tipli qurğular quraşdırılaraq, həmin yaşayış məntəqələrində yaşayan 450 mindən artıq əhali içməli su ilə təmin ­edilmişdir.

Son 15 ildə respublikamızda ekoloji təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaşayış məskənlərində və magistral yolların kənarında sanitar-qoruyucu zolaqların yaradılmasına xüsusi əhəmiyyət verilmiş, bununla əlaqədar Bakı-Qazax magistral avtomobil yolunun Atbulaq-Hacıqabul yaşayış məntəqəsində, Bakı-Quba avtomobil yolunun H.Z.Tağıyev-Zabrat, Bakı-Şamaxı yolunun Müşfiqabad-Pirəkəşkül, Bakı-Astara magistral avtomobil yolunun Ələt-Salyan yaşayış hissələrində, Bayıl yamacı-20-ci sahəarası ərazidə, habelə Suraxanı-Zığ magistral avtomobil yolunda ətraf ərazinin yaşıllaşdırılması tədbirləri həyata keçirilmişdir.

Azərbaycanın Avropaya inteqrasiyası prosesi ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliklə bağlı bəzi qanunvericilik aktlarının təkmilləşdirilməsini də tələb edir. Bununla əlaqədar, fikrimcə, “Ekoloji təhlükəsizlik haqqında” qanun və ətraf mühitin mühafizəsi ilə əlaqədar digər qanunvericilik aktları müasir tələblərə uyğun təkmilləşdirilməli, ekoloji təhlükəsizliyin reallaşdırılmasında vətəndaşların və ictimai birliklərin rolunu artırmaq üçün hüquqi şərait daha da yaxşılaşdırılmalı, informasiya təminatının səviyyəsinin yüksəldilməsi məqsədilə Orxus Konvensiyasına əsaslanılaraq, zəruri tədbirlər həyata keçirilməlidir.

Davamlı inkişafın prinsiplərinə uyğun olaraq ekoloji təhlükəsizlik problemlərinin həlli istiqamətində atmosferin çirkləndirilməsinin, torpağın deqradasiyasının qarşısının alınması, Xəzər dənizinin ekoloji təmizliyinin qorunması, ölkənin su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, torpaqlardan səmərəli istifadə edilməsi, biomüxtəlifliyin qorunması, alternativ enerji mənbələrinin tətbiqinin genişləndirilməsi imkanlarının artırılması kimi vəzifələr də diqqət mərkəzində saxlanılmalıdır.

Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, hazırda müasir şəraitdə insan fəaliyyətinin nəticəsi olaraq, ətraf mühitin korlanması, yəni təbiətlə cəmiyyət arasındakı ekoioji-iqtisadi tarazlığın pozulması həyat üçün ciddi təhlükəyə çevrilir. Başqa sözlə, bu gün sosial rifah məqsədilə yaradılmış bir sıra sənaye müəssisələri ətraf mühiti çirkləndirən mənbələrə çevrilərək ekoloji-iqtisadi problemləri daha da mürəkkəbləşdirir. Buna görə də bioloji müxtəlifliyin qorunub saxlanılmasına xüsusi önəm verilməlidir.

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin ümumi sahəsi 2003-cü ildən etibarən təxminən 2 dəfə artırılaraq ölkə ərazisinin 10,3 faizinə çatdırılmışdır. Hazırda respublikada ümumi sahəsi 893 min hektar olan xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən, 9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir.

Ətraf mühit və ekoloji üstünlüklər

Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə ekoturizmin inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanılmış, Qafqazda ən böyük ərazini əhatə edən Şahdağ Milli Parkının nümunəvi infrasturukturu qurulmuş, bundan əlavə Şirvan və Hirkan milli parklarında ekoturizm şəhərcikləri yaradılmışdır. Ekoloji problemlərin həll edilməsi məqsədilə Azərbaycan tərəfindən beynəlxalq təşkilatlarla, donor ölkələrlə əlaqələrin genişləndirilməsinə ­xüsusi əhəmiyyət verilir. Hazırda respublikamız BMT-nin İnkişaf və Ətraf Mühit proqramları, Qlobal Ekoloji və Ümumdünya fondları, Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, bir sıra beynəlxalq maliyyə qurumları və s. təşkilatlarla ekoloji əməkdaşlığı davam etdirir. Bununla bərabər, müvafiq sazişlər əsasında inkişaf etmiş ölkələrlə ikitərəfli əməkdaşlıq qurulur, respublikamız ətraf mühit sahəsində bir çox beynəlxalq müqavilələrə qoşulur. İndiyə kimi, Azərbaycan Respublikasının 21 beynəlxalq ekoloji konvensiyaya qoşulması və müvafiq protokollar imzalanması da bunun bariz ifadəsidir.

Respublikamızda ekoloji təhlükəsizliyin təmin edilməsində vətəndaşların ekoloji cəhətdən maarifləndirilməsi vacib şərtlərdən biridir. Son illərdə bu istiqamətdə xeyli iş görülmüş, “Ətraf mühitlə bağlı məsələlərdə məlumatların əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” Orxus Konvensiyasının müddəalarının yerinə yetirilməsində ekoloji maarifləndirmə işinin səmərəliliyini artırmaq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində “İctimai Ekoloji Şura” yaradılmışdır.

Ekoloji tarazlığın effekti

Ekoloji tarazlıq- (təbiətdə) hər hansı təbii qruplaşmasında canlı orqanizmlərin növ tərkibinin, onun sayının, məhsuldarlığının, sahədə paylanmasının, həmçinin mövsümü dəyişməsinin, biotik maddələr mübadiləsinin və digər bioloji proseslərin nisbi davamlığı.

Müəyyən ekosistem üçün xas olan mühit şəraitinin dəyişməsi ekoloji tarazlığı pozur, bir növün azalmasına, digərinin isə artmasına səbəb olur. Bununla yanaşı, orqanizmlərin təbii qruplaşmaları müxtəlif zədəverici təzyiqlərə qarşı davam gətirmək qabiliyyətinə malik olub, normal şərait bərpa olunarkən öz ilkin vəziyyətinə qayıdırlar, yəni müəyyən davamlılığa malikdirlər.

Çox zaman ekoloji tarazlıq pozulması dedikdə atmosferin qaz tərkibinin və hidroloji rejimin kəskin dəyişməsi, ətraf mühitin qlobal çirklənməsi başa düşülür. Ekoloji tarazlıq mürəkkəb və bir-biri ilə bağlı mexanizmlərini bilmədən təbiətdən səmərəli istifadə etmək, hər hansı bir təsərrüfat fəaliyyətini və təbii mühiti həyat üçün yararlı halda saxlamağı proqnozlaşdırmaq mümkün deyildir.

 

Hürriyyət.- 2019.- 19-20 noyabr. S. 12.