Şəxsiyyəti yaradıcılığından zəngin akademik

 

Bu həyatın dəyişməyən qaydasıdır. İnsan dünyaya gələn gündən nəsə qazanmağa başlayır:əvvəl günləri, sonra həftələri, ayları, illəri və ən nəhayət, sonda insanın  adını tarixin daş yaddaşına dişəyib, onu tarixdən silinməz edən əbədiyyəti.... Elə insanlar  var ki, onların həyatda itirdiyi heç nə yoxdur. Qazandıqları xalqı üçün, eli, milləti üçün  o qədər gərəkli və qiymətlidir ki,  onların adı hər an, hər saat, hər gün kimlərinsə dillərində səslənir, həyatda qoyub getdikləri milyonların  gərəyinə çevrilir. Səndən yüz illər sonra  doğulub üzünü görməyənlər belə sənə üz tutur, yaratdıqlarından faydalanır. Mənsub olduğun xalqa, millətə məxsus nə varsa, onu göylərə qaldırıb dünyaya görk eləmək istəyirsən ki,  mən kiməm, hansı xalqın nümayəndəsiyəm, mənim babalarım kim olub, onların özlərindən sonra qoyub getdiyi bəşəri dəyərlərə malik “ var-dövlət”  nədir. Hansı xalq bu cür mədəniyyətə, keçmişə, “var-dövlət”ə  sahib olmaq istəməz?! Belə xoşbəxtlərdən  biri də öz ömrünü xalqının  dili, onun tarixi, dilinin zənginliklərini, onun dünyanın ən  zəngin dillərindən də zəngin olduğunu  tarixi faktlarla sübut etməyə çalışan , təəssüflər olsun ki, noyabrın 27-də Günəşə əlvida deməyindən dörd il ötən akademik, filologiya elmləri doktoru, professor, görkəmli dilçi, folklorşünas, türkoloq kimi fəaliyyət göstərmiş Tofiq İsmayıl oglu Hacıyevdir.

 

Əsərlərindən də göründüyü kimi, o xalqına, onun tarixinə şöhrət gətirən hər bir-sözü-kəlməni, faktı tutiyə bilmiş, onun tarixdən silinməməsi, mənsub olduğu xalqın tarixində əbədi yaşaması üçün əlindən gələni əsirgəməmişdir.

 

Azərbaycan xalqının , onun dilinin və ədəbiyyatının elə bir sahəsi yoxdur ki, görkəmli alim o sahədə qələmini sınamamış olsun  və sınamışsa, əldə etdikləri başqaları üçün istinad nöqtəsi, ədəbiyyat qibləsi olmamış olsun!

 

 2006-cı ildə akademik Tofiq Hacıyevin 70 illik yubileyində onun ən əziz tələbəsi, bu günümüzün ən məhşur dilçisi, ədəbiyyatşünası, elm xadimi olan akademik Nizami Cəfərov yazırdı:” Onun adı ilə bağlı olan, artıq onlarca dilçi mütəxəssisi öz ətrafında birləşdirmiş “Tofiq Hacıyev məktəbi”Azərbaycan dili-Azərbaycan türkcəsinin ən müxtəlif  problemləri ətrafında ciddi tədqiqatlar aparır və həmin məktəbin önündə, dünən olduğu kimi, bu gün də məhz onun  başçısı – ömrünün 70-ci baharını qeyd etdiyimiz Tofiq Hacıyev gedir” (1.7).

 

Akademikin yaradıcılığının  geniş və zəngin bir hissəsini xalqımızın 1999-cu ildə 1300 illiyini beynəlxalq səviyyədə qeyd etdiyi “Kitabi- Dədə Qorqud” dastanlarına həsr etdiyi məqalələri, çıxışları və kitabları təşkil edir. Görkəmli akademikin bu sahə üzrə bağlı üç kitabı : (“ Dədə Qorqud : dilimiz, düşüncəmiz” ( “Elm” nəşriyyatı,Bakı 1999 (212 səh) “Dədə Qorqud kitabı” tariximizin  ilk yazılı dərsliyi” (Dədə Qorqud eposunun elmə bəlli olmasının 200 illiyinə həsr olunur) “Elm və təhsil” Bakı-2014.344 səh) “Seçilmiş əsərləri IV cild, Bakı-“Elm” 2019, 397 səh.24 məcmuə, jurnal məqalələri və  məruzələrinin tezisləri,36 qəzet məqaləsi, 4 müsahibəsi,  xarici mətbuatda 2 məqaləsi çap olunmuşdur.

 

Akademikin yaradıcılığında özünə geniş yer tutmuş “ Dədə Qorqud” sevgisi bir çox dilçilərin  də diqqətini cəlb etmiş və bu məsələyə  geniş məqalələr həsr etmişdir.

 

Filologiya elmləri namizədi Ü.A.Nəbiyeva 2006-cı ildə nəşr edilən “Tofiq Hacıyev və “ Kitabi-Dədə Qorqud”məqaləsində yazırdı: “Tofiq Haciyevin yaradıcılığında “ Kitabi-Dədə Qorqud”la  bağlı araşdırmaları  xüsusi bir yer tutur.İlk öncə demək lazımdır ki, professor bu böyük abidəmizin öyrənilməsi işinə birdən-birə başlamamışdır. O hələ otuz il bundan əvvəl, abidənin öyrənilmsi və tədqiqi üzərində qadağaların mövcud olduğu  bir zamanda ümumtürk abidəsi kimi onun geniş təbliğinə başlamış, bu məqsədlə universitetdə hər il “ Dədə Qorqud”a  həsr edilən elmi-nəzəri konfranslar keçirmişdir” (2.44).

 

Göründüyü kimi,  vətənsevər akademik qeyd edilən qadağalara baxmayaraq, yazdıqları bütün məqalə və yazılarında dolayısı ilə olsa da,  “Kitabi-Dədə Qorqud “ dastanlarını diqqət mərkəzinə çəkmiş və onu yazısınin baş qəhrəmanına çevirmişdir. O, hələ 1978-ci ildə “ Ulduz” jurnalının on ikinci nömrəsində nəşr etdirdiyi məqaləsinin adını “Dədə Qorqud”un  sələfi adlandırmış, “Dədə Qorqud” haqqında geniş danışmasa da, dastanın adını yazının sərlövhəsinə çıxarmışdır.(Diqqəti daha çox cəlb etmək üçün).

 

Akademikin bu sahə ilə bağlı yazılarının hamısında dastanın  bütün dunya xalqlarına görk ola bləcək bir abidə olduğunu, onun tarixinin daha qədimlərə gedib çıxdığını nümunələrlə sübut etməyə çalışmışdır.O, dastanın qədimliyindən bəhs edərkən yazır: “ Mete, Atilla, Əmir Teymur və Osmanlı imperatorluqları , “ Dədə Qorqud” dastanı, Orxon-Yenisey daş kitabı, Kaşqarlının “Divan”ı türkün yeddi möcüzəsidir. Möcüzlərdən biri böyük Türk coğrafiyasının Azərbaycan torpağı ilə bağlıdır. Bu möcüzə “Dədə Qorqud” dastanı və ya  “ Dədə Qorqud kitabı” adı ilə tanınır. M.Kaşqarlı “Divan”ının  şeirində heca və qafiyənin  tam müəyyənləşdiyini nəzərə alaraq, cəsarətlə demək olar ki, “Dədə Qorqud kitabı”nın seiri ondan  çox-çox qədimlərə gedir: bu iki abidənin seir tipi arasında beş yüz – min illik təkamül fərqi var” (3;7).

 

Görkəmli qorqudşünas dastanın tədqiqi, nəşri və ən nəhayət, Azərbaycana necə gəlib  cıxması məsələsinə həsr etdiyi “ Dədə Qorqud kitabı” ( “Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan”) adlı genişhəcmli (91 səh) məqalsində dastanı müxtəlif  cəhətdən səciyyələndirərək onun dünyanın ən qabaqcıl xalqlarının yaratdıqları dünya şöhrətli dastanlardan da yüksəkdə dayandığını  gətirdiyi nümunələrlə sübut etməyə çalışır.

 

O, dastanımızın uzun müddət təqiblərlə üzləşdiyini, onun Azərbaycanda çapının  müəyyən bir dövr ərzində qadağan olunduğunu dilə gətirərək yazırdı :” 50-ci illərdə sovet ideologiyasının anti-türk, şovinist siyasətinin nəticəsində bu milli abidəmizin  Azərbaycanda oxunması, çap olunması və öyrənilməsi qadağan olundu. Şəxsiyyətə sitayişin aradan  qaldırılması ilə  Azərbaycan elmi bu nadir bəşəri sənət nümunəsini tədqiqə başladı”. (4;12).

 

 Akademik bütün qadağalara baxmayaraq, həmişə “Dədə Qorqud” dastanını diqqət mərkəzində saxlamış, onun haqqında mətbuatda cıxış etməsə də, müxtəlif  xalqların nümayəndələrinin dastanla bağlı tərcümə və yazılarını ardıcıl olaraq  izləməkdə davam etmişdir. Onun öyrənilməsi ilə bağlı qadağaların aradan götürülməsini sevinclə qarşılayaraq dastanla bağlı elmi araşdırmalarını sıxlaşdırıb mətbuatda  çıxışlarını sürətlndirməyə başlamışdır.

 

Bu “azadlıq”dan bəhrələnən elm adamı dastanla bağlı yazırdı: “ Dədə Qorqud kitabı”nın “ dünya mədəniyyətinə tanıdılması almancaya tərcümədən başlandı.

 

( Dastan, ilk dəfə İstambulda səfir kimi yaşamiş və türkcəni yaxşı bilən alman  şərqşünası F.Dits  tərəfindən 1815-ci ildə aşkar edilmiş və XV əsrdə yazıya alınmış əlyazmasının tədqiqinə başlanılmışdır. Onun dünya şöhrətinin tamamlanmasından  əsr yarım sonra başqa bir dil- ingilis dili ağırlığı öz  üzərinə götürdü. 70-90-cı illərdə ingiliscə üç tərcümə və nəşri “Kitaba”a  dünya şərqşünaslığının  diqqətinin azalmadığını bir daha göstərdi”. (Yenə orada səh.14).

 

“Dədə Qorqud kitabı”nın daha dərindən öyrənilməsi və tədqiqi ümummilli lider,  öz xalqının  ədəbiyyat və mədəniyyətinə, onların nümayəndələrinə həmişə diqqət və qayğı ilə yanaşan  Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra başlayır.

 

Görkəmli dövlət başçısı və siyasi xadim, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev  20 aprel 1997-ci ildə “Dədə Qorqud kitabı” nın  1300 illik yubileyinin keçirilməsi ilə bağlı fərman vermiş  və bu fərmana əsaslanan  UNESCO 1998-ci ili ” Dədə Qorqud ili” elan etmişdir.

 

Həmin fərman verilən gündən başlayaraq “Dədə Qorqud” mövzusu  günün, ayın, ilin populyar mövzusuna çevrilmiş, dastanla bağlı həm Azərbaycan, həm də türkdilli və dünya ölkələrinin alimləri tərəfindən yüzlərlə qiymətli məqalələr və kitablar yazılaraq çap edilmişdir.

 

(Ardı var)

 

Hörmətlə:müəllimi ilə qürür duyan tələbəsi filologiya  elmləri doktoru Sərdar Zeynal

Hürriyyət.- 2019.- 26-27 noyabr. S 13.