Şəxsiyyəti yaradıcılığından zəngin akademik

(II HİSSƏ)

 

Bu həyatın dəyişməyən qaydasıdır. İnsan dünyaya gələn gündən nəsə qazanmağa başlayır:əvvəl günləri, sonra həftələri, ayları, illəri və ən nəhayət, sonda insanın  adını tarixin daş yaddaşına dişəyib, onu tarixdən silinməz edən əbədiyyəti.... Elə insanlar  var ki, onların həyatda itirdiyi heç nə yoxdur. Qazandıqları xalqı üçün, eli, milləti üçün  o qədər gərəkli və qiymətlidir ki,  onların adı hər an, hər saat, hər gün kimlərinsə dillərində səslənir, həyatda qoyub getdikləri milyonların  gərəyinə çevrilir. Səndən yüz illər sonra  doğulub üzünü görməyənlər belə sənə üz tutur, yaratdıqlarından faydalanır. Mənsub olduğun xalqa, millətə məxsus nə varsa, onu göylərə qaldırıb dünyaya görk eləmək istəyirsən ki,  mən kiməm, hansı xalqın nümayəndəsiyəm, mənim babalarım kim olub, onların özlərindən sonra qoyub getdiyi bəşəri dəyərlərə malik “ var-dövlət”  nədir. Hansı xalq bu cür mədəniyyətə, keçmişə, “var-dövlət”ə  sahib olmaq istəməz?!Belə xoşbəxtlərdən  biri də öz ömrünü xalqının  dili, onun tarixi, dilinin zənginliklərini, onun dünyanın ən  zəngin dillərindən də zəngin olduğunu  tarixi faktlarla sübut etməyə çalışan , təəssüflər olsun ki, noyabrın 27-də Günəşə əlvida deməyindən dörd il ötən akademik, filologiya elmləri doktoru, professor, görkəmli dilçi, folklorşünas, türkoloq kimi fəaliyyət göstərmiş Tofiq İsmayıl oglu Hacıyevdir.

 

Görkəmli dövlət başçısı və siyasi xadim, Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev  20 aprel 1997-ci ildə “Dədə Qorqud kitabı” nın  1300 illik yubileyinin keçirilməsi ilə bağlı fərman vermiş  və bu fərmana əsaslanan  UNESCO 1998-ci ili ” Dədə Qorqud ili” elan etmişdir.

 

Həmin fərman verilən gündən başlayaraq “Dədə Qorqud” mövzusu  günün, ayın, ilin populyar mövzusuna çevrilmiş, dastanla bağlı həm Azərbaycan, həm də türkdilli və dünya ölkələrinin alimləri tərəfindən yüzlərlə qiymətli məqalələr və kitablar yazılaraq çap edilmişdir.

 

Dastandakı hadisələr min illərlə bundan əvvəl baş verən hadisələri əks etdirsə də, bu günümüzlə də eyni ilə səsləşməkdədir. Məsələn, dastanda göstərilir ki, “Kafir əlinə düşən oğuz qəhrəmanları on altı il əsir qalır”.

 

Bu epizodları oxuyanda Qarabağımızın  işğalından ötən bu iyirmi yeddi ildə ulu babalarımızın  rahatlığını pozan, onların payına əl uzadan , Şöklü Məlik, Qara Məlik və digərlərinin bugünkü törəmələrinin əlində əsir-yesir qalan  oğul və qız-gəlinlərimiz göz önündə canlanır. Özünü yazıq , miskin hesab edirsən və bu uğursuzluğu heç bir vəchlə özünə bağışlaya bilmirsən.

 

Akademik dastanın  həcmi ilə bağlı nəşr etdirdiyi “Dədə Qorqud kitabı” oğuz tarixinin yazılı dərsliyi kimi, (yaxud:Dastanımızın həcmi haqqında)” məqaləsində (3.103) dastandakı boyların sayı ilə bağlı bəzi şübhələrin hələ də öz qüvvəsində  qaldığını vurğulayır və dastandakı boyların on iki yox, daha çox olduğunu söyləyir. Qorqudşünas bununla bağlı yazır:”Qorqudşünaslıqda belə bir şübhəsiz qənaət var ki, Dədə Qorqud boyları sayca əlimizdə olandan daha çox olub; bu gün bizə məlum olan on iki boy, görünür, onların ancaq bir hissəsidir. Belə mülahizə də var ki,bu boyların sayı oğuz tayfalarının qədərincə ola bilərmiş-iyirmi dörd oğuz tayfası qədər.(H.Araslı, M.Ergin, V.Jirmunski) (3-103).

 

Akademik Tofiq Hacıyev “Kitabi Dədə Qorqud” dastanı ilə bağlı yazdığı məqalə və kitablarda dastanın baş qəhrəmanı Qorqudun kimliyi , dastandakı məlumatlara əsaslanaraq  qədim türk demokratiyası, oğuzların ailəsi, ailə məişət şəraiti, onların yaşayış tərzi və sair haqqında məlumat verir. Dastnaın boylarından  “boylanan” nəticələri qabarıq şəkildə göz önünə gətirir, bizim ulu babalarımızın işi, məşğuliyyəti, bacarığı ilə bizləri tanış edir.

 

Müəllifin “Kitabi-Dədə Qorqud”la bağlı yazıları ilə tanış olan hər kəs bizim ulu babalarımız haqqında geniş məlumat əldə edərək onların kimlikləri, haradan gəlib, hara getmələri ilə bağlı geniş məlumat əldə edirlər.

 

Akademik dastandakı hadisələrə bir tarixçi kimi yanaşaraq onların yaşadıqları cəmiyyətin həyat şəraiti, gündəlik iş rejimi, ata-oğul, ana-qız, qadın-kişi münasibətləri ilə bağlı qiymətli elmi fikirlər söyləməklə yanaşı, dastanın dili, onun sintaktik  xüsusiyyətləri, dastanda işlənən bədii təşbehlər, kitabdakı şeirlər haqqında da öz baxışlarını ortaya qoyur.

 

 Bu günlərdə verilən məlumatlara görə “Dədə Qorqud” dastanının Drezden və Vatikan nüsxələrindən əlavə, iki yeni nüsxəsi də Türkiyə və Türküstanda tapılıb ortaya cıxarılmışdır. Çox təəssüflər olsun ki, bu tapıntılar akademik Tofiq Hacıyevin yazıb-yaratdığı vaxtlara təsadüf etmədi. Ola bilsin ki, bu yeni tapıntılar sayəsində yeni mətləblərdən xəbər verə bilərdi. Ancaq təəssüf və çox təəssüf!!

 

Tofiq  Hacıyev Azərbaycan dili və ədəbiyyatının qaranlıq tərəflərinin işıqlandırılması üçün əlindən gələni  əsirgəməyərək, var gücü ilə çalışsa da, ortaya qoyduqları ilə kifayətlənmir, bu sahənin  ətraflı tədqiq edilib öyrənilməsi üçün  bilik və bacarıqlarına bələd olduğu yeni-yeni gənc dilçilər və ədəbiyyatçılar cəlb etmək istəyirdi. Və bu yolda uğurları da çox idi. Bu gün “Dədə Qorqud” dastanlrı ilə bağlı  tədqiqat aparan dilçilərin əksəriyyəti akademik Tofiq Hacıyevin yetirmələri, yaxud onun dolayısı ilə qahmar çıxdığı kadrlardan ibarətdir.

 

Akademik Tofiq Hacıyevin  “Kitabi-Dədə Qorqud” dastanı” sevgisini  Bilgehan A.Gökdağ bir neçə cümlə ilə belə ifadə edir: “Tofiq Hacıyev hocamız Türkiyeye en son Hacettepe Universitesi Hugem Merkezi və Yeni Türkiye Strateji Araştırma Merkezinin 12-14 ekim 2015 tarihinde ortaklaşa  düzenledikleri Uluslararası Dede Korkut Konferansı için gelmişti. Konferans öncesi davet için bir kaç kez hocayı aradığımızda soğuk algınlığı gecirdiğini, gelmesinin zor olduğunu ifade etmişdi. Ben de hocamıza Denizlide söylediği sözlere atfen “ kışın oğlan çağında bile siz Türklük  uğrunda demir asa, demir çarık yollardaydınız. Şimdi de Dede Korkutu anacağız ve Siz olmadan bu konferans olmaz “ dediğimizde çaresiz kabul etmişti. Ankaraya geldiğinde de “Bilgehan, senin Türklüğe  vurgu yapan o sözlerin beni hasta yatağımdan kaldırdı, buraya getirdi”, diyerek kendisi için vazgeçilmez anahtar kavramın Türklük olduğunu da gösteriyordu. Bu konferansta  hocamızın 80 yaş günü yubilesini 1 mayıs 2016 da Bakude yapacağımızı orada büyük bir şölenle Türklük Biliminin yorulmaz araştırmacısını anacağımızı kararlaştırmıştık. 27 kasım 2015 te Tofik Hacıyevin aramızdan ani ayrılışı bizleri derinden üzdü”. Bu sətirlər müqəddəs və təmənnasız insan, öz həyatını belə xalqının , elminin  inkişafı yolunda əsirgəməyən  şəxsiyyətin- akademik Tofiq Hacıyevin “Dədə Qorqud” sevgisindən xəbər verir.

 

Görkəmli alimin bu sevgisi və bu sevgidən doğan geniş fəaliyyəti , zəhməti Azərbaycan  dövləti  ilə yanaşı, Türkiyə Cumhuriyyəti tərəfindən də layiqincə qiymətləndirilmişdir. O 1995-ci ildən Türkiyə Cumhuriyyəti  Atatürk Dil, Tarix  və Kültür Qurumunun fəxri üzvü seçilmiş, 1998-ci ildə Türkiyə Cumhuriyyətinin “Ləyaqət Nişanı” (ordeni) ilə təltif olunmuş, Türkiyə  Atatürk Kültür Qurumunun  hazırladığı 30 cildlik  “Türk Dünyası ədəbiyyatı tarixi”nin müəlliflərindən biri kimi təsdiq edilmiş, Türkiyənin Sanatçılar və Yazarlar Vəqfinin 2002-ci il üzrə “Türk dünyasına xidmət” ödülünün sahibi olmuş, 2004-cü ilin  mayında Qaraman Türk dili mükafatına, iyulun 17-də  Atatürk Dil Qurumunun Üstün Hizmət Baratına layiq görülmüşdür.

 

Ancaq  akademik Tofiq Hacıyevin qazandıqları təkcə bu rəsmi təltiflərlə bitib tükənmir, onun qazandığı ən qiymətli mükafat ona olan əbədi oxucu vurğunluğu və tükənməz xalq sevgisidir ki, həyatda bundan böyük və dəyərli  heç bir mükafat yoxdur, məncə!!!!

 

Hörmətlə: müəllimi ilə qürür duyan tələbəsi filologiya elmləri doktoru Sərdar Zeynal

 

Hörmətlə:müəllimi ilə qürür duyan tələbəsi filologiya  elmləri doktoru Sərdar Zeynal

Hürriyyət.- 2019.- 28-29 noyabr. S 13.