Multikulturalizm siyasətinin
prinsipləri və Azərbaycan
Multikulturalizmin yaşam tərzi kimi beynəlxalq əhəmiyyəti
müasir dünyamızda son dərəcə həyati əhəmiyyət
kəsb etməkdədir. Bu gün artıq daha çox ölkələr, xalqlar,
müxtəlif beynəlxalq qurumlar, dini təsisatlar, insanlar dərk
edirlər ki, kütləvi qırğın silahlarının
durmadan artdığı, dövri olaraq baş verən
iqtisadi, maliyyə böhranı şəraitində mövcud
olmaq, inkişaf etmək, sosial rifahı təmin etmək
üçün yeganə yol əməkdaşlıqdır, mədəniyyətlərarası
dialoqdur. Bu amillərin də təməli multikulturalizmə
nail olmaq, onu yaşam tərzinə çevirmək ilə
qoyulur. Hər hansı bir dövlətin
multi-etnik və çoxkonfessiyalı bir cəmiyyətə
sahib olması onun uğurudurmu, yoxsa gələcək
mövcudluğu üçün bir təhlükədirmi?
Bir çox mədəniyyəti özündə
birləşdirən cəmiyyəti idarə etmənin ideal
forması nədir? Niyə mədəni
identiklik son dövrlərdə bu qədər aktual olmağa
başladı? Bütün bu suallar
dövlət idarəçiliyi sahəsində son 40-50 ildə
kəskin müzakirə olunan mövzulardır.
İkinci Dünya Müharibəsindən sonra
dünyanın siyasi səhnəsi və dövlət idarəçiliyi
tam şəkildə dəyişdi. Daha əvvəl
mövcud olan ideologiya fərqləri aradan qalxdı. Artıq heç bir xalqı hər hansı bir
siyası ideologiya (kommunist, faşist və s.) ilə identikləşdirmək
mümkün deyildir. Hər bir xalqı digərindən
yalnız onun mədəniyyətinə görə fərqləndirmək
olardı. Miqrasiya prosesinin sürətlənməsi
nəticəsində multi-etnik cəmiyyətlərin
sayının xüsusi ilə Qərb dövlətlərində
kəskin artması, bir dövlət çərçivəsində
belə onlarca fərqli mədəniyyətə sahib olan
xalqların mövcudluğuna gətirib çıxartdı.
Bu qədər fərqli mədəniyyətin
bir dövlət daxilində mövcudluğu dövlət idarəçiliyi
sahəsində də öz növbəsində çətinliklər
yaradırdı. 1971-ci ilə qədər
bir çox dövlətlər gəlmə mədəniyyətlərə
qarşı assimilyasiya və ya izolasiya siyasətlərini həyata
keçirməklə titular xalqın mədəniyyətini
qorumağa çalışdılar. Ancaq
bu, digər bütün azsaylı xalqlara qarşı siyasi
haqsızlıq və qeyri-demokratik siyasət xətti idi.
Əlbəttə ki, hər bir xalq öz mədəni
identikliyini qorumaq uğrunda mübarizəyə başladı.
Bunun nəticəsində isə mədəniyyətlərin
toqquşması anlayışını
formalaşdırdı.
İlk dəfə olaraq 1971-ci ildə Kanada öz daxilindəki
etno-mədəni müxtəlifliyi qorumaq və uğurla idarə
etmək məqsədi ilə rəsmi şəkildə
alternativ bir siyasi xətt elan etdi. Kanada rəsmən
“Multikulturalizm” siyasətini dövlət siyasəti elan edərək,
bununla bağlı hüquqi bazanı formalaşdırmağa
başladı. Daha sonralar isə digər Qərb
dövlətləri də bu uğurlu siyasət modelini öz
ölkələrində tətbiq etməyə
başladılar.
Multikulturalizm sözün hərfi mənasında
“çoxmədəniyyətlilik” anlamına gəlir. Multikulturalizm
siyasəti dedikdə isə bir dövlətin sərhədləri
çərçivəsində müxtəlif mədəniyyətlərin
qorunması, inkişafı və təbliğinə yönəlmiş
humanist və demokratik dövlət siyasəti nəzərdə
tutulur. Bir dövlətin müxtəlif fərqli
mədəniyyətlərin daşıyıcısı olan
etno-mədəni qrupları və dini konfessiyaları
özündə birləşdirməsi həmin cəmiyyəti
multikultural edirmi?
Çoxmədəniyyətli
cəmiyyət dövlətin multikulturalizm siyasəti olmadan
mövcud ola bilərmi? Multikulturalizm
fəlsəfəsinin əsaslandığı 7 mühüm
prinsip olmadan sadəcə etnik müxtəlifliyi multikulturalizm
adlandırmaq mümkün deyil. Bu prinsiplər
aşağıdakılardır:
1. Etno-mədəni
müxtəlifliyin mövcudluğu prinsipi: Bu prinsip bir dövlətin
daxilində müxtəlif mədəniyyətin
daşıyıcıları olan milli azlıqların və
eyni zamanda müxtəlif dini konfessiyaların mövcudluğu
mənasını verir. Multikulturalizm siyasətini
həyata keçirən dövlətlər bu cür müxtəlifliyi
özünə qarşı təhlükə kimi
görmür. Əksinə, cəmiyyətin
zənginliyi kimi qəbul edərək həmin xalqların
öz mədəniyyətlərini qorumaları
üçün dəstək göstərir.
2. Mədəni
indentiklik hüququ: Bu prinsip hər bir kəsin və ya qrupun
öz mədəni identikliyini və ya xarakterini qoruyub saxlamaq
hüququ olduğunu qeyd edir. Ancaq unutmaq lazım
deyil ki, bu, vəzifə yox, sadəcə hüquqdur. Heç bir kəs məcburi şəkildə bir
qrupa daxil edilə bilməz və ya hər hansısa bir mədəni
qrupa üzvlüyünə görə alçaldıla bilməz.
3. Mədəni
bərabərlik və qarşılıqlı
dözümlülük prinsipi: Bu prinsipin mahiyyəti ondan ibarətdir
ki, bütün etno-mədəni qruplar bərabərdir və
yalnız qarşılıqlı hörmət və
dözümlülük şəraitində mövcud ola bilərlər. Etnik mənşə
identikliyi vətəndaşlıq identikliyindən sonra gəlməlidir.
Beləliklə, ierarxik ikili identiklik mövcud
olur. Buna ən gözəl nümunə Azərbaycan
və ya Kanadanı misal göstərmək olar. Bütün milli azlıqlar ilk öncə azərbaycanlıdır,
daha sonra ləzgi, avar, tatdır və s.
4. Etno-mədəni
qruplar arası əlaqə prinsipi: Hər bir etno-mədəni
və dini qrup və ya onun hər bir nümayəndəsi digər
qruplarla və ya nümayəndələri ilə təhlükəsiz
və sərbəst ünsiyyət qura bilməlidir. Eyni cəmiyyətdə mövcud olan hər bir kəs
digər qruplara qarşı açıq fikirli
olmalıdır.
5. Bərabər
imkanlara sahib olmaq hüququ: Azərbaycan multikulturalizminin ən
mühüm özəlliklərindən biri də onun
sosial-liberal ikili təbiətə malik olmaqla ikili fundamental
hüququ özündə birləşdirməsidir. Liberal hüquq olan mədəni müxtəliflik
hüququnun sosial hüquq olan bərabər imkanlara sahib olma
hüququna əsaslanması Azərbaycan cəmiyyətindəki
müxtəlifliyi qorumağa və icmalararası sosial ədalətsizliyi
aradan qaldırmağa yönəlmişdir.
6. Siyasi
idarə prinsipinin mövcudluğu: Multikulturalizm və ya
multikultural cəmiyyət özü təkbaşına
inkişaf edə bilməz. Bunun
üçün siyasi idarəetmə və dövlət dəstəyinin
mövcudluğu mütləqdir.
7.
Müxtəliflikdə mövcud olan təklik prinsipi: Hər
bir milli azlıq və ya etnik qrup öz mədəniyyətinin
yalnız ümumi mədəniyyətə ziyan vurmayan hissəsini
qoruya bilər. Bəzən bu prinsipə, mədəniyyətin
selektiv qorunması deyilir.
Multikulturalizm siyasətini dövlət siyasəti elan edən
hər bir dövlət yuxarıdakı prinsiplərin hər
birinə qarant durmalıdır. Bu prinsiplərin
mövcudluğu multikulturalizmin siyasi əsaslarının
olduğunu göstərir. Ancaq bu kifayətdirmi?
Tarixi inkişafdan keçərək
formalaşmış çoxmədəniyyətli bir cəmiyyətin
mövcudluğu və bu cəmiyyəti qoruyub saxlamaq
üçün dövlətin siyasi iradəsinin mövcud
olması əslində multikultiralizmin mövcud olmasına əsas
verir. Ancaq bu siyasəti qoruyub saxlamaq üçün
qanunvericilik bazası təkmilləşdirilməli və
multikulturalizm siyasətinin hüquqi bazası
formalaşdırılmalıdır. Buna
misal olaraq, 1988-ci ildə Kanada “Multikulturalizm qanunu”nu qəbul
etdi. Azərbaycan Respublikası ümummilli
lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həyata
keçirdiyi siyasət nəticəsində özünün
mədəni müxtəlifliyini qorumaq üçün milli
azlıqlar və dini qruplarla bağlı çoxlu sayda
normativ hüquqi aktlar qəbul olundu. Ümummilli
lider Azərbaycanda demokratik, hüquqi dövlət
quruculuğunun əsasını qoydu və apardığı
islahatlarla ölkədə tarixən mövcud olan etnik-mədəni,
dini müxtəlifliyin tolerant əsaslarının möhkəmlənməsini
təmin etdi. 1994-cü il
sentyabrın 29-da BMT Baş Məclisinin sessiyasındakı
çıxışında ümummilli lider Heydər
Əliyev demişdir: “Respublikamızda artıq
çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət,
söz, mətbuat, vicdan azadlıqları, insan
hüquqlarının müdafiəsi və qanunun aliliyi
prinsipləri möhkəm bərqərar olmuşdur. Dərisinin rəngindən, din və dil mənsubiyyətindən
asılı olmayaraq, çoxmillətli Azərbaycanın
bütün vətəndaşları bərabər
hüquqlardan istifadə edirlər. Qarşımızda
duran ən mühüm vəzifə konstitusiyanın əsas
prinsiplərini dərindən mənimsəmək, respublika həyatına
tətbiq etmək və onun verdiyi təminatları
reallaşdırmaqdan ibarətdir”.
Ulu öndərin rəhbərliyi ilə hazırlanan və
12 noyabr 1995-ci ildə referendum yolu ilə, demokratik tərzdə
ümumxalq müzakirəsinə çıxarılmaqla qəbul
edilən Azərbaycan Respublikasının Konstitusiyasında da
multikulturalizm siyasətinin əsasını təşkil edən
tolerantlıq prinsipləri aydın şəkildə təsbit
edilmişdir.
Dövlət müstəqilliyi haqqında
Konstitusiya aktında Azərbaycan Respublikası Ümumdünya
İnsan Hüquqları Bəyannaməsini
tanıdığını bəyan etdi. Azərbaycan
BMT-nin qəbul etdiyi aktlara, habelə Uşaq Hüquqları
Konvensiyasına qoşuldu. Heydər Əliyevin 22 fevral
1998-ci il tarixində imzaladığı “İnsan və vətəndaş
hüquqlarının və azadlıqlarının təmin
edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı
və 18 iyun 1998-ci il tarixli “ İnsan hüquqlarının
müdafiəsinə dair Dövlət Proqramının təsdiq
edilməsi haqqında” Sərəncamı insan hüquqları
sahəsində ən mühüm sənədlərdəndir
və bu, mütəxəssislər tərəfindən həmin
sahədə ilk strateji sənəd kimi dəyərləndirilir.
Multikulturalizmin
məhək daşı olan dövlət-din münasibətlərinə
böyük önəm verən ulu öndər deyirdi: “Azərbaycan
Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı,
başqa dinlərə mənsub olan vətəndaşlar da
yaşayır. Azərbaycan müstəqil,
demokratik dövlət kimi öz ərazisində yaşayan
bütün xalqlara, bütün millətlərə, dinindən,
irqindən, siyasi mənsubiyyətlərindən asılı
olmayaraq azadlıq, hürriyyət imkanları verir”. Ulu
öndərin müəyyənləşdirdiyi bu strateji
istiqamətdə inkişaf edən Azərbaycan dünyaya
örnək ola biləcək multikultural dəyərlər
sistemini və modelini formalaşdırıb.
Nəyə görə Azərbaycan da daxil olmaqla bir
sıra dövlətlər multikulturalizm siyasətini dövlət
siyasəti elan edərək, onu qorumağa
çalışır, digər qrup dövlətlər isə
bu siyasəti təhlükəli hesab edir və
özünü doğrultmadığını elan edirlər? Multikulturalizmin
alternativi varmı?
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev öz çıxışlarında daima
vurğulayır ki, multikulturalizm Azərbaycanda həyat tərzidir,
dövlət siyasətidir və alternativi yoxdur. Güclü
multikulturalizmin (dövlət siyasəti müstəvisində)
mövcud olduğu hər bir dövlətə bu
anlayış xarakterikdir. Hər hansısa
qanuni, siyasi quruluşu və ya idarəetmə formasını
bir aya, bir ilə və ya bir neçə ilə dəyişmək
mümkündür. Ancaq hər hansı
bir xalqın mədəniyyətini yüz illər keçsə
də dəyişmək mümkün deyil. Bugünkü dünyada xalqların sayı dövlətlərin
sayından 10 dəfə çoxdur. Əgər
hər bir xalqın öz mədəniyyətini qoruyub saxlamaq
hüququ olmasaydı, hər bir coğrafiyada etnik münaqişələrin
qarşısını almaq mümkün olmazdı. Bu nöqteyi-nəzərdən multikulturalizm siyasətinin
alternativi ksenofobiya, antisemitizm, islamofobiya və
ayrı-seçkilikdir.
Bu gün Qərb dövlətlərinin əksəriyyəti
multikulturalizm siyasətinə qarşı çıxırlar
və bunun iflasa uğradığını
vurğulayırlar. Avropa dövlətlərində
yaranmış çoxmədəniyyətlilik miqrasiya
prosesinin nəticəsi olaraq sonradan yaranmış bir müxtəliflikdir.
Bu səbəbdən bir çox dövlətlər
gəlmə mədəniyyətlərin yerli əsas mədəniyyəti
dəyişdirdiyinə və ya məhv etdiyinə
inanırlar. Buna görə də Qərb
dövlətlərinin multikulturalizm siyasətinə bir
alternativ lazım gəldi. Bunun
üçün vahid Avropa dəyərləri və mədəniyyəti
anlayışına ciddi şəkildə dəstək verməyə
başladılar. Yəni kollektivçilikdən
fərdçiliyə keçid və eyni zamanda inteqrasiya siyasəti
labüd idi. Artıq fərdi şəkildə
İnsan Hüquqları hər şeyin üzərindədir və
bütün mədəni anlayışlar sonra gəlir.
Əlbəttə,
multikulturalizmi dövlət siyasəti elan edən dövlətlərdə
də insan hüquqları ali dəyər
hesab olunur və heç şübhəsiz, öz mədəni
identikliyini qorumaq hüququ İnsan Hüquqlarının
ayrılmaz tərkib hissəsi hesab olunur. Ancaq
miqrasiya prosesinin qarşısını almaqda aciz qalan bir
sıra Qərb dövlətlərində mədəni
böhran və ya toqquşmalar baş verməyə
başladı. Tarixən monoetnik cəmiyyətlərdən
ibarət olan Avropa dövlətlərində artıq əsas
xalqın mədəniyyətini qorumaq çətinliyi
yarandı. Aşkar şəkildə
bioloji irqi ayrı-seçkililik etmək isə mümkün
deyil. Bu liberal - demokratik Avropa dəyərlərinə
ziddir. Ona görə də gəlmə
xalqların mədəniyyətlərinin avropa dəyərlərinə
və demokratiyaya zidd olduğunu deməkdən başqa
çarə qalmırdı. Məcburi
inteqrasiya qaçılmaz idi. Əlbəttə,
bu da öz növbəsində ayrı-seçkiliyin bir
formasıdır.
Avropada baş verənlərin əksinə olaraq, bu gün Azərbaycan öz multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədər zəngindir və qədim tarixə malikdir. Klassiklərimizin əsərlərində, şifahi xalq ədəbiyyatında və s. kifayət qədər multikulturalizm dəyərlərinə dair misallar tapmaq olar. Azərbaycanda katolik kilsəsi, pravoslav kilsəsi, yəhudi sinaqoqu, məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında tolerantlıq şəraitində fəaliyyət göstərir. Təbii ki, bu mühiti dövlətin apardığı siyasət və xalqın unikal daxili birgəyaşayış normalarını, həyat tərzinə çevirməsi yaradıb. Tarixən müxtəlif etno-mədəni qrupların və dini konfessiyaların birgə yaşadığı məkan olan ölkəmizdə siyasi multikulturalizmin banisi ulu öndər Heydər Əliyevdir. Heydər Əliyev ikinci dəfə xalqın dəvəti ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanı nəinki vətəndaş müharibəsindən qurtardı, eyni zamanda ölkəmizdə mövcud olan bütün milli azlıqları vahid azərbaycançılıq ideologiyası ətrafında birləşdirdi.
Ulu öndərin həyata keçirdiyi bu siyasət
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Azərbaycanın multikulturalizm dəyərlərinə
sahib olması, onu təşviq etməsi aparıcı beynəlxalq
təşkilatlar və dünya birliyi tərəfindən
yüksək dəyərləndirilir. Müasir gərgin beynəlxalq
şəraitdə Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılması, praktiki, elmi, təbliğati və təşviqati
istiqamətdə fəaliyyət göstərməsi xüsusi
əhəmiyyət kəsb edir. Hazırda ölkəmizin təcrübəsi
tədqiqat obyektidir, bir çox ölkələrdə öyrənilir
və tədris edilir. Bu istiqamətdə əməkdaşlığa
maraq artır və ilbəil əlaqələr genişlənir.
Azərbaycan xalqı birgəyaşayış təcrübəsi
və həyat tərzi ilə sübut edir ki, multikulturalizm
yaşayır və onun gələcəyi də vardır.
Yalnız onu qəbul etmək, təbliğatçısı
və təşviqatçısı olmaq lazımdır. Buna
böyük önəm verən cənab İlham Əliyev
bildirib ki, Azərbaycanın bu sahədəki təcrübəsi
aparıcı beynəlxalq təşkilatlar və beynəlxalq
birlik tərəfindən yüksək qiymətləndirilir:
“Bu, multikulturalizmin yaşadığını, onun gələcəyinin
olmasını sübut edir, sadəcə siyasətçilər,
ictimaiyyətə təsir etmək iqtidarında olanlar, o
cümlədən media nümayəndələri daha məsuliyyətli
olmalıdırlar. Hesab edirəm ki, bu məsələdə
medianın rolu daha müsbət olmalıdır. Təəssüf
ki, bir çox hallarda biz xəbərlərdə
qarşıdurma, qaçqın böhranı və bunlarla
bağlı kadrlar görürük. Bu yanaşma yalnız təcridolunmaya
gətirir. Biz buna imkan verə bilmərik. Çünki qeyd
etdiyim kimi, biz bir-birimizə bağlıyıq və eyni
planetdə yaşayırıq. Artıq şahid olduğumuz
kimi, Avropa ilə Yaxın Şərq arasındakı məsafə
o qədər də böyük deyil. Yəni məsafə
insanların sığınacaq tapmaq və öz ailələrini
xilas etmək naminə oralara üz tutmağın
qarşısını almır. Odur ki, multikulturalizmin müsbət
nümunələri üzərində dayanmaqla bu dəyərlərin
təşviqi hamımıza yardımçı olar.
Çünki gələcəkdə heç bir ölkə və
millət təcrid olunmuş vəziyyətdə yaşaya bilməz.
Biz bir-birimizə bağlıyıq. Dünya ölkələrinin
mütləq əksəriyyətinin əhalisi çoxmillətli
və çoxdinlidir. Biz bununla fəxr etməliyik”.
Multikulturalizmin gələcəyinin olmadığı barədə yanlış fikirlər məhz demokratiyadan bəhs edən ölkələrin siyasətçilərindən eşidilib və həmin ölkələrin KİV-dəki materiallarında ayrı-seçkilik, dini-milli dözümsüzlüyə, islamafobiyaya yol açan, qaçqınlarla, miqrantlarla bağlı neqativ və s. qızışdırıcı fikirlər yer alır. Bu cür yanaşma xalqları, dövlətləri yalnız təcridolunma vəziyyətinə çatdırır. Bununla da sabitliyin, birgəyaşayışın, sosial-iqtisadi inkişafın qarşısına çox böyük təhlükə çıxmış olur. Biz bu gün dünyada baş verən toqquşmaların, müharibələrin, gərginliklərin əsasında da bu fərqliliklərin körükləndiyini, istifadə edildiyini aydın görürük.
Dünyada çox dəhşətli hadisələr baş verir. Yaxın Şərq, Ön Asiya, Avropa böhran içindədir. Bəzi ölkələrdə həm iqtisadi, həm siyasi, həm hərbi, həm də mənəvi böhran yaşanır. Bu ölkələrin rəhbərləri bəyan etdikləri dəyərlərə sadiq qala bilmirlər. Azərbaycanda isə sabitlik, inkişaf, rifah, təhlükəsizlik mövcuddur. Azərbaycanın bəyan etdiyi dəyərlər göz qabağındadır. Milli mənəvi dəyərlər, azərbaycançılıq, milli, dini dözümlülük , tolerantlıq sosial-iqtisadi inkişaf və dövlətin öz siyasi xəttinə güvənməsi davamlı inkişafın və uğurların əsas amilləridir.
Dövlət başçısı İlham
Əliyevin bəyan etdiyi kimi, multikulturalizm ənənələri
və tolerantlıq Azərbaycan xalqının həyat tərzi,
mənəvi-əxlaqi dəyəri , Azərbaycan
Respublikasının siyasətidir. Təsadüfi deyildir ki, 2016-cı il
ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Təhlilçilərin
də fikrincə, Azərbaycanda multikulturalizm siyasəti tarixi ənənələrə
söykənən milli və dini münasibətlər modeli
olmaqla yanaşı, ilk növbədə mədəni müxtəlifliyin,
xalqların milli-mədəni irsinin qorunması və
inkişafına, onların qarşılıqlı faydalı
inteqrasiyasına yönəldilmişdir. Müxtəlif
etnik mədəniyyətlər arasında ənənəvi
birgəyaşayış, qarşılıqlı hörmət
prinsiplərinə söykənən bu model sivilzasiyalarası
və mədəniyətlərarası dialoq prosesində Azərbaycan
Respublikasının çox uğurlu missiyası və
töhfəsidir.
Bu gün multikulturalizmin Azərbaycan modeli dünya
xalqları arasında münasibətlərin dərinləşməsinə
istiqamətlənmiş mühüm və müsbət dəyər
kimi geniş və hərtərəfli şəkildə təşviq
edilir.
“İnklüziv cəmiyyətlərdə birgəyaşama:
çağırış və məqsəd devizi altında
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu dünya
miqyasında terrorizm təhlükəsi, Avropada kəskinləşən
miqrasiya böhranı və cəmiyyətlərdə
dözümsüzlüyün artması mühitində
keçirildi. Dünyanın 140-dan çox
ölkəsinin nümayəndələri planetin müxtəlif
regionlarında etnik və dini zəmində baş verən
qarşıdurma və toqquşmalar kimi mürəkkəb
problemlərin həllinə dair vahid fikrə gəlmək
üçün geniş müzakirələr apardılar və
konstruktiv dialoqun inkişafına xidmət edəcək təkliflər
səsləndirdilər. Çıxışlarda
qaldırılan təşəbbüslər, tövsiyələr
mədəniyyətlər, sivilzasiyalar arasında əməkdaşlığa,
əlaqələrin güclənməsinə,
qarşılıqlı anlaşmaya öz böyük töhfəsini
verdi.
Qeyd edək ki, Sivilizasiyalar Alyansı dünyada etimad və
anlaşma yaradır. Onun layihələri gənc
innovatorları dəstəkləyir, jurnalistləri resurslarla təmin
edir və dialoqu dəstəkləyən liderlərə
hörmət edir. Gəlin, həmçinin
zamanımızın çağırışları ilə
üzləşdiyimiz bir vaxtda bu qiymətli Alyansı gücləndirək,
- deyən BMT-nin baş katibi Pan Gi Mun Forum
iştirakçılarına nümayiş etdirilən
video-müraciətində dedi: “Bölünmə və təcrid
ekstramistlərə sərf edir. Onların
atdığı bombalar binaları hədəfə alır.
Lakin onların əslində məhv etmək istədiyi
bizim qarşılıqlı anlaşmamızdır. Bu səbəbdən də mən bu Forumun
“İnklüziv cəmiyyətlərdə birgəyaşayış”
mövzusuna həsr olunmasını alqışlayıram.
Bu, həmçinin davamlı inkişaf üzrə 2030-cu il gündəliyinin əsas məqsədidir. Bu gündəlik bütün insanlar, xüsusilə
irqçilik, diskriminasiya, ksenofobiya və
zorakılığın digər formaları üzündən
uzun müddət təcrid olunmuş insanlar
üçündür. Alyans heç kimin
unudulmaması və hamıya ləyaqətli həyat təmin
etmək üçün bu qlobal planı
reallaşdırmağa kömək edir. Mən
BMT-nin bu qurumunu tam dəstəkləyirəm”.
Bu, BMT baş katibi cənab Pan Gi Munun Bakı Forumuna
davamlı dəstəyini ifadə edən bəyanatı idi. Bu bəyanat
bir daha təsdiq etdi ki, dünya liderlərinin münaqişələrin
əsas səbəbləri ilə məşğul olaraq diqqəti
onların qarşısının alınmasına cəmləşdirməsi
vacibdir və çox əhəmiyyətlidir. Alyans radikallaşma və qütbləşmənin
qarşısını almaqla, daha böyük mədəniyyətlərarası
anlaşmanı həvəsləndirməklə, eləcə
də bu məqsədləri irəliyə doğru aparan layihə
və proqramlarda iştirak etməklə daha təhlükəsiz
dünyanın qurulmasına töhfə vermək
üçün formalaşdırılmış zərif
qüvvə mexanizmi rolunu oynayır.
Azərbaycanın
əsrlər boyu dinlər, mədəniyyətlər və
sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu
vurğulayan cənab İlham Əliyev bildirdi ki, Azərbaycan
Şərq və Qərb arasında yalnız coğrafi
körpü deyil, həm də mədəniyyət
körpüsüdür: “Əsrlər boyu müxtəlif dinlərin
və mədəniyyətlərin nümayəndələri
Azərbaycanda sülh şəraitində və ləyaqətlə
yaşayıblar. Dini dözümlülük və
multikulturalizm burada hər zaman mövcud olmuşdur. “Multikulturalizm” sözü mövcud
olmadığı bir zamanda belə, həmin ideyalar daim
yaşayıb. Bunun nəticəsidir ki, bu
gün Azərbaycan çox millətli və
çoxkonfessiyalı ölkədir. Burada
bütün dinlərin və etnik qrupların nümayəndələri
sülh və əmin-amanlıq şəraitində
yaşayırlar. Bu bizim ən böyük
sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri
özündə əks etdirən tarixi abidələrimizlə
fəxr edirik. Dünyanın ən qədim
məscidlərindən biri Azərbaycanın qədim şəhəri
olan Şamaxıda 743-cü ildə inşa edilmişdir.
Bununla yanaşı, ən qədim kilsələrdən biri —
qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də
məhz Azərbaycanda, daha bir qədim şəhər olan
Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və
katolik kilsələrinin, habelə sinaqoqların inşası
və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir.
Əsrlər boyu Azərbaycan ölkəmizdə
mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq, bu
sərvəti qoruyub saxlamışdır”.
Dözümsüzlüyə, ayrı-seçkiliyə,
ksenofobiyaya, müxtəlifliyə qarşı olan qorxuya qalib gəldiyimiz
gün bu mübarizədə uğur əldə edə bilərik. Zorakılıq
tərəfdarları dini dəyərləri təhrif etməklə
yaratdıqları utopiyalarla gənc nəsillərə təsir
göstərir, onları fəlakətə aparırlar. Bunun əvəzində yeni nəsillərə
inancları, ədaləti, bərabərliyi əsas
götürərək həqiqi mesajları ən doğru
şəkildə öyrətməliyik. Müxtəlif
dinlərin nümayəndələri olaraq bunu
bacardığımızda dünyanın hamımızın
birlikdə yaşaya biləcəyi yer olduğu daha
yaxşı anlaşılacaq. Öz
çıxışında bu fikirlərə geniş yer verən
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
ki, bu istiqamətdə birlikdə fəaliyyət göstərməyə
davam etməliyik: “Sivilizasiyalar Alyansına onun prinsip və dəyərlərinə
həmişəkindən daha güclü şəkildə
sahib çıxmalıyıq. XXI əsrdə bəşəriyyətin
çatdığı yerin gündəmi terror təşkilatlarının
müəyyən etdiyi bir sonluğa məhkum
olmayacağına inanıram”.
Bakı Forumu tolerantlığın və
qarşılıqlı anlaşmanın təmini
üçün ölkələr və xalqlar arasında əməkdaşlığı,
dostluğu inkişaf etdirməyin zəruru olduğunu bir daha təsdiqlədi. Dialoq və
mübadilələr müxtəlif
çağırışlara cavab tədbirlərinin
görülməsi üçün çoxtərəfli
münasibətlər sisteminin dərinləşdirilməsinin
mühüm və əhəmiyyətli olacağını
göstərdi. Bu Forum özünün
sülh, davamlı inkişaf hədəflərini
açıq bəyan etdi.
Azərbaycan
Dövlət İqtisad Universiteti də ali
təhsil ocağı kimi gələcək nəsillərə
multikulturalizm və tolerantlıq dəyərlərini
aşılamaq məqsədi ilə ölkə Prezidenti cənab
İlham Əliyevin prioritet elan etdiyi bu siyasətə öz dəstəyini
verməkdədir. 2016-cı ildə dövlət
başçısının Azərbaycanda “Multikulturalizm ili”
elan olunması haqqında Sərəncamından sonra UNEC-də
bununla bağlı konkret addımlar atılmaqdadır.
Belə ki, bu ildən universitetimizdə bütün ixtisaslar
üzrə tədris planlarına “Multikulturalizmə giriş”
və “Azərbaycan multikulturalizmi” adlı fənlər daxil
edilərək, tələbə və magistrlərə tədris
olunmaqdadır. Eyni zamanda UNEC-də multikulturalizm və
iqtisadiyyatın qarşılıqlı təsiri ilə
bağlı mütəmadi “dəyirmi masa”lar,
konfranslar və müzakirələr də təşkil olunur.
2016-cı ildən UNEC milli azlıqların
kompakt yaşadığı iqtisadi rayonların davamlı
sosial-iqtisadi inkişaf məqsədi ilə “Azərbaycanda
multikulturalizm və sosial-iqtisadi inkişaf” mövzusunda tədqiqatların
aparılması işində özünün təcrübəli
iqtisadçı-ekspertlərini bu işə cəlb
etmişdir.
Bir ölkənin iqtisadi inkişafı onun mədəni inkişafı ilə düz mütənasibdir. İqtisadi inkişaf xəyali bir vakuumda mədəni inkişafdan kənar mövcud ola bilməz. Bu gün Azərbaycan iqtisadi göstəricilərinə görə dünyanın qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutursa, bu həm də onun müxtəlif etno-mədəni qrupları özündə birləşdirməsi və qoruması siyasətindən də irəli gələn bir göstəricidir.
Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan multikulturalizm modelini dünyaya çatdırmaq işində öz rəhbər, professor və tələbə heyəti ilə bundan sonra da Prezident cənab İlham Əliyevin yanında sıx birləşəcəkdir.
Mikayıl
ZEYNALOV,
Azərbaycan
Dövlət İqtisad
Universitetinin
iqtisadi məsələlər
üzrə
prorektoru, YAP Azərbaycan Dövlət
İqtisad Universiteti ilk ərazi
təşkilatının sədri.
Hürriyyət.-
2019.- 26-27 noyabr.- S.12.