“Azdrama”nın
“repressiv islahatlar”ı...
Və ya Akademik Milli Dram Teatrında
“yorulmuş atları güllələyirlər”...
Əziz oxucu, təəssüf ki, mövzu yenə də
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş
verənlər barədədir. Bu dəfə hədəf
pensiyaçılardır. Əlbəttə, bu proses bir
çox teatrlarda baş verir. Lakin “Azdrama”da bu ənənənin
“qədim tarixi kökləri” var. Çünki söhbət
yalnız qanunvericiliyin müvafiq maddəsindən getmir. Neçə ildir ki, rəhbərliyə xoş gəlməyən
“cavan” aktyorlar səbəbsiz olaraq səhnədən - yəni
aktyorun doğma evi olan teatrdan uzaqlaşdırılır.
Və təəssüf ki, aidiyyatı orqanlara
edilən müraciətlər cavabsız qalır və cəzasızlıq
hökm sürür. Ölkə
başçısı cənab İlham Əliyevin məmur
özbaşnalığına qarşı apardığı
siyasət hələ ki, məmurların səyi ilə bu teatrın
qapıları arxasında qalıb. Görünür,
keçmiş rəhbərliyi sevinclə yola salarkən “mən
buraya sülh yaratmağa gəlmişəm” deyən direktor və
eyni zamanda teatrın baş rejissoru sülh deyəndə
“tı nemoy aktyor” dediyi istedadların soyqırımını
nəzərdə tutubmuş.
“Azdrama”da nə baş verir?
Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibinin
verdiyi rəsmi məlumatdan belə məlum olur ki, işdən
heç kəs azad olunmayıb; sadəcə 16 nəfər
“qoca” bekarçılıqdan rəhbərliyi “şərləyir”.
Əslində pensiya yaşına çatmış
(və ya 65 yaşını keçmiş kişilər və
62 yaşdan böyük olan qadınlar) 1 illik müqavilə əsasında
işdə saxlanılmaqla zaman-zaman dəvətlə səhnədə
“qoca” obrazlarını oynayaraq bunun müqabilində hər
çıxış üçün təqribən 25-40
manat alacaq. Beləliklə, ştatdan
çıxarılan aktyorlar aylıq 600 manat həcmində
maaşdan məhrum olacaqlar. “Bəs qoca rollarını kim oynayacaq? Cavanlar
bığ-saqqal qoyub səhnəyə çıxacaqlar?”,
“Xalqın sevdiyi aktyorları teatrdan uzaqlaşdırmaq
vicdansızlıqdır.” kimi bəyanatların əsası
yoxdur. Amma ... “Təhlükə“ ondadır
ki, “qoca”ların bəziləri prezidentinin fərdi təqaüdünü
alır və fəxri ada görə verilən vəsaiti də
saysaq aylıq əmək haqqını da alan “qoca”lar qəfil
varlana bilər və əməlli-başlı sosial bərabərsizlik
yaranar ki, buna da “yol vermək olmaz”. Bu səbəbdən
də teatr rəhbərləri - o cümlədən Ana Məbədin
başbiləni “həyəcan təbili” çalır.
Bu “haman” o “qoca”lardır ki, “cavan”lar işdən
çıxarılanda direktoru hücumlardan qorumasalar da etiraz
da etmirdilər. “Məndən
keçdi-qardaşıma dəydi” deyib KİV-lərdə
adı ismin 6 halında hallanan direktorun harayına
çatmadılar. Haqsızlıqla işdən azad
olunan istedadlı “cavan”ların bərpası isə
“kişinin sözü bir olar” “rubrika”sı altında xəyallarda
qaldı: ƏSİL HƏQİQƏTsə absurda söykənir:
istər cavan ol-istərsə də “qoca”-əyilməyi
bacarmırsansa “tı nemoy aktyor” nidaları altında yerini
başqasına verməlisən...
Beləliklə, bir qədər
keçmişə qayıdaq.
Soruşa bilərsiniz ki, hansı atlardan söhbət
gedir? Bəlkə
“EZOP” dilindən öz dilimizə keçək?...
Təhsil, incəsənət cəmiyyətin özülüdür
kimi fikir ətrafında müzakirələr aparılmır:
və təbiidir ki, maarif ocağının rəhbəri (əgər
o,təhsilə və xalqa, dövlətə,ən
azı öz şərəf və ləyaqətinə sədaqətlə
xidmət edirsə) savadlı mütəxəssisləri , həmçinin
“milli Makarenko”ları nəyin bahasına olursa olsun, rəhbəri
olduğu müəssisəyə cəlb edir.Həmçinin,
xalqını sevən və sənətə təmənnasız
və ambisiyalarsız xidmət edən teatr rəhbəri də,
istedadlı aktyorları başçılıq etdiyi teatra cəlb
etməyə çalışmalıdır. Necə ki, vaxtilə
bu sənət ocağının rəhbərliyi respublikanın
müxtəlif teatrlarından istedadı ilə seçilən
aktyorları (əməkdar artistlər Ayşad Məmmədov,
Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev,
Hikmət Rəhimov və s.), həmçinin,artıq əməkdar
artist fəxri adını daşıyan İlham Hüseynovu
teatra dəvət etmişdi. Özü də Gəncə
Dövlət Dram Teatrının Akademik Milli Dram teatrında
keçirilən qastrol tamaşalarından sonra.
İ.Hüseynovun oynadığı Podkolyosin obrazı, (“Evlənmə”N.V.Qoqol.)
rəhbərliyin xüsusi olaraq diqqətini diqqətini cəlb
etmişdi.Eyni hərəkəti bu gün Musiqili Teatra ləyaqətlə
rəhbərlik edən Əliqismət Lalayev etmiş,
İ.Hüseynovu orada tamaşaya qoyulan “Mənim
günahım” əsərində (İ.Əfəndiyev,
rejissor İ.Gözəlova) əsas rollardan birinə- Sahib
rolunu ifa etməyə dəvət etmişdi. Bu
gün Akademik Milli Teatrda baş verənlər onsuz da
qarşısı boş olan kassaların daha uzaqdan və daha
aydın görünməsinə səbəb olur.
Bəs güllələnən
kimlərdir?
Bir neçə onilliklər öncə çəkilmiş
eyni adlı Amerika filmi niyə yada düşdü? ATV kanalının dəstəyi
ilə 50 illik yubileyi qeyd edilən və kanalın vəsaiti
hesabına cərrahiyyə əməliyyatı keçirən
əməkdar artist İ.Hüseynov ikinci anoloji əməliyyata
hazırlaşmaqla tamaşalarda oynayarkən
“yararsız”lığını ağrıkəsici
hesabına aradan qaldırır və səhnədə sənət
fədaisi kimi “dünyanı unudurdu”; özünü də,səhnəni
də, 1 il əvvəl direktorun ona təzyiqlə
yazdırdığı ərizəni də, kirayədə
qaldığı evi də....hər şeyi... Görəsən
rəhbərlik etdiyi teatrın adında “Dövlət”
sözünü “iqnor” edən “Azər Paşa Nemətovun
teatrında” əlillik dərəcəsi olan başqa aktyorlar
da repressiyaya məruz qalırmı? Bəlkə Hüseynov istedadsızdır .(Bu absurd fikri “bəlkə”
ilə işlətmək də insana xəcalət hissi gətirir
və ölkə prezidentinin imzası ilə ona verilən fəxri
ad qarşında məsuliyyət daşımalı olursan).
Müxtəlif
saytlarda baxış sayına görə reytinqləri
qıran məqalələrin birindən əldə etdiyim məlumata
görə, Moskvanın “Lenkom” teatrının aktyoru
Karaçintsev 12 il əvvəl maşın qəzası nəticəsində
ömürlük əlil arabasında qalsa da bu müddət ərzində
teatrdan əmək haqqı alır və yalnız teatr
mövsümünün açılışında oraya gəlir.
Bu gün Azdramaya rəhbərlik etməklə
yanaşı, həm də Teatr Xadimləri
İttifaqının sədri olan direktor bir aktyora dəstək
göstərməyi lazım bilmədi. Tabeçiliyində
olan populyar aktyorun səhhəti ilə
maraqlanmadığını deməyə isə ehtiyac yoxdur.
A.Nemətovun səbəbsiz yerə BİRTƏRƏFLİ
şəkildə intriqa apardığı İ.Hüseynov bəzi
aktyorlardan fərqli olaraq heç zaman heç bir roldan imtina
etməmiş,xəstə olanda belə səhnəyə
çıxıb rolunu ifa etmişdir və ən əsası:o,şükürlər
olsun ki,əlil arabasında deyildir! (Bundansa
heç birimiz sığortalanmamışıq!). İnsanlıq və hümanizm prinsipləri bir tərəfə,
rəhbər SƏBƏBSİZ olaraq işdən azad etdiyi
aktyorla bağlı görəsən öz vicdanı
qarşısında nə cavab verir? Axı vicdan məhkəməsində
nə müstəntiq olur, nə şahidlər, nə zərərçəkən,
nə də zərərçəkənin qohumları:və burada sadaladığın bəhanələrin
və “əsaslı” arqumentlərin tək bircə dinləyicisi
olur: aldada bilmədiyin ÖZÜN...
A.Nemətovun “arxiv” siyasəti
Təbiətən sakit və teatrda aktyorların dediyinə
görə heç zaman heç kəslə kiçicik
mübahisəsi belə olmayan İ.Hüseynovun cəmi 5-6 dəfə
üzünü gördüyü direktorla da ədavəti
olmayıb.
“İ.Hüseynov heç bir tamaşada məşğul deyil”
damğasının da əsası yoxdur:1.11.2012-ci
ildən Azdramada çalışan İ.Hüseynov 5 ilin ilk 3
ilində 6 tamaşada müxtəlif obrazlar
canlandırmış, “Qoca kloun tələb olunur”
tamaşasında konferansye,“Nadir şah”da eyni zamanda
oynadığı 4 rol, “Kölgə” tamaşasındakı həkim,
”Sənətkarın taleyi”ndəki Qraf Viktor və s. obrazlar
Nemətovun direktor olduğu müddətdə isə o, səbəbsiz
olaraq “qara siyahı”ya salınır. Yuxarıda adı çəkilən
səhnə əsərləri repertuardan
çıxarıldığı üçün orada
oynadığı obrazlarla vidalaşmış aktyor, hansı
səbəblərdənsə repertuardan
çıxarılması mümkün olmayan,aktuallığını
demək olar ki, itirməkdə olan, “Nazirin xanımı” əsərindəki
köməkçi obrazında xəstəlik müddətində-yəni
bülletendə olduğu zaman (30.11.2017) səhnəyə
çıxıb rolunu oynadı. Razılaşın
ki, belə “intizamsızlıq” hər aktyora xas xüsusiyyət
deyildir.
2017-ci
ilin mart ayında “güzəşt” edən “humanist” direktorun
“Onda ərizəni avqustdan yazsın” sözlərindən sonra
mübarizə aparmağı sadəcə bacarmayan aktyor ərizə
yazdı və o aylarda cərrahiyyə əməliyyatı
olunduğu üçün ərizə “işə
düşmədi”. Zamansa yaxınlaşmaqda idi.
“Günahı”ını öyrənmək istəyən
aktyor dəfələrlə direktorun qəbuluna getsə də,
saatlarla öz qrim otağında gözləyəndən sonra
direktordan “mənfi” cavab gəlmişdi. Teatrda(eləcə
də kinoda) bu günə kimi hər hansı bir roldan imtina
etməyən və ya müxtəlif səbəblərdən
rejissoru “yarı yolda qoyub”, onu yeni aktyor axtarışlarına
düçar etməyən İ.Hüseynov gərginlik
içərisində sabaha ümidlə sənəti ilə məşğul
olmaqda idi.
Bu repressiyanın hədəfləri Fuad Poladov kimi xalq,
İlham Hüseynov kimi əməkdar və Murad İsmayıl
kimi səhnədə ilk addımlarından istedadı bəlli
olan həyalı aktyorlar idi.
Hər
hansı bir yalanı və yanlışlığı qələmimin
“həndəvəri”nə buraxmamağa söz verdiyim
üçün teatrda yeni nəfəs hesab edilən aktyor
Hikmət Rəhimovun adını çəkmədim: ancaq həqiqət
naminə deyim ki, sonuncunun sakit təbiətli olmaması
direktoru “qorxutmadı” və o, heç kəs
üçün sirr olmayan “obyektiv” əsaslarla Rəhimovu
işdən azad etdi. Bununla da Akademik Milli Dram teatrının səhnəsində
az qala inqilab hesab edilən “Qatil”(E.Əfəndiyev)
tamaşası tamaşaçılar və teatr
üçün hələlik xatirəyə çevrildi.
Qayıdaq atılmış hələlik
sonuncu ədalətsiz
addıma-daha doğrusu, son “qurban”a
İ.Hüseynovla əlaqə saxlamağın mənasız
olduğunu bilib, telefonu cibimə qoydum. Bircə onu öyrənə
bildim ki, hüquqlarına sahib ola bilməyən
aktyor Musiqili Teatrın səhnəsində növbəti
aylarda Sahib roluna “sahib”lik edəcək. Bu isə o deməkdir
ki, növbəti dəfə kassada biletlər satılacaq,
tamaşadan sonra onunla şəkil çəkdirmək
üçün uzun bir növbə yaranacaq, və o, növbəti
dəfə pərəstişkarlarından qəbul etdiyi
gülləri xanım həmkarlarına
bağışlayacaqdır...
Bu günlərdə ölkə prezidenti tərəfindən
fəxri adlara görə verilən təqaüdlərin
artırılması barədə imzalanan fərman əsil sənət
adamlarına- o cümlədən, “Ən yaxşı kişi
rolunun ifaçısı” (Ukrayna, 2011) adını
daşıyan İ.Hüseynova da şamil edilmişdir. İstedadlı aktyorların
çoxminlik fanat ordusuna saymazlıq göstərən-deyərdim
ki, düşmən kəsilən Azərpaşa Nemətov
kimi məmurlar səhnə üçün yaranan insanları
“özəlləşdirdiyi” sənət ocağından bəlkə
də “gəlmə” adıyla uzaqlaşdırmaqla xalqın
narazılığına səbəb olur, insanlarda aparılan
siyasətə qarşı inamsızlıq yaradırlar.
Azdramanın “taleyi”nə məsul olan Azərpaşa Nemətovun
siyasəti barədə sözü ucuzlaşdırmağa
ehtiyac yoxdur və “Ezop” dili işə yaramır:
çünki, cahil insanı başa salmaq daha asandır, nəinki
sənətə və bu “kompüterləşmiş”dövrdə
günü-gündən sayı azalan teatr
tamaşaçısına qarşı yeridilən məqsədyönlü
siyasətin icraçısını bu yoldan döndərmək!
Bu siyasətin adını isə deməyə ehtiyac yoxdur;
görünən dağa bələdçi lazım
olmadığı kimi...
Nəcibə İLKİN,
“Azad Qələm” qəzetinin baş
redaktoru
Hürriyyət.-
2019.- 5-7 oktyabr.- S.12.