Türdilli,
yoxsa türk dövlətləri şurasi?
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının adı Türk
Dövlətləri Təşkilatı ilə əvəzlənməlidir!
"Türkdilli
ölkələr" kəlməsi "türk dövlətləri"
sözü ilə oxşarlıq təşkil etsə də, əslində
bu ifadələrin arasında məna baxımından ciddi fərq
var
Avropanın
türk dövlətləri birliyinin ayaq səslərini
eşitməsi üçün Nursultan Nazarbayevin təklifləri
qulaqardına vurulmamalıdır!
Xəbər verdiyimiz kimi, oktyabrın 14-ü və 15-də
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurası (Türk Şurası) ölkələrinin xarici
işlər nazirlərinin 7-ci iclası keçirilib. Tədbirdə
bir sıra mühüm məsələlərə toxunulsa da,
ən yadda qalan və sözügedən təşkilatda təmsil
olunan dövlətlər üçün daha önəmli əhəmiyyət
kəsb edən təklif məhz Qazaxıstanın birinci
prezidenti, Türk Şurasının fəxri sədri Nursultan
Nazarbayev tərəfindən səsləndirilib. Belə
ki, o, türk sivilizasiyasının dərin kökləri
olduğunu vurğulamaqla yanaşı, qeyd edib ki, artıq
"türkdilli ölkələr" sözlərinin nəsə
başqa bir formasına, "türk dövlətləri"nə
keçmək haqqında düşünmək
lazımdır.
Nursultan
Nazarbayev hesab edir ki, türk inteqrasiyasının uğuru təkcə
bizim ailələrimiz üçün deyil, həm də
bütün Avrasiya məkanında təhlükəsizliyin və
sabitliyin möhkəmləndirilməsi üçün
strateji əhəmiyyətə malikdir: "Əgər tarixə
müraciət etsək, biz planetin ən böyük qitəsində
həmişə mühüm rol oynamış xalqların xələfləriyik.
Türk dünyasının müasir mərhələdə
də əhəmiyyətini dərk etmək üçün
dünyanın coğrafi xəritəsinə baxmaq kifayətdir.
Xüsusilə qeyd etmək istərdim ki, mən ötən
müddət ərzində, 1992-ci ildən 2019-cu ilə qədər
25 ildən artıq müddətdə müxtəlif heyətlərlə
türkdilli dövlət başçılarının 17
görüşünün hamısında iştirak etmişəm.
Mən bunları əxz etmişəm: məsələn,
"Türk" sözü, bu sözün hər bir hərfinin
mənim üçün xüsusi mənası var. Birinci
"t" hərfi - trast, yəni, inamdır, "ü" -
uniti, yəni, birlik, "r"- renessans, yəni, intibah və
sonuncu "k" hərfi isə kinşil, yəni, qohumluq. Bu anlayışa əsaslanaraq birlik daxilində
işimin məqsədi ölkələrimizi
yaxınlaşdırmaq olub və buna görə də
çox şadam ki, birgə səylərlə bu məqsədə
nail olmuşuq. Bizim 160 milyona yaxın sayda
qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir
və inkişaf edir. Bununla yanaşı,
hamımız bilirik ki, bu gün dünyada iri dövlətlər
arasında qarşıdurma və etimad böhranı nəticəsində
mürəkkəb geosiyasi vəziyyət yaranıb. Bəzən bizim Şuranın ölkələri
arasında da öz həllini tələb edən məsələlər
yaranır. Əlbəttə, belə şəraitdə
biz əllərimizi yanımıza salıb oturmuruq. Birlikdə həll yollarını tapmışıq
və həll etmişik. Həmişə
də belə olmalıdır. Məsələn,
türk dünyasının inteqrasiya konsepsiyasının qəbul
olunması və mənim Çolpan-Atada türk əməkdaşlıq
təşkilatlarının islahatları barədə təkliflərimlə
əlaqədar bizim addımlarımız həmin
çağırışlara cavab oldu".
"Ümumtürk
gələcəyinin yeni üfüqlərinin
formalaşdırılmasına başlamağa keçmək
vaxtıdır"
Türk
Şurasının fəxri sədri onu da bəyan edib ki,
artıq adıçəkilən təşkilat üzvlərinin
növbəti səviyyəyə, yəni, ümumtürk gələcəyinin
yeni üfüqlərinin formalaşdırılmasına
başlamağa keçmək vaxtıdır: "Bununla əlaqədar
mənim iki təklifim var. Birincisi, "Türk
baxışı 2040" proqramını hazırlamaq. Bu
proqramda türkdilli birliyin uzunmüddətli məqsədləri
və onlara nail olmaq yolları əksini tapmalıdır. Beləliklə, biz xalqlarımıza göstərilən
dövr üçün türk inteqrasiyasının təxmini
obrazının cizgilərini təqdim edərik. Bununla da biz, həmçinin xarici siyasət və
ticarətin yumşaq gücü, tranzit və turizm, investisiya,
energetika, "yaşıl" iqtisadiyyat, kiçik və orta
biznes kimi prioritet sahələrdə ölkələrin
qarşılıqlı fəaliyyətinə yeni impuls verərik.
Proqrama, həmçinin mədəniyyət və
təhsil, gənclər siyasəti və səhiyyə, rəqəmsallaşdırma
və süni intellekt, eləcə də türk beşiyi -
Türküstan şəhərinin inkişafı bölmələrini
daxil etmək zəruridir. Hazırda
Qazaxıstan həmin şəhərdə nəhəng tikinti
işlərinə başlayıb. Sənəddə
müvafiq təhlil aparıldıqdan sonra indiki və əvvəlki
görüşlərdə irəli sürülən təşəbbüslərin
gerçəkləşdirilməsi üzrə "Yol xəritələri"
də öz əksini tapmalıdır. Həm
də sənədin bizim dövlətlərin milli inkişaf
proqramları ilə əlaqəsini təmin etmək zəruridir.
Bununla yanaşı, biz həm də birliyin
açıqlığını təmin etməli və
qapalı blok yaratmağa şirniklənməməliyik.
İkincisi, perspektivdə Şuranın
adının dəyişdirilməsi məsələsinə nəzər
yetirmək lazımdır. Bizim təkcə
dilimiz deyil, həm də tariximiz, mədəniyyətimiz,
dünyagörüşümüz və ənənələrimiz
də eyni mənbədən qidalanır. Buna
əsaslanaraq türk inteqrasiyasının uğuru təkcə
bizim ailələrimiz üçün deyil, həm də
bütün Avrasiya məkanında təhlükəsizliyin və
sabitliyin möhkəmləndirilməsi üçün
strateji əhəmiyyətə malikdir. XXI əsr
bizə belə imkan verir və bundan tam istifadə etmək
lazımdır. Həm də hesab edirəm
ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasını təşkilat səviyyəsinə qədər
yüksəltmək olar. Beləliklə, əgər
bizim Şuramız təşkilata çevrilsə, bizim
qurumumuzu türkdilli deyil, Türk Dövlətləri Təşkilatı
adlandırmaq olar. Biz bilirik ki, vahid köklərə
malikik, amma ötən əsrlər ərzində, ötən
dövr ərzində bizim ölkələrimiz öz
yollarını dəyişiblər. Köklərimiz
eynidir, türk dövlətləri
adlandırmalıyıq".
"Türkdilli
demək, əsli türk olmayıb türkcə danışan
bir topluluqdur"
Heç şübhəsiz ki, Nursultan Nazarbayevin irəli
sürdüyü təklif, yəni Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının adının dəyişdirilərək,
Türk Dövlətləri Təşkilatı
adlandırılması tamamilə doğrudur. Çünki
"türkdilli ölkələr" kəlməsi
"türk dövlətləri" sözü ilə oxşarlıq
təşkil etsə də, əslində bu ifadələrin
arasında məna baxımından ciddi fərq var. Belə ki,
biri türk dilində danışan, digəri isə
türksoylu dövlətlər anlamına gəlir. Bunu bir müddət əvvəl "Hürriyyət"
qəzetinə verdiyi müsahibəsində Türkiyədə
yaşayan professor, siyasi şərhçi Toğrul
İsmayıl da təsdiqləyib. Belə
ki, "Mən ümumiyyətlə, türkdilli kəlməsinə
qarşıyam" deyən professorun sözlərinə
görə, "türkdilli dövlətlər" deyə
bir şey yoxdur. Onun fikrincə, bu, ruscadan birbaşa tərcümədir:
"Türk dövlətləri var və yaxud türksoylu
dövlətlər var. Türkdilli demək, əsli türk
olmayıb türkcə danışan bir topluluqdur. Bu gün türkdilli dövlətlər arasına
Almaniya, Rusiya, Bolqarıstan və Yunanıstanı da qatmaq
mümkündür. Əslində
türkdilli dövlətlər kənarda olduqca çoxdur.
Amma TÜRKSOY-da təmsil olunanlar türk
dövlətləridir. Onlar türk
soylarından, boylarından formalaşıblar. Ona görə də türkdilli ifadəsinin işlədilməsini
doğru hesab etmirəm".
Nursultan Nazarbayevin irəli sürdüyü təklifin
doğruluğunu təsdiqləyən digər məqam isə
BMT-də müşahidəçi statusuna sahib olan Ərəb
Dövlətləri Liqasıyla bağlıdır. Gördüyünüz
kimi, həmin liqanın adı ərəbdilli deyil, ərəb
dövlətləri kimi qeyd olunur. Çünki
təşkilatda təmsil olunan ölkələr rərb
kökənlidir. Məhz bu, bir daha onu deməyə əsas
verir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının adı Türk Dövlətləri Təşkilatı
ilə əvəzlənməlidir!
Bir
sıra siyasilər, elm adamları, o cümlədən
politoloqlar və QHT rəhbərləri Nazarbayevin təklifini
dəstəklədiklərini bəyan ediblər
Bu arada, onu da nəzərinizə çatdıraq ki,
artıq bir sıra siyasilər, elm adamları, o cümlədən
politoloqlar və QHT rəhbərləri Nazarbayevin təklifini
müsbət qarşılamaqla yanaşı, bu ideyanı dəstəklədiklərini
bəyan ediblər. Məsələn, Prezident yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının mətbuat xidmətinin rəhbəri,
Demokratik Azərbaycan Naminə gənclərin İctimai
Birliyinin sədri Elməddin Behbud Nazarbayevin təklifinin olduqca
əhəmiyyətli olduğunu bildirib: "Xalqlar
danışdığı dildən fərqli etnik kökə,
etnogenezisə malik ola bilir. Bir çox
xalqların, o cümlədən də türk
xalqlarının içərisində
yaşadığından əksəriyyəti bu dildə
danışan azsaylı xalqlar var ki, milliyətcə türk
deyillər. Eləcə də türk olub
ayrı hegemon dildən ana dilindən də çox istifadə
edənlər var. Bununla bağlı nümunələr
göstərib, Azərbaycan və Orta Asiyadakı türklərin
tarix və coğrafiyasından xeyli misal çəkmək
olar. Çoxdandır Türk Keneşinin rəsmi
adının Türk dövlətlərinin yox, Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurası
adlandırılmasını doğru saymırdım və
daim bu barədə düşünürdüm. Nəyə görə belə ad seçildiyinin səbəbini
də doğrusu, bilmirəm. Biz türklər
dil eyniliyindən çox soykök, milli mənsubiyyət
etibari ilə eyniyyətə malikik. Bu, o qədər
aydın həqiqətdir ki, uzun-uzadı izahına da lüzum
yoxdur. Qazaxıstan Respublikasının
birinci prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının fəxri sədri Nursultan Nazarbayevin bu
mövzuda söylədiyi fikri oxuyanda fikrimdə
yanılmadığıma bir daha əmin oldum".
Təxminən, eyni mövqedən çıxış
edən politoloq Arzu Nağıyev isə trend-ə
açıqlamasında qeyd edib ki, Nursultan Nazarbayevin təklifi
artıq milli kimlik məsələsinin daha üst səviyyəyə
qalxdığını göstərir. Onun sözlərinə
görə, Azərbaycanın xarici siyasətinin prioritet
istiqamətlərindən biri də türkdilli ölkələr
arasında regional və beynəlxalq əməkdaşlıqdır:
"Bunun da çox mühüm aspektləri var. Belə ki,
regional təhdidlər, yeni çağırışlar daim
var və regional təhdidlərin qarşısını almaq
üçün türkdilli dövlətlər arasında
siyasi inteqrasiyanın güclənməsi çox mühüm
əhəmiyyət kəsb edir. Burada təbii
ki, tarixi İpək Yolundan, Azərbaycanın mühüm
coğrafi mövqeyindən söhbət gedir, çünki Azərbaycan
Şimal və Cənubu, eyni zamanda Şərq və Qərbi
birləşdirən bir mövqedədir. Bu
da gələcəkdə iqtisadi məsələlərin həyata
keçirilməsində mühüm əhəmiyyət kəsb
edir. Bu unikal çoğrafi mövqeyinə
görə ölkəmiz burada ən mühüm fiqurlardan
birinə və mərkəzi dövlətə çevrilir.
Düşünürəm ki, bu Zirvə Görüşü
çərçivəsində qarşıya qoyulan məqsədləri
həyata keçirmək üçün həm Azərbaycan,
həm də digər türkdilli dövlətlər müxtəlif
istiqamətlərdə, o cümlədən, siyasi, iqtisadi, mədəni
və humanitar sahələrdə mühüm işlər
görəcək və birgə səylər göstərəcəklər".
Türk
Şurası ölkələrinin xarici işlər nazirlərinin
Bakıda keçirilən 7-ci zirvə toplantısını dəyərləndirən
Türkiyənin Azərbaycandakı keçmiş səfiri
Hulusi Kılıç isə Hurriyyet.org-a
açıqlamasında türk dünyasının
böyüyüb genişləndiyini vurğulayıb. O, hesab
edir ki, Türk dövlətlərinin birliyi Avropa
İttifaqına daxil olan ölkələrin birliyindən daha
möhkəm bağlara söykənir və bu əlaqələrin
kökü o qədər dərindir ki, heç bir qüvvə
bu birliyi sarsıda bilməz: "Əminəm ki, növbəti
10 illiyə qədəm qoyan Türk Şurası yeni
inteqrasiya mərhələsinə keçir və növbəti
10 illikdə türkdilli ölkələrin əməkdaşlığı
daha da doğmalaşacaq, üzv dövlətlərin sayı
daha da artacaq". Həmçinin, keçmiş səfiri
Avropa Birliyi modeldə Türk Birliyinin yaradılmasına
çox zaman qalmadığına üman etdiyini bildirib:
"Arzularımızda yaşayan Turan artıq reallığa
çevrilir".
"Türk
Birliyinin qurulmasının qarşısında duran əsas
maneə Rusiya və Çindir"
Söz yox ki, türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsi, o cümlədən beynəlxalq arenada vahid mövqedən çıxış etməsi mərhələli şəkildə vahid türk dövlətinin - Turanın yaranmasına səbəb olacaq. Bu, qaçılmaz reallıqdır. Qeyd edək ki, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu da bu qənaətdədir ki, Türk Birliyinin yaranması türk dövlətlərinin hər birinin maraqlarına cavab verir: "Lakin hələlik buna mane olan səbəblər var. Birinci səbəb türk dünyasının müxtəlif təsir dairəsində olmasıdır. Bildiyiniz kimi, yeni türk respublikaları SSRİ-nin dağılması nəticəsində əmələ gəlib və ruslar 300-400 il ərzində həmin ölkələrdə imperialist siyasət aparıblar. Odur ki, bu bölgələr Rusiyanın maraq dairəsindədir. Yəni Türk Birliyinin qurulmasının qarşısında duran birinci maneə Rusiyadır. İkinci maneə isə Çindir. Məlumunuzdur ki, Şərqi Türküstan Çinin ərazisindədir. Şərqi Türküstan xalqlarının bir qismi özbəklər, bir qismi qazaxlar, bir qismi uyğurlar və digərləridir. Bu dövlətlərin güclənməsi isə Çin üçün bir təhdiddir. Ona görə də Çin türk dünyasının birləşməsində marağı olmayan güclərdən biridir. Üçüncü səbəb isə türk dövlətlərinin siyasi rejimləridir. Sözügedən ittifaq o zaman baş verər ki, həmin ittifaqa daxil olan dövlətlərin hamısı eyni siyasi statusda olsun. Məsələn, Avropa Birliyi Türkiyəni qəbul etmir, lakin özləri birləşiblər. Çünki Avropa Birliyində təmsil olunan dövlətlərin hamısı eyni dəyərləri bölüşür, eyni qanunvericiliyə və dünya görüşünə malikdirlər. Lakin Türkiyə onlardan fərqli dünya görüşünə, fərqli əxlaqa və iqtisadi həyat tərzinə malik olduğuna görə onu Avropa Birliyinə qəbul etmirlər. Eləcə də Türk Birliyinin özündə bu problem var. Hesab edirəm ki, Türk Birliyini yaratmaq üçün iki vacib şərt lazımdır. Birincisi, türk dövlətlərinin hamısı eyni sosial-iqtisadi formaya keçməlidir. Yəni demokratiya, ədalətli seçki, xalq hakimiyyəti, insan hüquq və azadlıqları təmin olunmalıdır. İkincisi, Rusiya və Çinin təsirindən xilas olmaq, ən azından bunu zəiflətmək lazımdır. Yalnız bu halda Türk Birliyini yaratmaq çox asan olar".
Qərb dünyasının, xristian aləminin türk-müsəlman əhlini görməyə gözü yoxdur
Qəti əminliklə demək olar ki, Sərdar
Cəlaloğlunun fikirlərində həqiqət yükü
kifayət qədər böyükdür. Belə ki, qardaş
Türkiyənin Avropa Birliyinə qəbul edilməməsinin əsas
səbəbi məhz türk-müsəlman amili ilə
bağlıdır. Odur ki, kimin nə deməsindən, necə
düşünməsindən asılı olmayaraq, bu, bir
faktdır ki, Qərb dünyasının, xristian aləminin
türk-müsəlman əhlini görməyə gözü
yoxdur. Tarix boyu bu həqiqət dəyişməyib
və bu gün də ortada dəyişən bir şey yoxdur.
Əksər Avropa ölkələrinin, Türkiyənin
Suriyanın şimalında PKK/YPG və İŞİD terror
qruplaşmalarına qarşı bağlatdığı
"Sülh Çeşməsi" əməliyyatına
münasibəti bunu bir daha təsdiqləyir. Onu da qeyd etmək lazımdır ki, dünən
bizimlə açıq-aşkar müharibə edib, qəzəblərini
aşikaranə şəkildə biruzə verən
xaçlılar, bu gün artıq saman altından su yeritməklə
məqsədlərini reallaşdırmağa, müxtəlif
hiylələrlə öz imperialist siyasətlərini
yetirməyə can atırlar. Əgər aranızda dediklərimə
zərrə qədər də olsun şübhəsi olan
varsa, onda tarixi vərəqləməyi məsələhət
görürəm. Məhz o zaman görəcəksiniz ki, Qərb
dünyası, əsasən də Vatikan kilsəsi hələ
də İstanbulun fəthini türk-müsəlman aləminə
bağışlamayıb. Elə buna görə də
1453-cü ildə tarixi qəbələ əldə etmiş
Fateh Sultan Mehmed hələ də Roma katolik kilsəsinin əsas
hədəflərindən biri olaraq qalmaqdadır. Bəli,
İstanbulun fəthinin üzərindən 566 il keçsə
də Vatikan indiyədək elə zənn edir ki, nə vaxtsa
itirdiyini geri qaytara və bununla da Konstantinopolu yenidən
xristian aləminin mərkəzinə çevirə bilər.
Məhz elə buna görə də Vatikan, katoliklər və
ümumilikdə xristian dünyası türk-müsəlman aləmini
özlərinin əbədi düşmənləri kimi qəbul
edirlər. Qardaş ölkənin uzun illərdən bəri
Avropa Birliyinə daxil olmasına razılığın verilməməsinin,
bu istiqamətdə ortaya atılan süni əngəllərin
əsl səbəblərindən biri və elə bəlkə
də birincisi budur. Avropalılar çox gözəl bilirlər
ki, onlar nə qədər çalışsalar da
türkün qarşısında duruş gətirə bilməyəcəklər
və bu da sonda Vatikanın mövqeyinin zəifləməsilə
nəticələnə bilər. Odur ki, Roma papasının təsir
dairəsində olan dövlətlər əlindən gələni
edirlər ki, Türkiyə Avropadan uzaq dursun. Lakin bu baş tutan
iş deyil. Çünki gec-tez Avropa türk dövlətləri
birliyinin ayaq səslərini eşitmək məcburiyyətində
qalacaq. Bunun üçün isə Nursultan Nazarbayevin Türk
Şurasında irəli sürdüyü təkliflər
qulaqardına vurulmamalıdır!
Vazeh
Bəhramoğlu.
Hürriyyət.-
2019.- 17-18 oktyabr. S. 8-9.