“Türk toplumlarının probleminin həlli Türk dünyasının birliyindən keçir”

 

Bədrəddin Quliyev: “Macarıstan bunu dərk edirsə, müsəlman türklər də bu həqiqəti görməyi bacarmalıdırlar”

 

“Avropa Birliyində hegemonluq edən dövlətlər Macarıstana qarşı böyük basqılar etsələr də, qardaş ölkə Türk Dünyası anlayışından geri çəkilmək fikrində deyil”

“Bu gün İraqda, sabah Suriyada, daha sonra İranda, ən nəhayət Naxçıvan və Zəngəzur daxil olmaqla həmin proyektin gerçəkləşməsi üçün azından Orta Doğu üçün yüzillik plan mövcuddur”

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/p-strong-ldquo-t-uuml-rkiye-ve-t-uuml-rk-d-uuml-nyasi-uluslararasi-barisin-teminat-ccedil-isidir-rdquo-span-style-color-e74c3c-bedreddin-quliyev-span-strong-p)

– Türkiyə öz qonşuları olan İraq və Suriyada strateji baxımdan bir sıra addımları atdı. Beləliklə də beynəlxalq qanunvericlik və hüquqlar çərçivəsində ölkəni uzun illərdir təhdid edən terror yuvalarını dağıtmağa başladı. Dünyanın iri dövlətləri bu məsələdə etiraz bəyanatları versələr də, Türkiyənin Silahlı Qüvvələrinə qarşı çıxmadılar. Bəs Azərbaycanda Qarabağ  məsələsinə görə, nə zaman iqtidarlı-müxalifətli bir araya gələrək 26 illik həsrətə son qoyulacaq? Axı o da bəllidir ki, Güney Qafqazın ən böyük dövlətinin və zəngin bölgəsinin öz sorunlarını çözmək üçün fikrimizcə gücü və iradəsi yetərincədir.

– Əvvəla onu qeyd edim ki, Azərbaycanın daxilində son 200 ildə formalaşmış, imperiya siyasətinə dəstək verən xüsusi nəsillər və hazırlıqlı kadrlar mövcud olub. Onlar zamanla hansı ictimai quruluşun mövcudluğundan asılı olmayaraq, hər zaman Moskvanın xüsusi maraqları çərçivəsində fəaliyyət göstəriblər. Milli problemlərimizi həll etmək üçün nəsillərin dəyişməsi, müstəqil dövlət olmanın psixoloji sədlərini adlayan insanların yetişməsi lazım idi. Bu, ilk dəfə 1991-ci ildə, yəni dövlət müstəqilliyimizə qovuşduqdan sonra yaranmağa başladı. 29 ildir hər il orta məktəblərimizi və universitetlərimizi yüz minlərlə şagird-tələbələr bitirirlər. Bax, onlar müstəqil dövlətimizin güclənməsi və işğal altında olan ərazilərimizi azad edilməsində daha çox iradə göstərəcəklər. Azərbaycan bir yandan daxili satqın və sapqınların, digər yandan xaricdən idarə olunan şəbəkələrin sayəsində milli iradəsinə sökənərək problemlərinin həllində çox çətinliklərlə üzləşib. Problem də budur. Korrupsiyanın, rüşvətxorluğun və digər mənfi amillərin dolayı da olsa həyatımızın bir parçasına çevrilməsində həmin güclərin səyləri nəticəsində baş verib. Artıq ölkəmizdə yeni təfəkkürün daşıyıcısı olan nəsil yetişib. Onlar məmur-oliqarxiya sistemi ilə deyil, menecer-texnokratiya fəlsəfəsi ilə müasir idarəetmə sisteminə keçidlə bağlı addımlar atmağa başlayıblar. Bununla yanaşı, cəmiyyətin müxtəlif spektrlərini təmsil edən ictimai qurumlarla dərin əlaqələrin yaradılması çox vacibdir. Çünki ortada bir VƏTƏN məsələsi var. Siyasi iddiaları bir yana qoyaraq, qəti addımların atılmasının əsil zamanıdır. Cümhuriyyət Xalq Partiyası olaraq daim bu mövqedə olmuşuq. Ölkədə ali hakimiyyətin mövcud ictimai-siyasi qurumlarla, vətəndaş cəmiyyətləri ilə təmaslar qurmasına ya daxili, ya da xarici faktorlar mane olub. İndi bütün bunlar arxada qalıb. Çünki aparılan bir çox islahatlar buna inanmaq üçün əlimizdə əsil tutalqadır.  

– Sadaladağınız konseptual prinsiplərin həyata keçirilməsi çoxmu uzun çəkəcək?

– Təəssüflər olsun ki, təkqütblülük ideyasının tərəfdarları timsalında “anqlo-saks” doktrinasının maraqları çərçivəsində Azərbaycanın və Türk Dünyasının maraqları nəzərə alınmır. Son yüz ildə bu şəbəkənin Orta Doğuda bütün toplumları türklərə qarşı qışqırtmaları və nəticədə baş verən qətliamlar dəhşət saçır. İraq, Səudiyyə Ərəbistanı, Misir, Fələstin, Suriya, Yəmən, Liviya, Oman, Livan, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn və digər dövlətlərin ərazisində türklərə qarşı yüz ildir soyqırım siyasəti yürüdülüb. Bu bəşəri cinayəti idarə edən “anqlo-saks” neomiperalizmi olub. Onlar Əfqanıstan, Pakistan və digər ölkələrdə də bu missiyanı dövlət siyasətinin bir parçasına çevirməyə çalışdılar. Xoşbəxtlikdən bu hədəflər baş tutmadı. 1925-ci ildə qacar xənədanlığının sonuncu lideri Əhməd Şah Qacarı devirməklə pəhləvilərin, onun ardınca molla rejimini qurmaqla İran adlı ölkədə Azərbaycan türklərinin assimliasiyaya uğradılması və bizləri inkar siyasətinin təməlində də “anqlo-saks” hədəfləri durur. Bütün bunlara görə “anqlo-saks”lar Türk Dünyasından üzr diləməlidirlər. Ermənistanda 20 il hakimiyyətdə olmuş hərbi-xunta rejimi devrilsə də, yeni rejim də mahiyyətcə neokolonial siyasət yürüdən güclərin yedəyində gedir. Problemin kökündə bunlar dayanır.

– Sizin fikrinizcə, bu proseslərin qarşısını almaq üçün nə etmək lazımdır?

– Türkiyə bir dövlət olaraq dünyaya sübut etdi ki, separatizm hədəflərinə hesablanmış və bu yöndə aparılan terrorizmin qarşısını almaq üçün hər bir dövlətin milli-siyasi iradəsi çox vacibdir. “Fırat”, “Zeytun dalı” və bu gün başladılan “Barış Pınarı” əməliyyatlarının mənası bu iradəyə bağlıdır. Türkiyənin bu möhtəşəm antiterror əməliyyatlarını təəssüflər  olsun ki, bölgə dövlətləri tərəfindən dəstəklənmir. İraq, İran və Suriya dərk etmir ki, elan edilən “Böyük Kürdüstan” ideyası həmin dövlətlərin parçalanmasına gətirib çıxaracaq. Bu gün İraqda, sabah Suriyada, daha sonra İranda, ən nəhayət Naxçıvan və Zəngəzur daxil olmaqla həmin proyektin gerçəkləşməsi üçün azından Orta Doğu üçün yüzillik plan mövcuddur. Bütün bunlar XX yüzillikdə I Dünya Savaşı dönəmindən davam edən dərin siyasi prosesdir. Türkiyə “kürd etnik separatizmi”nin qarşısını almaq üçün onları dövlət siyasətinin bütün sahələrində yerləşmələrinə imkan yaratdı. Böyük Millət Məclisində, nazirlər kabinetində və digər sahələrdə kürdlər təmsil olunurdular. Ancaq xəyanətin bir adı var: “Özgələrinin maşası olmaq”. İraqdakı türkmanlara bağlı torpaqlarda “Kürdüstan Muxtariyyatı”nın yaradılması təşəbbüsü buna örnəkdir. Türk Dünyası ailəsinə daxil olan dövlətlər və xalqlar dərk etməlidirlər ki, bizlər bir arada olduqca, “anqlo-saks” və digər supergüc şəbəkələrin hədəfləri iflasa uğrayacaq. Türkiyənin ayağa qalxaraq, Suriya və İraqdakı “kürd zolağı” hədəfinin terror yolu ilə yaradılmasının qarşısının alınması üçün atdığı addımlar gözlənilən həqiqətin təsdiqini tapacaqdır. XVIII, XIX və XX yüzilliklərin başlanğıcında tək bir hədəf olub. Bu, Türk Dünyasına malik ərazilərin daraldılması və türk olmayan toplumları bizlərə qarşı qışqırdılması siyasətləri yürüdülüb. Yaşadığımız XXI yüzildə də həmin ənənəni davam etdirməyə çalışılır. Zamanla bu hədəflərin rəngi, çaları, deyim tərzi fərqli görünsə də, strateji uzantılar dəyişməyib. Suriya və İraqdakı türkmanlar əslində etnik baxımdan azərbaycanlıdırlar. Onlar yüz ildən çoxdur ki, yalnız qalmışdılar. Türkiyə onlara sahib çıxmağa çalışır. Suriyadakı antiterror əməliyyatlarına başlayan kimi dərhal İran, Fələstin, digər ərəb dövlətləri və Avropa Birliyi Türkiyəyə qarşı çıxdılar. Ona görə də zahiri baxımdan Türkiyəni təkləməyə çalışıldı. Hətta iş o yerə çatıb ki, BMT Təhlükəsizlik Şurasında terrorizmə qarşı aparılan tədbirlərə qarşı çıxmaq istənildi. Biz Cümhuriyyət Xalq Partiyası olaraq inanırıq ki, sabah İraq, İran və Suriya separatizmlə üz-üzə qaldıqda Türkiyəyə müraciət etmək üçün yalvaracaqlar. Məqam gələcək ki, sadəcə Türkiyə deyil, Türk Dünyası bölgədə əsil sabitliyin qarantı olacaq.

– Deməli, işğal altında olan Qarabağ məsələsinin həlli çox yaxın zamanda baş tutacaq.

– Biz, yəni Cümhuriyyət Xalq Partiyası olaraq, hər zaman apardığımız təbliğatlarımızda tək bir ideoloji konsepsiyanı irəli sürmüşük. İstənilən türk toplumunun problemlərinin çözüm yolu Türk Dünyasının birliyindən keçir. Xristian Hunqariya, yəni Macarstan bunu dərk edirsə, müsəlman türklər də bu həqiqəti görməyi bacarmalıdırlar. Türk Dövlətləri Konseyinin yaradılması məhz bu hədəfləri irəli çəkməlidir. Vahid ordu, valyuta, mədəni,  təhsil, sosial-iqtisadi məkan və təhlükəsizlik sistemi qurulmalıdır ki, digər faktorları asanlıqla çözə bilək. Türk Dövlətləri Konseyi hər hansı dinə, ideologiyaya, xalqların assimliasiyasına, işğalçılığa, sömürgəçiliyə, dövlətlərə qarşı çıxış etməyən bir canlı orqanizmdir. Balkanlarda ötən yüzilin 90-cı illərində yaşanılan soyqırımlar, Qafqazlarda etnik separatizm, Orta Doğudakı etnik, məzhəblərə söykənən terrorizm və digər mənfi halların qarşısını sömürgəçi mahiyyətlə deyil, ədalətə söykənən prinsipləri ilə alan tək dövlət Türkiyə oldu. Çox yaxın illərdə durum dəyişəcək. Tarix boyu erməniləri üstümüzə qışdırdanlar peşimanlıq çəkdiklərini və buna görə üzr istəyəcəklərinin şahidi olacağıq.

– Məsələ bu qədərmi ciddidir?

– Biz bunun işartılarını nəinki görür və proseslərin çox sürətlə dəyişəcəyinə də inanırıq. Qərb Türkiyənin ərazisində çoxsaylı cırtdan dövlətlər siyasətini uzun illər gündəmə gətirmək üçün çaba göstərdi. Bütün bunlar sonunda iflasa uğradı. Türkiyə nəinki daxili sorunlarını, qonşu dövlətlərdəki türklərin problemlərinin həllinə çalışır. Azərbaycan, Qazaxstan, Qırğızstan, Özbəkistan, Türkmənistan və Hunqariya bu proseslərdə birgə addım atmaq üçün toparlanmışlar. Avropa Birliyində hegemonluq edən dövlətlər Hunqariyaya qarşı böyük basqılar etsələr də, qardaş ölkə Türk Dünyası anlayışından geri çəkilmək fikrində deyil. Avropanın mərkəzində yerləşən Huqariyanın mətanətlə sinə gərməsi təsadüfi olay deyil. Azərbaycan dövlətinin son zamanlar sərt bəyanatlarla çıxış etməsi həmin hədəflərə hesablanıb. Zamanın hökmü və şərtləri Azərbaycanın xeyrinə irəliləyir. 1828-1917-ci illərdə Çarlıq Rusiyası istədiyi kimi Azərbaycan tarixi torpaqlarını parçalayırdı. Keçmiş Sovetlər Birliyi də bu ənənəni davam etdirirdi. 1991-ci ildən kimsə  tarixi torpaqlarımızı ilhaq edə bilmir. Baxmayaraq ki, işğal faktoru var. Ancaq bu işğala hüquqi əsas verə bilmirlər. Bizləri Qafqaz xalqları ilə üz-üzə qoymaqla bunu düşmənçilik  həddinə çatdırmaq istədilər. Cəhdlər boşa çıxdı. Şah İsmayıl-Sultan Səlim məsələsini uyduraraq qardaş xalqları və dövlətləri bir-birinə nifrətə kökləməyə çalışıldı. Bumenranq kimi özlərinə dəydi. İçimizdə təriqətlər və məzhəblər yaratmaqla vətəndaş birliyimizin məhvinə çalışıldı. Çabalar boşuna getdi. Orta Doğu, Anadolu, Balkanlar, Qafqazlar və Mərkəzi Asiyanın etnik tablosunda yer alan superetnos düzəninə bağlı mədəniyyət, coğrafiyanın ortaqlığı, dəyərlərin əcdad kultunu 1501-ci ildən darmadağın edən dərin hədəflər indi iflasa uğrayıb. Türk Dövlətləri Birliyi düzəninin inkişafı bəşəriyyətin siyasi, etnik, iqtisadi, coğrafi, kulturoloji düzənində 200 ildir görməzlikdən gəlinən həqiqətlərin və gerçəklərin öz statusunu bərpa etməsi deməkdir. Biz bunun həyat normamızın bir parçasına çevrilməsi üçün daha çox səylər göstərməliyik. Millət və dövlət olmanın tarixi təcrübəmiz isə yetərincədir. O zaman problemlərimiz da asanlıqla həllini tapacaqdır.

 

 

Bədrəddin Quliyev.

Söhbətləşdi: Ənvər Yusifoğlu.

Hürriyyət.- 2019.- 17-18 oktyabr. S. 11.