Azərbaycan
dirijorluğunun banisi –
MAESTRO NİYAZİ
Maestro Niyazi kimi tanınan dünya
şöhrətli dirijor və bəstəkarımız Niyazi
Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 20
avqust 1912-ci ildə Tiflisdə doğulmuş, 2 avqust
1984-cü il (71 yaşında) Bakıda vəfat
etmişdir. Niyazi dövrünün
tanınmış bəstəkarı Zülfüqar Hacıbəyovun
(1884—1950) ailəsində anadan olmuşdur. Zülfüqar
bəy Hacıbəyov digər müsiqi dühamız
Üzeyir bəy Hacıbəylinin (1885—1948) böyük
qardaşı idi. Çox kiçik
yaşlarından ətrafında məşhur musiqi xadimlərini
görən Niyazidə də musiqiyə böyük maraq
oyanır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda
alır. Sonra təhsilini davam etdirmək
üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə
gedir.
"Xosrov
və Şirin" operasının (1942), "Zaqatala
süitası" (1934), "Qaytağı" (1939),
"Konsert valsı" simfonik əsərlərinin,
"Rast" simfonik muğamının (1949), "1920-ci ildə"
opera-kantatasının, simfonik orkestr üçün "Rəqs
süitası"nın, Hindistan yazıçısı
Rabindranat Taqorun əsərləri əsasında
yaratdığı "Çitra" baletininin (1962) və
sairə musiqi əsərlərinin müəllifidir.
Onun
sağ əlindəki o çubuq özü də
bütün başqalarınınkından BAMBAŞQA idi, idarə
anlarının “apogey” məqamlarında sol əlinin
“beşaçılan” (retro-jurnalistikaca: “pianinonun
şirmayı dilləri”) kimi rəqs edən barmaqları da!
Bu məqamda qeyd edim ki, mən uzun illər o barmaqları
daha maraqlı təşbeh etmək istəsəm də, nəzərdə
tutduğum hədəfə çata, heyrət-məhəbbət
“tikan”ımı çıxarası, mat-məəttəllik
durumumu dəyişəsi bir epitet tapa bilməmişəm. Heç – bir vaxtlar,
“palıçka vruçalka” kimi obrazlı deyimləri olan
rusların moskvalı bir musiqi xadiminin məqaləsindən
oxuduğum (konsertlərdən birinin sonunda bu Maestronun əllərini
ovuclarında tumarlayaraq): “Bu barmaqlar necə də tabeedicidir!..” kimi qiymətli fikirləri də
sözügedən obyektə adekvat hesab etmirəm...
D.Şostakoviç.
Ş.Q.Şarayev, V.Dobiaş kimi şan-şöhrət zirvəlilərin
dediklərini də xatırlayaq: “Niyazi öz çubuğu ilə
orkestrdəki bütün alətləri eyni anda
çalırdı”, “O, taktların canlı antenası idi”,
“Bir cüt sehrkar əl, beş qoşa ovsunçu barmaq
sahibi”. Və nəhayət, öz yaşdaşı,
tituldaş və şöhrətdaşı Q.Qarayev: “Mən əsərlərimin
Niyazinin dirijorluğu ilə ifasından çox məmnun
oluram və başqa bir dirijor arzulamıram”...
İndi
xatırladacağım bir fikrin müəllifi isə
bütöv bir dövr və ictimaiyyət: “1970-ci illərdə
hər cümə günü Filarmoniyada keçirilən
“simfonik musiqi axşamları” ideyasının müəllifi
Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev,
bütün İttifaqda bənzəri olmayan o konsertlərin təşkilatçısı,
repertuar seçicisi və qeyri-adi təntənə ilə
idarəedicisi Maestro Niyazi idi...
Bu nəzəri
“giriş”dən “praktiki” bir çıxış: onun sir-sifətindəki
dipdiri dinamikanın, atomvarı baxışların fərqindəsizmi?
Bəs, arasıkəsilməz alqış sədaları
seriallarında bir dəfə də olsun təbəssümlənməməsi,
“bir tükünün də tərpənməməsi”
soyuqqanlılığının necə?!
Bu halda, yuxarıda bəhs etdiyim “çubuqların
sayı” məsələsi göydə qalmırmı? Yəni, məsələ o
çubuqların, o barmaqların kəmiyyətində yox,
sehrində, məzmun-mahiyyətindədir...
Öncədən də (R.Rzanın “Qayğı”
sözü, qayğı – özü” qənaəti
ladında) qeyd etməli ki, keyfiyyət – ümummilli qənimətimiz
olan bu dünyəvi maestronun bütün sənət nümunələrinin
baş vurğusu, aksenti, nəqəratı idi.
Onun
Vaşinqton çıxışlarının ilk gecəsinin
sabahısı (1960-cı illərin sonları,
özünün “Rast”, F.Əmirovun
“Gülüstan-Bayatı-Şiraz” simfonik muğamları)
bütün Amerika qəzetlərində “Niyazi”, “maestro”
sözləri olmayan manşet yox imiş. O qəzetlərdə
yüzlərlə obrazlı sözlər, frazalar, bənzətmələr
varmış ki, onlardan biri də belə: “Bizim bu gənc
Amerikanın ağzınadək dolu salonu əvvəldən-axıra
qocaman Şərq xəyalatına dalmışdı...”
Niyazi xüsusi bir DÖVR idi, ÇAĞ idi,
ayrı-ayrı zamanların dahi bəstəkarlarını
birləşdirən sənət karvanının gələcəyə
doğru səfərinə bütün sovet dirijorlarından
daha dahiyanə sarbanlıq edən SSRİ-li idi.
Bu qənaətimə
inanmayanlar (və sovet illərində mübhəm bir qorxu-təvazökarlıqla
onu yalnız “Azərbaycan fenomeni” kimi qələmə verən
yerlilərimiz) üçün bir retro-epizod:
Ötən
əsrin 70-ci illərində üç-dörd həftə
bütün müttəfiq respublikalarda olub, SSRİ
dirijorlarının reytinq “tədqiqat”ını da aparan və
nəhayət, Bakıya gələn moskvalı
xanım-jurnalist Niyazi ilə müsahibə zamanı: “-
Maestro, haçansa İttifaq üzrə neçənci yerdə
olmanız haqda da fikirləşmisinizmi” - sualının
qarşılığında laqeyd bir təbəssümlə
üzləşir və əlavə edir: “Məsələ
bundadır ki, respublikaların hamısında musiqi ictimaiyyəti
nümayəndələri 1-ci yerdə özlərininkini, 2-ci
yerdə isə yalnız və yalnız Sizi görürlər.
Deməli, “inciməyin”, maestro, Siz bütün Sovetlər
İttifaqı üzrə birincisiniz!..”
Bu elitar
ranqlı epizod ardınca bir “proletar”isi:
Təntənəli, uğurlu bir xarici səfərdən
qayıtdığı günün sabahısı maestro 60 nəfərlik
simfonik orkestrlə cənub bölgəmizə (Salyandan
Astarayadək) birhəftəlik qastrol qərarına gəlir. Maraqlı olaylar, xatirələrlə
dolu səfərdən Bakıya qayıdarkən avtobus
karvanını tarla düşərgələrindən birinin
yanında saxlatdırıb, pambıqçılarçün
yemək hazırlayan aşpaz qadına yaxınlaşır:
“Xalacan, mən biləni, indi hava 40 dərəcəni
ötüb, bəs, sən biləni, bu ocağın istisi
neçə dərəcə olar?” - deyib,
kollektivə komanda verir ki, on dəqiqədən sonra burda
düz birsaatlıq konsertə başlayırıq!
Möhtəşəm
“Koroğlu” operası uvertürasının ilk taktları sədalanırkən
qız-gəlinlər ucsuz-bucaqsız tarlanın hər tərəfindən
düşərgəyə sarı axışır və həmin
anların qələmə alındığı yazıdan
yalnız bunu təqdim edirəm: “Konsertdən sonra
musiqiçilər də bir-birinə deyirdi ki, hələ
indiyədək heç vaxt, heç harada maestronun bu ilhamla
dirijorluq etdiyini xatırlamırıq”...
Deyək
ki, bu tammöcüzə varlığın həyatında
möcüzəvarı olğu-olay da az
olmayıb ki, bunlardan onun “sərtlik krallığına”
yaraşmayası baməzəlisindən başlayaq. Belə
ki, o, sonralar hər biri bir mədəniyyət fəthinə
çevriləsi xarici qastrol səfərlərindən ilkinə
hələ ana bətnində ikən “gedib”; atası
Zülfüqar Hacıbəyovun Tbilisi qastroluna hamilə
xanımı da qoşulur və Niyazi dünyaya
Gürcüstan paytaxtında (20 avqust, 1912) göz
açır. Yaxud, təpədən-dırnağa musiqi, bəstə
(dolayısilə sülh, əmin-aman) mayalı bu adam uşaqkən hərbçi olmaq əzmilə
kadet məktəbinə gedib, ətrafın diqqət mərkəzinə
düşən futbol hakimliyi, təyyarə (paraşüt)
idmançılığı edib. İlk musiqi
təhsilini də ki (yəni, sonucdakı müqayisəsiz məşhurluğuna
nisbətdə!) adidən-adi bir musiqi ocağında alıb.
Amma sonra atası Zülfüqar və əmisi
Üzeyir bəyin tövsiyəsilə təhsilini Moskvada davam
etdirib. Leninqrad (Sankt-Peterburq) təhsilinisə,
bu şəhərin “rütubətli havası” səbəbindən,
başa vura bilməyib.
Lakin həftələr-aylar ötdükcə, bu
“yarımçıq tələbə” qeyri-adi “avtotəhsil” təmrinləri
edə-edə, mükəmməl bir məktəbə
çevrilməyə başlayıb. Böyük Azərbaycan mədəniyyəti
tarixinə nəhəng “Üzeyir bəy Hacıbəyli”, məşhur
“Zülfüqar Hacıbəyli”, mühacir korifeylərimizdən
“Ceyhun Hacıbəyli” imzalarından doğulmuş Niyazi
Tağızadə-Hacıbəyov (milli dirijorluq
dünyamıza TƏK gəlib, Tək də getmiş sənətkar
bu qoşasoyadlılığı anasının yeganə və
faciəli bir qətlin qurbanı olmuş dayısı Heydərəli
Tağızadəyə xatir qəbul etmişdi)
ayrıca-müstəsnaca bir “Maestro Niyazi” İMZAsına
çevrilib.
Bu imza onun tək elə fenomenal dirijorluq
qalereyasındakı unikal nümunələr altına deyil,
neçə-neçə müəlliflik, həmmüəlliflik,
interpretativlik işləri rahına da atılıb. İyirmi iki
yaşında yazdığı “Zaqatala süitası” ilə
musiqi aləmimizə orijinal səpkili bir bəstəkar gəlişindən
xəbər verib. Daha sonra ikihissəli “Qəhrəmanlıq”,
“Xosrov və Şirin”, “Konsert valsı”, “Təbrizim”,
“Dağlar qızı”, “Vətən”, “Arzu” və s. kimi
gözəl simfonik nümunələr, mahnılar yazır,
teatr tamaşaları (“Dağılan tifaq”, “Almaz”, “Vaqif”, “Polad
qartal”) və kinofilmlərdə (“Almaz”, “Kəndlilər”, “Fətəli
xan”) maraqlı sənət izləri qoyur...
Lap gəncliyindən
öz fitri fəhmi, çağlar istedadı, ekspromt
müdaxilələrilə ətrafına fasiləsiz bir məntiq-məna
atəşi saçan bu cəsarət mücəssəməsi
hətta atasının ali ölkə qəlibli
“Aşıq Qərib”inin, əmisinin dünya çaplı
“Arşın mal alan”ının yeni redaksiya variantlarını
hazırlayıb. Teatr səhnələrində əlli
ilə yaxın formalaşıb-etiketləşmiş “O
olmasın, bu olsun” operettasının məhəkdaşı
musiqi parçalarını hər saniyəsi qızılla, hər
kadrı zərrəbinlə ölçülüb-baxılan
böyük ekran dilinə çevirib. “Xumar oldum”,
“Qaragilə”, “Küçələrə su səpmişəm”
kimi neçə-neçə xalq mahnımızı simfonik
orkestr üçün işləyib, “Rast” və “Şur”
muğamlarını nota alıb...
Bunları,
onları, obiriləri “sadalamaqla qurtarası deyildir” deyə, bu
intəhasız mətləbi belə yekunlaşdıraq:
ovaxtdan-buvaxta öz klassik-fundamental yaradıcılıq
energetikası, müdam dramaturji, hərdən də emosional xəyalat-təsəvvürat
melodikası, major-minor büsatlar harmoniyası və ülfət-ülviyyət
ifadəliliyilə milyonları ovsunladı, öz idarəsilə
neçə-neçə ölkələrin musiqi şirkətləri
tərəfindən qrammofon vallarına yazıldı. Və
bu ovsunlar, maraqlar, heyrətlər davam etmədə...
Bu “Segah”i
təəssürat ardınca məlum bir kinofilmimizin
adından təbdil; –
Deyirlər,
bu boyca bəstə, tövr-xasiyyətcə uzun, ad-soyadca
füzun (Tağızadə-Hacıbəyov Niyazi) elə məhz
bu Hadisə-Əsərdən sonra qıp-qısaca bir xitabla
çağırılmağa, xatırlanmağa,
ağırlanmağa başlayır: “MAESTRO!” İki
dəfə (1951- 1952) SSRİ Dövlət mükafatlarına
layiq görülür. Ədəbi-ictimai söhbət,
müzakirə və musiqi tənqid-təbliğində “Azərbaycan
milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı
ilə bağlıdır”, “Milli bəstəkarlarımızın
əsərlərindən seçilmiş nümunələr
dünya musiqisinin qızıl fonduna məhz onun bənzərsiz
yozumu sayəsində daxil edilmişdir”, “Neçə-neçə
opera və baletin yüksək səviyyəli səhnə təcəssümü
Niyazi istedadı və qabiliyyətinin bəhrəsidir” kimi qənaətlərə
“Simfonik muğam” kimi qeyri-adi yeniliyin banisi deyimi də əlavə
edilir. 1959-cu ildə SSRİ Xalq artisti adına
layiq görülür. İki il sonra
SSRİ-nin ən məşhur teatrlarından birinə -
Leninqrad Opera və Balet Teatrına baş dirijor təyin olunur.
Çoxsaylı xarici ölkə
teatrlarının (xüsusi müqavilə əsasında) təkidli
xahiş-təklifləri içərisində yalnız
qardaş (o zamanlar “düşmən”!) Türkiyəni
seçən maestro Ankara Opera və Balet Teatrında “Yevgeni
Onegin”, “Qaratoxmaq qadın”, “Aida” və türk bəstəkarı
Ə.Sayqunun “Koroğlu” operasına ilk quruluşlar verir, “Yunus
Əmrə” oratoriyasına dirijorluq edir. Uzunmüddətli
səfərdən sonra Vətənə qayıdır,
Opera-Balet Teatrının bədii rəhbəri və baş
dirijoru təyin edilir.
Bunlar onun sənət izlərindən fraqmentlər.
Bir-birini dəlicəsinə sevə-sevə 51 illik “Həcər
və Niyazi” birgəliyi dastanından.
Bu real
dastanın ikicə (uşaqları olmayıb,
övladlığa götürdükləri uşağın
başlarına açdığı müsibətlər isə
ərəbdən-əcəmə bəlli) qəhrəmanı
Mahaçqalada tanış olub, qoşulub
qaçıb, minbir əziyyətlə sonrakı yüzbir
zövqi-səfaya çatmışdı...
...Türkiyədə
ofisiant qadın onlara yaxınlaşıb: “Nə içəcəksiz?”
deyə bütün su və spirtli içkilərin
adlarını sadalasa da, Həcər xanım “yox” deyir. Vəziyyəti
belə görən maestro ofisianta üz tutur: “Xanım, mənim
xanımım mənim qanımdan başqa heç nə
içmir...” Bu zarafat basırıq restorandakı müştərilər
üstünə səpsərin sutək çilənir…
Amma Həcər
xanım da borclu qalmır: Moskva restoranlarından birində bir
parça çörəyin üstünə iki-üç
qat xardal yaxıb, istiot səpir. Bunu əsəblə
müşahidə edən maestro: “İndi bu nə oldu?” deyə
soruşduqda, qayıdır ki: “Heç nə, oldu Niyazi!..”
...Yaxşı
ki, bu güneyli xanım öz ata-anasının (xüsusən,
İranın Dərbənd konsulluğunda işləyən
qardaşının) maneçiliklərinə baxmadan Niyazi ilə
ailə qurmağa razı olmuşdu; yoxsa, ola bilsin ki o, Azərbaycan
(habelə dünya) mədəniyyəti tarixinə bu çəkili
maestro kimi daxil olmaya da bilərdi...
Təqdim etdi: MƏMMƏD
MİRZƏLİYEV
Hürriyyət.-
2019.- 24-25 oktyabr.- S.14.