“Bu adamlarla səhnəyə
çıxmaqdan xəcalət
çəkirdim”
Aktrisa Fizulət Rzayeva: “Mən
heç zaman nə heç kimə qibtə etməmişəm,
nə də ki, paxıllıq hissim olmayıb”
“Teatr camiəsindən
anlayışı olmayan şəxslər rəhbərliyə
gələndə küsdüm və 2010-cu ildə qəlbən
bu teatrdan uzaqlaşdım”
Onu uşaqlıq illərimdən
tanıyıram. Hər zaman xarakterində olan həddən
ziyadə daha çox ciddilik diqqətimi cəlb edirdi.
Heç zaman bir kəlmə də olsun artıq söz və
ya ifadə işlətməz, məşq və ya tamaşa
zamanı ancaq səhnə kənarında dayanıb mizanının
vaxtını səbrsizliklə gözləyərdi. Yaxud da
aktyorlara aid olan səhnə kənarı foedə əlində
rol dəftəri obrazın sözlərinə diqqət yetirərdi.
Kənardan çox zəhimli görünən bu xanım
bütün bunlara rəğmən xoş xasiyyətli və
mehriban, səmimiyyəti ilə də seçilməyi
bacarırdı.
Çünki
onun xarakterində yalan, ikiüzlülük, kimlərinsə
dalınca olmazın iftiralarını danışmaq və ya
kiminsə şəxsi həyatını müzakirə etmək
marağı yox idi. Elə bu səbəbdən də əksər
dırnaqarası olan sənət dostları onu bəyənmirdilər,
ağız büzürdülər hətta haqqında
olmazın yalanlarını danışırdılar. O,
bunları da bəzən eşidirdi. Ancaq təmkinini pozmadan bu
kimi səfil düşüncə tərzində olan sənət
dostlarına fikir verməz ancaq yaradıcılığı
ilə məşğul olardı. Bax, bu kimi xüsusiyyətləri
onu daha çox sevdirərdi. Sakitlik və tək
yaradıcılıq axtarışları onun həyat
amalı idi.
Uzun illər
idi ki, onunla görüşmürdüm və nəhayət
yağışlı bir gündə Gəncədə
görüşdük. Deyirlər su aydınlıqdır. Elə
bu aydınlıq işığında bir daha olanları və
keçmişi birlikdə vərəqlədik.
Danışdıqca qocaman səhnə ustalarını, sənət
müəllimləri olan xalq artistləri Ələkbər
Seyfini, Sədayə Mustafayevanı və Rəmziyyə Veysəlovanı
xatırlayıb bir az da kövrəldi. Xatirələri
haradasa uzaqlarda dolaşan düşüncələrində
yenidən canlandı. Ancaq bütün bunlarla yanaşı həyatın
görünməyən bir üzü, amansız tərəfləri
də var. Çox zaman həyatda yaradıcı şəxsin
zəhməti və əziyyəti lazımca dəyərləndirilmədikdə
qarşılarında utanclıqla dayanmaq məcburiyyətində
olursan. Məhz haqqında söhbət
açaçağım sənətkar da yaradıcılığı
vaxtında dəyərləndirilməyən, kimlərinsə
kələfinin güdazına gedən şəxslərdəndir…
Aktrisa
Fizulət Rzayeva 1951-ci il dekabr ayının 23-də Gəncədə
İlyas kişi və Münəvvər xanımın ailəsində
anadan olub. Ailənin səkkiz uşağından biri olan
F.Razyeva 20 saylı orta məktəbi
bitirdikdən sonra sənətə olan məhəbbəti onu
Gəncə Dövlət Dram Teatrına gətirib. Səhnədə
ilk kövrək addımlarını xatırlayan aktrisa deyir:
“Mənim ana tərəfim Zəngəzur mahalındandır. Gəncədə
böyük Qarabağlılar nəsli vardı. Bu nəsil
anamın valideynləri idi. Uşaqlıq illərimin çox
hissəsi isə məhz Gəncədə ana nənə-babamın
himayəsində olub. Orta məktəb illərindən ədəbiyyata
göstərdiyim həvəs bu sahədə mükəmməl
inkişafıma böyük zəmin yarada bilib. Bunun nəticəsi
olaraq da mən məktəbin bütün tədbirlərində
o cümlədən ümumşəhər tədbirlərində
çıxışlar edir, şerlər söyləyirdim.
Xatırlayıram ki, orta məktəb illərində bizə
tamaşalara baxmaq üçün biletlər verərdilər.
Mən böyük həvəslə bu tamaşalara
baxardım. Səhnədə Xuraman Hacıyevanın
çıxışlarına baxa-baxa düşünürdüm
ki, mən də bu cür çıxışlar edə bilərəm.
Beləcə səhnəyə məndə həvəs
yaranırdı. Ancaq elə bir dövr idi ki, heç kimə
heç nə deyə bilmirdim. Orta məktəbi bitirdikdən
sonra dayımın qızına bu arzum haqqında
danışdım. O zamanlar dayımın qızı Gəncədə
Mədəniyyət evlərinin birində musiqi müəlliməsi
işləyirdi. Həmin Mədəniyyət evinin direktoru
Tofiq müəllimlə məni Gəncə Dövlət Dram
Teatrının baş rejisoru Yusif Bağırovun yanına gətirdilər.
Yusif Bağırov mənə dedi ki, bir şer söylə. Mən
“Xosrof və Şirin” poemasından bir parca söylədim.
Heç nə demədi, bir xeyli düşündü. Beləliklə,
1968-ci il sentyabr ayının 15-də Gəncə Dövlət
Dram Teatrına aktrisa olaraq qəbul edildim”.
İlk
andaca rejisorların marağını özünə cəlb
edə bildiyindən respublikanın əməkdar incəsənət
xadimi Yusif Bağırovun quruluşunda 3 pərdəli, 9 şəkilli
Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”
poeması əsasında Məmmədəli Nəsirovun qələmə
aldığı “Tariyel” mənzum dramında Nəstan Darecan
obrazı ona sınaq məqsədilə həvalə edildi və
müvəffəqiyyətlə oynamağı bacardı.
Aktrisa ilk debütü haqqında danışır: “Mənə
bu obraz həvalə edildikdə necə qirimlənəcəyimi
belə bilmirdim. O zaman xalq artisti Sədayə Mustafayeva məni
qarşısında otuzdurub ilk qirimimi etdi. Əlimdən tutub
səhnənin arxasına kimi apardı. Məni sona qədər
səhnənin arxasında gözlədi. Oynadım.
İnanın ki, o gün teatrda böyük bayram idi. Səhəri
gün böyük bir iclas çağırdılar. Hər kəs
axşamkı tamaşanın uğurundan
danışırdı. O zaman yenə də xalq artisti Sədayə
Mustafayeva dövrü mətbuatda “Səhnəyə istedad gəlir”
məqaləsi ilə çıxış etdi”.
İlk
debütündən sonra aktrisa Fizulət Rzayeva bu
teatrının səhnəsində Ələkbər Seyfi, Məhəmməd
Burcəliyev, Sədayə Mustafayeva, Rəmziyyə Veysəlova,
Ələddin Abbasov, Kərim Sultanov, Ağa Məmmədov, Səməd
Tağızadə, Firuzə Bədirbəyli kimi müqtədir
səhnə ustaları ilə birlikdə
çalışmalı olur. Bir-birinin ardınca maraqlı
obrazlar qaleriyası yaradan aktrisa M. İbrahimovun “Kəndçi
qızı”da Leyla, E. Braqinski və E. Ryazanovun “Həmişə
təmizlikdə”də Qalya, Ə. Kürçaylının
“Qoruqlar”da Nübar, A. Məmmədovun “Ulduzlar görüşəndə”də
Ücünçü Hərəm, U. Şekspirin “Otello”da
Dezdemona, C. Cabbarlının “Yaşar”da Yaqut, “1905-ci ildə”də Gənc Sona, “Solğun
çiçəklər”də Pəri, Əfqanın “Qız
atası”da Rəna, Kifayət,
R. Şahvələdin “Fərəf”də Fərəh, Q. Zapolskayanın
“Xanımın əxlaq dərsi”də Qanka, N. Gəncəlinin
“Məhəbbət körpüsü”də Pərvin, S.
Vurğunun “Vaqif”də Gülnar, S. Mirzənin “Altuntac”da Mələk
kimi surətləri ilə diqqəti cəlb etməyi
bacarır.
27 dekabr
1968-ci ildə rejisor, respublikanın əməkdar incəsənət
xadimi Yusif Bağırovun quruluşunda 3 pərdəli, 6 şəkilli
Ələsgər Şərifovun tərcümə və təbdilində
olan “Bəli, dünya dəyişib” komediyasında
aktrisanın yaratdığı Bənövşə
obrazı da maraqla qarşılanan surətlərindəndir. 25
mart 1969-cu ildə “Kirovabad kommunisti” qəzetində Əlikram
Yusubovun “Bəli, dünya dəyişib” resenziyasında
aktrisanın oyun tərzi haqqında oxuyuruq: “Rejisor Yusif
Bağırov gənclərə inanıb və onlara məsul
rollar tapşırıb. Bənövşə rolunda
çıxış edən Fizulət Rzayevanın oyunu real və
səmimidir. Bənövşə - Fizulət
aldadıldığı üçün xəcalət
çəkir, insanlardan uzaq olmaq istəyir. Valid onu
bağışlayır və yenə də odlu ehtirasla sevir.
Daha ona nə lazımdır? Gənc aktrisa Bənövşənin
ürək çırpıntılarını, Validə məhəbbətini
və Çingizin xəyanətinə qarşı nifrətini
açıb göstərə bilir”.
Bu nailiyyətlərindən
sonra haqqında dövrü mətbuatda yazılan
çoxsaylı məqalələri görüb, ailə
üzvləri onun bir aktrisa olaraq fəaliyyət göstərməsinə
icazə verməyiblər. Bu üzdən aktrisa bir müddət
teatrdan uzaqlaşmalı olub. Bu zaman yenə də sənət
müəllimlərindən olan Ələkbər Seyfinin
göndərişi ilə xalq artisti Sədayə Mustafayeva nənəsi
Məşədi Mədinə xanımın
görüşünə gələrək onun teatrda
çalışmasına icazə istəyib.
(Ardı var)
Anar
Burcəliyev, teatrşünas
Hürriyyət.- 2019.- 29-30 oktyabr.- S.14.