“Bu adamlarla səhnəyə

çıxmaqdan xəcalət çəkirdim”

 

Əvvəli ötən sayımızda

 

Aktrisa Fizulət Rzayevanı uşaqlıq illərimdən tanıyıram. Hər zaman xarakterində olan həddən ziyadə daha çox ciddilik diqqətimi cəlb edirdi. Heç zaman bir kəlmə də olsun artıq söz və ya ifadə işlətməz, məşq və ya tamaşa zamanı ancaq səhnə kənarında dayanıb mizanının vaxtını səbrsizliklə gözləyərdi. Yaxud da aktyorlara aid olan səhnə kənarı foedə əlində rol dəftəri obrazın sözlərinə diqqət yetirərdi. Kənardan çox zəhimli görünən bu xanım bütün bunlara rəğmən xoş xasiyyətli və mehriban, səmimiyyəti ilə də seçilməyi bacarırdı. Çünki onun xarakterində yalan, ikiüzlülük, kimlərinsə dalınca olmazın iftiralarını danışmaq və ya kiminsə şəxsi həyatını müzakirə etmək marağı yox idi. Elə bu səbəbdən də əksər dırnaqarası olan sənət dostları onu bəyənmirdilər, ağız büzürdülər hətta haqqında olmazın yalanlarını danışırdılar. O, bunları da bəzən eşidirdi. Ancaq təmkinini pozmadan bu kimi səfil düşüncə tərzində olan sənət dostlarına fikir verməz ancaq yaradıcılığı ilə məşğul olardı. Bax, bu kimi xüsusiyyətləri onu daha çox sevdirərdi. Sakitlik və tək yaradıcılıq axtarışları onun həyat amalı idi.

Uzun illər idi ki, onunla görüşmürdüm və nəhayət yağışlı bir gündə Gəncədə görüşdük. Deyirlər su aydınlıqdır. Elə bu aydınlıq işığında bir daha olanları və keçmişi birlikdə vərəqlədik. Danışdıqca qocaman səhnə ustalarını, sənət müəllimləri olan xalq artistləri Ələkbər Seyfini, Sədayə Mustafayevanı və Rəmziyyə Veysəlovanı xatırlayıb bir az da kövrəldi. Xatirələri haradasa uzaqlarda dolaşan düşüncələrində yenidən canlandı. Ancaq bütün bunlarla yanaşı həyatın görünməyən bir üzü, amansız tərəfləri də var. Çox zaman həyatda yaradıcı şəxsin zəhməti və əziyyəti lazımca dəyərləndirilmədikdə qarşılarında utanclıqla dayanmaq məcburiyyətində olursan. Məhz haqqında söhbət açaçağım sənətkar da yaradıcılığı vaxtında dəyərləndirilməyən, kimlərinsə kələfinin güdazına gedən şəxslərdəndir…

 

Aktrisa Azərbaycan Dövlət İncəsənət Universitetinə qəbul olunmaq istəsə də, bu arzusunu da reallaşdıra bilməyib. Səbəb isə imtahanlara hazırlaşaraq teatr və kino aktyoru, bədii qiraətçi, Respublikanın əməkdar artisti Müxlis Cənizadənin (26.11.1928 – 10.12.1972) imtahanlarından uğurla keçməsinə baxmayaraq ədəbiyyatdan yazılı imtahan vaxtı səbəbsiz olaraq hansısa bir bəhanə ilə auditoriyadan çıxarılması olub. Sonradan xalq artisti Sədayə Mustafayeva öyrənə bilib ki, Fizulət Rzayevaya Gəncə Dövlət Dram Teatrında daha çox ehtiyac olduğundan, onun imtahan auditoriyasından səbəbsiz çıxarılmasını istəyən o illərdə teatrın direktoru kimi fəaliyyət göstərən Yusif Qazıyev olub. Bundan sonra aktrisa Gəncə Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsinə qiyabi olaraq daxil olaraq ali təhsil alıb. Aktrisa o illəri xatırlayarkən deyir: “Gəncədə təhsil alarkən mənə daha çox köməklik edən gözəl pedaqoq, alim, nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi olan Altay Məmmədovun, xalq artistləri Ələkbər Seyfinin, xeyirxahlarım olan xalq artistləri Məhəmməd Burcəliyevin və Sədayə Mustafayevanın eləcə də xalq artisti Rəmziyyə Veysəlovanın diqqət və qayğıları ilə əhatə olunmağımı heç zaman unuda bilmərəm. O zaman Gəncə Dövlət Dram Teatrında böyük sənət məktəbi vardı. Mən də xoşbəxt taleli bir gənc idim ki, bu sənət məktəbində püxtələşirdim. Hətta deyim ki, qrim otağında yaradılan səliqə-səhmanı, qrim edib səhnəyə addım atmağı belə bu kimi sənət korifeylərindən öyrənirdim”.

O, valideyinlərinin təkidi ilə 1974-cü ildən 1981-ci ilədək sevdiyi sənətindən uzaqlaşmaqla ailə həyatı quraraq, bir müddət Kürdəmir rayonunda yaşamalı olub. Ancaq bu zaman da taleyi üzünə gülməyib. Ailə həyatı uğursuz olduğundan üç yaşlı qızı və bir yaşlı oğlu ilə yenidən Gəncəyə qayıdıb. Fədakar ana olaraq bu övladların boya-başa çatdırılması, tərbiyyə olunması kimi məsuliyyətli bir həyat ömrünü şərəflə qoruya bilib. Boya-başa çatdırdığı qızı və oğlu xoşbəxt taleli övlad olaraq onun sevincinin əsasıdır.

Aktrisa 1981-ci ildən Gəncə Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib. Bu illərdə o, böyük təziqlərlə üzləşməli olub. İstedadı və yaradıcılıq uğurlarını qəbul edə bilməyən sənət dostlarının bir qismi onun teatrdan uzaqlaşmasını istəyiblər. Bu zaman onu teatrda təziq və hücumlardan qoruyan sənətkar isə respublikanın xalq artisti Rəmziyyə Veysəlova olub. Bütün təziqlərə baxmayaraq bu illər ərzində F. Bayramovun “Nüşabə”də Nüşabə, S. Səfərovun “Həsrət”də Gözəl, Ə. Hacızadənin “İtgin gəlin”də Hürriyyət, U. Şekspirin “III-Riçard”da Marqarita, A. Dudarevin “Astana”da Nina, R. Əlizadənin “Doğmalar”da Mirvari, T. Mahmudun “Onuncular”da Zərnişan müəllimə, F. Sadığın “Bir parça vətən”də Dibələk, H. Cavidin “Ana”da Ana, “Afət”də İlçay, A. Məmmədovun “Bəraət”də Zərintac, Ş. Xusainovun “Ana vüqarı”da İkinci gəlin, F. Əlyarbəylinin “Qonşular”da Solmaz, S. Dərvişin “Fosforlu Cevriyyə”də Məlahət, N. B. Vəzirovun “Müsibəti Fəxrəddin”də Hürü, İ. Əfəndiyevin “Atayevlər ailəsi”də Mehrican obrazları aktrisanın maraqla qarşılanan və Gəncə Dövlət Dram Teatrının tarixində uğurlu səhnə fəaliyyətindən xəbər verir. Onun səhnə uğurları haqqında xalq artisti, rejisor Məhəmməd Burcəliyevin “Ədəbiyyat və İncəsənət” qəzetinin 28 sentyabr 1984-cü il tarixli ¹39 (2122) sayında nəşr olunan “Hakimiyyət, cinayət və cəza” resenziyasında oxuyuruq: “U. Şekspirin “III-Riçard” faciəsində quruluşçu rejisor Hilal Həsənovun uğurlu işinin nəticəsindən biri də aktrisa Fizulət Rzayevanın oynadığı Marqarita surətidir. İngiltərədən qovulan Lankaster sülaləsinin kralicası Marqarita tamaşanın əvvəlində Riçardla bağlı gələcək faciələrin sonunu söyləyir və zaman keçdikcə hər bir obraz səhnədə öldürülərkən Marqaritanın qələbə himni kimi səslənən gülüşü onun “peyğəmbərliyini” yadımıza salır. Aktrisa rolun faciəvi ağırlığını duyur, təbii və emosional səpgidə Marqaritanın iztirabını və nəhayət, mənəvi qələbəsini tədricən tamaşaçıya açıb göstərir”. Və ya rejisor, respublikanın əməkdar incəsənət xadimi Yusif Bağırovun quruluşunda 22 fevral 1986-cı ildə Gəncə Dövlət Dram Teatrının səhnəsində Aleksey Dudarevin “Astana” (Tərcümə edən-Emin Mahmudov) iki hissəli dramında aktrisanın yaratdığı Nina obrazı haqqında profesor Bağır Bağırovun 10 aprel 1986-cı il tarixli “Kirovabad kommunisti” qəzetinin ¹71 (10.694) sayında dərc edilən “Mənəvi ləyaqətə çağırış” məqaləsində oxuyuruq: “Sərxoşluğa qurşanan ərindən minbir əzab çəkən Ninanın – Fizulətin həyacanları, əzabları, istəmədiyi bir adama ərə getməsini söylədikdə keçirdiyi əsəbilik anlarını aktrisa varlığı ilə yaşayır, onun “bu zəqum hər şeyi əvəz edə bilərmiş: arvadı da, uşağı da, ananı da, bacını da” sözləri sərxoşluğa qarşı bir ittiham kimi səslənir, tamaşaçını bu böyük bəlaya nifrətə çağırır”.

Qeyd etmək lazımdır ki, Fizulət Rzayeva 35 illik səhnə fəaliyyəti müddətində Gəncə Dövlət Dram Teatrında Yusif Bağırov, Həsən Ağayev, Əşrəf Quliyev, Məhəmməd Burcəliyev, Hilal Həsənov, Arif Ağayev, Vaqif Şərifov və başqa rejisorlarla uğurlu səhnə həyatı bəxş olunan obrazlar qaleriyasını yaratmağa müvəffəq olub. Aktrisa bu rejisorlarla birgə səhnə fəaliyyətini xatırlayır, ancaq yenə də ona qarşı olan haqsızlıqlarla barışmır və deyir: “Mən heç zaman nə heç kimə qibtə etməmişəm, nə də ki, paxıllıq hissim olmayıb. Bu mənim xarakterimə xas olmayan bir xüsusiyyətdir. Sadəcə olaraq bilirdim ki, istedad və bacarığım var. Düz deyirlər ki, bəxt-tale başqadır. Çox zaman elə bəxt-tale insana mane olur. Yaxşı yadımdadır. 1982-ci ildə Orxan Kamalın “Yad qızı” faciəsi (Səhnələşdirən-Mailə Muradxanlı) hazırlanırdı və məni Nazan obrazına dublyor verdilər. O zaman Pərvanə Qurbanova teatra yenicə gəlmişdi. Tamaşanın rejisoru, xalq artisti Vaqif Şərifov dedi ki, dublyorlar günaşırı məşq edəcəklər. Mən də böyük həvəslə bu obraza hazırlaşırdım. İlk məşq günü isə bildirdilər ki, “Yad qızı” pyesində məşğul olan dublyorlar Rəhman Əlizadənin “Doğmalar” adlı iki hissəli komediyasının hazırlanmasına cəlb olunublar. O üzdən bu obrazda iştirak etmək mənə nəsib olmadı. Ancaq bilirdim ki, yenə də mənim yaradıcılığıma müəyyən formada təzyiq və təsir göstərməklə bu obrazdan uzaqlaşmağım üçün edilir. Sonra 1985-ci ildə Nəriman Həsənzadənin “Atabəylər” iki hissəli mənzum dramı rejisor Hilal Həsənov tərəfindən hazırlanırdı. Bu tamaşada da İnanc Xatun obrazına məni dublyor verdilər. Mənim sənət təcrübəm vardı. Çox istəyirdim ki, bu obrazı oynayım. Ancaq buna da imkan vermədilər. 1992-ci ildən başlayaraq Gəncə Dövlət Dram Teatrında çox böyük çəkişmələr, bir-birini bada vermə, hətta şər-böhtanlar baş alıb gedirdi. Mən görürdüm ki, istedadı və bacarığı olan sənətkarlar sıxışdırılır, onlara yaradıcılıq imkanları yaradılmır, ələlxüsus aktrisalara qarşı haqsızlıqlar edilirdi. Bu zaman daha çox doğma səhnəmdən küsdüm. Sonra Rafik Atakişiyev bu teatra bədii rəhbər və direktor təyin olundu. O da elə düşünürdü ki, bu teatr ancaq 20 və ya 30 nəfərdən ibarətdir. O, çox kəskin adam idi. Təəssüflə bildirirəm ki, hazırlanan tamaşalarda obrazlar həmin zamanda da düzgün bölünmürdü. Necə deyərlər “yağla-şor” bir-birindən ayrılmırdı. Artıq kimlərlə səhnəyə çıxmağımdan belə xəcalət çəkirdim. Son illərdə də bu sahəyə yad olan insanlar teatra cəlb olunurdu. Teatrda nəsillər-nəsili əvəz etməlidir. Hər zaman belə olub. Belə-belə teatr sənəti davam edib. Təəssüf ki, belə olmadı. Teatr camiəsindən anlayışı belə olmayan şəxslər bu teatra rəhbərlik etdi. Küsdüm və 2010-cu ildə qəlbən bu teatrdan uzaqlaşdım”.

Aktrisa Fizulət Rzayeva bu illər ərzində “Azərbaycanfilm”in istehsalı olan filmlərdə çəkilmək hətta dublyajlarda belə iştirak etmək arzusunda olub. Bu barədə söhbət düşərkən “Film dublyajlarında iştirak etmək arzum vardı. Ancaq paytaxtdan məsafə baxımından uzaq olduğum üçün bunlara nail ola bilmədim” deyir.

Hər zaman klassik dramaturgiyada obraz yaratmağa can atan aktrisa bu illər ərzində sözün əsl mənasında özünün sənət məktəbini yarada bilib. Yaşayıb və yaradıb. Bu gün də bu yaradıcılıq şöləsi teatrsevərləri öz ətrafına cəmləyə bilir. 125 illik tarixi bir yol keçən Gəncə Dövlət Dram Teatrının yaradıcılığında Fizulət Rzayevanın səhnə məziyyətləri hələ çox-çox tədqiq olunaraq gənc nəsillərə çatdırılacaq. Nəsillər-nəsili teatrının davamı olaraq.

 

Anar  Burcəliyev, teatrşünas      

 

Hürriyyət.- 2019.- 31 oktyabr-1 noyabr.- S.14.