Səfəvilər
Şah İsmayıla çamur atanlara tarixi faktlarla cavab
II YAZI
Bu dəfəki yazımızda Səfəvilərin guya İran (fars) dövləti olması haqqında yersiz iddialara cavab verməyə, digər tərəfdən
şiəliyin guya ilk
dəfə dəfə Səfəvilər
dövründə Yaxın Şərqdə və Azərbaycanda
dövlət dini səviyyəsində qəbul olunması nəticəsində
İslam-Türk dünyasının
“parçalanması” haqqındakı yalanlara
cavab verməyə
çalışacağıq.
Səfəvilər
dövründə idarəçilik
Artıq öxucularımızın adı ilə tanış olduqları İsgəndər bəy Münşi Səfəvilər dövlətinin qurulmasında iştirak etmiş 17 tayfanın içərisində ilk sıralarda Türklərin adlarını çəkir. Çünki bu tayfaların (Samlı, Ustaclı,Türkman, Rumlu, Zülqədər, Əfsar, Qacar, Təkəli, Bəydilli, Alpaut və s.) əmirləri Səfəvilər dövlətində yüksək vəzifələr tuturdular. Türk tayfaları ilə yanaşı, Səfəvilər dövlətinin qurulmasında irandilli xalqlardan talışlar və kürdlər də ( ruzəki,pazuki,ərdalan,çəkəni və s. əşirətləri) iştirak etmişdilər.
Oruc bəy Bayatın verdiyi məlumata görə, XVI yüzilliyin ortalarında Səfəvilər xanədanının idarı etdikləri Azərbaycan dövlətinin idarəçəliyində 32 tayfa xüsusi rol oynamışdır . Müəllif onları belə sıralamışdır :
1.Ustaclı – bu tayfa nümayəndələri şahın yaxınları olub, sarayda ali və mühüm vəzifələrə təyin olunurdular. Bu tayfa indiki Türkiyə Respublikasının şərqində məskunlaşmışdılar;
2.Şamlı – bu tayfadan olanlar İspaniyadakı moyordomlara (sərhəddə xidmət edən feodallar) bərabər tutulurdu. Bu tayfa Hələb şəhəri ətrafında və ondan şimaldakı torpaqlarda məskunlaşmış, Şeyx Cüneydin və Şeyx Heydərin müridləri içərisində xüsusi yer almışdılar. I Şah İsmayılın təlim və tərbiyəsində bu tayfadan Hüseyn Lələ bəy xüsusi rol oynamışdı;
3.Əfşar - bu tayfanın nümayəndələri əsasən ədliyyə vəziri və hakimi vəzifələrində çalışırlar;
4.Türkman – Səfəvi şahlarının həyat yoldaşları adətən bu tayfadan olurdu. Onların əksəriyyəti ali rütbəli hərbçilər idilər;
5-6. Bayat və Təkəli tayfaları əsilzadələr hesab edilir və İspaniyadakı hersoqlara bərabər tutulurdular;
Bunlardan başqa, Oruc bəy Bayat aşağıdakı Türk tayfalarının da Səfəvilər dövlətinin idarəçiliyində mühüm yer tutduqlarını yazır: Xarmandalı, Zülqədərli, Qacar, Qaramanlı, Bayburtlu, İspirli, Oryat, Çavuşlu, Asayişli, Camış- Qazaxlı, Sarızolaqlı, Qarabacaqlı, Baharlı, Göynüoralı,Qırxlı,Borçalı,Hacı Fəqihli, Həmzəli, Zolaqlı, Mahmudlu, Qara Çomaqlı, Qaraqoyunlu, Gözübəyizli, Peykli, İnazlı, Kuhgünyalı.
O zaman Səfəvilər dövlətini İran dövləti sayanlar bunu hansı mənbələrə əsaslanıb deyirlər?
Səfəvilər
dövründə din
Bu mövzuda da opponentlərimiz bir səslə Səfəviləri “Türk-İslam birliyini parçalamaqda”, şiəliyi (əslində isə onlar özlərini qızılbaşlar adlandırırdılar) ilk dəfə dövlət dini səviyyəsinə yüksəltməkdə ittiham edirlər.
Əslində isə, şiəliyin dövlət dini səviyyəsində qəbul edilməsi Fatimilərin adı ilə bağlıdır. 909-1171-ci illərdə mövcud olmuş bu dövlətin ərazisi indiki Misir, Suriya və ona bitişik əraziləri əhatə etmiş, sonuncu paytaxtı isə Qahirə şəhəri olmuşdur.
Daha sonra isə Buveyhilər və İsmailillər şiəliyi dövlət dini səviyyəsinə yüksəltmişdilər.
Azərbaycana gəldikdə isə,
şiəlik Səfəvilərdən 200 il
əvvəl dövlət dini kimi qəbul edilmişdi. İlk dəfə bu təşəbbüs
Qazan xan (1295-1303) tərəfindən
edilsə də, mənbənin yazdığına görə,
“Hülakülar taxtına oturan
Sultan Məhəmməd Xudabəndə
709-cu (II.VI.1309 - 30.V. 1310) ildə fərman verdi
ki, on iki
imamın adına sikkə və xütbə
hazırlasınlar. Bu iş çox
yerlərdə, o cümlədən İsfahanda həyata keçmədi. İsfahan əhalisi bunu qəbul
etmədi. 710-cu(31.V.1310 - 19,V.1311) ildə [Sultan
Məhəmməd Xudabəndə] istədi ki,
oraya 20000 atlı göndərib, onları
itaətsizliklərinə görə cəzalandırsın. Çox zəhmətdən
sonra sünnilərin
başçısı olan Molla Əbu İshaqı tutub,
düşərgəyə gətirdilər, və
isfahanlıların inadcıllığı bir
qədər yumşaldı” (İ.Münşi.
“Tarixe alamaraye Abbasi”. Bakı, 2009).
Digər
tərəfdən, əgər Osmanlı dövlətinin Səfəvilərə
qarşı düşmənçiliyinin səbəbi
onların “Türk dünyasını parçalayan şiəliyi
qəbul etmələri ” idisə, o zaman nədən
Osmanlılarla eyni məzhəbdən olan, Bayandurlar sülaləsi
tərəfindən idarə olunan Azərbaycan
sultanlığı ilə də düşmənçilik
edir, İslama böyük zərbə vurmuş monqol
yürüşləri zamanı onlara dirəniş göstərərək,
Bağdaddakı müqəddəs əmanətləri Qahirəyə
apararaq qoruyan sünnü məzhəbli Misir Məmlük
sultanlığına divan tutmuşdular?
Məsələ ilə bağlı yenidən mənbələrə müraciət etməli oluruq. Atası Səlim Yavuzdan sonra hakimiyyətə gəlmiş Sultan Süleyman Osmanlı taxtına çıxdığı ilk illərdən başlayaraq Azərbaycana hücum etmək fikrində idi. Bu məqsədini həyata keçirmək üçünsə hər hansı bir bəhanə lazım idi. Şah Təhmasibə atasının vəfatından az sonra sultanın olduqca təhqiramiz bir məktubu təqdim olundu. Sultan Süleymanın Şah Təhmasibə gələn məktub təhqiramiz ifadə və hədələrlə dolu idi: “Nə üçün sarayıma adam göndərib, öz tabeliyini bizə izhar etmədin? Ağlının nöqsanı mənim yaxın vaxtlarda Şərq diyarına hücum edəcəyimə səbəb olubdur. Çadırımın təkcə Təbriz və Azərbaycanda deyil, bəlkə də bütün İran və Turan məmləkətlərində qurulması müəyyən edilmişdir”. Sultan Süleyman bu hədə-qorxudan sonra Səfəvi şahına hətta döyüşsüz təslim olmağı təklif edir: “İndi sən gərək öz xanimanın və məmləkətini taraca vermədən tacını başından çıxarıb, əcdadın kimi əyninə kətan parçadan paltar geyərək dərvişlik zaviyəsində əyləşəsən. Fərmanıma cavab göndərib, əgər ərsənsə döyüşə hazır olasan”. Şah Təhmasib isə ona Avropada yürüşdə olan I Süleymana arxadan zərbə vurmağı məsləhət görən bitlisli Dəli Yadigar Pujəkiyə belə cavab vermişdi: “Həzrət Xandigarın (xotkar Osmanlı sultanlarına deyilirdi) adamları Firəng (Avropa) tərəfə din uğrunda döyüşə getmişdir. Biz onun ölkəsinə getsək, işimiz irəli getməyəcək. Əgər o, mənim qardaşımı və uşağımı öldürsə belə, kafirlərlə din uğrunda döyüşə getdiyi üçün onun ölkəsinə getmərəm. Dinimi dünyaya satmaram”. Xacə Zeynəddin isə bu məsələni bir az fərqli şəkildə təsvir dir : “Hamı dilbir olub, kama çatmış şah Təhmasibi Ruma yürüş etməyə təhrik edir və deyirdilər ki,Sultan Süleyman Firəngistana gedib, fürsət qənimətdir. Əlahəzrət şah Təhmasib bunu qəbul etməyib dedi ki, o, din uğrunda müharibəyə gedib və kafirlərlə vuruşduğu üçün bizə bu vaxt onun ölkəsi üzərinə getmək, kafirlərə kömək etmək demək olar”( Xacə Zeynalibidin Əli Əbdi bəy Şirazi.Təkmilətül - əxbar. Fars dilindən tərcümə, müqəddimə və şərhlər Əbülfəz Haşım oğlu Rəhimlinindir . Bakı, 1996).
İstər özbək, istərsə də osmanlıları özünə düşmən hesab etməyən I Təhmasib isə onlarla olan soy bağlılığını öz təzkirəsində belə izah edir: “Gördüm ki, bir Ay göyün ortasında durubdur. Eyni zamanda başqa bir ay da Şərq tərəfdən, digəri Qərb tərəfdən göründü. Qərb tərəfdən görünən Ay çox böyük, şərq tərəfdən görünən isə kiçik idi. Bir nəfər nurani şəxs dayanıb mənə deyir ki, qərbdəki Ay Xandigar (Osmanlı sultanı), şərqdəki Ay özbək Übeyd və ortadakı Ay sənsən”(Şah Təhmasibin təzkirəsi. Fars dilindən tərcümə və müqəddimə Əbülfəz Haşım oğlu Rəhimovundur. Bakı,1996).
Əziz Oxucu, mənbələrə heç bir şərh vermədən Sizlərin nəticə çıxaracağınıza əminik!
Lütfi MƏMMƏDOV
Hürriyyət.- 2019.- 12-13
sentyabr.- S.11.