Azərbaycan və qloballaşan dünya mədəniyyəti

 

Çarlıq Rusiyasının dağılması ərəfəsində Azərbaycandakı maarifçilik hərəkatı həm də dövrün dünya mədəniyyətinin bir parçasına çevrilməsi ilə müşahidə olundu. Keçmiş Sovetlər Birliyi çökdükdən sonra isə, bu dəfə Azərbaycan beynəlxalq birliyin bir parçası olaraq daha möhtəşəm uğurlara imza atmağa başladı. Bir yandan Azərbaycan dünya mədəni irsinin tərkib hissəsi kimi qəbul olundu, digər yandan ölkəmiz dünya mədəni hadisələrinin mərkəzinə çevrildi. Respublikamızda keçirilən beynəlxalq mədəni tədbir və konfranslar öz möhtəşəmliyi ilə xüsusi dəyər qazandı.

 

Mədəniyyətin dünya xalqlarının müasir inkişafında rolu

 

Qloballaşmanın mədəni tərəfi bir-birindən fərqli, hətta biri digəri ilə ziddiyyət təşkil edən iki fərqli nəticəyə gedib söykənir:

1. Birinci nəticə “mikromilliyətçilik” şəklində ortaya çıxmışdır. Son nümunəsini keçmiş Yuqoslaviya hadisəsində gördüyümüz, “mikromilliyətçilik” milli dövlətin sərhədlərini aşan və onu daha kiçik parçalar halında qəbul edən bir sistemə sahibdir.

2. Qloballaşmanın mədəni tərəfinin ikinci nəticəsi, xüsusilə istehlakçı davranışına təsir edərək, dünyada tək mədəniyyətliliyə şərait yaratmasıdır. Bununla bərabər hər bir xalqa şərait yaradır ki, öz mədəniyyətini təbliğ etsin. Məsələn, bu gün türk ustası Avropada yaşayan həvəskarlara saz çalmağı öyrədir və ya Yaponiyadan gəlmiş qrup yerli rəqsləri olduğu kimi öyrənib ifa edir.

Mədəniyyətin qloballaşması geniş mənada dünya iqtisadiyyatının və informasiya texnologiyalarının inkişafının nəticəsi olaraq xalqların dünya dövlətləri sisteminə inteqrasiyasını, onlar arasında mədəni əlaqələrin inkişafını və qarşılıqlı mədəni təsirini nəzərdə tutur. Mədəniyyətin qloballaşması dünya mədəni dəyərlərinin sintezini və yeni formada təşəkkülünü ehtiva edir. Müasir dünyamızda xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi, ünsiyyəti və qarşılıqlı şəkildə bir-birini dərk etməsi həmin xalqların yaxınlaşmasını şərtləndirir. Dünya əlaqələrinin qloballaşması bizim iradəmizdən asılı olmayaraq inkişaf edən bir prosesdir. Buna qarşı etiraz etmək demək olar ki, mümkünsüzdür. Lakin vahid iqtisadi mədəniyyətin formalaşması prosesi öz-özlüyündə bir çox xalqlarda mədəni özünəməxsusluğun qismən və ya tam itirilməsinə real təhlükələr yaradır. Beləliklə, qloballaşma neqativ və pozitiv tərəflərə malikdir. Qloballaşmanın neqativ tərəfi mədəni özünəməxsusluğun qismən və ya tam itirilməsi təhlükəsi ilə bağlıdır. Qloballaşmanın pozitiv tərəfi isə xalqların dünya sisteminə inteqrasiya olunması prosesinin sürətləndirilməsi, başqa xalqlarla mədəni əlaqələrin genişləndirilməsi və insanların miqrasiyası ilə bağlıdır.

 

Azərbaycan mədəniyyətinin qloballaşmada iştirakı

 

Qloballaşma ilə mübarizə aparmaq, ya da ona öz dəyərlərini diktə elətdirmək üçün qarşı çıxa bilinməyən məqamlarda başqa tərəfdən getmək və hədəfə doğru, bəzən saman altından su kimi yeriyərək, bəzən sel kimi coşub çağlayaraq, heç vaxt məqsədi gözdən qaçırmadan axıb getmək lazımdır. Bu müəyyən mənada mümkünsüz görünür. Bu zaman qədim müdriklərin bir kəlamı yada düşür: “Əgər güclü külək əsirsə, onun qarşısını almaq üçün hündür və möhkəm divarlar tikmək lazım deyil, sadəcə yel dəyirmanları tikib güclü küləkdən başqa məqsədlər üçün– enerji almaq üçün istifadə etmək lazımdır”. Bəs qloballaşma qarşısında bizim müdafiə edə biləcəyimiz hədəf nə ola bilər? Hədəf, həm yuxarıdan həm də aşağıdan gələn təzyiqlərə qarşı, milli dövlətçiliyimizi müasir və təsirli hala gətirərək, əhatə elədiyi sərhədlər içərisində bütün insanların xoşbəxtliyini və gözəl yaşayışını təmin etməkdir.Niyə milli dövləti qorumalıyıq? Çünki, milli dövlətçiliyin əhatə elədiyi siyasi sərhədlər içərisindəki bütün vətəndaşların rifahını və xoşbəxtliyini qoruya biləcək başqa heç bir siyasi güc və siyasi qurum mövcud deyil. Qeyri-ənənəvi modernizasiya variantları axtararkən qarşımıza Cənub-Şərqi Asiyadan başqası çıxmır. XXI əsrin ikinci yarısında Şərqdən böyük çiçəklənmə gözləyən bəzi Qərb intellektualları bu mənada haqlıdırlar. Bu, ədəbiyyatda da, texniki tərəqqidə də özünü göstərəcək. Post-sovet ölkələri isə eynilə yaponlar və koreyalılar kimi təkcə bugünkü cəmiyyətə lazım olan mədəniyyət yox, sabahkı cəmiyyət üçün lazım olacaq mədəniyyət yaratmalıdırlar.

Qloballaşma prosesində ümumbəşəri dəyərlər kimi qəbul olunan müstəqillik, insan hüquq və azadlıqları, din və vicdan azadlığı, bərabərlik kimi anlayışlar, insanlığın ortaq bir hədəfə doğru yönəlmə imkanlarının ciddi olduğunu göstərən dəyərlərdir. Bu nöqtədə müəyyən bir din və mədəniyyətə mənsub olmaq, yəni öz dəyərlərimizin fərqində olmaq qloballaşma ilə ziddiyyət törədən amillər kimi yox, əksinə onu tamamlayan dəyərlər hesab olunmalıdır. Milli mədəni dəyərlər baxımından baxdığımız zaman ədalət, azadlıq, mal, can və din hüquqları, dinin əsl ünsürlərindəndir və bu mənada dəyərlərin məkan və mədəniyyətin bir hissəsi kimi yox, əksinə mütləq və ümumbəşəri dəyərlər olduğunu tam mənası ilə qəbul edir. Lakin o da bəllidir ki, qloballaşma qaçılmazdır. Onun gərəkli-gərəksiz olduğuna biz qərar vermək gücündə deyilik. Bizim əsas rolumuz insanların və bəşəriyyətin qloballaşmasını məqsədyönlü şəkildə istiqamətləndirməkdir. Qloballaşma həm obyektiv (bu proses heç kimdən və heç nədən asılı olmadan gedir), həm də subeyktivdir (insanların iştirakı ilə gedir). Bu prosesdə biz elə iştirak etməliyik ki, o, insanlara tərəqqi gətirsin, dəhşət gətirməsin. Ona görə də bütün yer üzü bu prosesdə iştirak etməlidir. O cümlədən də, Azərbaycan. O da bəllidir ki, Azərbaycan bu prosesdə müşahidəçi deyil, iştirakçıya çevrilən bir dövlət statusu qazanıb. Bu prosesə Fransanın, Almaniyanın hazırlıq səviyyəsi ilə yenicə müstəqilliyinə qovuşmuş və iqtisadiyyatı, təsərrüfat həyatı keçid dövründə olan Azərbaycanın hazırlıq səviyyəsini yüksək saymaq olmaz. Nəzərə almaq lazımdır ki, bu proses elə bir seldir ki, bizi də öz axınına qatıb aparacaq. Bu təhlükə həqiqətən də var. Mümkün qədər, bir etnos, xalq olaraq özünü toplamaq, bu proseslərdən fayda götürmək, mənfi təsirlərə az məruz qalmaq lazımdır. Qloballaşma istər-istəməz milli-mənəvi dəyərlərə, mentalitetlə, dinlə bağlı məsələlərə mənfi təsir göstərir. Kənardan gələn təsirlər missioner təsir də ola bilər. Din və dövlət, mənəviyyat səviyyəsində duyulacaq bu missioner təsirlərdən xalqı, milləti qorumalıyıq.

 

Milli dəyərlərə köklənən qlobal dəyərlər

 

Qloballaşmanın dərəcəsindən asılı olmayaraq, biz öz kökümüzə bağlılığımızı itirməməliyik. Çünki kökündən qopandan sonra o qloballaşmanın gətirdiyi xeyirin daha böyük fəsadı olacaq. Mənəviyyatından, dinindən, imanından qopmamaq şərtilə qloballaşmaq lazımdır. Qloballaşma və inteqrasiya prosesləri məhz texnoloji istiqamətlər üzrə getməlidir. Mədəniyyət və mənəviyyat məsələlərində mümkün qədər mühafizəkar olmaq lazımdır. Gənclərin bədii-estetik tərbiyəsində, zövqündə, mənəviyyatında bir çox deformasiyalar özünü göstərməkdədir. Bazar iqtisadiyyatının və informasiya texnologiyalarının sürətlə inkişafı dünya dövlətləri sistemində müxtəlif maddi və mənəvi dəyərlərə, o cümlədən mədəni düşüncələrə malik xalqlar arasında əlaqələrin harmonik uzlaşmasını və inkişafını tələb edir. Əgər bu gün dünyada mövcud münaqişələri ədalətli şəkildə həll edib bəşəriyyətə sabitlik və sülh gətirmək istəyi varsa, ilk növbədə başqa mədəniyyətlərə və düşüncələrə sahib xalqların özünəməxsusluğuna hörmətlə yanaşmalı, etnomədəniyyətin xüsusiyyətləri nəzərə alınmaqla onun bəşəri dəyərlərlə uzlaşmasına nail olmalıyıq. Hər hansı bir dövlət iqtisadi və mədəni inkişafa nail olmaq istəyirsə, o, artıq bu baxımdan yüksəliş əldə etmiş dövlətlərin tarixi sınaqlarından uğurla çıxmış qanunları tətbiq etməlidir. Bu qanunlar bütün xalqlar və mədəniyyətlər üçün eyni olmasa da, oxşardır. İqtisadiyyatda inkişafın əldə olunması cəmiyyətdə mədəniyyətin bir forması kimi iqtisadi mədəniyyətin təşəkkülünə təkan vermiş olur. Digər mədəniyyət formalarından fərqli olaraq iqtisadi mədəniyyət qanunlarının ümumiliyi nəticəsində məzmununa görə eyniliyi şərtləndirir. Bu baxımdan dünya dövlətləri sistemində vahid iqtisadi mədəniyyətin formalaşdırılması iqtisadi qanunların tətbiqi ilə mümkündürsə, bu, artıq iqtisadi mədəniyyət fonunda mənəvi mədəniyyətlərin uzlaşmasına və mübadiləsinə real imkanlar açmış olur. İqtisadi inkişafa nail olmaq yolu ilə mədəni dəyərlərin uzlaşmasına və harmoniyasına nail olmaq vacib şərtdir.Dövlətlər arasında iqtisadi əlaqələrin inkişafının qloballaşması və tədricən vahid dünya iqtisadi məkanının formalaşması dünya dövlətləri sistemində yaşayan xalqların mədəniyyətlərinin, mədəni düşüncələrinin və davranışlarının bu reallığın tələblərinə uyğun olaraq formalaşması zərurətini yaratmışdır. Lakin bu formalaşma prosesi digər xarici mədəni dəyərlərin kortəbii şəkildə mənimsənilməsindən ibarət olmayıb, öz etnomədəniyyətinin başqa mədəniyyət nümayəndələrinə təbliğ edilməsini və mədəni dəyərlərin qarşılıqlı mübadiləsini tələb edir. Mədəni dəyərlərin qarşılıqlı mübadiləsinin və sintezinin ana xəttini bəşəriyyətin çiçəklənməsinə, onun düzgün və ədalətli inkişafına xidmət edən vahid dünya mədəniyyətini formalaşdırmaq, sosial-mədəni münasibətlərin harmonik inkişafına nail olmaq təşkil etməlidir. Dünya mədəniyyətinin vahidliyinə nail olmaq, günümüzün reallıqları fonunda çətin görünsə də, sabahın tələbi və bəşəriyyətin gələcək inkişafı üçün başlıca təminat olacaqdır. Biz bu həqiqəti bu gün söyləməsək, sabah həmin həqiqət özü-özünü söylətməyə vadar edəcəkdir. Bu baxımdan mədəniyyətlərin qloballaşması və bu sahədə mövcud problemlərin nəzəri təhlilinin araşdırılması olduqca əhəmiyyətlidir.

 

Azərbaycanın mədəniyyət sferasında beynəlxalq əlaqələri

 

Mədəniyyət sferasında Azərbaycan Respublikası UNESCO (Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı), İCESCO (İslam Konfransının Təhsil, Elm və Mədəniyyət Təşkilatı), Avropa Şurası kimi beynəlxalq və regional qurumlarla əməkdaşlıq edir və layihələrdə iştirak edir. Azərbaycanda Avropa Şurasının “Avropa Mədəni İrs Günləri Kompaniyası” keçirilmişdir. Bu zaman beynəlxalq layihələr üzrə bərpası sona çatmış abidələrin açılışında iştirak, eləcə də bərpa işləri hələ də davam etdirilən abidələrə baxış, keçən illərdə olduğu kimi, növbəti Beynəlxalq Foto Təşəbbüsü üzrə sərginin və kataloqun təqdimatı, məktəblərdə və universitetlərdə “Avropa ümumi irs” Proqramı və Avropa Mədəni İrs günləri Kompaniyası, “Mədəni irsin qorunması-mənim vətəndaşlıq borcumdur” fakültativ dərslərinin aparılması nəzərdə tutulmuşdu.Azərbaycan Avropa Şurasının mədəniyyət sahəsinə aid olan digər mühüm bir layihəsində – “STAGE” layihəsində də iştirak edib. Layihənin əsas prinsipləri aşağıdakılardır: mədəni özünəməxsusluğun dəstəklənməsi, mədəni müxtəlifliyin dəstəklənməsi, yaradıcılığın dəstəklənməsi, ölkənin mədəni həyatında bütün təbəqələrin iştirakının dəstəklənməsi. “STAGE” layihəsi çərçivəsində Avropa Şurasının ekspert qrupu Azərbaycanda olub. Bu səfər zamanı ekspertlər Avropa Şurasının dəstək verə biləcəyi sahələri qeyd etmişlər və Mədəniyyət Nazirliyi ilə vətəndaş cəmiyyətinin nümayəndələri tərəfindən irəli sürülən təklifləri nəzərə almışlar.

 

Hürriyyət.- 2019.- 12-13 sentyabr.- S.12.