Əliağa Vahid
haqqında düşüncələr
I YAZI
Həqiqətlə yalan
arasındakı mübarizə hələ çox çəkəcək.
Bu mübarizə heç vaxt soyumaq bilməyərək
dövrlər və zamanlar silsiləsinin tələblərinə
uyğun olaraq getdikcə qızışacaq.
Vahidin həyatı,
yaradıcılığı, şairlik fəaliyyəti və
ədəbi irsi onu beş istiqamətdə tədqiq etmək
və araşdırmaq üçün əsas verir.
1.
Birincisi onun qəzəlləri və aşiqanə şeirləridir.
Bu, Əliağa Vahid yaradıcılığının əsas
istiqaməti sayılır. Vahidin Azərbaycan ədəbiyyatında
xidmətlərindən danışan ədəbiyyatçılar
onun qəzəli klassik bir janr kimi qoruması və daha da
inkişaf etdirməsini ön plana çəkirlər. Vahid ədəbiyyatımızda
əsasən «qəzəlxan» kimi tanınır. Vahidin
yaşayıb-yaratdığı dövrə nəzər
salsaq və o dövrdə qədim şer formalarına və
ümumiyyətlə, köhnə adət-ənənələrə
olduqca yabançı münasibətin hökm
sürdüyünü düşünsək, o zaman qəzəlçiliyin
nə qədər məsuliyyətli və təhlükəli
olması barədə tədqiqatçılara yeni mövzu
vermiş olarıq.
Burada nəzərə
almaq lazımdır ki, qırmızı terror azərbaycan ədəbiyyatına
da ardıcıl zərbələr endirməkdə idi.
Ayıq və qeyrətli adamları aradan
götürürdülər. Komsomol toyları təşkil
edib azərbaycanlıları zorla içkiyə oturdurdular.
İçməyənlər cəzalanırdı. “Qəzəl
oxumayın” deyirdilər. Hələ bu yasaq olunanlardan biri idi.
Məscidlər bağlanmışdı. Əsil dindarlar yoxa
çıxmışdı, ya da inzivaya çəkilmişdi.
Sosializmin
düşmənlərinin “külünü göyə
sovurmağı” planlaşdırırdılar.
Xalqın
zehniyyətini silməyə, yaddaşını dondurmağa,
kökündən keçmişindən ayırmağa
çalışırdılar.
Azərbaycan
mentaliteti çətin sınaqlar qarşısında idi.
Köhnəliklə
yenilik arasında vuruş gedirdi. Vuruşmanın
abü-havası hər iki qütbdə görünməmiş
insan tipləri yaradırdı. Hər iki tərəfin öndə
gedənləri, qabaqcılları, başbilənləri var
idi. Əliağa Vahid də biz tərəfdən cahada
qalxanlardan biri idi.
Xalq
şairi Səməd Vurğun şerlərinin birində həmin
dövrü belə təsvir edirdi:
İşıq
qaranlıqla pəncələşərək
Yaşatmaq
istəyir cahadda bizi.
Günəş
salamlayır saf eşqimizi.
Bir tərəfdə
kommunist biletini Vahidə göstərib lovğalanan
fırıldaqçılar var idi ki, şair onlara belə
cavab verirdi:
Bu sizin
firqənizin qırmızı dəftərçəsidir
Hər
kimin bir belə dəftərçəsi varsa bəsidir.
O biri tərəfdə
isə Vahidin:
Evi abad
ola aləmdə yenə Mümtazın,
Sordu əhvalımı
fəxrəndeyi-hal etdi məni.-
deyə
yad elədiyi Salman Mümtaz kimi dostlar var idi.
Belə
bir əyyamda ənənəçiliyin və qəzəlçiliyin
can qorxusu var idi.
Dövrün
xüsusiyyətlərindən biri də o idi ki, şəhərlər
və qəsəbələr yarıçılpaq
qadınlarla doldurulmuşdu.
Bu məsələni
xatırlayarkən Hopopnaməyə çəkilmiş şəkillər
(illustrasiyalar) yada düşür.
Əliağa
Vahidin qəzəlləri araşdırıcılar, şairlər
və şərqşünas alimlər tərəfindən
çox yüksək qiymətləndirilmişdir.
Yalnız
onu demək bəs edərdi ki, İran ədəbiyyatçısı
Yəhya Şeyda Əliağa Vahidi «məhəbbət
elçisi» adlandırır. Xalq şairi Səməd
Vurğun ona «anadangəlmə şair», Məhəmmədhüseyn
Şəhriyar yaradıcılığının məşhur
təbliğatçısı, Qulamhüseyn Beqdeli isə
Əliağa Vahidə «Hafızi dövran» deyirdi. Burada onu da
qeyd etməyi lazım bilirik ki, əlimizdə olan materiallar
yuxarıda deyilənləri təsdiq etməkdədir.
Vahidə
«Füzuli yadigarı» deyənlər də çox olub. Onun
haqqında bu ad altında məqalələr də
yazılıb. Vahidə həsr olunmuş meyxana deyişməsindən
bir bənd şeri yadımıza salaq:
Vahid
şeri Füzuliyə tən deyib,
Özü
də cavanlıqda çox erkən deyib.
Qəzəlin
çoxunu Vahid bədahətən deyib,
Tutmayıbdı
özünü Yuxarı Vahid,
Böyük
Füzuli yadigarı Vahid.
Vahid
eşq- məhəbbət şairidir. Özünün dediyi
kimi, nə «rəna qəzəldən», nə də işvəli
dilbərdən, nazlı gözəldən ayrıla bilməyən
sənətkar bütün ömrü boyu öz əqidəsinə
sadiq qalmışdır:
Mən
necə ayrılım rəna qəzəldən,
İşvəli
dilbərdən, nazlı gözəldən,
İnsan
ki, bir şeyə uydu əzəldən,
Ölüncə
başında o adət olur.
Bu sətirlər
Vahidin ədəbiyyatşünas Cəfər Xəndana
yazdığı məktubdan bir parçadır.
Eşq-məhəbbət
Vahid yaradıcılığının ana xəttidir.
«Dünyada fəqət bircə məhəbbət qanıram mən»
- deyən şair əsərlərində bu fikrini müxtəlif
formalarda dəfələrlə xatırladır.
Əliağa
Vahidə görə eşq insanlığa məlum olan
bütün anlayışlardan yüksəkdə durur. Vahidin
«kamal əhli» kimi yaşamaq imkanlarından imtina etməsinə
səbəb də eşq idi. Əql və fərasəti ilə
şahanə həyat sürə biləcək bir adam «barigəhi
eşqi» bəyənib, bu təmənna ilə şahanəliyindən
keçmişdi.
Çox
fərqi var, arif düşünər əql ilə eşqin
Eşq əhli
kamal əhlinə həmxanə deyilmiş.
Beytin
sözaltı mənasında Sabiranə ustalıqla gizlədilmiş
bir istehza var: «Kamal əhli» olmağa nə var ki?! Hünər
«eşq əhli» olmaqdadı.
Qəzəllərinin
birində təbiətinin məhəbbət torpağından
yoğrulduğunu, öləndən sonra da məzarının
ülfət gülləri bitirəcəyini söyləyirdi:
Saqi sərməst
qılıbdır bir əyaq ilə məni,
Nola hər
saət aşarsa ayağım başımdan.
Tinətim
xaki məhəbbət ilə təxmir olunub
Bitər
ülfət gülü ölsəm də məzar
daşımdan.
Digər
bir qəzəlində:
Vahidəm
eşq məhəbbətlə cahandan getdim,
Heyf kim,
bilmədilər mən nə təriqətdə idim.
- deyə
şikayətlənir, giley-güzar edirdi.
Vahid hər
şeydən öncə gözəllik aşiqidir. O insan
gözəlliyini də özünəməxsus şəkildə
tərənnüm edib.
Əliağa
Vahid şerlərində bəzən bu gözəlliyin
özü deyil, nəticələri ön plana çəkilir:
Gözəllik xoş ovqat yaradır, adamı heyrətə gətirir,
gözəllik fövqəl hadisələrə də səbəb
olur. Gözəllik fitnə-fəsad da törədir.
Əliağa
Vahidin gözəllik dünyası ayrıca tədqiq
olunmalıdır.
Vahidin qəzəllərində
zəmanəsinin xüsusiyyətləri də əks olunub.
Xalq şairi Səməd Vurğuna yazdığı və digər
qəzəllərində bu, açıq-aydın
görünməkdədir. Burada sözümüzə
xülasə edək. Vahid qəzəllərinin və aşiqanə
şeirlərinin çox incə və zərif xüsusiyyətləri
vardır. Təsadüfi deyildir ki, hətta ən məşhur
ədəbiyyat mütəxəssisləri də onun şeirlərinin
sehri və sirrlər aləmi qarşısında mat
qaldıqlarını etiraf etməli olmuşlar.
2. Əliağa Vahid satirik şerlər
və meyxanalar müəllifidir
Onun
satirik şerləri tədqiq olunmayıb. Meyxanaların isə
çoxusu itib-batıb.
Vahidin
“Biz şairə qiymət veririk öləndən sonra”
misralı meyxanası onun külliyatına salınmayıb.
Satirada
Vahidi M.Ə.Sabirin yetişdirməsi hesab eləyənlər də
var, onun satiralarını «ədəbiyyatımızda ancaq
ayrı-ayrı illərdə güclənən cari
felyetonçuluqla bağlı» olduğunu qeyd edən ədəbiyyatşünaslar
da.
Vahidin
adı çəkiləndə əvvəlcə qəzəl,
sonra isə meyxana yada düşür. Vahid həm də
meyxana ustası idi. O, şifahi xalq ədəbiyyatımızın
bu növünə də yeni ruh gətirmişdi. Vahid mədəni
adam idi. Hərzəguluq edənlərlə meyxanə deməkdən
qaçardı. İndiki meyxanaçılar açıqca
etiraf edirlər ki, bu janrın ən böyük ustadı
Əliağa Vahiddir. Meyxana haqqında onların dediklərini
yada salaq:
Şerin
incə növünə dəlalətdi bu,
Əliağa
Vahiddən əmanətdi bu.
Vahidin
satirik şeirləri bu gün də öz əhəmiyyətini
itirməmişdir:
Zəmanə
mərdlik axtarır
Yeri, yeri,
qorxağın biri.
İki
igid hümmət edə,
Gündə
qopar dağın biri.
Yeri, yeri,
qorxağın biri.
Bir
neçə il xəspuş olub,
Oğrulara
tay-tuş olub.
İndi gəlib
dərviş olub,
Köhnə
fırıldağın biri.
Yeri, yeri,
qorxağın biri.
və
yaxud,
Çıx
ey qaniçən yırtıcı, çıx
torpağımızdan,
Xain,
gözünü çək dərəmizdən
dağımızdan.
3. Əliağa Vahid epitafiyalar müəllifidir
Ədəbiyyatda
qəbrüstü yazılara, baş daşına və sinə
daşına yazılan şeirlərə epitafiya deyilir.
Vahidin
şairlik fəaliyyətinin bu tərəfi də diqqətəlayiqdir.
O təkcə toylarda meyxanələr deməklə,
şadlıqlara təbriknamələr yazmaqla kifayətlənməyib.
Xalqın sevincinə şərik olduğu kimi, hüzn, matəm
və üzüntülü günlərində də
xalqın yanında olub. Öz yaxınlarının, əzizlərinin
baş və sinə daşlarına şer yazdırmaq
üçün Vahidə müraciət edənlər
çox olub. Əliağa Vahid
yaradıcılığının tədqiqatçısı
rəhmətlik Məmməd Nuru oğlu şairin
epitafıyalarının bir qismini nəşr etdirib. Biz Gəncədə
İmamzadə qəbristanlığında Vahidin
epitafıyalarına rast gəldik. Cavan bir oğlanın məzarında
baş daşına görək nə yazılıb:
Biçdi
xəyyati-əcəl əynimə bir qəmli kəfən,
Mənə
toy xələti, bəylik otağı layiq ikən.
Fələyin
gəlmədi rəhmi anamın göz yaşına,
Qoy
yazılsın qara xətt ilə məzarım daşına.
«Qəzəlxan»
filmində Vahidin Gəncəyə toya
çağırılması və ora gedib çıxa bilmədiyini
əks etdirən gülməli və həm də kədərli
bir səhnə var.
Loğman
Kərimov “Qəzəlxan” filminin çəkilişi ərəfəsində
Məmməd Nuruoğlu gildə Əliağa Vahidin Gəncədə
əsəbi şəkildə dediyi meyxanəyə dəfələrlə
qulaq asdığını bildirib. Çox maraqlıdır
Vahid Gəncəyə neçənci ildə və kimnən
gəlmişdir?
Araşdırmalar
göstərir ki, Vahid qəbristanlıqlar üçün də
epitafıya yazıb. Ədəbiyyatşünas Rafael
Hüseynov kənd qəbristanlığı hasarının
alaqapısı üçün Vahidin yazmış olduğu
epitafıyanı belə təqdim edir:
Ey gələnlər,
baxın ibrətlə məzarstanə,
Çox
pərilər çəkib ağuşıına. bu viranə.
Yenə
eşq ilə, məhəbbətlə keçinmək
xoşdur,
Qoymamış
kimsəni şad olmağa bu qəmxanə.
Rafael
Hüseynov «şeirimizin bu qanadına da biganə»
olmamağı məsləhət bilir.
Fikrimizi
yekunlaşdırıb onu demək istəyirik ki, Azərbaycanın
əksər bölgələrində Vahidin
epitafıyaları var. Onları axtarıb tapmaq Vahid
yaradıcılığının az öyrənilmiş sahəsinə
işıq salardı.
4. Əliağa Vahidin tərcümələri
Vahid
Nizami, Xaqani, Füzuli və digər klassikləri tərcümə
edib. Füzulinin farsca divanının Azərbaycan dilinə tərcüməsinin
(1958-ci il nəşrinin) birinci redaktoru olub. Akademik Həmid
Araslı Vahidin tərcümələrini və redaktor kimi fəaliyyətini
yüksək qiymətləndirib.
Vahidin tərcüməçilik
məharəti, «qəzəl qurmaq ustalığı», əruz
vəznini mükəmməl bilməsi digər tədqiqatçıların,
o cümlədən Əkrəm Cəfərin və Məhəmmədtağı
Zehtabinin də nəzər-diqqətini cəlb etmişdi.
Vahidin
külliyyatında Xaqaninin tərcüməsi ilə
bağlı şairin narahatçılığını əks
etdirən bir şer də var:
Bir il də
çəkər, vay dədə, Xaqani çıxınca
Eşq əhli
gərək səbr eləsin canı çıxınca.
Xaçmazlısan,
ay tərcüməçi, yoxsa qubalı?
Öz
boynuva öz tərcüməvin vizrü vəbalı.
Az
qaldı üzüm-əncilə, qurtardı gəvalı,
Ləngitsə
bir az da bu işi Mirzəbabalı.
Bəlkə
çapa getsin gələn il şanı çıxınca,
Bir il də
çəkər, vay dədə, Xaqanı
çıxınca.
Göründüyü
kimi, Vahid Xaqaninin tez nəşr olunmasını
arzulayırdı ki, öz tərcümələri
üçün zəhmət haqqı alsın.
Bir tərcüməçi
kimi də, Əliağa Vahidin tayı-bərabəri
olmayıb. Professor Həmid Məmmədzadə Füzulinin tərcüməsi
zamanı Əliağa Vahidin fitri istedadının heyrətdoğurucu
məqamları haqqında olduqca maraqlı və indiyədək
görünməmiş bir əhvalat danışır.
Nəzərə
almaq lazımdır ki, Vahid professional tərcüməçi
deyildi. Klassikləri tərcümə etməyə, onu əsasən
qəzəlxan olduğuna görə cəlb etmişdilər.
Tərcümə
işi çətinliklərinin Vahidi üzüb əldən
saldığı vaxtlar da az olmamışdı. Burada
Füzulinin farsca divanından Vahidin tərcümə etdiyi bir
qəzəli də yada salmaq yerinə düşərdi:
Dedim:
Eşqində könül zarü həzin olmalıdır.
Dedi ki:
Söz odur, əlbəttə həmin olmalıdır.
Dedim:Etmiş
niyə çeşmin xəmi-əbrudə məkan?
Dedi: Pakizə
nəzər guşənişin olmalıdır.
Dedim:
Etdin dil ilə dinimi qarət nə üçün?
Dedi:
Büt sevgilisi bidilü din olmalıdır.
Dedim:
Öz aşiqini bəs necə istərsən ola?
Dedi:
Rüsvalığa aləmdə əmin olmalıdır.
5. Müxtəlif şeirlər
Bu
bölmədə Vahidin qoşmaları, mahnıları, təxmisləri,
deyişmələri, ayrı- ayrı şəxslərə
yazmış olduğu müxtəlif məzmunlu şeirləri
və s. tədqiq oluna bilər. Vahidin «Sevgilim» adlı
qoşmasından bir bəndə nəzər yetirək:
Sevgilim,
qaşların çatıb baş-başa,
Hüsnünə
etməyə hər gün tamaşa,
Üfüqlərdən
çıxır hər səhər qoşa,
Günəş
bir tərəfdən, ay bir tərəfdən.
Bu təsvir
necə də xoşagəlimlidir. Sevgilinin gözəlliyini
seyr etmək üçün Günəş və Ay hərəsi
bir tərəfdən onun tamaşasına çıxıblar.
VƏ SONDA...
Biz
Əliağa Vahidin şairlik fəaliyyətinin əsas istiqamətlərini
yada saldıq.
Vahid gələcəyin
şairidir. O hələ tam araşdırılmayıb.
Sağlığında onun hünər və
bacarığı haqqında cəmi bircə məqalə
yazılmışdı. Ölümündən sonra onun
yaradıcılığı tədqiqat obyekti olub.
Əliağa Vahid elə bir şəxsiyyətdir ki, onun həyat
və yaradıcılığı daima diqqət mərkəzində
olmalıdı.
Məhəmmədtağı
Zehtabinin Təbrizdə nəşr olunan «Əliağa Vahiddən
xatirələrim» kitabında şairin həyat və
yaradıcılığını öyrənmək
üçün çox zəngin materiallar var. Bu kitabın
müasir Azərbaycan əlifbası ilə nəşr
olunması vahidşünaslıq üçün qiymətli
töhfə olardı.
Vahidin
ölümündən düz əlli il keçir.* Bu müddət
ərzində onun haqqında çox yazılıb və yenə
də yazılacaqdır. Nizamişünaslıq,
füzulişünaslıq olduğu kimi,
vahidşünaslıq da var.
Əgər
Vahid haqqında deyilən qiymətli sözləri bir yerə
yığsaq bir kitab əmələ gələr.
Şair
Tofiq Bayramın Vahid haqqında dediklərini də burada
xatırlatmağı lazım bilirəm: “Vahid ara-sıra
Yazıçılar İttifaqına gəlirdi. Vahid ora gələndə
bizim üçün bayram idi. Vahid ora gələndə
özü ilə insaniyyət işığı gətirirdi,
mərifət gətirirdi”.
Sözümün
sonunda istər-istəməz Vahidin Məhəmmədtağı
Zehtabiyə dediyi bir beyt yada düşür:
Getdi cavan
ömrümüz badə Məhəmmədtağı,
Kim
salacaqdır bizi yadə Məhəmmədtağı.
Əliağa
Vahid heç vaxt unudulmayacaq. Nə qədər ki, insanlıq
var, sevgi-məhəbbət də olacaq. Vahid də bu zərif
hissləri tərənnüm edən şair kimi əbədi
yaşayacaqdır.
Vahidin
özü tək yeganə olan büstünün Bakıda
İçəri Şəhərdə saxlanılması və
tez-tez televiziyada nümayiş etdirilməsi onu göstərir
ki, biz qədim mədəniyyətin
daşıyıcılarıyıq.
Arif ORUCOV,
Azərbaycan Texnologiya Universitetinin
baş müəllimi
Hürriyyət.- 2019.- 17-18 sentyabr.-
S.11.