Azərbaycanın beynəlxalq
əmək təşkilatları
ilə əlaqələri
II YAZI
Azərbaycan
tərəfi hər il Beynəlxalq Əmək
Konfransının sessiyalarında, bu sessiyalar çərçivəsində
müvafiq mövzularda aparılan müzakirələrdə də
fəal iştirak edir, Azərbaycanda əmək və məşğulluq
sahəsində aparılan dövlət siyasəti, əldə
olunmuş uğurlar barədə dolğun məlumatlar təqdim
edirlər. BƏT-lə əməkdaşlığın
bir istiqaməti də ölkəmizdə özünüməşğulluq
proqramının icrası işlərini əhatə
etmişdir. Belə ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının
icrası olaraq, ölkəmizdə işaxtaran və işsiz
vətəndaşların özünüməşğulluğuna
yönələn proqramın həyata keçirilməsi sahəsində
BƏT-lə əməkdaşlığa xüsusi önəm
verilmiş, BƏT-in dəstəyi ilə Azərbaycanda
özünüməşğulluq proqramı üzrə beynəlxalq
sertifikatlı təlimçilər qrupu
formalaşmışdır.
Azərbaycan BƏT-in layihə və təşəbbüslərində
də yaxından iştirak edir. Bu sahədə növbəti tədbir
kimi, BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə
uyğun olaraq, ölkəmizdə əməyin gələcəyi
ilə bağlı aktual məsələlərə həsr
olunmuş silsilə tədbirlər və bu mövzuda Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları
Milli Konfederasiyasının, aidiyyəti dövlət
qurumlarının, elm və təhsil müəssisələrinin,
beynəlxalq təşkilatların nümayəndələrinin
iştirakı ilə milli dialoqun yekunlarına dair konfrans
keçirilmişdir.
İnkişaf perspektivlərinin hədəfləri
2018-ci
ilin may ayında isə Bakıda "Dayanıqlı
inkişaf məqsədlərinə doğru, davamlı
inkişafın və layiqli əməyin təbliği"
mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Beynəlxalq Əmək Təşkilatının
Baş direktoru ilk dəfə Azərbaycana səfər edərək,
Konfransda iştirak etmişdir. Azərbaycan
Respublikası 1998-ci ildə BMT-nin “Bütün əməkçi
miqrantların və onların ailə üzvlərinin
hüquqlarının qorunması haqqında”, 2008-ci ildə isə
“Əlilliyi olan şəxslərin hüquqlarına dair”
Konvensiyasına qoşulmuşdur. BMT-nin
sabiq Baş Katibi Koffi Annanın Minilliyin Assambleyasında
müraciətinə cavab olaraq, dünya miqyasında gənclərin
məşğulluğu üzrə şəbəkə
yaradılmış və on üzv ölkə gənclərin
məşğulluğu üzrə lider müəyyən
olunmuşdur. Azərbaycan da həmin on
lider ölkə sırasına daxil edilmişdir. BMT-nin
“Əlilliyi olan şəxslərin hüquqlarına dair
Konvensiya”sındakı öhdəliklərin səmərəli
icrası üçün məqsədyönlü işlər
aparılmış, o cümlədən Konvensiyaya uyğun
olaraq “Əlilliyi olan şəxslərin hüquqları
haqqında” yeni Qanun layihəsi hazırlanmış, layihə
BMT-nin Əlilliyi olan şəxslərin hüquqları
üzrə Komitəsinin də rəy və təklifləri nəzərə
alınmaqla təkmilləşdirilmiş və “Əlilliyi
olan şəxslərin hüquqları haqqında” Qanun 2018-ci
ilin iyul ayında qəbul olunmuşdur. Ölkəmizdə
miqrasiya sahəsində həyata keçirilən siyasətdə
BMT-nin “Bütün əməkçi miqrantların və
onların ailə üzvlərinin hüquqlarının
qorunması haqqında” Konvensiyasının prinsipləri daim
diqqətdə saxlanılır və layiqli şəkildə
yerinə yetirilir. Təsadüfi deyil ki,
BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin əməkçi
miqrantlarla bağlı Beynəlxalq Konvensiyanın qəbul
edilməsinin 25 illiyinə həsr olunmuş Büro iclası
Bakıda keçirilmişdir.
BMT İnkişaf Proqramının birgə layihəsi
olan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun
İnkişafı” layihəsi işsiz və işaxtaran şəxslərin
əmək bazarına çıxışının dəstəklənməsi
üçün qabaqcıl təcrübə əsasında
innovativ yanaşmaların tətbiqində mühüm rola
malikdir. ABŞ-ın
Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi
ilə icra edilən layihə çərçivəsində
Bakı, Sumqayıt, Gəncə şəhərlərində,
Masallı rayonlarında yaradılan SYSLAB (Yenilik və Məşğulluq
üzrə Sistem Laboratoriyası) Təlim Tədris Mərkəzləri
işsiz və işaxtaran vətəndaşların innovativ
metodlar əsasında iş axtarışı
bacarıqlarının təkmilləşməsinə öz
töhfəsini verib. 2019-cu ildə Zaqatala
rayonunda da belə bir Mərkəzin yaradılması nəzərdə
tutulub.
Son illərdə BMT İnkişaf Proqramı, BƏT və
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
arasında Niyyət Məktubu imzalanmışdır. Niyyət Məktubunda
ölkəmizdə özünüməşğulluq
proqramının həyata keçirilməsi və genişləndirilməsi,
milli məşğulluq strategiyasının icra edilməsi,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
potensialının artırılması daxil olmaqla,
qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq
etmək istəyi əksini tapır.
Beynəlxalq əlaqələr və
təcrübələr
2018-ci ilin dekabr ayında isə əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev və BMT-nin
İnkişaf Proqramının Azərbaycandakı Rezident
nümayəndəsinin vəzifəsini icra edən Alessandro
Frakassetti tərəfindən Azərbaycan Hökuməti ilə
BMTİP arasında “Əhalinin sosial cəhətdən həssas
qrupları üçün inklüziv və layiqli iş yerlərinin
yaradılması” texniki yardım layihəsi imzalanıb. Layihənin məqsədi əlilliyi
olan şəxslər üçün özünüməşğulluq
fəaliyyətlərini pilot qaydada həyata keçirərək,
bu təbəqədən olan 500 şəxsin dayanıqlı
biznes qurmasına dəstək göstərmək,
iştirakçıların əmək bazarına
çıxışla bağlı üzləşdikləri
xüsusi problemləri və maneələri nəzərə
alaraq sosial və peşə-əmək reabilitasiyasını
təmin etmək və s. məqsədinə yönəlib.
1994-cü ildən etibarən BMT-nin Əhali Fondu
arasında fəal əməkdaşlıq həyata
keçirilir.
Həmin il Qahirədə qəbul
edilmiş “Əhali və İnkişaf” üzrə Fəaliyyət
Proqramının prinsiplərinin ölkənin ümumən
inkişaf strategiyasında nəzərə alınması
üçün müvafiq tədbirlər həyata
keçirilib. 1999-cu ildə Şərqi Avropa və MDB məkanında
ilk dəfə olaraq Azərbaycanda “Demoqrafik İnkişaf
Konsepsiyası” və 2004-cü ildə “Azərbaycan
Respublikasında demoqrafiya və əhali sakinliyinin
inkişafı sahəsində Dövlət Proqramı” qəbul
olunub. Hər iki sənəddə, habelə yeni
«Azərbaycan Respublikasının demoqrafiya və əhali
sakinliyinin inkişafı sahəsində Dövlət
Proqramı» layihəsində həmin Fəaliyyət
Proqramının prinsipləri nəzərə alınıb.
Qeyd olunanlarla yanaşı, demoqrafik vəziyyətin
qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin
yaradılması məqsədilə BMT-nin Əhali Fondu ilə
fəal əməkdaşlıq həyata keçirilir.
UNİCEF arasında əməkdaşlıq ölkəmizdə
“Sosial xidmət haqqında” Qanunun hazırlanmasında, BMT-nin
“Əlilliyi olan şəxslərin hüquqları haqqında”
Konvensiyasının ratifikasiyasında, eləcə də
sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli
vəziyyətdə olan yetkinlik yaşına
çatmayanların sosial reabilitasiyası sisteminin institusional
və texniki baxımdan dəstəklənməsində
mühüm rol oynayıb. Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF
arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq
istiqamətlərini əhatə edən birgə Fəaliyyət
Planı, “2016-2017-ci illər üçün Uşaq
Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət
Planı” imzalanıb və icra olunub. Həmçinin
son illərdə UNİCEF-in təklif və tövsiyələri
əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən sosial xidmətlərin
inkişafına dair Konsepsiya da hazırlanıb.
Dünyanın
ən nüfuzlu maliyyə qurumlarından biri olan Dünya
Bankı ilə 1999-cu ildən etibarən başlanmış əməkdaşlıq
çərçivəsində ötən dövrdə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət
sahələri üzrə «Azərbaycan Respublikasında Pensiya
və Sosial Yardım islahatı», “Pensiya və Sosial Təminat
Layihəsi”, “Sosial Müdafiənin İnkişafı Layihəsi”
icra olunub. Dünya Bankının ekspert qrupu tərəfindən
ölkəmizdə sosial müdafiə sisteminin inkişafı
sahəsində aparılan işlərlə bağlı qiymətləndirmənin
nəticələrində Azərbaycanın sosial müdafiə
sistemi geniş əhatəliliyə malik olan və əhalinin
yoxsul sayıla biləcək hissəsinin 90,1
faizini əhatə edən bir sistem kimi qiymətləndirib. Bu, sosial müdafiə sisteminin əhatəliliyi
baxımından dünya üzrə müsbət göstəricilərdən
sayılır.
Avropa ilə münasibətlər və
yeni qanunvericilik
Avropa İttifaqı ilə də Avropa Qonşuluq Siyasəti
çərçivəsində daim inkişaf edən əməkdaşlıq
əlaqələrinə malikdir. Hələ ölkəmizin
dövlət müstəqilliyinin ilk illərindən etibarən
Azərbaycanda icra olunmuş Avropa İttifaqının
TACİS layihələri respublikada sosial müdafiə
sisteminin təkmilləşdirilməsi, dövlət
qurumlarına texniki yardım göstərilməsi və digər
sahələrdə öz töhfələrini vermişdir.
2004-cü ildən etibarən Avropa
İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində
icra edilən layihələrdən Tvinninq və TAİEX
proqramlarına daha çox üstünlük verilmişdir.
Ötən dövrdə aktuar hesablamaların, məlumatların
təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə,
sosial büdcənin tərtib edilməsi və strateji
planlaşdırma sahələrinin, əlilliyi olan şəxslər
üçün tibbi-sosial reabilitasiya və sosial xidmət
sistemlərinin inkişaf etdirilməsinə, son illərdə
pensiya təminatı sistemində islahatın həyata
keçirilməsinə dəstək məqsədli Tvinninq
layihələri icra olunmuşdur. 2001-ci ildə Avropa
Şurasına üzv qəbul olunan Azərbaycan Respublikası
2002-ci ildə bu təşkilatın “İnsan
hüquqlarının və Əsas Azadlıqlarının
Qorunması üzrə Konvensiya”sını, 2004-cü ildə
Avropa Sosial Xartiyasını ratifikasiya etmişdir. Ümumiyyətlə, ölkəmiz indiyədək
Avropa Şurasının insan hüquqları ilə
bağlı 60-a yaxın konvensiyasını ratifikasiya
etmişdir ki, onların böyük qismi məhz sosial
hüquqlarla bağlıdır. Həmçinin Avropa
Şurasının “Əlilliyi olan insanların
hüquqlarının və cəmiyyətdə tam
iştirakının dəstəklənməsi: 2006-2015-ci illər
ərzində əlilliyi olan şəxslərin həyat səviyyəsinin
yaxşılaşdırılması üzrə Avropa
Şurasının Tədbirlər Planı”nın
yerinə yetirilməsi istiqamətində də bu təşkilatla
əməkdaşlıq həyata keçirilib. Beynəlxalq
Sosial Təminat Assosiasiyası (BSTA) ilə də əməkdaşlıq
əlaqələri daim güclənir. BSTA
dünyanın bütün regionlarından sosial müdafiə
və sosial təminat təşkilatlarını bir platformada
birləşdirən, ən dinamik sosial sığorta sistemlərinin
yaradılması və təşviqi məqsədilə sosial
sahənin qarşılaşdığı problemlər,
onların həlli yolları, uğurlar və nöqsanlar barədə
təcrübə mübadiləsini təşkil edən beynəlxalq
təşkilatdır. Assosiasiya həmçinin üzv təşkilatlara
informasiya və ekspert dəstəyinin göstərilməsi,
praktiki tövsiyələrin verilməsi və s. üzrə tədbirləri
həyata keçirir. BSTA-nın 2016-cı ildə keçirilən
Dünya Sosial Təminat Forumunda isə sosial təminat sahəsində
ölkəmizdə aparılan uğurlu islahatlar, İKT-nin
geniş tətbiqi sahəsində Azərbaycanın zəngin
və uğurlu təcrübəsi nəzərə
alınaraq, Azərbaycan ikinci dəfə BSTA-nın büro
üzvü və Avropa Şəbəkəsinin Rəhbər
Komitəsinin üzvü seçilib. Bu Komitəyə
Avropa regionundan sosial təminat sahəsində mütərəqqi
təcrübəyə malik 13 ölkə daxildir.
Hürriyyət.- 2019.- 19-20 sentyabr.- S.12.