Atatürkün siyasi məsləhətçisi...

 

Əhməd Ağaoğlunun həyat və yaradıcılığı

 

Əhməd bəy Ağaoğlu və Mustafa Kamal Atatürk

 

Türkiyədə düşmənə qarşı mübarizəni təbliğ etmək məqsədilə təbliğatçı İrşad qrupları Anadolunun ümxtəlif yerlərinə göndərilirdilər. Əhməd bəyə də bu qruplardan birinə rəhbərlik etmək təklif olunur və o bu təklifi qəbul edir. Onun qrupu Çankırı-Kastamonu-İnebolu yolu ilə hərəkət edərək əhali arasında təbliğat aparmalı daha sonra isə Trabzon-Gümüşhane-Bayburt yolu ilə Qarsa yollanmalı idi. Son olaraq Qarsda gündəlik qəzet və müəllimlər seminariyası təsis edilməli idi. Əhməd bəyə həm qəzetə həm də məktəbə rəhbərlik etmək tapşırılmışdı. 1921-ci il iyulun sonunda Əhməd bəy iki yoldaşı ilə birgə Ankaranı iki təkərli faytonla tərk edərək təbliğata yollanır. Böyük çətinliklərə baxmayaraq dörd ay yarım ərzində onlar bir çox şəhərlərdə, qəsəbələrdə olmuş aktiv təbliğat işləri aparmışdılar. 1921-ci ilin sonu 1922-ci ilin əvvəlində Ağaoğlu rus səfiri S.Aralovu Batumdan Ankaraya qədər müşayiət etmişdir. Aralov bununla bağlı öz xatirələrində yazıb.

29 oktyabr 1921-ci ildə Əhməd bəy Qarsda olduğu zaman Ankaradakı Mətbuat İnformasiya İdarəsinə (Matbuat ve İstihbarat Umum Müdürlüğü) baş müdiri vəzifəsinə təyin edilir. Ona demək olar ki, kamalçı hərəkatın bütün informasiya siyasətinə rəhbərlik etmək həvalə edilmişdi. 1921-ci ilin dekabrında Ankaraya geri dönən Əhməd bəy həm də Anadolu Agentliyinə də rəhbərlik etməyə başlayır. Bundan başqa o, “Hakimiyyət-milliyət” qəzetinin redaktoru vəzifəsini də yerinə yetirirdi. Demək olar ki, hər gün qəzetin səhifələrində çıxış edən Ağaoğlu sonradan nəticədə bu məqalələrini toplayaraq “İxtilalmı, inqilabmı” adlı kitab şəklində çap elətdirir. 22 iyul 1923-cü ildə 158 səslə TBMM-nə Qarsdan millət vəkili seçilir. 11 avqustdan etibarən isə məclisdə fəaliyyət göstərir. TBMM-də fəaliyyəti dövründə o, bir neçə vacib parlament komissiyalarının o cümlədən Beynəlxalq münasibətlər və konstitusiya islahatları komissiyasının da, üzvü olmuşdur. O, həm də konstitusiya komissiyasının üzvü olaraq 1924-cü ildə yeni Türkiyə konstitusiyasının hazırlanmasında və qəbulunda böyük rol oynayıb. 2 avqust 1927-ci ildə isə o, TBMM-nə ikinci dəfə Qarsdan millət vəkili seçilir.

29 dekabr 1922-ci ildə o yoldaşları ilə birgə yaradıcılarından biri olduğu Türk Ocaqları cəmiyyətinin fəaliyyətinin bərpa olunmasına nail olur. 1923-cü ilin mart ayından etibarən isə cəmiyyətin çap orqanı olan "Türk yurdu" jurnalı da yenidən fəaliyyətə başlayır. 1924-cü ildə Türk Ocaqlarının müharibədən sonrakı ilk konqresində Əhməd bəy təşkilatın Mərkəzi Komitəsinə üzv seçilir.

1925-ci ildə Əhməd bəy qurucusu olduğu Ankara Yüksək Hüquq məktəbində dərs deməyə başlayır. Deyilənə görə məktəbin təntənəli açılışında Atatürkün və o dövrdə Ədliyyə naziri olmuş Mahmud Əsəd Bozqurdun çıxışından sonra məktəbdə ilk dərsi keçmək Əhməd bəyə həvalə edilmişdir. 13 fevral 1926-cı ildə TBMM-də Əhməd bəyin və Yusuf Kamalın həm millət vəkilliyindən həm də müəllimlikdən maaş almaqlarını doğru hesab etməyən həmkarları bu məsələni müzakirəyə çıxarırlar. Tənqidlərə cavab verən Yusuf Kamal Ağaoğlu ilə birgə maddi maraq olmadan belə gələcəyin hüquqşünaslarına dərs deməyə hazır olduqlarını bəyan edir. Əhməd bəyin 1925-1926, 1926-1927-ci dərs illərində verdiyi mühazirələr kitab şəklində toplanaraq ərəb əlifbası ilə nəşr edilmişdir. Lakin ölkənin 1928-ci ildə latın əlifbasına keçidi onun böyük kütləyə çıxışını məhdudlaşdırmışdır. 2012-ci ildə isə onun bu mühazirələri təkrar latın əlifbası ilə nəşr edilmişdir. Əhməd bəy 1930-cu ilə qədər Ankara Yüksək Hüquq məktəbində dərs deyir.

Türkiyədə göstərdiyi fəaliyyətlə yanaşı öz soydaşlarına da kömək olan Əhməd bəy Məmməd Əmin Rəsulzadənin İstanbulda nəşr etdirdiyi "Yeni Kafkasya" jurnalının çap olunmasına da maddi yardım edir. Bunu onun 1924-cü ilin 14 martında yazdığı şifrəli məktubun məzmunu da təsdiq edir. Məktubda onun "Yeni Kafkasya" jurnalının çap olunması üçün Məmməd Əmin Rəsulzadəyə 350 lirə göndərdiyindən bəhs edilir. Hətta Məmməd Əmin Rəsulzadə İstanbulda Əhməd bəylə görüşəndə ondan Parisdən İstanbula köçməyi düşünən Ceyhun Hacıbəyli üçün iş tapmağa kömək istəyir. Ağaoğlunun 17 mart 1925-ci ildə yazdığı məktuba əsasən o Türk Ocaqları təşkilatının Mərkəzi Komitəsindən siyasi mühacirlər Məmməd Əmin Rəsulzadə, Xosrov bəy Sultanov və Əbdüləli bəy Əmircanov üçün aylıq 75 lirə pulun ayrılmasına nail olmuşdur. Bundan başqa Ağaoğlunun şəxsi təşəbbüsü ilə ölkə ərazisində yerləşən Türk Ocaqları təşkilatının 130 bölməsi "Yeni Kafkasya" jurnalına abunə olurlar. Və bu azərbaycanlı siyasi mühacirləri maddi iflasdan xilas edir. Məhz bu fəaliyyətinə görə Ağaoğlu Türkiyə xüsusi xidmət orqanlarının nəzarətində olub. Hərbi kəşfiyyatın bir hesabatında Atatürk tərəfindən Ağaoğlunun İzmirə getməsi üçün ayrılan 12 min lirənin ölkədə yerləşmiş müsavatçı mühacirlərə verilməsi ehtimalından narahatlıq duyulur. Bu səbəblərdən Ağaoğlu azərbaycanlı siyasi mühacirlərlə olan əlaqəsini gizlətməyə çalışıb gizlin yazışmalara üstünlük verirdi.

Türkiyədə yeni rejim möhkəmləndikcə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni sahələrində avtoritorizm güclənirdi. Əhməd bəy isə bu halla heç barışmaq istəmirdi məhz buna görə də 1926-cı ildə hakimiyyətdə olan Cümhuriyyət Xalq Firqəsini sərt tənqid edən hesabat məktubunu Atatürkə yollayır. Əhməd bəy partiyanın nüfuzdan düşməsinə, hakimiyyət funksionerlərinin vəzifələrindən sui istifadə etmələrinə səbəb kimi ölkədə tək partiyalı idarəetmənin olduğunu göstərirdi. Və ölkədə demokratik proseslərin gələcək inkişafı üçün çoxpartiyalı sistemə keçməyin vacibliyini vurğulayırdı.[94] Bundan başqa Əhməd bəy hakim partiyadan olan millət vəkillərinin vəkilliklə bərabər iqtisadiyyatın fərqli sahələrində olan dövlət şirkətlərinə rəhbərlik etmələrinə də qarşı idi. Və o bu hesabat məktubunu da Dövlət Şəkər tozu Şirkətinin direktorlar şurasına rəhbərlik etməsi təklif edildikdən sonra yazmışdır.

Atatürk ölkədəki açıq və ya gizlin müxalif qüvvələri bir yerə toplayıb onları idarə etmək üçün Türkiyənin Parisdəki səfiri Fethi Okyara yeni yaradılacaq müxalif partiyaya rəhbərlik etməyi təklif edir. Yeni yaradılan Sərbəst Firqəyə sonradan Atatürkün istəyi ilə Əhməd bəy də qatılır. Onunla yanaşı həm də Atatürkün bacısı Makbule xanım da partiyaya üzv olur. 1930-cu ilin avqust ayında yeni yaradılan partiyanın proqramı Əhməd bəy tərəfindən yazılıb dərc edilir. Partiyanın nizamnaməsi də Əhməd bəy Ağaoğlu tərəfindən yazılır. Lakin partiya uzun müddət fəaliyyət göstərə bilmir və 100 gündən sonra 17 noyabr 1930-cu ildə öz fəaliyyətini dayandırır. Partiya fəaliyyətini dayandırdıqdan sonra partiyanın lideri də daxil olmaqla üzvlərin mütləq çoxluğu yenidən Cümhuriyyət Xalq Firqəsinə üzv oldular. Hətta partiyanın rəhbəri Fəthi Okyar 1931-ci ildə Türkiyənin Böyük Britaniyadakı səfiri təyin olunur. Seçilən üzvlərdən yalnız Əhməd bəy Atatürkə verdiyi sözünü tutaraq partiyaya üzv olmur. Beləki Sərbəst Firqə dağılmamışdan öncə Əhməd bəy Atatürklə olan şəxsi görüşündə partiyanın dağılacağı təqdirdə bir daha siyasətlə məşğul olmayacağını yalnız pedaqoji fəaliyyətlə məşğul olacağını söz vermişdi.

Əhməd bəyin müxalifətə keçməsi hökumət tərəfindən bağışlanmadı. Onların Keçiörəndə olan evlərinin qarşısında hər gün 24 saat mülki geyimli polislər növbədə olurdular. Polislər evə gələn şəxslərin adlarını və maşınlarının nömrələrini qeyd edirdilər. Sürəyya Ağaoğlunun xatirələrinə görə bir qış gün Əhməd bəy küçədə növbə çəkən polis üşüməsin deyə onu evə dəvət edir. Və o zamandan polis evin içində növbə çəkir. Hətta ailə İstanbula köçəndə Əhməd bəyin həyat yoldaşı Sitarə xanım daxili işlər nazirinə növbə çəkən həmin polisi də İstanbula göndərməyi məsləhət görür.

Əhməd bəy 1932-ci ildə Ankaradan İstanbula köçməyi qərara alır. Keçiörəndəki evlərini satdıqdan sonra İstanbulda memar Sedat Çetintaşa yeni ev tikdirir. Evdə kitabxanaya və eləcə də Əhməd bəyin şəxsi istəyi ilə dairəvi bir otağa da yer ayrılır. Bu dairəvi otaqda o hər birinci gün axşam ziyalıları toplayaraq sosial, mədəni mövzularda müzakirələr aparırdı. Siyasətdən getdikdən sonra isə Ağaoğlu daha çox elmi-tarixi araşdırmalarla məşğul olur. Dünyada tarixində ilk dəfə o, etruskların türk kökləri haqqında fikir irəli sürüb. Onun fikrinə görə etrusklar türk köklüdürlər və onlar şərqdən gəlib Anadoludan keçərək Apenin yarımadasında peyda olublar.

 

(Ardı var)

 

Hazırladı: Məmməd MİRZƏLİYEV

 

HÜRRİYYƏT.- 2019.- 26-27 sentyabr.- S.13.