Atatürkün siyasi məsləhətçisi...
Əhməd Ağaoğlunun həyat
və yaradıcılığı
1933-cü ildə Əhməd
bəy Türkiyə cəmiyyətində liberal dəyərləri
təbliğ etmək üçün "Akın" qəzaetini
təsis edir. Təbliğ
etdiyi dəyərlər ölkədəki mövcud təkpartiyalı
sitemə zidd olduğu üçün Əhməd bəy
Ağaoğlu və onun qəzeti hökumətə tabe mətbuat
və dövlət strukturları tərəfindən
hücumlara məruz qalırdılar. Davamlı
baş verən polemikalara görə bəzən Əhməd
bəyi məhkəməyə də verirdilər. Məhkəmələrin birində Ağaoğlu
hakimdən icazə alaraq çıxış edir. O,
öz çıxışında bunları deyir:
Sizin icazənizlə bir neçə söz demək istəyirəm. Sən demə
məni məhkəməyə verən bir vaxtlar mənim tələbəm
olub. Əgər doğrudan da məni cəzalandırmaq
gərəkdirsə bu yalnız mənim konstitusiya
hüquqlarından professor olduğum halda öz tələbəmə
"azad fikir" və "azad söz"
anlayışlarını doğru izah etmədiyim
üçün olmalıdır.
Qəzet bu məhkəmədən qalib
çıxır. Lakin qəzetin dövlətin rəsmi təbliğatına
zidd getdiyi üçün, hakimiyyətin yüksək təbəqəsində
olanların hakimiyyətdən sui istifadə hallarını,
rüşvət hallarını, iqtisadiyyatın fərqli sahələrində
olan monopoliyanı ifşa etdiyi üçün uzun müddət
fəaliyyət göstərə bilməyəcəyi bəlli
idi.[103] Atatürk Əhməd bəy
Ağaoğlunu Dolmabaxça sarayında yeməyə dəvət
edir. Daha sonra Axın qəzetində yazılan tənqidi
yazılarla bağlı narazılığını bildirir.
Daha sonra isə ona həm dövlətin
universitetində professor, həm də qəzetdə redaktor
olmasının mümkün olmadığını deyərək
qəzetin çapını dayandırmasını istəyir.
Ağaoğlu isə qətiyyətlə ona
cavab verir ki heç vaxt qəzetin çapını
könüllü olaraq dayandırmayacaq. Atatürk
bu cavaba əsəbiləşərək ona
sığıntı olmasını unutmamağı deyir.
Cavabında isə Ağaoğlu ona deyir:
Bu birinci dəfə deyil ki mən öz ünvanıma
bu sözləri eşidirəm. Ancaq bu gecə bu
sözləri təkrarlamaqla siz 60 milyonluq türkün qəlbinə
qılınc sapladınız.
Bu hadisədən sonra Axın qəzeti 1933-cü ilin
sentyabr ayında hökumət tərəfindən
bağlanır. Qəzetin 24 sentyabrda çap olunmuş
son sayında hökumət qəzeti olan Hakimiyyet-i Milliye sərt
tənqid edilmişdir. Bundan başqa
Əhməd bəy universitet islahatları adı ilə professorluqdan
məhrum edilib təqaüdə göndərilir. Bu isə həmişə fəaliyyətdə olan
bir insan üçün faciə idi. Öz dostu Fəthi
Okyara bu hadisələrlə bağlı məktubunda
yazırdı:
Təqaüdə göndərildim və bundan sonra fəal
həyat qapıları üzümə bağlandı. Bütün
bunları sizə şikayət etmək üçün
yazmıram. Sırf içdən sevdiyim və etimad bəslədiyim
birisinə ürəyimi açaraq bir az
yüngülləşmək istəyirəm. Şikayət?
Nədən və nə üçün?
Məni tanıyırsız. Altmış altı yaşına çatdım.
İçimi yoxlayıram, özümə qüsur gətirəcək
bir şey tapmıram... Mənim üçün ən
ağır, ən çəkilməz dərd həyatın
xaricinə atılaraq məətəl və seyirçi
durmaqdır
Ölümü və dəfni
Ömrünün
son günlərində yataq xəstəsi olan Əhməd bəy
Ağaoğlu dünyasını dəyişməzdən əvvəl
başına toplanan övladlarına və ağlayan
qızı Tezerə bunları deyir:
Ağlama qızım, insan şüurlu bir makinadır,
o da bir gün dayanacaq, əlbəttə. Mənə
söz verin, heç bir güc sizi bir-birinizdən
ayırmayacaq. Heç bir zaman doğrunu söyləməkdən
çəkinməyin, doğruya doğru, əyriyə əyri
deyin.
Əhməd
bəy Ağaoğlu qaraciyər iltihabından ürək
çatışmamazlığı nəticəsində 19
may 1939-cu ildə İstanbulda dünyasını dəyişib.
Ağaoğlunun cənazəsi Nişantəpədəki
evindən, Təşfikiyyə camisinə gətirilib. Cənazə namazı qılındıqdan sonra isə
Feriköy məzarlığında həyat
yoldaşının yanında dəfn olunub. Vida mərasimində
vali və bələdiyyə rəisləri, Lütfü
Kırdar, Bolu millət vəkili Rəcəb Pekər, bir
çox millət vəkilləri, vilayət, partiya və bələdiyyə
nümayəndələri, universitetlərin tələbə
və professorları, mətbuat işçiləri, qız məktəbinin
müəllimləri, tələbələri, mərhumun
dostları və yetişdirdiyi tələbələr
iştirak etmişlər. Ağaoğlunun məzarı
üstündə doktor Fəthi Ədib, İsmayıl Həbib
və mühərrir Peyami Səfa nitq söyləmişlər,
mərhumun fəaliyyətindən, elmə,
türkçülüyə və gənc nəslin yetişməsində
xidmətlərini sadalayıblar. Mərhumun məzarı
üzərinə universitetlərdən, Anadolu agentliyindən,
Qalatasaray idman klubundan, mətbuat idarəsindən, Ankara
Universitetinin hüquq fakültəsi və dostları
adından çələnglər qoyulmuşdu. 1939-cu il mayın 19-dan 22-dək olan bütün
Türkiyə qəzetləri Əhməd bəy
Ağaoğlunun dəfnindən reportajlar, xatirələr, həyatından
müxtəlif detallar çap etdirmişdilər.
Ailəsi
Şuşaya qayıtdıqdan sonra Əhməd bəy
Ağaoğlu Peterburqda birlikdə təhsil aldığı Fərrux
bəy Vəzirovun qonağı olur. Burada o Fərrux bəyin
əmisi qızı, məşhur Vəzirovlar nəslindən
olan Sitarə xanımı görür və ona vurulur. Deyilənə görə, Əhməd bəy
zamanın adətlərinə qarşı çıxaraq
elçiliyini özü edir. Bu isə
Sitarə xanımın anasının xoşuna gəlmir və
öz qızını Əhməd bəyə verməkdən
imtina edir. Əhməd bəylə Starə
xanım yalnız anasının ölümündən sonra
1902-ci ildə ailə həyatı qura bilirlər. İlk övladları olan Sürəyya
Ağaoğlu 1903-cü ildə Şuşada dünyaya gəlir.
1909-cu ildə ailə təqiblərdən
qurtulmaq üçün İstanbula köçür. Burada ailənin çətin günləri
başlayır. Körpə övladları Bəşir
dünyasını dəyişdikdən sonra Əhməd bəy
1918-ci ildə Nuru Paşanın müşaviri kimi Azərbaycana
gəldiyi vaxt İstanbulda yenicə tikdirib köçdükləri
ev yanıb, külə dönür. Bakıdan qayıtdıqdan sonra isə onu həbs
edib Maltaya sürgün edirlər. Sitarə
xanım böyük bir ailər ilə qərib diyarda Əhmədsiz
qalır. Lakin təmkinli olan Sitarə xanım Əhməd
bəyə ünvanladığı məktublarında da
yaşadığı çətinlikləri ona hiss etdirmir. Övladlarını böyütmək
üçün evdə nə varsa satıb onlara xərcləyir,
lakin bu çətinliklərin heç birini Əhməd bəyə
bildirmir. Sitarə xanım 1933-cü ildə
52 yaşında vəfat edir. Əhməd
bəy və Sitarə xanımın 7 övladı olub.
Vəzir və Bəşir kiçik yaşlarında vəfat
etmiş, qalan 5 nəfərdən – Sürəyya, Tezər (Təzəxanım),
Əbdürrəhman, Səməd və Gültəkin ali təhsil
alaraq Türkiyənin ictimai-siyasi həyatında mühüm
rol oynamışlar.
Sürəyya Ağaoğlu 1903-cü ildə
Şuşada anadan olmuşdur. İstanbul Universiteti
hüquq fakültəsinin ilk qız tələbəsi olub.
Təhsilini bitirdikdən sonra şərqin,
türk dünyasının ilk qadın vəkili,
hüquqşünası olub. Sürəyya
xanım Türkiyənin siyasi həyatında fəal
iştirak etmiş, Yeni Türkiyə Partiyasının
qurucularından olmuş, partiyanın İstanbul təşkilatına
rəhbərlik etmişdir. O, Türkiyənin
sosial-ictimai həyatında bir çox ilklərə imza
atmışdır: Türkiyə Hüquqçu Qadınlar Dərnəyinin,
Universitetli Qadınlar Dərnəyinin, Azad Fikirləri Yayma Dərnəyinin,
Soroptimistlər İstanbul Klubunun, Türk-Amerikan Universitetlər
Dərnəyinin, Uşaq Dostları Dərnəyinin
qurucularından olmuş, həmin dərnəklərin bir
çoxuna rəhbərlik etmişdir. Dəfələrlə
Beynəlxalq tədbirlərdə Türkiyəni təmsil
etmişdir. Beynəlxalq Hüquqçular
Birliyinin üzvü (1952), sonralar Hüquqçu Qadınlar
Federasiyasının ikinci katibi olmuşdur. 1960-cı ildə Qadın Hüquqçular Birliyinin
BMT Cenevrə Təşkilatı təmsilçisi
seçilmişdir.
İkinci qızı Tezer Taşqıran 1907-ci ildə
Bakıda anadan olub. Əsl adı Təzəxanım olsa da
Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib.
Universiteti bitirdikdən sonra Tezer Ankara qız və
oğlan liseylərində fəlsəfə müəllimi
kimi fəaliyyət göstərir. O, oğlan məktəbində
dərs deyən ilk qadın müəllim olur. Daha
sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər
Məktəbinin müdiri vəzifələrində
çalışır. 1944-cü ildə
Kastamonudan və 1950-ci illərdə isə Qarsdan Türkiyə
Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın
müəllifidir.
Əhməd
bəy Ağaoğlunun böyük oğlu Əbdürrəhman
Ağaoğlu Fransada ali mühəndis təhsilinə
yiyələnib, Türkiyənin çağdaş elektrik
şəbəkələrinin qurulmasının pionerlərindən
biri kimi tanınmışdır.
Kiçik oğlu Səməd Ağaoğlu 1909-cu ildə
Bakıda dünyaya gəlib. Ankarada hüquq fakultəsini
bitirdikdən sonra bir müddət Strasburqda işləyib.
Türkiyəyə geri döndükdən sonra 1950-1960-cı
illərdə TBMM-in deputatı olur və Demokrat partiyası qalib
gəldikdən sonra baş nazir Adnan Mendersin hökumətində
baş nazirin müavini, əmək naziri, sənaye naziri kimi
mühüm vəzifələrdə çalışır.
27 may 1960-cı il çevrilşindən
sonra Menderes və hökumətin digər üzvləri kimi Səməd
Ağaoğlu da həbs edilərək ömürlük həbs
cəzasına məhkum edilir. Lakin 1964-cü ildə
əfvi-ümumiyə düşərək həbsdən azad
edilir. 1967-ci ildə o, ata yurdu Azərbaycanda
olur. Geri döndükdə isə
gördükləri əsasında Sovet Rusiya İmperiyası
adlı kitab yazır. Bundan başqa onun "Strasburq xatirələri",
"Hürriyyət", "Öyrətmən Qafur",
"Böyük ailə", "Hücrədəki
adam", "Qatırın ölümü", "Тanış izlər",
"Dostum Menderes" kimi kitabları da vardır.
Ən kiçik övladı olan Gültəkin
Ağaoğlu isə Türkiyənin tanınmış
pediatrlarından biri olub.
Hazırladı:
Məmməd MİRZƏLİYEV
Hürriyyət.- 2019.- 28-30
sentyabr.- S.13.