MAHİR XARAKTERLƏR USTASI...

 

(AKTRİSA Mahirə Əliyeva haqqında)

 

Tarixdə özünə məxsus inkişaf yolu olan bir xalq, milli mədəniyyətinin bütün dövrlərində onun qoruyub saxlamalı və onun inkişaf etməsinə xidmət etməlidir. Azərbaycan milli mədəniyyətinin də yaranışından bu gününə qədər onun qorunmasına və inkişafına daim xidmət göstərən insanlar olmuşdur və indi də vardır. Mən bu elmi axtarışlarım sayəsində yazdığım məqalə mədəniyyətimizin ən mühüm sahələrindən biri olan teatr sənətinin inciləri haqqındadır.

Mən onları mələklər adlandırıram. Mələklər insanları həmişə pis əməllərdən, pis fikirlərdən, pis işlərdən çəkindirdiyi kimi, allahın yer üzünə göndərdiyi, haqqında söhbət açacağım mələklərdə, insana insanlığını, insana insan ucalığını, insan böyüklüyünü, allah tərəfində insana verilən müqəddəs sevgini necə yaşamağı öyrədir və bu gün dünyamızın yaşamasında bu mələklərin böyük xidmətləri vardır. Mən bu yazımda sizləri bu mələklərdən biri olan, öz yaratdığı yüzlərlə obrazları ilə insanların segisini qazanmış Mahirə xanım Əliyeva (Əmirova) ilə tanış etməkdir.1975-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu (sənət müəllimi SSRİ xalq artisti Adil İsgəndərov ) bitirdikdən sonra təyinatla Şəki Dövlət Dram teartında ilk yaradıcılıq fəaliyyətinə başlamışdır. Mahirə xanım səhnəyə Zərifə “Nişanlı qız” (S.Rəhman), Gülcamal “Komsomol poeması” (S.Vurğun) kimi rolları ilə daxil olub. Elə ilk dəfədən də tapşırılan obrazları böyük məharətlə oynayan aktrisa tamaşaçılar tərəfindən sevilməyə başlandı . Və bu ilk iolları ilə teatr ictimayyəti arasında hörmət qazandı. Tamaşadan-tamaşaya daha da püxtələşən aktrisa haqqında 1977-il Bakı qastrol səfəri zamanı bütün tamaşaları izləyən SSRİ xalq artisti Adil İsgəndərov qastrolun sonda çıxışı zamanı dedikləri: “Mahirə xanım mənim tələbəm olub. Onun səhnəyə hər yeni gəlişi və dialoqu hadisələrə yeni bir təkan verir. Gözəl səs tembrinə, rəqs ücün əla plastikaya sahib bir aktrisasan. Cəkdiyim zəhmət halal olsun”. 1977-ci ildə SSRİ-də keçirilən Bolqarıstan dramaturgiyası festivalında bolqar dramaturqu R. Stoyanovun “Ustalar” əsəri ilə təmsil olunan Şəki teatrı festivalda iştirak eyləyən bütün teatrların arasında festivalın baş mükafatına layiq görüldü. Əlbəttə tamaşada oynayan aktyorların belə bir uğurda böyük zəhməti vardır. Amma baş rolun ifaçıları Mahirə və İbrahim Əliyevlərin, Qəmər Məmmədovanın, Muxtar İbadovun və başqalarının zəhmətləri daha böyük idi. Belə bir qalibiyyətdən sonra teatrın aktyorları Mahirə, Qəmər, İbrahim və Muxtar SSRİ-Mədəniyyət nazirliyinin Fəxri fərman və pul mükafatına layiq görüldülər. Elə həmin ildə də teatrın heyəti Bolqarstana dəvət aldı.1982-ci ildə Şəki teatrının Bakıda Musiqili komediya teatrındakı qastrol tamaşaları zamanı, tamaşaları izləyən İncəsənət İnstitutunun müəllim və tələbə heyəti teatrın bütün yaradıcı heyətini tələbələrlə birlikdə görüşə dəvət etdilər. Görüşü idarə edən teatrşünas ,sənətşünaslıq doktoru, professor Mahmud Allahverdiyev Mahirə xanım haqqında dedikləri: “Mahirə xanımın danışıq tərzi təsirli və aydındır. İnandırıcı, bitkin oyun tərzində onun dolğun və mahir oyunu özünü biruzə verir. Bütün ampulalarda oyun tərzinə malikdir. Oynadığı bütün tamaşalarda onun səhnəyə hər gəlişi, səhnə tempinin, səhnə ritminin daha da artmasına səbəb olur. Ümumiyyətlə Mahirə xanım fitri istedada, milli kaloritə, ifadəli janr boyalarına malik bir aktrisadır”.

Mahirə xanım obrazlarının bütün xarakterini, xarakterin insanlarla davranış tərzini hərəkətə çevirməyi bacaran, onun ifadə tərzini, plastikasını böyük ustalıqla səhnəyə gətirən, bütün məşqlərdə oynayacaq obrazın yeni bir xüsusiyyətini əlavə edərək mükəmməl bir insan obrazını yarada bilən peşəkar sənətkardır.

Bilirik ki, ən dəyərli rejissor işi və ya ona uyğun müvəffəqiyyətli səhnə tərtibatı öz-özlüyündə tamaşanın bədii dəyərini və məzmununu bütünlüklə əks etdirmir. Bədii məzmun- əsərin ideyası və rejissor məqsədi aktyor oyununda da tam həllini tapmalıdır. Bu fikirimin təsdiqi kimi Mahirə xanımın oynadığı bütün tamaşaları misal gətirə bilərəm. Aktirsanın rol üzərində işi həmişə rejissor fikri ilə tam şəkildə uyğun gəlib. Əlbəttə ki, bunun əsasını pyes üzərində rejissor təxəyyülünün düzgün analizi durur. Mən bu qənaətə 1981-ci ildə tamaşaya hazırlanan Valentin Rasputinin ”Halallıq” tamaşasına baxdıqdan sonra gəlmişdim. Tamaşada ana Anna rolunun ifacısı gözəl aktirisamız Mahirə xanımın oyununu indiyə qədər unutmuram. Ölümünü artıq hiss edən, lakin uzun illər əvvəl analarını ataraq şəhərə üz tutan övladlarını görmək istəyən ananın iztirablarını iç süzgəcindən keçirərək tamaşaçıya çatdıran, tamaşaçını öz iztirabları burulğanına çəkməyi bacaran aktrisa bu tamaşada teatr sənətini zirvələrə qaldırır. Anna ölmək istəsə belə ölə bilmir. Uşaqları son vida üçün anaları səksən yaşlı Annanın görməyə gəliblər. Anna övladlarına üç gündən sonra öləcəyini söyləyir və onlarda üç gün Anna ananın yanında qalmağa məhkumdurlar. Əlləri əsən, bənizi solğun, beli bükülmüş ana Anna, qapının önündə onun ölümünü gözləyən uşaqlarının yanına gəlir, hər birinin ehmalca saclarına toxunur sonra səhnə önünə gəlir, gözlərini zilləyərək xeyli tamaşaçılara baxır, ağlamır, lakin gözlərindən yaşlar axır, bu yaşlarsa çətinliklər içində yaşayaraq əzab-əziyyətlə böyütdüyü nankor övladların ana qəlbinə vurduğu bir ağır zərbə idi, indi isə o zərbə ana Annanın qəlbini yandırır və yaşa çevrilərək damla-damla gözlərindən süzülür. Özlərinə düzgün həyat tərzi qurmağı bacarmayan uşaqlar Anna ananın tez ölməyini arzulayırlarkı, tez çıxıb getsinlər. Əsərin rejissor həlli, dekorları, musiqisi və zəhmətkeş aktyor oyunu böyük bir səhnə əsərinin yaranması deməkdir. Aktyor oyununda səhnə realizminin inkişafı, zəngin plastika, ifadə vasitələrinin yığcamlığnı bu tamaşada özünü tam şəkildə göstərmişdir. Mahirə Əliyevanın oyun tərzindən, fərdi yaradıcılıq xüsusiyyətlərindən, obrazda, dramatik münaqişələrdə vəziyyətə uyğun başqalaşmaq bacarığından, müasir insanın psixalogiyasını duymaq, onun portretini yaratmaq qabliyyətindən hələ cox danışılacaq.

Şəki Dövlət Dram teatrının ilk baş rejissoru mərhum Vaqif Abbasov bizimlə söhbətlərinin birində söyləyirdi: “Hərdən vaxt tapanda aktyorlarla müsahibələrə baxıram. Yəqin ki, sizdə baxırsız. Bəzi aktyorlar deyillər ki, “Mən oynayacağım obrazı özümünkiləşdirirəm”. Belə fikirlərdən uzaq olun. Bu düzgün yanaşma deyil. Yadınızda saxlayın əsl peşəkar aktyor obrazı özünə yox, əksinə özünü obraza çevirməyi bacarmalıdır”. Məhz belə fikrin yetişdirdiyi Mahirə xanım kimi aktyor nəslinə indi nə qədər ehtiyaçımız var.

Mahirə xanım təbiətin ona bəxş etdiyi gözəlliyə, boy-buxuna, kövrək qəlbə, gülərüzə malik bir qadındır.1979-80-illərdə Şəki teatrında Sabit Rəhmanın “Yalan” komediyası tamaşaya qoyuldu. Aktrisa tamaşada Tərlan xanım rolu həvalə edilmişdir. Tərlan xanım yaşadığı dövrün bütün şərəfsizliklərini özünün həyat tərzinə çevirən, öz bacısı qızının gözəliyindən istifadə edərək, onu tez-tez ayrı-ayrı kişilərə ərə verməklə varlanmaq istəyən bir qadındır. Üç dörd cümlə fransız dilində cümlələr əzbərləyək özünü fransız mədəniyyətinin nümayəndəsi kimi təqdim edən Tərlan xanım obrazının bütün daxili və zahiri eybəcərliklərini sözün əsil mənasında böyük bir ustalıqla səhnəyə gətirən aktirisanın oyununu teatr ictimayyəti tərəfindən rəğbətlə qarşılandı. Tamaşanın primyerasında iştirak edən, o vaxt ki, Şəki şəhər Partiya Komitəsinin birinci katibi Sadıq Murtuzayev tamaşanın müzakirəsində Mahirə xanımın oyunu haqqında deyirdi: “Tamaşaya baxarkən əvvəl elə başa düşmüşdüm ki, teatrımıza yeni aktirisa gəlib. Tamaşanın sonlarında Hüseynağa müəllimdən soruşdum ki, ay Hüseyağa təzə aktirisa götürmüsüz deyəsən. Yaxşı eləmisən, cox güclü aktrisadır. Görürəm gülür, deyir yox Sadıq müəllim bizim Mahirədi. Mahirə xanım səni səhnədə təkcə mən yox valideyinlərin də yəqin ki, tanımazdılar. Səni ürəkdən təbrik edirəm. Bizim teatrdan yoxdu. Eşq olsun sizə!”

Aktirisanın yaradıçılığında elə rol olmayıb ki, obrazlar bir-birini təkrar etsin. Sevdiyi sənətini tam şəkildə mənimsəyən, Mahirə xanımın yaratdığı bütüb obrazları, obrazın zaman və məkan xarakterlərinin təcəssümünə xidmət edir. Obrazının üz cizgilərini, yerişi, duruşu, baxışı, danışıq tərzi, qüsurlu elementlərini axtarıb tapmaq və onları sənət əsərinə çevirməyi bacaran aktrisa tamaşa qabağı həmişə həyəcanlı olurdu. Tamaşa başlamağa dəqiqələr qamış səhnənin yan hissəsinda dayanb əllərini bir-birinə sürtərək, “temp, ritm, acenka, seryoznst” sözlərini tez-tez təkrar edirdi. Bu dörd kəlmə sözlər aktyor üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini dərk eyləyən və bu sözlərin səhnə mənasını səhnəyə tətbiq etməyi bacaran hər bir aktyorun səhnə həyatı uğurlu olmalıdır.

Teatrda Ç. Məmmədquluzadənin “Dəli yığıncağı” əsərinin məşqlərinə başlanılmışdı. Əsərin baş qəhrəmanlarından biri olan Sona rolu Mahirə Əliyevaya və Qəmər Məmmədovaya tapşırılmışdı. Hər iki böyük sənətkar eyni rolu oynamaqlarına baxmayaraq, iki bir-birindən tamamilə fərqli xatakterlərlə Sonanın portretlərini təqdim edirdilər. Mənə hər iki aktrisanın ifasına baxmaq nəsib olub və mən teatr fədailərinə uzun ömür arzulayıram (növbəti yazılarımda Qəmər xanımın səhnə yaradıcılığı haqqında yazılacaq). Əsərdən hamımıza məlumdur əsərdəki dəli personajlardan biri də Sonadır. Mahirə Əliyevanın ilk səhnəyə gəlişindəki görkəmi, aktyor təfəkküründə yaranan dəli Sonadır ki, o bir ziyarət və ya pirlərə arzularının həyata keçəsini ücün budaqlarına çürbə-çür parca qırıqları bağlanan bir ağaça bənzəyir. Əyninə geyindiyi libasın ətəkləri cırılmış və sanki ətrafdakı insanlardan daima qacmağa çalışır, öz qayını Fazilin şor gözlərindən ehtiraslı baxışlarından qorunur. Doğma qardaşı molla Abbasın arvadına gözü düşən Fazilin Sona ilə səhəsi tamaşaçıya psixoloji anlar yaşadır. Sonanı ağuşuna almaq istəyən Fazilə qarşı nifrət yaradır. Sona Fazilin əlindən çırpınaraq dəhşət və qorxu içində qacır. Elə bu dəhşət və qorxu içində molla Abbasa yaxınlaşır: “Mən nələr gördüm molla Abbas” deyə onun ayaqları altına yıxılır.

Əlbəttə ki, belə baxımlı və doyulmaz bir oyun nümunəsi sərgiləyən sənəkarımız Mahirə xanım sonsuz alqışa, böyük tamaşacı sevgisinə layiqdir. Aktrisamızın sənhə həyatını yüzlərlə xarakterık obrazlar bəzəyir.Onun Böyükxanım (“Aydın”, Cəfər Cabbarlı ), Yudit (“Pələng və Kaftar” Şandor Petefi), Gülər, Xumar (“Xöşbəxtlər” Sabit Rəhman), Nigar xanım (“İmzalar İcində” Nəriman Həsənzadə), Samirə xanım (“Əks-Səda” Nəbi Xəzri), Kordeliya (“Kral Lir” Uilyam Çekspir), Milkana (“Ustalar”Ranço Stoyanov), Betti Dofir (“Artuto Uinin Karyerası” Bertolt Brext), Ədilə (“Poçt Şöbəsində Xəyai” Elçin), Mərmər, Sara, Nelli (“Yayda qartopu Oyunu”,“Bəxt Üzüyü” və ”Uca Dağ Başında”, Vaqif Səmədoğlu), Xanım Nomzen (“Meteor”,Fridrix Dürrenmatt), Ukubala (“Əsrə Bərabər Gün”, Çingiz Aytmatov), Rəna, Rəcibə, Zabitə (“Dadaşbala Əməliyatı”,“Kəndimizin Narları”, “Doğmalar”,Rəhman Əlizadə), Ceyran (“Dağlar Səsləyir Məni” Gültəkin Bakıxanova), Odokya (“Kürən Yabı”, İon Drutse), Qadın (“Dərviş və ölüm” Meşa Salimoviç), Gülbadam və Zəritə (“Elburus evlənir”, “Arvadımın Əri”), Rüsxarə, Süsən Sünbül (“Şəhərin Yay Günləri, “Adamın Adamı” Anar) və cox əsərlərdə böyük insan portretləri yaradıb. Mahirə Əliyeva olduqça cəld, cevik, ağıllı bir qadındır. Hələ gənç yaşlarında səhnə ulduzlamızdan olan İbrahim Əliyevlə ailə qurmuşdur. Hər iki ustad sənətkarın üç övladı var. Aktrisamız artıq altı uşaq nənəsidir. Şəxsiyyətinə və sənətinə hörmət bəslədiyim sənəkarımıza uzun ömür can sağlığı arzulayıram. Amma unutmayın səhnənin sizə sox ehtiyacı var. Səhnəmiz siz gedən yollara baxır... baxır... hərdən dərindən köksötürür... hərdən də tənha qalanda gözlərini yollara dikərək xısın-xısın göz yaşları tökür...

 

Hikmət NƏBİLİ,

 

Əməkdar mədəniyyət işçisi

 

Hürriyyət.- 2019.- 22 yanvar.- S.13.