Şeirləri qəmli, gəncliyi XX əsr
dönəmli Vaqif Bəhmənli
Mən Vaqif Bəhmənli ilə tanış olanda hələ bizim 30
yaşımız tamam olmamışdı. Ordubaddan Bakıya gələndə
“Sovet kəndi” qəzetinin adında olan “kənd”
sözünü özümə o cümlədən
bütün kəndçilərə ( kəndlilərə)
məhrəm bilib, doğma qapılardan biri kimi onun
qapısını döydüm və o vaxt həmin qəzetdə
şöbə müdiri işləyən, əvvəl
qonaqdanqaçan, sonra isə başçılıq etdiyi
şöbənin qapısını açan hər bir kəsi
də öz yaxınlarının sırasına qatmağa
çalışan və bu günün daha çox məhşur
olan şairlərdən biri sayılan Vaqif Bəhmənli ilə
tanış oldum. Həm də onun yanına elə belə
getməmişdim, məni ora qayğıkeş insan,
dövrünün sayılıb – seçilən şairlərindən
biri, mənim isə ən əziz dostlarımdan biri, Səyavuş
Sərxanlı göndərmişdi. Mən Vaqif Bəhmənli
ilə görüşəndə, deyəsən onun yalnız
bir, yaxud iki kitabı çap olunmuşdu. Çünki mən
onunla ikinci dəfə görüşəndə o
özünün yenicə çapdan çıxan “Bar ver
ümid ağacım” ( 1983) şeirlər kitabını
yazıb müəllif payı kimi mənə təqdim etdi. O
vaxtdan bu günə qədər demək olar ki, Vaqif Bəhmənlinin
bir neçə kitabı ilə tanış
olmuşdum. O kitabdakı şeirləri oxuyanda elə başa
düşürdüm ki, Vaqif müəllimlə həmişə
bir yerdə olmuşam, onun qələmə aldığı
şeirlərdən süzülən sevinc və kədəri,
qəmi və qüssəni, mən də onunla birlikdə
yaşamışam.
Bügünkü
görüşümüzdə isə (
08.01.2019) Vaqif müəllimin mənə avtoqraf yazıb
verdiyi sonuncu kitabından öyrəndim ki, onun
kitablarının sayı, deyəsən, 50 – ni
haqlamaqdadır.
“Qansız
savaş” ( “Renesans - A”, Nəşriyyat evi
– 2019) adlanan, 400 səhifədən ibarət olan şeirlər
kitabı müəllifin özünün də
aldığı ve heç bir yerdə çap olunmayan və
ilk dəfə bu kitaba daxil edilən şeir və poemalardan
ibarətdir. Kitabın ön səhifəsində müəllifin
şəklinin altında verilmiş:
Barmaqla sayılardım
bu xırman ölkədə mən,
Vaxtını
çox apardı içi dən olmayanlar
Məni mənə
çatdıra bilərdim, bəlkə də mən,
Məni məndən elədi, məndə mən
olmuyanlar.
bəndini
oxuyanda Vaqif Bəhmənlinin yaşadığı bu 64 ildə
onun necə insanlarla qarşılaşdığı,
hansı hisslər keçirdiyi, insanlıq ( əsl
insani xüsusiyyətləri) inkişafına buxov olan, ömrünün
ən gözəl günlərini və anlarını “məndə
mən olmayanlar” a sərf edən, özünü özünə
çatdıra bilməyən insanın geniş tərcümeyi
halı kimi verdiyi bu bənddə onun çəkdiyi əzab əziyyət,
ədəbiyyat yanğısı şəlalədən
tökülən su kimi ətrafa yayılan parlaq damlalarının
şahidi olursan.
Bu bəndi
oxuyandan sonra əziz şairin ilk dəfə “Azərbaycan”
jurnalından aldığı 100 manat ( bu
məbləğ o zaman çox böyük məbləğ
hesablanırdı) qonorar bir günün içində küləyə
verib evə qayıtdıqdan sonra keçirdiyi hissləri
gözlərinin baxışmasında canlandırırsan.
Şairin
– “ 64 yaşlı ifallı uşağın” kitaba “Proloq” ( səh.5)
əvəzi daxil etdiyi beş bəndlik şeiri oxuyanda
şairin heç bir bənzətmədən istifadə etmədən
“Ananı Allahdan önə çəkməsi, insanın (
eyni zamanda insanlığın) yaradıcısı olan,
ömrünü şam kimi yurdun (ümumilikdə
bütün yer kürəsinin) gələcək sahiblərinin
yolunda əridib, onları min bir əziyyətlə boya
başa çatdıran, biz yaşda olan
uşaqlığının bütün
ağırlığını o vaxtlar çiyinlərində
daşıyan eyni zamanda taxıl biçən, pambıq
yığan, laylası dünyanın bütün müsiqilərindən
qəlboxşayan olan Ərəbzəngi qüdrətli Leyli
timsalı analar göz önünə gəlir. Proloqun birinci
bəndində yazılır:
Yaşım
bircə an yaşında,
Canım
sudu, bir də ki qan...
Hamı
çəkilsin başımdan ,
Bir mən
qalım, bir də anam!
Şair ananı tərifləmir, digər formada bədii
təsvir və ifadə vasitələrindən istifadə
etmir. Cəmi
ikicə misradır:
Hamı
çəkilsin başımdan,
Bir mən qalım, bir də anam – deyir.
Bu
misraları oxuyanda görkəmli dramaturq Cəfər
Cabbarlının:
Ana! Ana!
...O adın qarşısında bir qul tək,
Həmişə
səcdədə olmaq mənə fəxarətdir
Onun əliylə
bəla bəhrinə yuvarlansam belə,
Yenə xəyal edərəm bəzmi istirahətdir.
Yaxud:
Yatar,
ölər bədənim, nitqdən düşər bir
söz:
-Ana...!
Ana... Sənə mən rahibəm itaətdə
misraları yada düşür.
Kitabın
proloqunun ikinci bəndində deyilir
Cənnət
qabarır döşümdən
Körpə
qanmaz nədir günah...
Hamı
çəkilsin başımdan
Bir mən
qalım, bir də Allah...
Şair Ana ilə Allah obrazları haqqında heç nə
söyləmir. Şeirin misralarındakı sıralanma
insana kimin daha yaxın olduğunu dolayı yolla başa
salır. Digər tərəfdən,
obyektiv aləmlə daha yaxından səsləşən bir
müqayisə aparır. (Doğurdan da elədir,
insan dünyaya gələndən sonra hər şeydən əvvəl
ana qoxusunu duyur, ana laylasına uyuyur. Bir sözlə onu
tanıyır)
Öz
uşaqlıq illərini yada salıb onu şirəli sətirlərə
çevirən Vaqif Bəhmənlinin şeirlərini oxuduqca
öz uşaqlıq illərimi ( Bəlkə
də bütün oxuyanlar mənim kimi...) göz önünə
gətirdim
Bugda
növbətində sümük uyutdum, un
oldum
Yenə də
ölmədim fələk!
Ömrümü
hərləyib uşaq böyütdüm,
Özümü
böyüdə bilmədim fələk!
6 – 7
yaşlarında olanda rəhmətlik anam (qəbri nurla dolsun)
səhrəbanı ilə dəyirmana atladən
apardığımız gözlərim qarşısında
canlandı ( Kədəri qəlbimdə
qövr elədi).
Vaqif Bəhmənli yeri gələndə ürəkdən
gülməyi, yeri gələndə ciddiyəti qılınca
çevirən, yeri gələndə isə Füzuli
misralarına dönən şairdi. Ancaq nə qədər deyib –
gülsə də, nə qədər ürəkdən
gülümsəsə də onun gözlərinin dərinliyində:
Atamı əlimdən
apardı daşqın
Gördüm ki, dörd yanım sıldırım
daşdı.
Allahın
əlindən tutmaqdan başqa ,
Varmı
ikinci bir çarəm ... düşündüm
(xatırat, səh.19)
misraları oxunur. Çünki insan illər çox
şeyi yaddan çıxarsa da bəzi şeyləri heç
vaxt unuda bilmir. Lakin insan heç zaman evin Allahı
sayılan ata itkisini, öz yolunda çəkilən Ana əzab
- əziyyətini, ana təlaşını unutmaq bir yana, heç oləzidə də bilmir. Külək körükləyən közlü ocaq
kimi hərdən səngiyir, hərdən də alovu ərşə
dirənir.
Şeirlərinin məzmunundan da görünür ki,
şairin uşaqlıqda çəkdiyi əzab - əziyyəti,
qəlbinə vurulan yaraları “türməyə basılsa da
onlar yenə də öz təsirini azaltmır,
yanğısı öləzimir”. Bütün bunları şair
dörd misra ilə aşağıdakı formada ifadə edir:
Cəza
çəkməlidi günahı olan-
Türməyə
basıram yad günlərimi
Ömrümü
qanunla verirəm yola
Belə keçirirəm ad günlərimi.
(Ad
günü, səh. 22)
Şeirin məzmunundan görünür ki, şair hər
ad günü keçirəndə uşaq yaşlarında
yaşadıqları kino lenti kimi gözlərinin
qarşısından gəlib keçir. (Gərək şair
ogünləri türməyə atmağa can atmıyaydı. Çünki “türmə” həyatı müəyyən
zaman kəsiyidi. Bəlkə də “Tonqallar atsaydı yad
günlərini” o günlərin yaşantılarından daha
uzaq olardı)
Şair dərdi dəryadır, nə azalası, nə də
quruyasıdır. Hər bir şəxs şairi xoşbəxt sayır:
adı, sanı, pərəstişkarı, təbliği,
oxucuları, ali mükafatları. Bu doğurdan da belədir. Çünki, Vaqif Bəhmənli
bu qədər şan – şöhrətin, ad – sanın, dost
tanışın içində yenə də gəncliyinə
qədər yaşadığı kədər və
iztirabdan, acı yanğıdan bir addım da uzaqlaşa bilmir.
Üzündə olan o gülüşü,duruşunda
olan vüqarı, cavabında olan şirinlik və səmimiyyəti,
qəlbndə yaşayan acıların üzərinə
çəkilən örtüyə çevrir və yazır:
Hər kəs
məni xoşbəxt bilir!
Xoşbəxtəm,
əlbəttə,
Çünki
heç bir kimsənin,
Mənim qədər dərdi yox. ( Fərqli
baxışlar, səh. 36)
Bu gün
hər bir kəsə nəsib olmayan şöhrəti, qara
meşinli kreslosu, qarşısında gözətçisi
olan iş yeri, sözü hər yerdə söz hesab edilən
bir kəsin qəlbindəki dərdin böyüklüyü
ilə fəxr etməsi onun, böyük şair babamız Məhəmməd
Füzuliyə yaxınlaşdırdığı qədər
də, bu gün də çox qazanmaq eşqi ilə
yaşayan, var – dövləti başdan aşan, gündəlik
qaz vurub, qazan dolduran günün qəhrəmanları ilə
ziddiyət təşkil edir.
Var
üçün varlığını vara çevirənlərin
əksəriyyət təşkil etdiyi bir dövrdə,
insanlığı uca tutub, vicdanı dilə gələn
insanlar, bəlkə də , tək təkdir.
Tək – tək olsa da var. Var olmasaydı bu misralar heç
zaman qulağımıza gəlib çatmazdı:
Başım ağrıyır ... Niyə?
Dişim ağrıyır ... Niyə?
Qolum,
qanadım, dizim,
Hər yanım ağrıyır ... Niyə?
Hər
şey cəhənnəm, üstəlik,
Vicdanım ağrıyır ... Niyə?
Yaşadığımız dövrdə bu ağrı,
hər kəsə qismət olan “xoşbəxtlik” deyil. Bu xoşbəxtlik
yalnız elin varını öz var dövləti, xalqın dərdini
öz dərdi sayan bəxtəvərlərə nəsib olan
xoşbəxtlikdir. Əgər bu “vicdan
ağrısı” xoşbəxtliyi hər kəsə qismət
olsaydı, nə Suriyada qanlar tökülər, nə
İraqda “bomba əkilər” nə də körpələrin
yuxusu ərşə çəkilərdi.
Vaqif Bəhmənli hər kəsin ömrünü bir
nağıla bənzədir. ( Doğurdan da
belədir) Ancaq o bu nağılların sonunu uydurulmuş
nağılların sonu kimi alma payı gətirənhesab
etmir. O öz nağıl ömrünü pozulmuş bostana bənzədərək
yazır:
Üç
alma – puç alma... o sonluq deyil,
Nağıla
baxanda dastandı Vaqif
Meşə
onluq deyil, dağ onluq deyil,
İlbəil
talanan bostandı Vaqif ... (Səbzəli şeir, səh. 41)
Yəqin şair bilməmiş deyil ki, göy guruldaynda
çaxımı, bostan talananda toxumu, Vaqif Bəhmənlinin
izlərinin arxasında isə əbədi olaraq coşub
çağlayan şeir axını qalır.
Ömrünün
əsas hissəsini şəhərdə yaşayıb yaradan
şair sanki kəndçi ( kəndli) sadəliyini
itirməkdən qorxur, qorxur ki, arzuldığı keçidləri
kimi hasara alına , şəhərin hamımızın
uşaqlıqdan can atdığımız, eşqi ilə
yaşadığımız , arzularımızda gerçəkləşəcəyi
ünvan olan baş kəndimizin qadağalarına qurban gedə.
Belə olmasaydı o:
Çölüm
od, içimdə Günəş parlamaz
didilir
dırnağım asfalt çəməndə
Hanı nənəm,
babam, hanı tarlamız –
axı
kəndçilikdən nə qalıb məndə ( şəhərli
kəndçi, səh. 43)
Ancaq onu da bilir ki, bu gün qəlbində
yaşatdığı alçaqkönüllülük,
insana və insanlığa qayğı,
qaqşısındakı ilə səmimi rəftar...
bunların hamısı kəndin tör - töküntüləridir. Görkəmli mərhum
şairimiz Səyavuş Sərxanlı nahaq yerə
dememişdir ki:
Qoy
böyük şəhərlər qürrələnməsin,
Hamısının atası – anası kənddir.
Vaqif Bəhmənli
bir Ər kimi ailəyə, uşağa bir şair kimi, Vətənə,
torpağa, yurda, bir zamanlar ərazisi 410 min km2 olan Azərbaycana
– Türk yurduna bağlı şairdir. O, bu hisslərlə
yaşamasaydı, bu sevgini qəlbində
daşımasaydı:
Təbrizə
baş çəkdim, Qarsı dolandım –
qalmağa yer hanı görumdan başqa?
Dünyada
nə qədər gözəl var, qandım,
hamısı nağıldı ... birindən başqa ( Başqa, səh.
45)
bilmirəm haradan oxumuşam, ancaq onu oxumuşam ki, şairlər
kimlərdən sonrasa ikinci yerdə dayanırlar. Bu cür
uğura qane olmayan səmimi şair Vaqif Bəhmənlinin
Tanrıdan başqa bir xahişi də var ki, bu xahiş hər
kəs yox, yalnız Tanrının seçdiyi bəndələri
– seçilən bəndələr ondan xahiş edə bilərlər
və deyə bilərlər ki:
Tanrım,
günahımdan keç,
hesab et
ağıldan kəm...
Öləndən
sonra da heç
mən
ölmək istəmirəm! ( Xahiş, səh.87)
Ola bilsin
ki, gözəl şeirlər və poemalar müəllifi, səmimi
insan, sadiq ər, qayğıkeş ata, 65 illik bir ömrün
bir addımlığında dayanan Vaqif Bəhmənlinin
Tanrıdan etdiyi bu xahişə heç ehtiyacı da yoxdur.
Tanrı xahişsiz, filansız o heç bu cür hissləri
yaşamaq iqtidarı olmadığı dövrdə onun bu istəyini
yerinə yetirmiş ona odlu ürək, coşqun təb, səmimi
çöhrə və heç zaman tükənməyən
zəngin yaradıcılıq pay bölümüdür ki, bu
pay əbədiyyətə qədər paylanacaq və
paylandıqca bu Tanrı payının arxasında da Vaqif Bəhmənli
imzası yaşayacaqdır. Bir ailəyə, bir
yurda, bir ölkəyə, bir xalqa baş ucalığı və
şöhrət gətirə bilən şair Vaqif Bəhmənli
imzası.
Sərdar Zeynal,
Şair, Filologiya üzrə elmlər
doktoru,
Azərbaycan Yazıçılar
Birliyi və
Azərbaycan Jurnalistlər birliklərinin
üzvü
Hürriyyət.-
2019.- 22 yanvar.- S.10.