Azərbaycanın qəhrəman oğlu

- İsrafil Məmmədov

 

Cəmi 27 il ömür sürən ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı haqda həqiqətlər

 

İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məhərrəm oğlu Məmmədov əslən Şəmkir rayonunun Qapanlı kəndindəndir.1919-cu ilin burulğanında ailəsi Gəncəyə köçüb. Elə həmin ili İsrafil Məmmədov da burada dünyaya göz açıb. İndi həm Gəncə şəhərində, həm Qapanlı kəndində igid eloğlumuzun abidəsi ucalır. Əslində, onun ölməz xatirəsi bütün qədirbilən Azərbaycan xalqının qəlbində yaşayır.

 

İyirmi yaşlı gənc İsrafil əsgərliyə gedəndə ölkədə əmin-amanlıq idi. Heç kəsin xəyalına belə gəlməzdi ki, tezliklə tufan qopacaq, Vətənin mərd oğulları hünər meydanında əsl sınaqdan keçəcəklər. Tufan qopdu sınaq başlandı. Yüz minlərlə azərbaycanlı döyüşçü arasında ilk dəfə olaraq İsrafil Məmmədov doğma diyarının adını dünyaya tanıtdı.

1941-ci ilin dekabr ayında döyüşən ordudan Gəncəyə xoş bir xəbər gəldi: Şimal-Qərb cəbhəsinin Siyasi İdarəsi sizdən xahiş edir: İsrafil Məhərrəm oğlu Məmmədovun üçüncü vağzal küçəsindəki 39 nömrəli evdə yaşayan ailəsinə xəbər verin ki, onların oğlu, bizim cəbhənin döyüşçüsü faşist işğalçılarına qarşı döyüşlərdə igidlik göstərdiyinə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür". Şaxtalı dekabr gecəsi iki batalyon alman avtomatçısı Novqorod vilayətinin Pustınka kəndinə yaxınlaşmışdı. İlk baxışda elə göründü ki, bu kənddəki strateji obyekti müdafiə edən rota mühasirəyə alınmışdır. Almanlar burada toplardanminaatanlardan şiddətli atəş açıb hücuma keçdilər. Kənddəki atəş nöqtələrindən səs gəlmirdi. Faşistlər asanlıqla qələbə çalmaq ümidində idilər. Budur, onlar artıq kəndin yüz metrliyinə çatdılar. Artıq hər bir faşistin üzünü görmək olurdu.

- Atəş! – deyə İsrafil Məmmədov komanda verdi.

Məmmədovun döyüşçüləri avtomat silahlardan yaylım atəşi açdılar. Bu atəş düşməni xəncər kimi kəsdi. Faşistlərin birinci sıraları biçildi. Almanlar radiostansiyanı məhv etməyə çalışırdılar. Beş əsgər stansiyaya yaxınlaşırdı, lakin bunların beşi məhv edildi. Radiostansiya isə salamat qaldı.

Beləcə, gərgin vuruş azı on saat davam etdi. Avtomat silahların patronları qurtarırdı. Məmmədovun yanında öldürülmüş yaralanmış döyüşçülər uzanmışdılar, bunlar onun dostları, silahdaşları idilər. Kəndi müdafiə etmək üçün cəmi səkkiz əsgər qalmışdı. Məmmədov avtomatı bir yana qoyub tüfəngi götürdü. Patrona qənaət etmək lazım idi. İndi snayper Məmmədov təkcə özü atəş açırdı. Yaralı avtomatçılar və radistlər tüfəngi doldurub ona verirdilər, o da arası kəsilmədən düşməni atəşə tuturdu. Tüfəng patronları da qurtardı. Faşistlər isə irəliyə can atırdılar. Gərgin süngü döyüşü başladı. Hamıdan irəlidə komandir Məmmədov özü gedirdi. Pustınka kəndini müdafiə edənlər kömək gələnə qədər mövqelərini əldən vermədilər. Bu hadisə dekabr ayının ilk günlərində olmuşdur. Ayın 11-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Dörd gündən sonra Şimal-Qərb cəbhəsinin komandanı, general-leytenant P.A.Kuroçkin şəxsən özü qəhrəmanın hüzuruna gəldi. Birbaşa döyüş meydanında təntənəli şəraitdə İsrafil Məmmədova Lenin ordeniSovet İttifaqı Qəhrəmanının "Qızıl ulduz"u təqdim edildi. Sevincdən, həyəcandan qəlbi çırpınan İsrafil Məmmədov inamla dedi:

- Mənim 22 yaşım var. İndi həyatımın əsl mənasını daha çox faşisti məhv etməkdə görürəm. Nə qədər ki, sağam, mən bu amalla faşizmə qarşı vuruşacağam.

General gülümsündü. Qəhrəmana üçdiskli avtomat bağışladı. Qəhrəmanın şərəfinə Şəmkirdə, doğma Qapanlı kəndində, Gəncədə və başqa yerlərdə keçirilmiş mitinqlərdə də eyni ilə tərif və təbliğat sözləri səslənirdi. Həmin ilin may ayında ağır yaradan sonra hospitalda müalicə olunmuş qəhrəman Gəncəyə gəlir. Bu zaman artıq İsrafil Məmmədovun hünərindən təkcə döyüşçülər nümunə götürmürdülər, "məmmədovçular" hərəkatı arxa cəbhədə də geniş vüsət almışdı. İ.Məmmədov yenidən daha böyük cəsarətlə döyüş meydanına atılır. 1943-cü il mayın sonuna kimi mərdliklə vuruşur, ikinci dəfə yaralanır, döyüş dostlarından ayrılmalı olur. O, bir müddət respublika komsomolunun Mərkəzi Komitəsində işləyir.

Faşistlərə sonsuz nifrətini yenidən dönə-dönə nümayiş etdirdi. Xeyli vuruşdu. Lakin üçüncü yara qəhrəmanın səhhətini tam sarsıtdı. 1946-cı ildə qızları QalinaSvetlana atalarını həmişəlik itirdilər. Qəhrəman İsrafil Məmmədov 1946-cı il mayın 1-də Yalta hospitalında əbədiyyətə qovuşdu. Qəhrəmanın cənazəsi xüsusi təyyarə ilə doğma yurduna gətirildi və Gəncənin mərkəzində, indiki Xan bağında torpağa tapşırıldı.

Onun haqqında istər rus mətbuatında, istərsə də doğma Azərbaycanda çox əsərlər yazılıb. O illərdə Gəncədə yaşayıb-yaradan Mir Cəlal Paşayev də İ.Məmmədovun hünərindən riqqətə gələrək "Qəhrəmanın yolu" adlı geniş bir oçerki qələmə alır. 1942-ci ildə isə Bakıda sevimli ədibin "İsrafil" adlı kitabı çap olunur.

Onu Mircəfər Bağırov öldürtdürüb?

Gəncədə barəsində əfsanələr, əhvalatlar dolaşan İsrafil Məmmədov gənc yaşında həm müharibədə, həm də şəhərdə adına dastan bağlayıb. Cəmi 27 il ömür sürən İsrafil Məmmədov kim idi?

İsrafil Məmmədovun bacısı oğlu Füzuli Məmmədov “Azadlıq” radiosuna ilk Sovet İttifaqı Qəhrəmanı haqda danışıb:

“Yadımdadır ki, zabit geyimində bizə gəlmişdi, mən də qaçıb onun dizlərinin üstündə oturdum. Anam dedi ki, “düş, dayını incitmə”, o da dedi ki, “dəymə, mən bu uşağın sayəsində qəhrəman olmuşam”. O qəhrəman olan günü mən 7 günlük imişəm”.

İsrafil dayım çox mərd oğlan idi, orta məktəbi yaxşı oxumuşdu, texnikum qurtarmışdı”, - bacısı qızı Pakizə Məmmədova dayısını xatırladır:

“O vaxt uşaqların ən böyüyü mən idim, 12-13 yaşındaydım, çox şey yadımdadır. Dayım bizim evimizdə böyüyüb”.

 

Dalaşqan idi

 

Füzuli Məmmədov əlavə edir ki, İsrafil Məmmədov atasını itirəndə çox kiçik olub, böyüksüz qalan uşaq bir az sərbəst böyüyüb:

“Qabağından yeməz idi, sözgötürməzdi, dalaşqan idi”.

Gəncədə danışırlar ki, İsrafil Məmmədovun yerli milislərlə arası o qədər də xoş olmayıb. Onun Sovet İttifaqı Qəhrəmanı adı alması da onları çaşdırıb, dünənə qədər təqib etdikləri gəncə indi hörmət-izzət göstərməlidirlər. Füzuli Məmmədov deyir ki, dayısına ad veriləndən sonra evlərinə hərbçilər, milislər gəlib:

İndi sizə danışacağım əhvalatdakı nənəmin ana nənəm – Gülsüm olduğunu deyirlər, amma elə deyil. Evimizə hərbçilər gəlib, soruşublar ki, “İsrafil Məmmədov burdamı yaşayır?” Dayımın da, dediyim kimi, dalaşqan, vuran-yıxan olmasını ata nənəm Nərgiz də bilirdi. Milislər gələndə nənəm pəncərənin qabağında oturubmuş. Milislər soruşanda ki, “İsrafil Məmmədov burda yaşayır?”, deyib, “yox, yox, ay bala, burda yaşamır”. Nənəm düşünüb ki, görəsən, dayım yenə nə qarışdırıb. O vaxt heç kim bilmirdi ki, Sovet İttifaqı Qəhrəmanı nə deməkdir”.

 

Qəhrəmanın qohumlarını vəzifəyə qoydular

 

Amma İsrafil Məmmədova verilən adın nüfuzu təkcə ona təsir etmir, qohum-əqrəba da bunun bəhrəsini “dadır”:

“Mircəfər Bağırovun göstərişi ilə bəzi qohumlar işlədikləri yerdə vəzifəyə gətirildilər. Məsələn, qardaşı məktəbdə müəllim idi, direktor qoydular, atam kolxozda işləyirdi, kolxoz sədri qoydular. Yəni qəhrəman qayıdanda görsün ki, onun yaxınlarına hökumət necə münasibət göstərir”, - Füzuli Məmmədov deyir.

İsrafil Məmmədov 1939-cu ildə əsgərliyə gedib, ammaFin müharibəsi”nin ortasına düşüb (1939-cu ildə Sovet hökuməti hücum etməmək haqqında Sovet-Finlandiya müqaviləsini (1932) ləğv edəndən sonra iki ölkə arasında müharibə başlayıb).

Əsgərliyini bitirməmiş İkinci Dünya Müharibəsi başlayıb və İsrafil Məmmədov baş serjant rütbəsində Novqorodun müdafiəsinə yollanır. Bir neçə ay sonra Pustınka kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə 70-dən artıq alman faşistini öldürür. Füzuli Məmmədov danışır ki, hücum zamanı düşmən çox, Məmmədovun dəstəsində adam az olub, üstəlik, döyüş vaxtı bir neçə yoldaşlarını da itiriblər.

Fin müharibəsində sıravi döyüşçü olan İsrafil Məmmədov hərbi taktika işlədərək ayrı-ayrı istiqamətlərdən atəş aşmaqla səngərdə çoxlu hərbçi olduğunu düşmənə göstərir. Üstəlik, alman faşistlərinin onlara yaxınlaşmasına imkan yaradıb qəfil hücum edireyni zamanda onlarla düşmən öldürür. Sonradan köməyə gələn sovet ordu rəhbərliyi bu əhvalatı “yuxarılara” məruzə edirAli Sovetin qərarı ilə 1941-ci ilin dekabrında İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verilir.

 

“Bağırov onu cəbhədən gətizdirdi”

 

Bir azərbaycanlının yeni başlayan dünya müharibəsində göstərdiyi qəhrəmanlıq respublika rəhbərliyinin diqqətini dərhal cəlb edir və Mircəfər Bağırov İsrafil Məmmədovun vətənə məzuniyyətə gəlməsinə nail olur. Pakizə Məmmədova danışır ki, dayısı sevdiyi rus qadınla gəlir:

“Dayım elə Novqorodda tanış olduğu qızla gəlmişdi, evləndi. Bağırovun göstərişi ilə ona şəhərin mərkəzində ikiotaqlı ev verildi, sonra da Bakıya apardı, orda da yenə şəhərin mərkəzində üç otaqlı ev verdi, komsomolda işə götürdülər. Bağırov demişdi ki, gəncləri ruhlandırmaq üçün İsrafil Məmmədov ona lazımdı”.

Amma İsrafil Məmmədov burda çox tab gətirə bilmir:

Dayım dinc həyatda narahat idi. Ancaq Bağırov onu buraxmaq istəmirdi. Axırda dayım nənəmdən öyrənir ki, Tbilisi hərbi komissarlığında qohumumuz işləyir. 1943-cü ildə Tbilisiyə gedib cəbhəyə ordan yollanmışdı”.

 

Bağırov onun sağalmasına çalışırdı

 

Bu dəfəki döyüş yolu İsrafil Məmmədova ağır başa gəlir. Müharibənin sonlarında o, boğazından yaralanır, sağalsa da, vərəmə tutulur:

Müharibədən qayıtmışdı, bizə gəlmişdi, boğazı sarıqlıydı, anam onayemək ye” deyəndə dedi ki, “boğazımdan keçmir””, -Füzulu Məmmədov xatırlayır.

Mircəfər Bağırovun artıq böyük nüfuz sahibi olandan sonraqabağından yeməz olmuşİsrafil Məmmədova qarşı münasibətinin pisləşməsi, hətta onun ölümündə əli olması kimi versiyaları Füzuli Məmmədov təkzib edir, deyir ki, uşaq olsa da, dayısının son günləri onun gözünün qabağındadır: “Ayaq üstündə zorla dururdu. Bağırov onun sağalması üçün əlindən gələni edirdi, Yaltaya müalicəyə göndərdi. Görünür, vəziyyətinin pis olması, hava dəyişikliyi onun səhhətini daha da pisləşdirdi. Yaltaya çatandan bir gün sonra, 1946-cı il mayın 1-də vəfat etdi. Cənazəsi Gəncəyə gətirilib o vaxt “Lenin” parkı adlanan Xan bağında dəfn edildi, büstü qoyuldu”.

İsrafil Məmmədovun əkiz qızı qalıb. Pakizə Məmmədova deyir ki, SSRİ dağılana qədər əlaqələri olsa da, 20 ildir, onlardan heç bir məlumat ala bilmirlər:

Onları tapmaq istəyirik. Bir iki gündür ki, televizora baxıram, ilk Sovet İttifaqı Qəhrəmanı olsa da, heç bir verilişdə dayımı xatırlamadılar. İki gündür ürəyim partlayır, axı, bunu unutmaq olmaz”.

 

Hazırladı: Məmməd MİRZƏLİYEV

 

Hürriyyət.- 2019.- 29 yanvar.- S.13.