Vətənləşən Vətən oğlu
Hər zaman həsrəti
payız fəslinə oxşadırlar. Payızda bir – bir qopub düşən
yarpaqlar kimi həsrət çəkən ürəklərdəndə
bir – bir ümidlər qopub düşür. Payızın dolub boşalan buludlarını
andırır həsrət çəkən gözlər.
Qəlbin fəryadı şimşəklərə, göz
yaşları isə çağlayan gur çaylara bənzəyir.
Həsrət bir az da torpaq qoxur. Vətən torpağı. Axı elə o həsrətin
təməli də vətən, torpaq üçün qoyulub.
Bir ovucunu bağrına basıb şəhid kimi
qoxlayıb öpdükdə sanki yaralı qəlbinə məlhəm
olur o torpaq. Elə şəhid
qanının torpağa məlhəm olduğu kimi.
Torpağa məlhəm olan, canın vətən uğrunda fəda edən
bir qəhrəman Quliyev İnqilab Çingiz oğlu. Tanıdıqca vətən
sevgisənə heyran olduğum bu qəhrəmanın
ömür kitabını vərəqlədikcə əzmin,
cəsarətin, şücaətin sehrinə
düşdüm. Bir ürəyin sonsuz sevgisinin
nurlandırdığı şəhid sözü vətən qədər
əziz vətən qədər müqəddəs
sayılır. O müqəddəs şəhidi Allah vətənə
can olsun deyə göndərmişdi yer üzünə.
Dünyaya gəlişi ilə nur saçan bu qəhrəman
gedişi ilə də nur saçdı. Həm də
bütöv cahanı nura qərq etdi. O nur şəhid nuru
idi.
1983-cü ilin yaz
ayları idi. Quliyevlər ailəsində həyəcan
və təlaş hökm sürürdü. O həyəcan
aprelin 13 – də yerini sevinclə dəyişdi. Ailə
üçüncü övladını bağrına
basdı. Ailə bu övlada İnqilab adını qoydu. Hər
zaman deyirlər ki, “insanın adı onun taleyində
böyük rol oynayır”. Yəqin ki, bu adı qoyarkən bu körpənin
gələcəkdə kim olacağı təsəvvürü
yaranmışdı. Ötüb keçən zaman
İnqilabı böyüdürdü. İnqilabla bərabər
arzular, ümidlər də böyüyürdü. Bu zaman ərzində
ailə yaşayış məkanlarını da dəyişmişdi.
Əslən Beyləqan rayonundan olan Çingiz Quliyev ailəsi
ilə birlikdə Kəlbəcər rayonunun İstisu qəsəbəsinə
köçüb orda müəllimlik fəaliyyətini davam etdirirdi.
Elə İnqlab da ilk təhsilinə 1989-cu ildə Kəlbəcər
rayonunun İstisu qəsəbəsində
başlamışdı. Ancaq ailə
başçısının səhhətində yaranan
problemlə əlaqədar onlar 1990-cı ildə yenidən
Beyləqana köçür və İnqilab təhsilini
burada Milli Qəhrəman Namiq Allahverdiyev adına 1 N-Lİ məktəbdə
davam edir. IX sinifi bitirdikdən sonra 1997-ci ildə Cəmşid
Naxçıvanski adına Hərbi liseyə daxil olur. Ürəyində
vətən dərdi qövr edən bu qəhrəman vətənin
dərdinə məlhəm olmaq niyyəti ilə hər vəchlə
çalışır. 2000-ci ildə Heydər Əliyev
adına Ali Hərbi Məktəbin raket və artilleriya
silahlarının istismarı və təmiri ixtisasının
kursantı adını qazanır. Ömründən ötən
hər günü vətən naminə yaşayan
İnqilabın atdığı addımlar onu pillə-pillə
yüksəldir. Ancaq o hər zaman ən yüksək məqam
olan şəhidlik məqamına ucalmaq arzusunda olur. İnqilab
çox gözəl bilirdi ki, torpaqlarının bir qismi
işğal altında olan bir vətən hər zaman şəhid
verib və verəcək. O da vətənin azadlığı
naminə can verməyə hər an hazır idi.
2005-ci ildə İnqilab artıq kiçik leytenant rütbəsi
almışdı. O Tovuzda olduğu müddətdə bir hərbiçi
kimi düşmənə göz açmağa imkan vermirdi.
Daha sonra baş-leytenant rütbəsi alan qəhrəman
2006-cı ildə Toğanada işə
başlamışdı. Bununla da yetinməyərək
Türkiyədə ixtisas artırma kursundan müvəffəqiyyətlə
keçən İnqilab 2011 – ci ildə Gəncədəki N
saylı hərbi hissədə kapitan kimi fəaliyyət
göstərmişdi.
Hərbiçi kimi vətən
keşiyində duran İnqilab 2011-ci ildə şəxsi
həyatında da önəmli bir imza atır, Lalə
xanımla ailə həyatı qurur. Oğul toyunun sevincindən
cuşa gələn ata, ana ən böyük arzusuna
çatır. Ailə xoşbəxt günlərə qucaq
açdıq deyərkən bir anda sevinc kədərlə
yerini dəyişir.2012-ci ildə İnqilabın
qardaşı rəhmətə gedir. İnqilabın ürəyinə
qardaş dağı dəyir. Qardaş dağı ilə
göynəyən ürəyə övlad sevinci məlhəm
olur. 2012-ci il iyulun 30-da İnqilab ilk dəfə ata
olmağın sevincini yaşayır. Onun Hüseyni dünyaya gəlir.
2014-cü il iyunun 29-u isə ikinci övladı Əyyam
dünyaya göz açır. Vətənin dəyərli
oğlu həm də dəyərli bir ailə
başçısı idi.Həm vətənin keşiyin
çəkirdi, həm də ailəsinin. İnqilabın
övladları ilə bağlı böyük arzuları var
idi.O 2016 – cı ildə övladlarına kiçik toy etməyi
planlaşdırırdı. Ancaq…
Xoş arzuların dilə gəldiyi bayram günü… Martın
21- i Novruz bayramında Quliyevlərin ocağında
çal-çağır idi. Adət – ənənələrimizi
yaşadan bu ailə bayramı qeyd edirdi. Sanki son
İnqilablı bayram olduğunu hiss etmişdilər. Sonlar
unudulmur. Nə İnqilabın iştirak etdiyi son bayram nə də
son dəfə martın 24-də evdən son gedişi.
Aprel döyüşlərində
azad olunmuş torpaqlara
qanı ilə imza atanlardan biri də İnqilab Quliyev oldu. Hər zaman “Kəlbəcərə
şanlı bayrağımızı sancacam” deyən
İnqilabın illərlə gözlədiyi an
yetişmişdi. Zəfər sorağında olan
xalqımız müjdəli xəbərləri almağa
başlamışdı. Hər azadlığa qan izi
düşür. Bu azadlığın da izi həm torpağa
həm də ürəklərə
düşmüşdü.
Gecələri gündüzü ilə yer dəyişən İnqilab aprelin 3-də
son dəfə 1 saatlıq Tərtərə dayısı gilə
gəlir.
Sanki anası ilə vidalaşmağa gəlir. İnqilab
çox gözəl bilirdi ki, o döyüşdə hər
an can verə bilər. İnqilabı görən ananın
ürəyi sevincdən titrəyir.Ana oğlunun
qarşısında baş əyib “salam Azərbaycan əsgəri”
deyir.İnqilabın gəlişi hər zaman olduğu kimi yenə
də toy – bayrama dönür. Ancaq onun ürəyində
nigarançılıq var idi. Hətta boğazından yemək
də keçmir. Bunu görən ana oğlunun gəlişinə
çəkilən kababları büküb əsgərlərə
göndərmək qərarına gəlir. Ah ana ürəyi…
Artıq İnqilabın getmək zamanı çatanda ana mələk kimi uyuyan
balasına yaxınlaşır ki, onu yuxudan oyatsın. Ancaq bacarmır. “Axı mən
balamı od-alovun içinə necə göndərim?” deyən
ana geri çəkilir. Bacısı İnqilabı oyadır.
Kapitan hər kəslə vidalaşır. Anası
balasından ayrılmaq istəmir. Ana vətəninin də
İnqilaba ehtiyacı olduğunu düşünən ana
oğlundan ayrılır.
Artıq günlər idi Azərbaycan ordusu düşməni sarsıdıcı
zərbələrlə geri çəkilməyə məcbur
edirdi. Aprelin
4-ü döyüş hələ də davam edirdi.
Axşamçağı İnqilab son dəfə
xanımına zəng edir. Hər şeyin yaxşı
olduğunu deyib Laləni arxayın salmağa
çalışan İnqilab vidalaşdıqdan yarım saat
sonra qəhrəmancasına şəhid olur. Sonradan məlum
olur ki, kapitan Quliyev və döyüş yoldaşları
aprelin 3-dən 4-nə keçən gecə Ağdərəyə
gedən əsas yol üzərində yerləşən
strateji baxımdan əhəmiyyətli olan Madaqiz məntəqəsindəki
hərbi bazanı darmadağın ediblər. Həmin vaxt erməni
ordusunun çox sayda hərbi qulluqçuları, polkovnik və
general rütbəli hərbçiləri hərbiçilərimiz
tərəfindən məhv edilib.
Tarixi qədimdən
qədim, qoynunda isə
neçə qəhrəmanın uyuduğu Gəncəyə
yenə bir qəhrəmanın şəhid olduğu xəbəri
yayılır.
Azərbaycanın döyünən ürəyinə sanki xəncər
sancılır. Axı hələ İnqilabın hərb sahəsində
hədəfləri var idi. Axı o general olmaq istəyirdi. Gəncə
camaatı hər gələn şəhidi tək
İnqilabı da vətənin qəhrəmanı kimi
qarşılayır. Gecənin sükutunu insan izdihamı və
“Şəhidlər ölməz, vətən bölünməz”
şüarı pozur. Gəncənin 371-ci şəhidi 33
yaşlı Quliyev İnqilab Çingiz oğlu olur.
Beləcə doğularkən nur saçan İnqilab Quliyev dünyadan
köçərkən də vətənə nur
saçdı.
Onun sevgisindən hər ürəyə pay düşdü. Vətən
torpağında ucalan müqəddəs məzarı ziyarətgaha
çevrildi. Müqəddəsləşən şəhidimin
şücaətləri hər kəs tərəfindən dəyərləndirildi.
Sağlığında Ordunun yaranmasının 90 və 95 ci
il yubiley medalları ilə, 10 il qüsursuz xidmətə
görə “İgidliyə görə” III dərəcəli
medalı ilə, Müdafiə nazirliyi və korpus komandiri tərəfindən
dəfələrlə fəxri fərmanlarla təltif olunan qəhrəman
şəhadətindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə “İgidliyə görə” medalı ilə təltif
edildi.
İnqilab “Vətən” deyib vətənləşən oğullardan biri
idi. Vətən
sevgisi ilə yaşadı,
böyüdü və vətənlə bütünləşdi.
Bizə bir vətən əmanət qoydu.
ALLAHA UCALANLAR
Ömrün
Vətən adlı kədər daşından,
Görənlər ürpənib uzağa qaçar.
Torpağa çilənən hər
göz yaşından
Bir şəhid
boylanar, bir
çiçək açar.
Vətən
torpağının cadar üzünü,
Damlayan qan tutub lap hamar edib.
Qəlbimə dağ olan şəhid sözünü
Duyanlar qəlbini
köksündə didib.
İndi mən
ağlayım bir az gəncimə,
Bir az da vətənlə
qocalanıma.
Ağlayım sağalmaz şəhid
dərdimə
Allahın yanına ucalanıma.
MANYA
SƏXAVƏTQIZI
Hürriyyət.- 2020.- 20-21 avqust.-
S.14.