Aktyor sənəti onun həyat
prinsipidir…
Əməkdar mədəniyyət
işçisi, aktyor Hikmət Nəbili haqqında
Aktyor həyatının güzgüsüdür. Bu həqiqətən
də belədir. Ömrünü səhnəyə
bəxş edənlər çətin və məsuliyyətli
bir peşə ilə məşğul olduqlarını
yaxşı bilirlər. Onlar özləri
üçün yaşamırlar, daim yeni səhnə qəhrəmanları
haqqında düşünürlər. Onlara
səhnə ömrü verərək axtarış
aparırlar səhnədə müxtəlif insanları
tamaşaçılara təqdim edirlər. Belə aktyorlarda biri də S. Rəhman
adına Şəki Dövlət Dram
Teatrında fəaliyyət göstərmiş, aktyorluqdan teatr
direktoruna qədər böyük bir yol keçmiş Hikmət
Məmməd oğlu Nəbilidir.
O, 1957-ci
ildə sentyabr ayının 20-də Şəkidə anadan
olmuş, 1964-1974-cü illərdə Şəki şəhər
12 saylı məktəbdə təhsil almışdır. 1975-ci ildə Şəki Dövlət Dram
Teatrında yardımçı heyət aktyoru vəzifəsində
çalışmışdır. 1980-1984-cü
illərdə indiki Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetində dram və kino
aktyoru ixtisasına yiyələnmiş, sonra yenidən teatra
qayıdaraq aktyorluq sənətini təkmilləşdirmişdir.
1976-cı
ildə iyun ayının 4-də M. F. Axundovun “Hacı Qara”
komediyasında Sərkis obrazı Hikmət Nəbilinin
professional səhnədə ilk rolu oldu. Sonra o, bir-birinin
ardınca Pyetro (“Romeo və Cülyetta”), Mirzə Qulu (“Məni
qınamayın”), Ohan və Əsgər bəy (“Hacı
Qara”), Müstəntiq (“Ağ bayraqlar”), Tivadar (“Pələng və
kaftar”), Küker (“Ustalar”), Vağzal Naçalniki (“Adsız
ulduz”), Rafaello (“Ruhlar”), Divanə (“Ay tutulan gecə”), Vəzir
(“Şah və qeyri şah, şah elə şahdır”), Firuz
(“Bayramın birinci günü”), Pepito (“Mahir aradüzəldənlər”),
Aşıq Vəli (“Yağışdan çıxdıq,
yağmura düşdük”), Saleh (“Yalan”), Salman Tahirov (“Cəzasız
günah”) və s.yüzdən yuxarı obraza səhnə həyatı
vermişdir.
Aktyor düşüncəsinin məhsulu olan Salman
Tahirov-Nəbili öz hiyləgər planları ilə tibb
elminin dahisinə çevrilmək üçün,
başqalarını da qurban verir və sonda artıq canavara
çevrilir.
Nəbilinin duyaraq, sevərək, böyük
şövqlə ifa etdiyi obrazlar, xarakter etibarilə təmiz,
saf, zidiyyətli insanlardı. Aktyor yaratdığı obrazları
parlaq boyalarla göstərməyə nail olur. O,
tamaşanın bütün koponetlərindən istifadə etməyi
bacaran nadir aktyorlardandır.
Həyatda müşahidə etdiklərini, insan
psixoligiyasını mənimsəmək, dərindən
düşünmək arzusu ilə teatra gələn H. Nəbili
yeni düşüncə tələb edən əsərlərdə
zəngin xarakterlər yaradaraq, əxlaqi-intellektual münasibəti
ilə tamaşaçılara müsbət təsir etmək
iqtidarına malikdir. O, ifa etdiyi obraza məsuliyyətlə yanaşaraq,
xarakteri açmaq üçün son dərəcə mənalı
yaradıcılıq ştrixlərindən istifadə etməyi
bacarır.
Hikmət Nəbili bir aktyor kimi obrazın səhnə təcəssümünü
tamaşaçılara dəqiq çatdıra bilir. O, yaradıcılıq
prosesini elə qurur ki, obraz tamaşaçının
qarşısında düzgün açıla bilsin. Çünki aktyor yaratdığı personajdan nə
ala biləcəyini əvvəlcədən dərk edir. Bu da şübhəsiz hər aktyora nəsib olmur.
Bunun üçün aktyor da zəngin daxil,
yaratdığı obrazın səhnə təcəssümünə
düzgün münasibət olmalıdır.
Hikmət Nəbili öz sənətinə ciddi
yanaşan aktyorlardandır. O, yaratdığı hər bir bir
personaj üzərində ciddi işləmiş, ona
tapşırılan obrazı yüksək bədii səviyyəyə
qaldıra bilmişdir. O, aktyor təcrübəsini ifa etdiyi
obrazlara dəqiq bölünmüşdür. H. Nəbili
hansı obrazı yaxşı və pis oynayır demək
mümkün deyil. O, ifa etdiyi bütün rolları ürəyini
hərarəti ilə isidə bilir. Buna görə
ictimayət onu bir aktyor kimi qəbul edir.
Aktyor yaratdığı səhnə qəhrəmanlarını
özünəməxsus, hətta paradoksal bir formada əks
etdirə bilir.
İfa etdiyi obrazların hamısı
sünilikdən uzaq, təbii, canlı insan təsiri
bağışlayırlar. Bu istedadlı səhnə
ustası tamaşadan-tamaşaya püxtələşmiş,
istedadlı aktyorlar sırasına yüksələ
bilmişdir.
Hər
zaman xalqın içərisində olan H. Nəbili
bütün həyatını yeni insan obrazları
yaratmağa həsr etmiş və buna nail olmuşdur. O,
yaşının kamillik dövründədir. Lakin
buna baxmayaraq əsl yaradıcı insan kimi yenə də
öyrənir, müşahidələr aparır, biliyini və
təcrübəsini zənginləşdirir.
Hikmətin bir aktyor kimi uğuru ona tapşırılan hər
hansı bir rolun mənşəyini öyrənilməsindədir. Aktyor
obrazın mahiyyətini dəqiq duya bilir, onu bədii vasitələrlə
artırır.
Nəbili üçün obrazın xarakteri əsas
deyil. Onun üçün istər mənfi və müsbət,
cavan və qoca fərq etmir. O, bir məqsədə qulluq
edir-tamaşaçılar onun ifasından razı
qalmalıdır. Mən onun təxminən ona
yaxın obrazına baxmışam, hər zaman da razı
qalmışam. Aktyorun Vağzal
Naçalniki (“Adsız ulduz”), Vəziri (“Şah və qeyri
şah, şah elə şahdır”), Salman Tahirovu (“Cəzasız
günah”) və başqa yaratdığı surətlər, Azərbaycan
teatr tarixinə düşən obrazlardandır.
Bu aktyor öz ifasını mənəvi məzmuna dəqiq
uyuşdura bilir. Ona görə də H. Nəbilinin
rolları sevilir. Çünki aktyor
özünün yaratdığı obraza haqq qazandıra
bilir. Bu aktyor ifası üçün əsas
şərtlərdən biridir. Özü
inanmayan heç kəsi inandıra bilməz. Hikmət özü inandığı
üçün tamaşaçıları inandıra bilir.
İfa etdiyi obrazla müsirlik arasında əlaqə
yarada bilir, öz canlı ifası ilə
tamaşaçıları düşündürür.
Hikmət Nəbili müxtəlif ölkələrdə
Praqada, Moskvada, Kazanda, Yoşkar-Olada, Daşkənddə, Səmərqənddə
oynadığı obrazlar tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanmışdır. O, M. Sebastiyanın “Adsız
ulduz” pyesindəki Vağzal Naçalniki (Rumıniya), R.
Stoyanovun “Ustalar”ında Küker (Bolqarıstan), Ş. Petefinin
“Pələnk və kaftar” əsərindəki Tivadar
(Macarıstan) obrazlarına görə keçmiş
SSRİ-də keçirilən Sosialist ölkələrinin
dramaturgiya festivalında diplomlara və pul mükafatlarına
layiq görülmüşdür. H. Nəbili dramatik və
komik rolları məharətlə ifa edir. O, həm də bədii
qiraəti ustası kimi bütün dövlət və şəhər
tədbirlərində iştirakçısı olmuşdur.
Aktyor “O
dünyadan salam” (1991), “Şəki
teatrında” (2006) adlı filmlərdə və “Ata
ocağı” (2017) serialında müxtəlif obrazlara
maraqlı ekran həyatı vermişdir.
Bundan
başqa Hikmət Nəbili Ş. Başbəyovun “Dəmir
qadın”, A. Çixidzenin “9-dan 6-dək”, Apayevin “Gözəlləri
neçə qaçırmalı” pyeslərini tərcümə
etmiş, eyni zamanda “Qara vəzirin nağılı” və
“Göyçək Fatma” nağıl-pyeslərinin müəllifidir.
Hikmət Nəbili 2001-ci ilin aprel ayının 12-dən-2017-ci
ilin sentyabr ayının 25-nə kimi Şəki Dövlət
Dram teatrına rəhbərlik etmişdir. Bu illərdə
teatr dəfələrlə Türkiyədə qastrollarda
olmuş, uğurlu tamaşalarla çıxışlar
etmişdir.
Nəbili 2017-ci ildən Mədəniyyət üzrə
Elmi-Metodiki və İxtasasartırma Mərkəzində
metodist kimi fəaliyyətin davam etdirir. O, Azərbaycan müxtəlif
regiyonlarına gedərək həvəskar aktyorlara sənətinin
incəliklərinin öyrədir. Yerli həvəskarlar
ilə tamaşalar hazırlayır. Eyni
zamanda elmi və metodiki işlədə məşğul olur.
“Qiymətli tədqiqat əsəri”, “Teatr rəssamlığı
və dekorasiya sənəti”, “Muğamlarımıza dair qiymətli
tədqiqat”, “Böyük sənətin, böyük sənətkarı”,
“Mahir xarakterlər ustası…”, “Teatr nə “məscid” deyil, nədə
məbəd”; Teatr elə teatrdır!”, Şəki teatrı
1976-1980-cı illərdə…”, “Şəki teatrı
1979-1980-cı illərdə” məqalələrinin və eyni
zamanda 2019-cu ildə işıq üzü görmüş
“Xalq teatrlarında səhnə tərtibatı və geyimlər”
adlı metodiki tövsiyənin müəllifidir.
Bu metodik tövsiyəsi mənim fikrimcə dəyərli
və faydalı bir məlumat kitabıdır. Xalq teatrlarında və
özfəaliyyət dram dərnəklərində bir biri ilə
sıx bağlı olan rəssamlıq və dekor sənətinin
inkişafının teatr sənətində əks
olunması olduqca vacib məsələlərdən biridir. Şübhəsiz ki,
teatr sənətində rəssam işi və dekor sənəti
olmasa, bu sənət son dərəcə sönük
görünər. Buna görə də H. Nəbilinin
təqdim etdiyi metodik tövsiyə öz elmi və praktik dəyəri
ilə fərqlənir.
Pəşəkar
teatrlarda fəaliyyət göstərən aktyorlar və həmçinin
teatr təhsili almış insanlar bu iki sənətin (rəssamlıq
və dekor) nə qədər vacib olduğu bilirlər. Göstərdikləri bütün tamaşalarda bu
iki sənətə ciddi əməl edilir.
Xalq və özfəaliyyət teatrlarında
çalışan həvəskarlar üçün bu metodik
tövsiyə olduqca vacibdir. Onların biliklərinin
artmasına müəyyən qədər yardımçı
olur.
Müəllif metodik tövsiyədə göstərir
ki, incəsənətin sintetik növlərindən olan teatr
tamaşalarının bədii tərtibatı müəllif tərəfindən
yazılmış əsərin ideya məzmununun
tamaşaçılara dəqiq çatdırılmasında əsas
rollardan birini oynayır.
Nəbilinin tərtib etdiyi “Xalq teatrlarında səhnə
tərtibatı və geyimlər” adlı metodik tövsiyəsi
kütləvi tirajla nəşr olunub, bütün xalq
teatrları və özfəaliyyət dram dərnəklərinə
paylanmalıdır. Mən istərdim ki, müəllif bu vacib
sahəni daha da genişləndirib, dərs vəsaiti səviyyəsinə
çatdırsın.
Hikmət Nəbilinin bir aktyor kimi fəaliyyəti
dövlət tərəfindən də qiymətləndirilmişdir. O, 2002-ci ildə ilin ən
yaxşı aktyoru kimi “Qızıl Dərviş”
mükafatına, 2008-ci ildə prezident mükafatına və
2013-cü ildə Azərbaycan teatrının 140 illiyi
münasibəti ilə “Əməkdar mədəniyyət
işçisi” fəxri adına layiq
görülmüşdür.
İstedadlı səhnə ustası Hikmət Nəbili
indi də aktyor kimi formadadır. Onun
yaradıcılıq təfəkkürü yeni obrazlara səhnə
həyatı vermək istəyir. Ümumiyyətlə
Hikmət Nəbili əvəzolunmaz xarakterklərin
ifaçısıdır. Oynadığı
hər bir obrazın avtobioqrafiyasını zaman etibarilə
xarakterizə etmək H. Nəbili
yaradıcılığının əsas prinsipidir. Aktyorun ifa etdiyi obrazlar sanki mükəmməl bir rəssamın
çəkdiyi əl-əlvan tablolara bənzəyir.
İmran Axundov,
Fəlsəfə doktoru
Hürriyyət.- 2020.- 25-26 avqust.-
S.14.