Ağadadaş Qurbanov və Abdulla Şaiq
dramaturgiyası
Bakı Uşaq Teatrına Azərbaycan
Xalq Maarif Komissarlığının əmri ilə 1936-cı
il iyun ayının 18-dən etibarən Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı adı
verildi
1940-cı
il sentyabr ayının 12-də M.
Haşımov A. Şaiqin “Eloğlu” pyesinə quruluş verdi
və Rüstəm xanın nökərlərindən biri olan
Atakişi obrazını A. D. Qurbanova həvalə etdi.
Kiçik obraz olan Atakişi aktyoru narahat etmədi. Baş qəhrəman
obraza yaradıcılıq baxımından neçə
yanaşırdısa epizodik obraz olan Atakişi roluna o cür
münasibətlə yanaşdı. O, nəinki epizod, hətta
sözsüz rollara da böyük məsuliyyətlə
yanaşırdı, bilirdi ki, epizodik və sözsüz
rolları da aktyor ifası ilə böyüdə bilər. A. D. Qurbanov elə aktyor idi ki, o nəinki dialoqu ilə,
mimikası ilə də tamaşada baş verən hadisələrə
münasibətini bildirirdi. Tamaşanın
ümumi ansamblına təsir edə bilirdi.
“Atakişi-A. D. Qurbanov xana (Rüstəm xan-Ə. Əliyev-İ.
A.) və onun əlaltılarına qarşı nə qədər
nifrət edirsə, xalqa bir o qədər sədaqətlidir. A. D. Qurbanov-Atakişi öz qızının
(Zümrüd-İ. A.) dəli azarına
tutulmasını böyük bir faciə kimi, feodalizm
dünyasının zəhmət adamları üçün
yaratdığı minlərlə faciədən biri kimi
oynamış və tamaşaçıda əski dünyaya
qarşı nifrət hissi oyatmışdır.” (İ. Kərimov).
Onun ifa etdiyi Atakişi yazıq, bacarığı olmayan
insan idi. Gününü ah-zarla keçirən bu insanı,
hər hansı bir hadisə ruhdan salırdı. Hadisələrin içində olmağı sevməyəm
Atakişi-A. D. Qurbanov kənardan müşahidə etməklə
qane olurdu. Aktyor bu epizodik rolu peşəkarlıqla
canlandırırdı. O, ifa etdiyi bu kiçik rol
üçün incə ştrixlərdən istifadə
etmişdir. A. D. Qurbanovun Atakişi obrazı
tamaşanın ən görkəmli aktyor nailiyyətləri
ilə bir sırada durdu.
Bu
tamaşada H. A. Sadıqovun Eloğlusu, S. Məcidovanın
Anaxanımı (Eloğlunun anası), Y. Kərimlinin Poladı
(Eloğlunun atası), və A. D. Qurbanovun Atakişisi Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının ən
yaxşı rolarından biri olmaqla bərabər, həm də
aktyor ifaçılığının ən böyük
uğuru idi.
1942-ci il oktyabr ayının 6-da M. Haşımovun
quruluşunda tamaşaya qoyulan A. Şaiqin simvolik ruhda
yazılmış “Vətən” nağıl-pyesində
Ağadadaş Qurbanov Dəmirçi oğlu Elman
obrazını ifa etdi. “Azərbaycan
nağılları əsasında işlənmiş “Vətən”,
xalqın qara qüvvələrlə, azadlıq
uğrundakı mübarizəsini əks etdirirdi” (Ə.
Əliyeva).
Əsərin ana xəttinin əsasında vətənə
olan məhəbbət dururdu. Elman-A. D. Qurbanovun igidliyini
tamaşaçılar böyük məhəbbətlə
qarşıladılar. Bu obraz tamaşanın
özəyini təşkil edirdi.
Əzimzadə “Ədəbiyyat” qızetində
(02.12.1942) yazır ki; “Elman-A. D. Qurbanov az
danışır. Lakin çox iş
görür. Onun hərəkəti, baxışı belə
qəhrəmana xasdır… Elman-A. D. Qurbanov
dünya gözəlini-öz vətənini bütün
varlığı ilə sevən, onun üçün hər
cür fədakarlığa gedən bir el qəhrəmanıdır.
O, heç bir çətinlikdən qorxub çəkinmədən
vətən qarşısındakı borcunu namusla yerinə
yetirir”.
Aktyorun ifasında Elman xalqın mənəviyyatındakı
böyüklüyü ilə igidliyi eyni çərçivədə
birləşdirirdi. Vətənindən, Dünya gözəli (F. Sultanova)
sevgilisindən qüvvət və ilham alan
Elman-A. D. Qurbanovun həyatı xoş, torpağı bərəkətli,
məğlub edilməz xalqı vardır. Lakin azadlıq və
insanların xoş rifahının düşməni olan
Quzğun şah (Ə. M. Atayev) və alaltıları
Elmanın və onun xalqının sakit həyatını
pozmaq üçün araya nifaq salaraq Dünya gözəlini
qaçırır. Elman-A. D. Qurbanov
atası dəmirçi Atababadan, anası Alagözdən və
xalqından xeyir-dua alan sevgilisi Dünya
gözəlini azad etmək üçün yolla
düşür. O, maneələri dəf edib, düşmənləri
məhv edib, sevgilisini xilas edir. Bu tamaşada
şairanəlik, xəlqilik və romantik vüsət ön
planda verilmişdir. A. D. Qurbanovun
ifasında Elman güclü olmaqla yanaşı, böyük məna
kəsb edirdi. Səbəb isə o idi ki,
aktyor bu xalq qəhrəmanının daxilini bacarıqla
tamaşaçılara göstərirdi.
Elman-A.
D. Qurbanovun atasının düzəltdiyi qılınca and
içməsi, Quzğun şahın cadugəri olan İfritə
cadunu (S. Məcidova) və Quzğun şahı məhv edib,
sevgilisi Dünya gözəli ilə görüşü son dərəcə
təbii idi.
Cadugərlərlə (Şimşad və İfritə
cadu) qarşılaşdığı səhnədə, yəni
onların toruna düşəndə tamaşaçılar
Elman-A. D.
Qurbanovun gözlərindən hiss edirdi ki, o, ifritələrə
aldandığı üçün özünü
bağışlaya bilmir. Onun
baxışlarında qorxmazlıq, əzəmət,
mübarizə görünürdü. Tilsimə
düşən polad iradəli, nikbin Elman-A. D. Qurbanov
üçün tamaşaçılar kədərlənir,
köks ötürürdülər.
“Uzun mübarizə və döyüşdən sonra
ağır addımlarla düz yola çıxan Elman-A. D. Qurbanov odun şələsini
qaldırmaq istəyən bir qadınla (İfritə
cadu-İ. A.) rastlaşır. Kömək etmək
üçün ona yaxınlaşır. Bu
vaxt qadın kələk işlədib onu aldadır və
tilsimə salır. Məlum olur ki, bu
İfritə cadudur. Elman-A. D. Qurbanov
cadunun təsirindən qurşağa kimi torpağa batır. İfritə cadu ona yanaşıb qılıncı
almaq istəyirsə də bacarmır. Qılıncı
əlində möhkəm tutmuş Elman-A. D. Qurbanov “get
alçaq xain, bu uğurlu dəmir, düşmən əlinə
verilməz”-deyə onu vurur. Deyilənlərə
görə aktyor bu səhnəni elə ustalıqla
aparmışdır ki, tamaşaçılar bir anlığa
onun tilsimdə olduğunu unutmuş, sevinclə əl
çalmağa başlamışdır. Sonrakı
şəkillərdə İfritə cadu oğlu
ölmüş ana, qoca qarı, dünya gözəlinin dayəsi,
dünya gözəli cildlərinə girib, onu aldatmaq istədiyi
səhnələrdə də Elman-A. D. Qurbanov
bacarıqla çıxış edirdi. Elman-A.
D. Qurbanov xalq qarşısında nə qədər qüvvətli
və yenilməz idisə, dünya gözəli yanında bir
o qədər mülayim və sakit görünürdü.
Aktyorun qüvvətli oyunu dünya gözəli rolunun
ifaçısı aktrisa F. Sultanovanın oyununa böyük təsir
etmişdir… Elman surətində xalqın
qüdrəti və qüvvəsi verilmişdirsə, dünya
gözəli surətində xalqın mənəvi gözəllikləri
öz əzəməti ilə canlanır,
xalqımızın ən nəcib xüsusiyyətləri, saf
arzuları, namuslu həyatı öz əksini
tapmışdır” (İ. Kərimov).
Kiçik yaşlı məktəbliləri siyasi
baxımdan tərbiyələndirən “Vətən”
tamaşasında Elman ilə Dünya gözəli obrazları
bir-birlərini tamamlayırdı. Böyük həyəcan
doğuran bu tamaşa İkinci Dünya müharibəsinin dəhşətli
dövründə daha da əzəmətli idi.
1947-ci il
sentyabr ayının 26-da K. Həsənovun quruluşunda
tamaşa qoyulan A. Şaiqin “Fitnə” mənzum dramında
Ağadadaş Qurbanovun ifa etdiyi Bəhram obrazı öz
monumentallığı seçilən bir səhnə qəhrəmanı
idi.
1947/48-il mövsümünü Gənc
Tamaşaçılar Teatrının Azərbaycan bölməsi
A. Şaiqin “Fitmə” tamaşası ilə açdı. Teatrın
müvəffəqiyyətli işi sayılan “Fitnə” pyesi
orijinal əsər deyildi. N. Gəncəvinin “Yeddi gözəl”
poemasındakı “Bəhramın kənizi ilə sərgüzəşti”
fəsli əsasında yazılmış pyes idi, böyük
şairin anadan olmasının 800 illiyi münasibətilə
tamaşaya qoyuldu. “Fitnə” mənzum dramının müsbət
cəhəti ondan ibarət idi ki, müəllif N. Gəncəvidən
götürdüyü müxtəlif hadisələri məqsədəuyğun
formada işləmiş, bəzi yerləri dəyişmiş
və onları əməyə öytərmək ideyası
ilə əlaqələndirmişdir. Zəhmətkeş
insan obrazı pyesin ana xəttini təşkil edirdi.
“Əsərin qəhrəmanı Fitnə (S. Məcidova-İ. A.) namuslu, cəsarətli
qızdır. O, Bəhrama igidlik və vərdişin əhəmiyyətindən
çox danışır. Bəhramın fikrincə
vərdişin qəhrəmanlıqla heç bir əlaqəsi
yoxdur. Qəhrəmanlıq insana təbiətən
verilib. Lakin Fitnə bunu rədd edərək
deyir ki, qəhrəmanlığa və ya hər hansı bir sənətin
mənbəyi əməyə əsaslanmış vərdişdir”
(Ə. Əliyeva).
Bəhram şah obrazı N. Gəncəvinin “Yeddi gözəl”
poemasında təsvir edilən və mərhəmətli,
ağıllı, xeyirxah olmayan Sasani dövlətinin
başçılarından biridir. N. Gəncəvi xalqın
azadlığı üçün mübarizə aparan bir
şah arzuladığında XII əsrdə
yaşamış qəddar şahlara nümunə olaraq Bəhram
şah surətini müsbət yaratmışdır. A. Şaiq bu mövzunu pyes formasında işləyərkən
şairin ideyasına sadiq qalaraq, Bəhramı atasına
qarşı qoymuşdu. O, atası kimi qəddar,
xalqı əzmək istəmirdi. Zəhmət
sevər, əməyə qiymət verməyi bacaran insan idi.
Bəhram şah gənc olduğundan bəzən
düşünülməmiş fərmanlar verirdi. Bu cür fərmanlarda xalqa zərər gətirirdi.
Sadəlövh Bəhram yaltaq vəzirin (S.
Ələsgərov) sözünə inanaraq bəzən
düz yol ilə getmirdi. Fitnə əməyin
vərdiş hala salındığına Bəhrama dedikdə
o hirslənirdi. Fitnənin qətli
üçün fərman verir. Bəxtiyarı
Fitnəni müdafiə etdiyinə görə saraydan qovurdu.
Yoldaşlarının köməyi nəticəsində
salamat qalan Fitnə Bəhram şaha sübut edir ki, hər
hansı bir sənətin və igidliyin mənbəyi vərdişdir.
D. Qurbanov Bəhramı məhz bu səpgidə ifa edirdi. “A. Şaiq A.
D. Qurbanovun aktyorluq istedadına məftun olmuş, onu yüksək
qiymətləndirmişdir. O, deyirdi “Doğrusu hər
hansı bir əsərimin tamaşasında Ağadadaş
çıxış etməyəndə mən nə isə
bir şeyin çatışmadığını hiss edərdim.
Hətta bir sıra obrazları yazarkən mən
şəxsən Ağadadaşı nəzərdə tutar,
onun geniş, hərtərəfli yaradıcılıq
bacarığından istifadə edərdim” (İ. Kərimov).
“Nüşabə” mənzum dramındakı İsgəndər
obrazından sonra A. Şaiq “Fitnə” pyesindəki Bəhram
obrazını da A. D. Qurbanov üçün
yazmışdır. İsgəndəri ifa etmək ona qismət
olmadı. Ancaq Bəhram obrazına səhnə
həyatı vermək bu böyük aktyora nəsib oldu.
“Qurbanov Bəhramın insanlığını, onun
daxili aləmi, kədəri və sevinci,
şıltaqlığı və sadəliyindən
çıxış edərək verirdi” (Ə. Əliyeva).
D. Qurbanov Bəhram obrazını hazırlayarkən
Abdulla Şaiqdən dəyərli məsləhətlər
almışdır. O, Bəhramı ilk növbədə bir insan kimi
canlandırmağa müvəffəq olmuşdur. A. D. Qurbanov Bəhramın insani keyfiyyətlərini
onun taxt-tacında yox, həyəcanı, qəzəbi, sevinci
ilə tamaşaçılara təqdim edirdi. Onun Bəhramında uşaq sadəlövhlüyü,
ağıllı insanın müdrikliyi, şir qəzəbi,
özündən razılıq var idi.
1949-cu il
yanvar ayının 29-da A. Şaiqin “Qaraca qız” pyesi Z. Nemətovun
quruluşunda tamaşaya qoyuldu və müdrik qoca Piri baba
obrazına Ağadadaş Qurbanov səhnə həyatı
verdi.
Yaradıcılıq təcrübəsinə əsaslanan
Ağadadaş Qurbanov fəaliyyət göstərdiyi bu illər
ərzində belə nəticəyə gəlmişdir ki, Gənc
Tamaşaçılar Teatrının repertuarı müxtəlif
çeşidli olmalıdır, tamaşaları hər
yaşa uyğun tamaşaçılar üçün
hazırlamaq məsləhətdir. Belə olduqda teatr ancaq öz
tamaşaçıları hesabına yaradıcı surətdə
fəaliyyətdə ola bilər. Teatr öz yolunu, öz
tamaşaçılarını tapan zaman müəyyənləşir.
Gənc Tamaşaçılar Teatrını
aktyorlarının məsuliyyəti daha böyük
olmalıdır. Onlar səhnədə
obraz yaratmaqla yanaşı, həm də bir müəllim kimi
uşaq və gənc tamaşaçılarına dərs
öyrətməlidir. Bu aktyorlar sinfə
daxil olan müəllim kimi, kiminlə, necə və nə
cür danışmağı bilməli, kiçik və orta
yaşlı məktəblilərə öyrətməlidirlər.
A. D. Qurbanov məhz belə aktyor-müəllimlərdən
idi. O, zəhmətin insan həyatında böyük rol
oynadığını, insanın zəhmətlə
ucaldığını Piri baba obrazında
tamaşaçılara aktyor-müəllim kimi təqdim edirdi.
Abdulla Şaiq S. S. Axundovun eyni adlı hekayəsi əsasında
yazılmış “Qaraca qız” pyesini yazarkən hekayəyə
maraqlı hadisələr əlavə etmiş, obrazların
sayını artırmışdır.
Gənc Tamaşaçılar Teatrında qoyulan əsərlərin
ilk növbədə tərbiyəvi əhəmiyyəti
böyük olmalıdır. Başqa əsərlər
kimi A. Şaiqin “Qaraca qız” əsərində də
yaxşılığın itməməsi, insan həyatında
zəhmətin rolu, insanın əməklə yüksəlməsi
ön planda idi.
Ağadadaş Qurbanovu ifa etdiyi Piri baba maraqlı obraz
idi. Aktyorun yaratdığı Piri baba dünya
görmüş insan olmaqla yanaşı, zəhmətsevər,
öz əziyyəti ilə ömür sürən, ədalətsizliyə
nifrət bəsləyən nurlu bir qoca idi. Onun hər bir jestini, danışığını
tamaşaçılar sevgi ilə
qarşılayırdılar.
D.
Qurbanovu yaradıcılığında xüsusi yer tutan Piri
obrazında var-dövlət və yaltaqlıq üzərində
bərqərar tutmuş dünya onda nifrət hissi
oyadırdı. Bu cəhalət dünyasında
Piri baba-A. D. Qurbanov nur simvolu kimi görünürdü,
onun Qaraca qıza olan dərin məhəbbəti insanpərvərliyinin
göstəricisi idi.
Piri baba-A. D. Qurbanov Tutunu görəndə sevincinin həddi-hüdudu yox idi. O qədər sevinirdi ki, nifrət bəslədiyi bəyə (Ə. Ağayev) dərində təşəkkür edirdi. Bəyin arvadı Pəricahan (Məxfurə Yermakova) “bu qaraçı qızını burdan rədd edin” deyəndə Piri baba-A. D. Qurbanov hər şeyi yaddıdan çıxarır, bəyin hüzurunda olmağı belə unudur, qəm- qüssəsini boğaraq, yüksək səslə “o qaraçı deyil xanım”-deyə ötkəm səslə cavab verir. Piri baba-A. D. Qurbanov birdən bəyin hüzurunda olduğunu anlayır, səs tonun aşağı salır, yazıq görkəm alır. Onun düyünlənmiş yumruğu, kədərli siması tamaşaçıları inadırır ki, Piri baba hər nəyə razı olar, amma Tutunu əldən verməz, bu şübhəsiz ki, Ağadadaş Qurbanovun uğuru idi.
D. Qurbanov artıq bir sənətkar kimi öz sənətinin böyüklüyünü sübut etmişdir. O, hələ gənc yaşlarında, səhnə fəaliyyətinin ilk illərində əldə etdiyi nailiyyətlərlə sənət zirvəsinə doğru yüksəlmiş, obrazdan-obraza püxtələşmiş bir sənətkar, müəyyən məktəb keçmiş, orijinal yaradıcılığa, geniş dünya görüşünə malik olan səhnə ustası kimi tanınmışdı. Şübhəsiz ki, aktyor bu inkişafı birdən birə əldə etməmişdir. Onun yaratdığı səhnə qəhrəmanları asanlıqla meydana gəlməmişdir. Bu obrazların hamısı gərgin zəhmətin, böyük istedadın, işgüzar əməyin bəhrəsi nəticəsində yaranmışdır.
İmran AXUNDOV,
fəlsəfə
doktoru
Hürriyyət.- 2020.- 29-31 avqust.-
S.13.