Sidqi Ruhulla və
Mirzə
Fətəli Axundov
dramaturgiyası
1912-ci il oktyabr
ayının 28 də
Sidqi Ruhulla Gəncədə M. F. Axundovun
“Hacı Qara” komediyasını tamaşaya
qoyur və Heydər bəy rolunda çıxış
edir. Sonralar 1916-cı ildə yanvar ayının 1-də
həmin komediya H. Ərəblinskinin quruluşunda
səhnələşdirilir və Sidqi Əsgər
bəyi ifa edir.
“Hacı Qara” komediyasında Sidqinin yaratdığı Heydər
bəy qaçaq-quldur
dəstəsinin başçısı
olmaqla yanaşı, Sonanı dərin məhəbbətlə sevən
bir gənc idi. Sidqi quldurluq, qaçaqçılıq
və sevgi xətlərini Heydər bəy obrazında tamaşaçılara düzgün
çatdırmağa nail olurdu.
1938-ci il yanvar
ayının 17-də M. F. Axundovun
“Hacı Qara” komediyası Rza Təhmasibin quruluşunda tamaşaçılara təqdim
olundu və S. Ruhulla bu məşhur
komediyada baş rolu-Hacı Qaranı ifa etdi.
Azərbaycan dramaturgiyasının banisi
sayılan M. F. Axundovun
məşhur “Hacı
Qara” komediyasında rejissor R. Təhmasib baş rolu Sidqi
Ruhullaya tapşırdı. Bu obrazı ifa etmək Sidqi üçün çətin
idi. Çünki bu rolun Cahangir Zeynalov, Mirzağa Əliyev kimi klassik ifaçıları
olmuşdur. Bu böyük komediya aktyorlarından sonra Hacı Qaranı oynamaq mənfi rollarda şöhrət qazanmış, romantik aktyor olan S. Ruhulla üçün o qədər də asan deyildi. O, Hacı Qaranı necə görürdüsə
elə də ifa etdi.
“Hacı Qara obrazını Sidqi Ruhulla müvəffəqiyyətlə
yaratdı. O, keçən
əsrdə yaşamış
Azərbaycan tacirilərinin
tipik nümayənədəsini
ifşa etmək üçün incə priyomlar tapa bilmişdi” (C. Məmmədov).
Aktyorun ifa etdiyi Hacı Qara xəsisdir və bütün səciyyəvi sifətləri
özündə birləşdirən
xarakterdir. Sidqi, Hacı Qaranın
xəsisliyini şəxsi
nöqsanı kimi deyil, XIX əsrdə Azərbaycanda hökm sürən ictimai mühitin, feodalizmin nöqsanı kimi ifa edirdi. Onun xəsis təbiətinə
yalan danışmaq, yaltaqlıq, pula, qızıla
həsirlik kimi vərdişlər daxil idi.
Tamaşaçılar Hacı Qara-Sidqi ilə Ağcabədi kəndinin bazarında, qızğın
alver gedən zaman tanış
olurdu. Bazarın bir küncündə
ki, parça dükanında uzun, qara saqqallı dükançı olan Hacı Qara-Sidqi dilxor əyləşib, yanından ötüb gedən insanlara yalvarıcı nəzərlərlə
baxır, onları dükana, mal almağa çağırırdı. Lakin heç kəs dükana yaxın gəlmirdi. Hacı Qara-Sidqi tez-tez
bayıra boylanıb, müştəri axtarırdı
və malının alınmadığını görüb,
dizlərinə vurub, şikayərlənirdi.
Hacı Qara-Sidqi varlı bir insan idi. Lakin əldə
etdiyi bu var-dövlət ona azlıq edirdi, gəlir əldə etmək üçün bütün yollara getməyə hazır idi. O, Heydər bəy (Ələsgər Ələkbərov) və
digər bəylərlə
(Əsgər bəy (Əli Qurbanov), Səfər bəy (Əbdülhəsən Kamalov))
səfərə hazırlaşanda
evdə arvad-uşaq çox ərzaqdan istifadə etməsin deyə hər şeyi “nizama” salırdı. Burda aktyorun çox maraqlı ştrixləri var idi…
Sidqinin ifa etdiyi Hacı Qarada ustalıqla işlənmiş detallar çox idi. O, ifa olunan Hacı Qaralara nisbətən ayıq və hazır cavab olması ilə fərqlənirdi. Hacı Qara-Sidqi
çətin vəziyyətlərdə
darıxmır, çıxış
yolları axtarır və özünü müdafiə edirdi. Bu xüsusiyyət Hacı Qara-Sidqinin səfər vaxtı başına gələn hadisələrdən aydın
görünürdü.
“Onun (S. Ruhullanın-İ.A.)
yaratdığı Hacı
Qara komik şəxsiyyətdir, lakin
onun özünə məxsus dərin bir tragediyası da vardır. Tamaşaçı ona gülür, Hacı Qara isə qan ağlayır,
onun hər qəpik üçün titrəməsi, pula büt
kimi sitayiş etməsi, Sidqinin ifasında böyük bir zümrənin faciəsi kimi səslənir.
Bu, Sidqi realizminin
zahiri əlamətlər
əsasında yox, dərin ictimai və psixoloji əsaslar üzərində
qurulduğunu göstərən
bir cəhətdir. Sidqi Ruhullanın
naturası, məhz bu yolda inkişaf
etməsinə, məhz
belə həqiqi yaradıcılıq xətti
ilə getməsinə
imkan verən zəngin bir naturadır. Onun sənətində,
əvvəlcədən bütün
obrazlar üçün
hazırlanmış şablon
hərəkətlər yoxdur.
Realist dramaturq kimi o da öz
qidasını canlı
həyatdan, real varlıqdan
alır” (M. Hüseyn).
Romantik aktyorluq
məktəbinin ən
görkəmli simalarından
biri olan Sidqi Ruhulla Hacı
Qara obrazı ilə sırf realist səhnə prinsiplərinə
sadiq qalmışdır. Əlbəttə S. Ruhulla kimi böyük
faciə aktyoru üçün bu məşhur komik obrazı ifa etmək çox çətin idi. Bu obrazın yuxarıda
qeyd etdiyimiz kimi Cahangir Zeynalov
və Mirzağa Əliyev kimi böyük ifaçıları
olmuşdur. Deməli, Sidqinin
boynuna iki qat yük düşmüşdü
və o, da bu yükü məharətlə çəkə
bildi. Səhnədə sözün tam mənasında
Hacı Qara obrazını yaratmağa
müvəffəq oldu.
“Rza Təhmasibin
Hacı Qara rolunu iyirmi ildən
yuxarı bu obrazı ifa edən ənənəvi aktyorlara deyil, Sidqi Ruhulla kimi
dramatik faciə aktyoruna tapşırması
ilk baxışda təəccüb
doğurur, müəyyən
qədər də maraq oyadırdı. Tamaşanın gedişatı göstərdi
ki, belə rol bölgüsünə
maraq göstərənlər
daha haqlıdırlar.
Sidqi Ruhulla orijinal, dramatik yumorlu Hacı Qara yaradırdı. Onun ifasında
Hacı Qara ilk növbədə gəlirini-çıxarını
bilən tacir idi. Gülüş doğuran cəhətləri
ilə aktyor, əsasən obrazın düşdüyü gülməli
vəziyyətlərini xarakterik
xüsusiyyətləri ilə
əlaqələndirirdi” (İ. Rəhimli).
Hacı Qara-Sidqi Ruhullanın repertuarında ilk komediya rolu idi. O, bu xəsis, acgöz tacirin obrazını düzgün yaratmaqla, ona məxsus olan alçaq mülkiyyətçi istəyini
tamaşaçılara çatdırmağa
nail ola bilmişdir.
Sidqinin Hacı Qarası orta əsrlərin tacir obrazı idi. Şübhəsiz ki, o dövrün
tacirləri cəmiyyətdə
sözü keçən
insanlar idilər.
Sidqinin Hacı Qarası qorxaq, xəsis və acgöz olmasına baxmayaraq, yaşadığı mühit
onun bu məziyyətlərinə
şübhə etməyə
cəsarət etmirdi.
“Sidqi Ruhulla Hacı Qaranın xəsisliyini, onun iyrənc simasını dolğun göstərmişdir”
(M. C. Cəfərov).
Sidqinin ifasındakı
bu xüsusiyyətləri
yəni xəsislik və qorxaqlığı
aktyor kontrast boyalarla işləmişdi. Hacı Qara-Sidqi
final səhnəsində tamamilə
ifşa olunurdu, onun mənəvi eybəcərliyini tamaşaçılara
incə cizgilərlə
göstərirdi. Aktyor bu
səhnədə özünün
böyük sənətini
nümayiş etdirirdi.
İmran Axundov,
fəlsəfə doktoru
Hürriyyət.- 2020.- 27-28 avqust.- S.11.