Unitar Turan dövlətinə
doğru…
Və yaxud bu gün Turan dövlətinin
yaradılmasının qarşısında hansı maneələr
var?
Bu gün türk dünyasının
ən böyük və güclü dövləti Türkiyənin
Turan dövlətinin yaradılmasında önəmli rol
oynamasının zəruri olduğu hamıya bəllidir. Lakin
indi mövcud olan müstəqil türk dövlətləri, o
cümlədən Türkiyə bu məsələnin həlli
qarşısında olan obyektiv və subyektiv amillərdən
asılı olan maneələri aradan qaldıra biləcəkmi?
Türk
dövlətlərinin bu günkü durumunda vahid, monolit və
unitar Turan dövlətinin qurulması məsələsi
qarşısında əsas iki obyektiv maneə mövcuddur.
Birincisi,
bu dövlətlərin ortaq, ümumtürk ədəbi dilinin
olmamasıdır. Bu problemin həll edilməsi, yəni
ümumtürk ədəbi dilinin yaradılıb, bütün
türk dövlətlərində kütləvi olaraq tədris
və təbliğ edilməklə, bu ölkələrdə
15-25 il ərzində vahid dövlətin idarə edilməsinə
zəruri olan kontingentin hazırlanmasını tələb
edir. Əks halda unitar Turan dövlətinin yaradıla bilməsi
heç də real görünmür.
Bu məsələnin
həll edilməsi mümkündür və türk dövlət
başçıları bu sahədə real addımlar
atılmasını təmin etməlidirlər. Bəzi mütəxəssislərin
fikrinə görə, vahid türk dilinin yaradılması
mümkün deyil, ancaq iki ümumtürk ədəbi dili
yaratmaq olar. Monolit, unitar Turan dövlətinin yaradılması
üçün hətta iki ümumtürk ədəbi dilini
yaradıb, onu bütün türk dövlətlərində
15-25 il müddətində tədris və təbliğ etdikdən
sonra vahid, monolit, unitar Turan dövləti təsis edərək,
hər iki dilə Turan ərazisində bərabər
hüquqlu dövlət dili statusu verməklə, problemi həll
etmək olar. Belə ki, hazırda dünyanın bir çox
ölkələrində iki və daha çox dil dövlət
dili statusu daşımaqla bərabər, bütün təhsil
müəssisələrində, mətbuatda, dövlətin
idarə edilməsində istifadə edilir. Orta məktəbi
bitirən şagirdlər artıq ən azı
üç-dörd dili mükəmməl mənimsəyirlər.
Məsələn, bu gün dünyanın 40 ölkəsində
iki, 11 ölkəsində üç, 2 ölkəsində
dörd, 1 ölkəsində beş dil bərabər
hüquqlu dövlət dilidir. Hələ mən Cənubi
Afrika Respublikasında 11, Boliviyada isə 37 rəsmi dilin
mövcudluğunu önə çəkmirəm. Yəni
unitar Turan dövlətinin yaradılması üçün
özəl əhəmiyyət daşıyan hətta iki
ümumtürk ədəbi dili yaradıla bilər və
yaradılması üçün əsaslı addımlar
atılmalıdır.
Həm də
bu dillərin yaradılmasında bu günə müstəqil
olub-olmadığından asılı olmayaraq, ən
kiçik türk xalqlarının belə dilində olan
doğma türk sözləri toplanaraq, yaradıla biləcək
iki ümumtürk dili qrupunda çeşidlənməli,
uyğun qramatik qaydalar, vahid əlifba və s. müəyyənləşdirməklə
yaradılmalıdır. Bu halda hər iki dili yad söz və
ifadələrdən təmizləməklə yanaşı, hər
bir türk soyu və boyunun özünü bu dillərdə
görməsini təmin etmək, türk dilini dünyanın
2-3 ən zəngin dilindən birinə çevirmək olar.
Hələlik
isə ümumtürk ədəbi dili yaradılıb, unitar
Turan dövləti formalaşdırılanadək, Turan
Konfederasiyası yaratmaq mümkündür və
yaradılmalıdır. Belə ki, min illərlə
parçalanaraq müxtəlif istiqamətlərdə
inkişaf etməklə bir-birinə xeyli dərəcədə
yadlaşdırılmış bir millətin birləşib-bütövləşməsi
üçün bəzən min illər belə yaranması
mümkün olmayan bir tarixi şərait türk millətinin
bütövləşməsi üçün
yaranmışdır. Bu şəraitin yaratdığı
imkandan son dərəcə səmərəli istifadə edərək
milləti bütövləşdirməmək, gələcəkdə
türk millətinin varlığına son qoymaq, türk millətinin
ölüm hökmünü imzalamaq deməkdir.
Həyatın
bütün sahələrində qloballaşma prosesi çox
sürətlə inkişaf edir. Qloballaşma dedikdə,
çoxları bunu ancaq həyatın bir neçə konkret
sahəsinə aid etməklə, yeni bir proses olduğunu
güman edirlər. Lakin qloballaşma prosesi bəşər cəmiyyəti
yarandığı gündən mövcuddur və daim, durmadan
bəşərin həyatının bütün sahələrində
irəliləyir. İndiki dövrdə qloballaşma prosesinin əvvəlki
dövrlərindən əsas fərqi, prosesin daha sürətlə
getməsidir. Milli məsələdə də bu proses bir
çox sahələrdə olduğu kimi azlıqların
çoxluqlar, zəiflərin güclülər çevrəsində
əriməsi qaydasında gedir.
Hər
bir insanın, hər bir toplumun hansı millətə mənsub
olduğu onun dili ilə müəyyən olunduğu kimi, hər
bir dövlətin də hansı millətə mənsub və
məxsus olduğu dövlət dili ilə müəyyən
edilir. Bu gün dünyanın zəif, nisbətən
azsaylı xalqlarının 53 ölkəsinin dövlət dili
ingilis dili olmaqla onların milliyyəti, ingilis milləti və
əraziləri isə ingilis milli ərazisinə çevrilməsi
deməkdir. Yəni bu xalqların assimilyasiyası hesabına
ingilislərin milli ərazisi 32 milyon km2-dan çox, ingilis millətinin
sayı isə 3 milyarda yaxın olmuşdur. Bu isə ərazi
etibarilə Böyük Britaniyanın ərazisindən 132 dəfə,
əhalisindən isə 30 dəfə çoxdur. Sonrakı
yerləri isə ispanlar, fransızlar, portuqallar və almanlar
tutur. Bu millətlərin çoxalması əsasən zəif
və kiçik xalqları əsarətləri altına
almaqla onların assimilyasiyası hesabına baş
vermişdir. Millətin sayının çoxluğu və ərazisinin
böyüklüyü hər bir millətin elmi, texniki cəhətdən
sürətlə inkişaf edərək güclənməsinin
ilkin şərtlərindəndir. Yaxın keçmişədək
inkişaf etibarilə geriyə qalmış Çin və
Hindistanın bir milyard yarıma çatan əhalisi
hesabına dünyanın böyük və güclü
dövlətləri sırasına çıxması da
göz önündədir.
Hazırda
ümumi əraziləri 4.733.623 km2, əhalisi isə 155,4
milyon nəfər olan altı müstəqil türk dövlətinin
ən azı Konstitusiyalı Federasiya halında birləşərək
iqtisadi, elmi-texniki, hərbi və s. gücə çevrilməklə,
öz milli varlığını qoruyub saxlayaraq qloballaşma
prosesinin müstəqil iştirakçısına çevrilə
bilər. Bu, həm də bu gün başqa millətlərin,
xüsusilə fars şovinizmi kimi əcaib bir
varlığın əsarətində olan azərbaycan
türklərinin və sair türk soylarının milli
azadlığa qovuşmasını şərtləndirən
zəruri amil olardı.
Bu gün
türk dünyasının lideri olan Türkiyənin prezidenti
hörmətli Rəcəb Tayyib Ərdoğan öz siyasi fəaliyyətini
əsas iki isiqamətə yönəldib. Bunlardan biri türk
milli həmrəyliyi əsasında türk dövləti
birliyinin yaradılması, ikincisi isə islam
dünyasının həmrəyliyinə nail
olunmasıdır. Bizim, yəni türklər üçün
ən önəmli olanı türk milli birliyinin və bu milli
birlik əsasında ilk öncə Turan Konfederasiyası
qurularaq onun vahid, unitar Turan dövlətinə çevrilməsidir.
Turk
düşmənlərinin ən çox qorxuduğu, turk milləti
üçün isə ona hava və su qədər zəruri
və önəmli olan məhz budur, yəni Turan dövlətinin
qurulmasıdır.
Məsələn,
Rusiya Elmlər Akademiyasının baş elmi işçisi
Aleksey Kupriyanov yazır ki, – “Ankaranın elan etdiyi “Bir millət
– iki dövlət” onu nəzərdə tutur ki, Azərbaycan
türkləri də Türkiyə türkləri kimi
türkdür. İndi bu bizim nəzərimizdə “Bir millət
– bir dövlət” mənasını alır və deməli,
Türkiyə öz ərazisinə bir vaxt Rusiyaya məxsus
olmuş əraziləri inteqrasiya edir”.
Əslində
bu təkcə A.Kupriyanovu deyil, türk millətinə
düşmən olan, türkləri parçalanmış və
zəif olmasından istifadə edərək onların daim əsarətdə
saxlamaqla, istismar etmək niyyətində olan dövlətləri
də çox narahat edir. Çünki türk milləti birləşərək
möhtəşəm monolit gücə çevrilərsə,
daha heç bir qüvvə onu əsarətə ala və ya
istismara məruz qoya bilməz.
Lakin məhz
bu istiqamətdə hələ çox az iş
görülüb və türk dövlətlərinin
başçılarının, ilk növbədə
R.T.Ərdoğanın fəaliyyəti bu istiqamətdə
çox da intensiv deyil. Mən cənab Ərdoğanın
türk milləti, türk dövlətləri, o cümlədən
Türkiyə üçün gördüyü böyük
və möhtəşəm işlərə kölgə
salmaq, onun əhəmiyyətini azatmaq fikrindən çox
uzağam. “Uman yerdən küsərlər” deyib türk aqilləri.
Əlbəttə ki, nə Türkiyə, nə də
R.T.Ərdoğan bütün türk soyları və
onların liderlərinin görməli olduğu işləri tək
yerinə yetirə bliməz. Lakin islam adına
gördüyü işlərə sərf etdiyi vaxt və
enerjisini türk milli birliyinin, yəni ortaq ədəbi
türk dilinin, Turan Konfederasiyasının təşkilati,
iqtisadi, texniki, elmi, ilk növbədə isə hərbi
sisteminin qurulmasına sərf edərsə, bu, daha vacib, önəmli
və qiymətli nəticələrin əldə edilməsinə
gətirib çıxarar. Türkiyə prezidentinin bu sahədə,
bu gün, bir əsas təşkilatçı olaraq
bütün türk dövlət başçıları ilə
intensiv iş aparması fövqəladə əhəmiyyətli
məsələdir. Cənab Ərdoğanın Türkiyə
dövlətinə başçılıq etdiyi dövrdə
Türkiyənin iqtisadi, texniki və s. sahələrdə
sürətli inkişafı, Türkiyənin düşmənlərinin
ölkə daxilində təşkil edib maliyyələşdirliyi,
silahlandırdığı kürd terrorizminə son
qoyulması, otuz ildən bəri Azərbaycan türklərinin
doğma torpaqlarının dünyanın Fransa, ABŞ, Rusiya
kimi dövlətlərinin, Vatikanın birmənalı olaraq
müdafiə etdikləri Ermənistanın
işğalından Türkiyənin dəstəyilə azad
edilməsi türk düşmənlərinin Türkiyəyə
olan düşmən münasibətini çılpaq şəkildə
ortaya qoymuşdur. Bütün bunlar göstərir ki, bu
böyük güclərin qarşısında davamlı
mübarizədə sınmamaq üçün türk
birliyinin yaradılması, bütün türk
xalqlarının milli ölüm-dirim məsələsidir.
Dünyanın
güc mərkəzlərinin bu günkü durumu, onların
bir-birinə nisbəti, onların maraqlarındakı ziddiyyətlər
bu günə mövcud olan müstəqil türk dövlətlərinin
Turan Konfederasiyası halında birləşərək
böyük gücə çevrilə bilməsi
üçün zəruri olan bəzi obyektiv əsaslar
yaratmışdır. Bu əsaslardan ən əhəmiyyətlisi
Turan Konfederasiyasının yaradılmasının bir çox
həlledici məsələlərdə Rusiyanın milli və
dövlət maraqları ilə üst-üstə düşməsidir.
Turan dövlətinin yaranaraq bu qarşılıqlı
iqtisadi, siyasi, elmi-texniki, hərbi və s. maraqların mütəfiqlik
səviyyəsində uzlaşdırılması həm rus, həm
də türk milli mövcudluğunun mənafeələrini ən
azı 300-400 il müddətinə təmin edə bilər.
(Ardı var)
Şapur QASİMİ
Hürriyyət.- 2020.- 5-7 dekabr.- S.7.