Unitar Turan dövlətinə
doğru…
Və yaxud bu gün Turan
dövlətinin yaradılmasının qarşısında
hansı maneələr var?
Bəşər
cəmiyyəti inkişaf etdikcə onlardan bir hissəsi
insanların yeni tələbatlarına, həyat tərzinə,
insanların növbəti inkişaf pilləsindəki
şüur səviyyəsinə uyğun
olmadığından aradan çıxmış, bəziləri
isə əvvəlki düşüncə, fəlsəfi
sistemlərə yeni çalarlar əlavə edilməklə
yeni məzmun alaraq müxtəlif insan qrupları, millətlər
arasında təqlidçilik, maddi, mənəvi maraqlar, eləcə
də zor əsasında genişlənərək müxtəlif
dini sistemlər şəklində formalaşmışdır.
Cəmiyyətin müəyyən inkişaf
dövründə, əsasən də dövlət mexanizmi
meydana gəldikdən sonra isə şəxsi, milli, dövlət
maraqlarını reallaşdırmaq, başqa xalqları əsarət
altına almaq, onları idarə etmək üçün
ideoloji, siyasi vasitəyə, silaha çevrilmişdir. Yəni,
dinin təşkilati mövcudluğu insanın şəxsi əqidəsinin
mövcudluğunun, vicdan azadlığının təmin
edilməsinin zəruriliyindən deyil, dinin başqaları
üzərində mənəvi, hüquqi, iqtisadi, psixoloji və
s. hökmranlığının təmin edilməsi
üçün ideoloji, siyasi vasitə kimi istifadə edilməsi
zərurətindən irəli gəlir. Çox
təəssüf ki, bu gün də bütün dinlər onu
bu məqsədlə istifadə edənlərin əlində
xalqlar, millətlər, hətta dövlətlər arasında
düşmənçilik yaratmaq vasitəsi kimi çox aktiv
olaraq istifadə edilir. Bunun mahiyyətini anlamaq
üçün təkcə tarixdə xristianlar tərəfindən
başqa millətləri əsarət altına almaq məqsədilə
təşkil etdikləri xaç yüyürüşləri,
ərəblərin islam dinini qəbul etdirmək adı ilə
başqa millətlərin üzərinə təşkil etdikləri
qanlı işğalçı müharibələri
xatırlamaqla bərabər ermənilərin bir sıra
xristian ölkələrin xristian həmrəyliyi adı
altında köməyi ilə Azərbaycana qarşı 30 ildən
artıq davam edən işğalçılıq müharibəsi,
eləcə də İranın fars şovinizminin “şiəliyi”
müdafiə şüarı ilə başqa millətlərə
qarşı silahlı təcavüzünə baxmaq yetərlidir.
Hər
bir dövlətin daxilində dinin təşkilati
mövcudluğunu reallığa çevirən iki əsas səbəb
var. bunlardan biri cəmiyyətin iqtisadi-ictimai
quruluşundakı naqisliklərdən yaranan ziddiyyətləri
cəmiyyətin aparıcı qüvvələrinin mənafeinə
uyğun olaraq kütləni tabe və müti vəziyyətdə
saxlamaq üçün dinin təşkilati
mövcudluğunun zəruri amillərdən biri olması, digəri
bunu mümkün edən isə, cəmiyyət üzvlərinin
mütləq çoxluğunun ictimai və elmi şüurunun
aşağı səviyyədə olmasıdır.
Cəmiyyətdə bütün
insanların hamısının elmi-fəlsəfi şüur
səviyyəsi heç bir zaman eyni səviyyədə ola bilməz və bu təbii, obyektiv
reallıqdır. Məhz bu təbii, obyektiv
reallıq cəmiyyətdə hər bir şəxsin dini
etiqad, yəni vicdan fikir, söz azadlığı hüququnun
təmin edilməsini zəruri edir ki, bu da öz növbəsində
bütün dinlərin cəmiyyətdə mövcudluğu
hüququnun təmin edilməsini labüd edir. Bu gün dünyada elə bir ölkə yoxdur ki,
orada vətəndaşların etnik tərkibi ancaq bir millətin
nümayəndələrindən və eyni zamanda bir dinə
etiqad edən vətəndaşlardan ibarət olsun.
Buna görə də cəmiyyətdə hər
hansı bir dini əsaslar üzərində qurulmuş
dövlət bütün vətəndaşların vicdan
azadlığı hüququnu eyni səviyyədə qoruya bilməz. Bundan başqa
onun iqtisadi-ictimai sistemi cəmiyyətin inkişafının
bu günkü tələblərinə cavab verə bilməməsilə
yanaşı, cəmiyytəin gələcək
inkişafını da təmin edə bilməz. İran
və Səudiyyə Ərəbistanı kimi dini əsaslarda
qurulmuş dövlətlərdə vətəndaşlar
iqtisadi, hüquqi, ideoloji əsaslarla islam
dini, onun müxtəlif cərəyanları çərçivəsində
məhdudlaşdırılır. Bu tipli ölkələrdə
vətəndaşların nə vicdan
azadlığının, nə də ümumbəşəri,
dünyəvi insan hüquqlarının təmin edilə bilməsindən
söhbət belə gedə bilməz. Belə ki, belə
ölkələrin qanunları, ümumilikdə hüquq
sistemi hər hansı bir dinin konkret cərəyanının
doqmalarının çərçivəsində müəyyən
edilərək başqa dinlərin
daşıyıcılarının və dünyəvi dəyərlərinin
tələblərini ödəmək qabiliyyətinə malik ola bilməz. Bu gün dünyada əhalisinin
əsas hissəsi xristian və ya müsəlman olan ölkələrdə
dövlət sistemi dünyəvi əsaslarda qurularaq vətəndaşların
vicdan azadlığı hüququ dövlətin anayasası və
qanunlarında təsbit olunsa da, bu hüququn icra prosesinin idarə
edilməsi əsas hissəsi dini təşkilatlar vasitəsilə
həyata keçirilir. Yəni, cəmiyyətdə
müxtəlif dinlərin mövcudluğundan irəli gələn
bu prosesləri dövlət bilavasitə qanun vasitəsilə
deyil, təşkilatlanmış dini qurumlar vasitəsilə həyata
keçirilir. Məhz bu amil cəmiyyətdə
dinin siyasi, ideoloji vasitəyə, silaha çevirmiş olur.
Dinlərin cəmiyyətdə təşkilatlanmış
formada idarə edilməsi ən çox iqtisadi-ictimai sistemlərində
əsaslı, çoxsaylı naqisliklər olan dövlətlərdə
yaranan müxtəlif narazılıqları dini təşkilatlar
vasitəsilə nizamlanması asan olduğundan hakimiyyət bu
idarəetmə üsuluna üstünlük verirlər.
Məsələn yüz il öncə
Rusiyada (SSRİ) bolşeviklərin Leninin nəzəriyyəsi
və başçılığı ilə
yaratdıqları Dövlət quldarlığı
iqtisadi-ictimai quruluşunda bu quruluşun mahiyyət və
xarakterinə uyğun din də yaradılmışdı. Bu
din partiyanı allah, Lenini onun peyğəmbəri, partiyanın
baş katibi imamı, guya gələcək nəsillər
üçün quracaqları “kommunizm” quruluşunu isə din
xadimlərinin insanlara vəd etdiyi cənnət
anlayışıyla bir məzmunda izah etməklə və həm
də Marksın elmi sosializm nəzəriyyəsinin əsas
elementlərini Leninin dövlət quldarlığı və
dövlət feodalizmi olan “Hərbi kommunizm” və “ÍÝĎ” (Yeni iqtisadi siyasət) nəzəriyyələrinin
elementləri ilə əvəz etməklə Marksizm nəzəriyyəsini
saxtalaşdıraraq “Marksizm-Leninizm” adı altında materializm
örtüklü yeni idealist bir din yaratmış oldular. Bolşeviklər özlərinin yaratdığı
bu mürtəce idealist dinin maneəsiz, total şəkildə
yayılması üçün cəmiyyətdə
bütün başqa dinlərin nəinki təşkilati, eləcə
də fərdi mövcudluğuna çox ciddi hüquqi,
inzibati qadağalar qoydular.
Bolşeviklərin “Marksizm-Leninizm” adı altında, əslində
isə Marksizmlə daban-dabana zidd olan Leninizm dininin Marksizmə
heç bir dəxli olmadığını çox qısa
şəkildə iki faktla sübut etmək
mümkündür. Marksın məşhur “Din xalq
üçün tiryəkdir” ifadəsi Marksın dinin mahiyyətinə
olan münasibəti tamamilə konkret, aydın və birmənalı
ifadə edir. Bu cümlədən sonra Marksizmə hətta
bələd olmayanlar belə hansısa mövcud olan və ya
ondan sonra yaradılan dinin Marksizmlə əlaqəli
olduğunu düşünməsi ancaq sadəlövhlük ola bilər. Bolşeviklər də
nəinki sadəlövh kütlələrin, eləcə də
müxtəlif sahələrdə elmi biliyə malik olub
Marksizmin mahiyyətinə anlaya bilməyənləri Leninin
yeni yaratdığı dinə Leninlə birgə Marksın da
şərik olduğuna inandıra bilmişlər. Bunu Stalinin bir ifadəsindən də aydın
görmək olur. Stalin yazır; – “Marksizm
– bu sinfi dindir. Marksizmlə əlaqəli olmaq istəyirsənsə
eyni zamanda kütlə ilə, siniflərlə əlaqəli
ol… Biz Leninçiyik. Biz
özümüz üçün nə yazırıqsa – bu
xalq üçün mütləqdir. Bu
onun üçün (xalq üçün – müəllif)
inam simvoludur”. Stalin burada hər bir ictimai-iqtisdai elmin cəmiyyətlə
əlaqəsi olduğu kimi Marksizmin də kütlə ilə,
siniflərlə əlaqəsi olduğunu şüar kimi elan
etdikdən sonra bolşeviklərin yaratdığı dinin
müəllifi kim olduğunu; – “Biz
Leninçiyik. Biz özümüz
üçün nə yazırıqsa xalq üçün
mütləqdir… inam simvoludur” sözləri bu günə qədər
mövcud olan bütün dinlərlə Leninin
yaratdığı dinin həm mahiyyətinin, həm də
kütlələrə zor vasitəsilə qəbul etdirilməsi
baxımından eyni olduğunu aydın şəkildə
sübut edir. Vaxtilə avropalıların
xaç yüyürüşü, ərəblərin “islam”
yüyürüşü, leninçilərin “kommunizm”
yüyürüşü dövründə saysız
hesabsız tökülən qanlar, bəşəriyyətə
qarşı edilən cinayətlər bu dinlərin eyni mahiyyətini
sübut edir.
Lakin bir
müddət sonra iqtisadi-ictimai, o cümlədən ideoloji
sistemin mütləq səviyyədə mərkəzləşdirilmiş
belə bir cəmiyyətdə vicdan azadlığının,
yəni müxtəlif dinlərin cəmiyyətdə
mövcudluğunun real obyektivlik olması və bundan öz məqsədləri
üçün istifadə etməyin mümkün olduğunu
dərk etməsi bolşevikləri bir neçə əsas
dinlərin müxtəlif vasitələrlə məhdudlaşdırılan,
həm də onların idarəetmə və nəzarətin həyata
keçirilməsini asanlaşdıran fərdi və təşkilati
mövcudluğuna icazə verməyə sövq etdi. Onların dinin təşkilati mövcudluğuna icazə
verməsi heç də bolşeviklərin vətəndaşların
fərdi vicdan azadlığını tanımasından irəli
gəlmirdi. Çünki, vətəndaşların
fərdi vicdan azadlığının həyata keçirilməsinin
bütün incəliklərinin nizamlanması dövlətin
qanunvericiliyində əks olunduğu halda dinin təşkilati
mövcudluğuna heç bir ehtiyac qalmır. Dinin təşkilati mövcudluğuna icazə verilməsi
din amilindən dövlətin həm daxili, həm də xarici
siyasətində siyasi və ideoloji vasitə, silah kimi istifadə
etmək imkanını yaratması səbəbindən irəli
gəlir.
Bu barədə
Fransa imperatoru Napoleon Bonapart özünün “Generalın
gündəliyi”ndə dinin mahiyyətini qiymətləndirməsini
belə ifadə edir; “İisus öldükdən sonra Romada
olan siyasi qruplaşma dinin xalqı idarə etmək
üçün bir vasitə olduğunu gördü. Beləliklə onlar İisusu allah dərəcəsində
diriltdilər və o allahın özünün bir hissəsinə
çevrildi”. Bu fikri Əziz Nesin də
özünəməxsus şəkildə ifadə
etmişdir; “Dünyadakı ən karlı ticarət, din ticarətidir.
Sərmayəsi yalan, müştərisi
cahildir”.
Turan
dövlətinin Konfederasiya, Federasiya və ya vahid, unitar
dövlət formasında yaradılmasından asılı
olmayaraq dinin ancaq fərdi mövcudluğunun, yəni hər
bir vətəndaşın fərdi vicdan
azadlığının təmin edilməsi olaraq
ayrı-ayrı dini qurumlar vasitəsilə deyil birbaşa
qanunlarla qorunması cəmiyyətdə mövcud olan müxtəlif
din daşıyıcıları arasında məqsədli
şəkildə nifaq salmaq, dindən siyasi, ideoloji zor tətbiqi
vasitəsi kimi istifadə edilməsi imkanını
qapatmış olar. Bununla da Turan daxilində nəinki
müxtəlif dinlərin daşıyıcıları olan
türklər arasında, hətta digər millətlərdən
olub müxtəlif din daşıyıcıları olan
insanlarla türklər arasında dini zəmində hər
hansı bir nifaq salınması ehtimalı sıfıra
endirilmiş olar. Bu Turan dövləti
quruculuğunun qarşısında mövcud olan ən
mühüm maneələrdən biri olan din məsələsinin
ən optimal, səmərəli həlli yoludur. Dövlət sisteminin bütün fəaliyyəti isə
elmi əsaslar üzərində qurulmalıdır.
Şapur QASİMİ
Hürriyyət.-
2020.- 19-21 dekabr.- S.13.