CƏHƏNNƏMDƏN QAÇIŞ
(novella)
Ağrı-acısı
çox idi. Bütün əzaları
ağrıyırdı. Ələlxüsus uzun qış gecələri
onun üçün olduqca məşəqqətli keçirdi.
Azacıq gözünə yuxu gedən kimi sanki göz bəbəkləri
içəridə şişir, qayğısız
uşaqlıq illərində kinoteatrlardakı film göstərilən
böyük parçaya dönürdü. Gördüklərinin
təsirindən qan-tərə bataraq çabalaya-çabalaya
qalırdı. Gecələri kabus görürdü. Elə
bil gecələrə sığmayan bu kabus gündüzləri
yumşalar, gün işığında sınardı. Gündüzlər
bir az fərqli olardı, gecələri isə dəhşətlə
başlayar, vəhşətlə artar, zillətlə
sonlanardı.
Gözlərini
yuman kimi o müdhiş mənzərəni görürdü.
Hər yer qan, hər yer mərmi, tanınmaz hala
düşmüş meyitlər, gözlərinə
ümidsizlik, üzlərinə ölüm pərdəsi
çəkilmiş yaralılar, namusu, şərəfi, mənliyi,
varlığı tapdanmış, ağlasığmaz işgəncələrə
məruz qalmış əsirlər, məşəqqətli əsirlik,
üzümlük, şosse, niva, Abo, öldürdüyü
general oğlu, erməni quldurları, onların
insanlığa sığmayan cinayətkar əməlləri,
fəryad, nalə və qulağından getməyən
izahı çox çətin olan səslər. O səslər
ki, elə bil cəhənnəmdən gəlirdi. O, cəhənnəm
əzabını bu yer üzündə yaşamış
insanlardan idi. Yer üzünün əşrəfi sayılan
insanın vəhşiləşərək qaniçən
yırtıcıya çevrilməsinin, əxlaqi və insani
dəyərlərin sıfıra enməsinin, Adəm
övladının bir-birinə qənim kəsilməsinin,
insanın dünya nemətlərinə qarşı hərisləşməsinin
dəfələrlə şahidi olmuşdu. Yaşamaq
üçün mübarizədə ölüb-öldürməyin
iştirakçısına çevrilmişdi. Gözlərini
açan kimi o cəhənnəm həyatı yoxa
çıxırdı. Aldığı psixoloji travmalar ona
rahatlıq vermirdi. Beyni zoqquldayırdı, canı
ağrıyırdı, müharibəyə nifrət edirdi,
amma qisas gününü səbirsizliklə gözləyirdi.
İşğal altında olan Vətən torpaqlarının
azadlığı uğrunda hər şeyə hazır idi.
Bircə bunu düşünəndə yorğunluğu,
halsızlığı unudulardı. Vətən həsrəti
onun qəlbini didirdi. Hər gün uca Yaradana dualar edərək
tezliklə döyüş əmrinin verilməsini
arzulayırdı.
Didərginlik
Payızın son ayı idi. Bu yerlərə qış tez düşür. Odur ki, payız da burada elə
qışa bənzəyir.
Günəş aram-aram qüruba
enirdi. Solğun günəşin şəfəqləri altında
üzü meşəyə
doğru bir qafilə hərəkət
edirdi. Yüklü heyvanlar tənbəl-tənbəl
irəliləyirdilər. Ətrafda ayaq və heyvan
səslərindən başqa
səs eşidilmirdi.
Hər şey sükut içində idi. ,,Qaranlıq dərə"
deyilən yerdən keçirdilər. Lal sükunət bu vahiməli yeri bir az da vahimələndirirdi. 13 yaşlı Rafiqin
daxildə dişi bağırsağını kəsirdi.
Vaxtilə döyüb barmağında
fırlatdığı erməni
uşaqları bu səhər o biri dığalarla bərabər
onlara hücum çəkmiş, əllərindəki
silahlara, yanlarındakı
yaşca böyük ermənilərə güvənərək
ona əl-qol atmışdılar. Doğrudur, Rafiq
davakar idi, amma hər zaman
haqqın tərəfində
duran uşaqdı.
Lakin bu gün haqq ,,gözə görünmürdü",
bu gün nahaqqın meydanı idi. Bu gün
şər qalib kürsüsündə oturmuşdu.
Bu gün ədalətin
məğlub olduğu
gün idi. Bu gün Rafiqgilin
timsalında minlərlə
azərbaycanlının öz
dədə-baba yurdundan
zorla qovulduğu gün idi. Bu gün atası İsa kişinin illərlə can qoyub, halal zəhməti ilə ərsəyə gətirdiyi evin dığalar tərəfdən
yağmalandığı gün
idi və bu gün Rafiqin
qəlbində düşmənə
qarşı nifrətin,
kinin, qəzəbin kök saldığı gün idi. Yorğun simalardan
kədər yağırdı.
Elə bil hamı bir-birindən küsmüşdü, heç
kim danışmaq
istəmirdi. Əslində hamının kifayət
qədər danışası
sözü vardı.
Hamının ürəyi dolu
idi, lakin heç kimin dili danışmaq istəmirdi. Ayrı-ayrılıqda hər kəs ürəyində özü
ilə danışırdı.
Bu insanlar öz
doğma yurdlarından
deportasiya olunan qərbi azərbaycanlılar
idi. İllərlə yaşadıqları ərazilərdən zorla qovulmuşdular. Zamanla öz
ata- baba torpaqlarında yer verib yerləşdirdikləri
məkrli düşmən
indi onları zorla bu torpaqlardan
çıxarmışdı. Uşaqlar, qadınlar, yaşlılar
üzülmüş halda
meşəyə doğru
irəliləyirdilər. Nəhayət uzun sürən lal sükunəti Qafan rayonunda ətraf bir-neçə kənddə
ağsaqqallığı ilə
ad çıxarmış Allahverən
babanın amiranə səsi pozdu:
-A bala, bir az qıvraq olun, hava da
çox soyuqdur. Axşam qaranlıq düşənə
qədər qarşıdakı
Fərcan və Göyyal kəndlərinə
özümüzü çatdırmalıyıq.
Tez olun! 2 saata yaxın
səssiz hərəkət
edən bu yorğun, üzgün, ümidsiz insanlarda elə bil bir
canlanma əmələ
gəldi.
Ay camaat, tez olun. Kəndə tərəf böyük
bir dəstə gəlir. Kimin nə silahı
varsa götürüb
səfərbər olsun.
Qadınları, uşaqları və
yaşlıları "Cahannı"
məhəlləyə yığın.
Biz isə bu gələnləri ,,Yolaşanda" qarşılayaq.
Qüvvələr qeyri-bərabər
olarsa kəndin qız-gəlinini kənddən
çıxardın, düşmən
əlinə keçməsinlər,
-deyə Imamverdi kişi göstəriş
verib əlindəki tüfəngi çiyninə
keçirərək irəli
keçdi. Kəndin əli silah
tuta bilənləri onun ardınca gözlərində qəzəb,
ürəklərində intiqam
hissi ilə irəli atıldılar.
Bütün kənd əhli
həyəcan içində
idi. Dünənə qədər kəndə
ticarətə gələn,
onlara kirvə deyən ermənilər indi onlara düşmən
kəsilmişdilər. Tüfəngi olanlar tüfəngini, qalan kənd cavanları isə yaba, dəhrə, kərənti,
xəncər, bıçaq,
balta: -bir sözlə kimin nəyi vardısa onu da götürüb
təyin olunmuş yerlərdə öz mövqeyini tutmuşdu. Artıq hava qaralmaq üzrə
idi. ,,Qalaboynu"
tərəfdən üzüaşağı
kəndə doğru hərəkət edən toplum güllə mənzilinə yetəndə
İmamverdi kişi xəbərdarlıq atəşi
açdı. Adamlar yerə
yatdılar. Allahverən
baba; Ay bala, güllə atmayın, biz
də azərbaycanlılarıq;
-dedi. Amma buna bu tərəfdən
heç kim
inanmaq istəmirdi. Bir-iki güllə də atıldı. Uşaqlar qorxu
içində ağlayırdılar.
Birdən İsa kişinin səsi eşidildi;
-Ay İmamverdi qağa, mənəm İsa. Atəş açmayın. Bizi ermənilər
məcburən evlərimizdən
çıxardıblar.
-Hansı İsa?
-Göyyallı İsa.
Güllə atmayın, bunlar
bizimkilərdir; -deyərək
İmamverdi kişi
irəli yeridi. 10-15 dəqiqə sonra kəndə cavanlardan birini göndərib basqın olmadığını, gələnlərin
özümüzünkülər olduqlarını xəbər
verdilər. İsa kişinin
ailəsi öz ata ocaqlarına gedəcəklərini bildirdilər.
Digər
ailələri isə
kənd camaatı öz evlərinə qonaq apardılar. Bu hadisədən 2 gün sonra həm Göyyal, həm də Fərcan kəndlərinə sahə
müvəkkili də
başda olmaqla ,,yuxarılardan" gəlmiş, əsasən
ruslardan ibarət bir neçə nəfərlik səlahiyyətli
şəxslər təşrif
gətirdilər. Onlar Sovet
ölkəsində qeyri-qanuni
silah saxlayan azərbaycanlıların silahı
təhvil vermədikləri
təqdirdə cinayət
məsuliyyətinə cəlb
olunacaqları ilə hədələməyə başladılar.
Ötkəmliyi, vurub-tutan
olmağı ilə sayılıb-seçilən İmamverdi
kişinin kiçik oğlu Tofiq irəli çıxıb;
-Niyə bizlərdən adi ov tüfəngini
tələb edirsiniz, amma erməniləri görmürsünüz? Onlar
hər cür silahlanırlar, bəlkə
də elə sizlər silahlandırırsınız,
ancaq bizdən ov tüfəngi tələb edirsiniz! Bu ki, haqsızlıqdır! Hirsindən tir-tir titrəyən Tofiqi birtəhər sakitləşdirdilər. Lakin gələnlər
öz tələblərində
qəti idilər.
Hətta
Tofiqi artıq öz qara dəftərlərinə
salmışdılar. Geri
qayıdan kimi daha yuxarılara bu haqda ətraflı
məruzə edəcəkdilər.
Guya Tofiq kimi düşünənlər
iki qonşu xalq arasında ,,nifaq" toxumu
səpirlər. Guya Qarabağ söhbəti M.S.Qorbaçovun dediyi kimi yalnız ,,avantüristlərin işidir". Sosialist Sovet ölkələrində
belə şeylərə
yol vermək olmaz və s. kimi aldadıcı vədlər. Sahə müvəkkili illərdir
ki, hər iki kənd camaatını
yaxşı tanıyırdı.
Arada böyük xətir-hörmət
vardı. Odur ki, yenə də sakitcə İmamverdi kişini kənara çəkib narahat olmamasını və mümkün qədər tez, adaşı olan gənc, vüqarlı, qolu bərk, sözübütöv
Tofiqi buradan uzaqlaşdırmağı məsləhət
gördü. Həm də
mümkündürsə bu
alçaqların ağızlarını
yummaq üçün
1-2 tüfəng təşkil
etməyi xahiş etdi. 3 ədəd
köhnə tüfəng
təşkil edildi ki, onun da
biri işləmirdi.
Beləcə əliyalın camaatın
5-10 ov tüfəngini
də əllərindən
almağa çalışanları
birtəhər başlarından
etdilər.
Günlər bir-birini əvəzləyirdi.
İsa kişi
min bir əzab-əziyyətlə
nəhayət ki, Qafandakı evini Bakıda Nəsimi rayonunda bir erməninin
evi ilə dəyişdi. Bakıda qeydiyyata düşdülər.
Lakin ailə də böyük olduğu üçün hələ
uşaqları Bakıya
gətirmədilər. Eyni zamanda İsa
kişi özünə yeni iş yeri tapmalı,
yen i işinə uyğunlaşmalı idi. Həm də açığı,
uşaqları Fərcan
kənd orta məktəbinə bərpa
etmişdilər. Artıq dərsləri
qaydasına düşmüşdü.
Ardı var
Fərid Muradzadə
Hürriyyət.- 2020.- 19-21 dekabr.- S.14.