Cəhənnəmdən qaçış
Novella
Ağrı-acısı
çox idi. Bütün əzaları
ağrıyırdı. Ələlxüsus uzun qış gecələri
onun üçün olduqca məşəqqətli
keçirdi. Azacıq gözünə yuxu gedən kimi sanki
göz bəbəkləri içəridə şişir,
qayğısız uşaqlıq illərində
kinoteatrlardakı film göstərilən böyük
parçaya dönürdü. Gördüklərinin təsirindən
qan-tərə bataraq çabalaya-çabalaya qalırdı.
Gecələri kabus görürdü. Elə bil gecələrə
sığmayan bu kabus gündüzləri yumşalar, gün
işığında sınardı. Gündüzlər bir az
fərqli olardı, gecələri isə dəhşətlə
başlayar, vəhşətlə artar, zillətlə
sonlanardı.
Ağappaq gəlinlik libasında xüsusi bəzədilmiş UAZ markalı maşına tərəf addımlayan gəlini görən Rafiqin gözləri önünə anidən Gülnar gəldi. Bir andaca ucsuz-bucaqsız fikirlər dəryasında küləkdən vəcdə gələn yelkən kimi xəyalları lap uzaqlara getdi. Xəyallar elə bil mavi suların üstü ilə əzmlə irəli şütüyən yelkən idi. Dumanlı fikirlərin içindən sıyrılıb cənnət kimi bir diyara düşən, yalnız ikisinin olan bir dünyada qərarlaşan xəyallar, xatirələr indi baş-başa idi. Onlar ürəklərində kök salmış ülvi bir hissi pünhan tuturdular. Rafiq sonu bilinməyən bir yola çıxmışdı. Gülnara hər şeyi ətraflı izah etmişdi. Onun yolunda qan, ölüm, itkinlik və məşəqqət vardı. Rafiq məchul bir yolun yolçusu idi. Qarşıda nələrin baş verəcəyi əsla məlum deyildi. Döyüşçünün ömür yolu dumanlar içindən qəfil dibsiz uçuruma atılmağa bənzəyir. Görə bilmədiyin bir yerdən yalnız irəliyə doğru gedirsən və qəfil nəhayətsiz bir uçrum səni qarşılayır və nəhayətsizliyin sonunda ölüm ağzını ayırıb qurbanını gözləyən əjdaha kimi səni qəbul edərək udur…
Cəhənnəm
əzabı
Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam şəhəri iyulun 4-dən etibarən erməni və rus hərbi birləşmələri tərəfindən güclü artilleriya atəşinə tutulmuşdu. Düşmənin artilleriya həmlələri elə güclü olmuşdu ki, məcburən yerli əhali və qoşun bölmələri həmin ərazilərdən kənarlaşdırılmışdı və bu da öz növbəsində düşmənin bu əraziləri ələ keçirib burada möhkəmlənməsinə rahat zəmin yaratmışdı. Amma Ağdamın müəyyən hissələri hələ Azərbaycan Ordusunun nəzarəti altında idi. Azğın düşmən isə havadarlarının maddi, mənəvi, texniki, fiziki dəstəyi sayəsində durmadan daha aktiv şəkildə bombardmanı davam etdirirdi. Qüvvələr qeyri-bərabər idi. Düşmən tərəfi açıqca üstün mövqe nümayiş etdirirdi. Azərbaycan Ordusundakı ruh düşkünlüyü, özbaşınalıq, pərakəndə özünümüdafiə batalyonları, əmrə tabe olmayan müəyyən dəstələr, satqınlıq və s ermənilərin qələbə qazanmasını daha da rahatlaşdırırdı. Hiyləgər düşmən ələ aldığı satqınlar və daxildəki ermənipərəst qüvvələrin təsiri ilə müxtəlif təxribatlar törədir, hücum və müdafiə planlarını gizli şəkildə ələ keçirir və Azərbaycan Ordusunu məğlubiyyətə uğradırdı. Düşmən tərəfin əhali və ordu arasında apardığı təxribatın nəticəsində mülki əhalidə, həmçinin də qoşun növlərində bir inamsızlıq, etibarsızlıq və xüsusi panika yaranmışdı. Əlbəttə bu işdə erməni xüsusi xidmət orqanları ilə yanaşı sapı özümüzdən olan baltaların da “əməyi”|”az deyildi. Tarix günahkarları, riyakarları, əclaf, şərəfsiz və satqınları öz daş yaddaşına əbədi olaraq həkk etmişdi. Tez ya da gec hər kəs öz əməllərinin cəzasını çəkəcək. Ancaq bu günlərdə əzab-əziyyət çəkən geniş mənada bir xalq, dar çərçivədə isə bir bölgə, bir rayon məhrumiyyət içində idi. Cəhənnəm əzabı yaşanırdı. Cənnət Qarabağın dilbər guşələrindən biri olan Ağdam şəhəri erməni vandallarının atdığı ağır artilleriya mərmiləri içərisində sözün əsl mənasında cəhənnəm atəşinə qalanmışdı.
Rafiq Azərbaycanın Milli Qəhrəmanı Rövşən Əkbərovun taborunun əsgəri idi. Səhər tezdən Ağdamın Əfətli kəndinə çatdılar. Burada onlar özbaşına olaraq hərbi hissəni tərk edən bir qrup hərbçilərlə qarşılaşdılar. Əllərində kifayət qədər silah-sursat və texnika olmasına baxmayaraq onlar ərazini tərk etmişdilər. Komandir İlyas İsmayılovun rotası qaçan hərbçilərin qarşısını kəsib onlardan xeyli texnika aldılar. Əldə olunan BMP 2-lər onlara vacib lazım idi. BMP-ləri idarə edəcək yaxşı mexanik-sürücüyə ehtiyac vardı. Təlimlərdə ümumi 11 nəfər bu peşəyə yiyələnmişdi. Lakin bu texnikanı idarə etməyi yalnız onlardan ikisinə həvalə etdilər: -Rafiq və Bakılı Viktora. Buradan irəliyə hücum əmri aldılar. Azğın düşmən geri oturduldu. İndi Azərbaycan əsgəri Quşçuluq və Kökəltmə deyilən ərazilərə tam nəzarət edirdi. İsti adamı qovururdu. Artıq az bir müddətdə hərbi bölmələr döyüş mövqeyində yerləşdirilmişdi. Rafiqgil kökəltmə məntəqəsində mövqe tutmuşdular. Onlardan qabaqda -Quşçuluq ferması deyilən ərazidə isə batalyonun minaatan tağımı yerləşirdi. Rota komandiri İlyas İsmayılov şəxsi heyəti yoxlayır, postları gəzir, tez-tez düşmən tərəfi müşahidə edir və hər şeyi nəzarətdə saxlamağa çalışırdı. Artıq axşam düşmək üzrə idi. Alatoran havada uçan artilleriya mərmiləri göy üzünü işıqlandırırdı. Hər kəsə daha diqqətli və ayıq-sayıq olmaq tapşırılmışdı. Daxil olan rabitə məlumatına görə səhərəyaxın ermənilər Quşçuluqdakı mövqelərimizə güclü həmləyə keçmişdilər. Şiddətli döyüşlər gedirdi. Böyük qüvvə ilə güclü hücuma keçən ermənilər Quşçuluqdakı əsgərlərimizi sıxışdırıb mühasirəyə almışdılar.
Kökəltmədəki cəsur əsgərlərimiz öz cəbhə yoldaşlarına, qardaşlarına, dostlarına köməyə getdilər. Qələbə eşqi ilə mühasirəni daraldıb əsgərlərimizin böyük əksəriyyətini məhv edib, qalanlarını əsir götürmək niyyətində olan ermənilər gözlənilməz müqavimətə rast gəldilər. Arxa tərəfdən əks-hücuma keçən Azərbaycan əsgəri düşməni geri oturtdu. Böyük həvəslə irəli atılan düşmənin ümidləri puç oldu. Lakin müharibənin yazılmamış qaydaları var. Ölüm hər an insanın yanında olur. Əzrayılın kimin sinəsinə çökəcəyi bəlli olmur və həyatda qalmaq, ya da həyatı tərk etmək an məsələsi olur.
Qabil
onların ilk şəhidi idi. Hücuma keçən
düşmənin BMP-sindən atılan kor güllə onun
baş qapağını aparmışdı.
Yaxınlıqdakı əsgərlər başı
dağımış Qabilin meyitinə yaxınlaşa bilmirdi.
Hətta öz doğma bibisi oğlu belə dəhşətli
mənzərədən sarsılıb irəli bir addım da
ata bilmədi. Rafiqin tağım komandiri Maqsud irəli yeridi.
Bu dəm Rafiq də özünü ona çatdırdı. Dəhşətli
səhnəni ilk dəfə görənlər özlərini
pis hiss edirdilər, amma o, bunları görmüşdü.
Rafiq buradakı əsgərlərin hamısından təcrübəli
idi. O, yeniyetmə olandan qan-qadanı, yaralını,
ölünü öz gözləri ilə görmüş,
hətta onları yerdən də qaldırmağa kömək
etmişdi. Maqsudla birlikdə başı
parçalanmış meyiti qaldırıb BMP-nin üstünə
qoydular. Rafiq Qabilin nəşinə baxıb dedi:
‐ Məkanın
cənnət olsun, ilk şəhidimiz!
Səssizcə
BMP2-ni idarə edirdi. Kənardan baxan onu sadəcə səssiz,
sakit, öz işində olan birisi kimi anlayardı. Amma
heç də elə deyildi. Üzdən sakit görünən
bu gəncin qəlbində vulkan qaynayırdı.
Talanmış, bombalanıb viran olmuş ərazilərə
baxdıqca ürəyi sıxılırdı. Xocalı faciəsi,
Xocalı dəhşəti, erməni vandallığı, erməni
vəhşəti gözünün önündə
canlandıqca qeyri-ixtiyari olaraq idarə etdiyi bu texnikanı
izinsiz birbaşa düşmən üzərinə sürmək
keçirdi könlündən. Amma olmazdı. Təkbaşına
atacağı bu addım geridə onlarla Azərbaycan əsgərini
təhlükə altında qoyardı. Amma qisas hissi onu rahat
buraxmırdı. Adi vaxtlarda həddən artıq ürəyiyumşaq
olardı, döyüşdə isə əsla! “Düşmənin
göz yaşlarına belə inanmaq olmaz”, -deyərdi həmişə.
Bunları ona xətrini dünyalar qədər sevdiyi Rza
adlı bir kəşfiyyatçı kapitan öyrətmişdi.
Rza Qubadlının Mirlər kəndindən idi. Olduqca peşəkar
kəşfiyyatçı hesab olunurdu. Rafiqin xətrini
çox istədiyindən hər görüşlərində
ona peşə sirrlərindən bəhs edər, bilmədiklərini
öyrədərdi. Rafiq isə onun dediklərini diqqətlə
dinləyər, gözəl mənimsəyərdi. Rza
imkanlı bir ailənin yeganə oğul övladıydı. Vətənin
dar günündə könüllü olaraq ilk əvvəl
könüllü dəstələrdə xidmət etmiş,
daha sonra isə Milli Ordu yarananda bacarıqlı, peşəkar
kadr kimi orduda xidmətə davam etmişdi. Peşəkar
boksçu olan Rza Sovet ordusunda dəniz desantı kimi xidmət
etmişdi. Yaxın məsafədə olduqca taktikalı və
peşəkar döyüşürdü. Qolları çox
qüvvətli olan bu ucaboy, enlikürək, kürən
oğlanın kəşfiyyatçılar arasında
xüsusi hüsn-rəğbəti vardı. Az vaxt içində
o, Rafiqin kumirinə çevrilmişdi. Qarlı bir qış
günündə kəşfiyyata getmiş Rza və köməkçisi
olan gənc leytenant İlyasov Meğridə (Mehridə)
onların izinə düşən iki erməni kəşfiyyatçısını
səssizcə zərşrsizləşdirmək
üçün kənddə bir evin həyətinə girdilər.
Onları qarabaqara təqib edən düşmən əsgərləri
də özlərini həyətə saldılar. Rzagil
samanlığın arxa tərəfinə keçib bərədə
ov gözləyən ovçu kimi daldalandılar. Sevincək
özünü irəli atan erməni baş leytenantı
İlyasovun uzun qəməsinə tuş gəldi. Düşmənin
ağzını tutan gənc leytenant ard-arda 7-8 zərbə
daha vurdu. Sevincək irəli şığıması həyatı
bahasına başa gələn erməni başı kəsilmiş
heyvan kimi çırpınaraq gəbərdi. Rzadan isə səs
yox idi. Asta addımlarla irəliləyən İlyasov saman
preslərinin arasında uzanan nəhəng erməni kəşfiyyatçısını
görəndə bıçağa əl atdı, ancaq
qüvvətli bir əl onu tutub saxladı. Geri çevriləndə
Rzanı gördü. Rza şəhadət barmağını
dodaqlarına sıxıb səssiz olmasına işarə
etdi.
– Komandir,
buna neyləmisən?
– Sss.
Ölüb.
Olanları
biləndə İlyasov Rzadakı fiziki gücə məəttəl
qaldı. Sən demə Rza gəbərtdiyi yekəpər
dığanın sadəcə başını məngənə
kimi qollarının arasında sıxıbmış. Təzyiq
o qədər güclü olub ki, erməninin baş
sümüklərini qırıb, beynini dağıdıb. Bir
az da burada gözləmək gərəkdi. Şaxtalı hava
insanın qanını dondururdu. Köhnə mərəyin
odun damına bitişik hissəsində
dayanmışdılar. Buranı daha əlverişli daldalanacaq
hesab etmək olardı. Buradan həm evi, həm də ətrafı
yaxşı görürdülər. Kənd evinin köhnə
qapısı tənbəl-təbbəl açıldı.
Alatoranda evdən gənc bir qadın çıxıb ətrafa
baxdıqdan sonra düz onlara sarı gəlməyə
başladı. Yəqin odun götürmək
üçün gəlirdi. Qadın bir az da irəli
yerimişdi ki, qəfil dayandı. Onun bütün hərəkətlərini
peşəkar kəşfiyyatçı kimi izləyən Rza
“tfu” dedi. İşarə ilə İlyasova qadının
onları təxmin etdiyini başa saldı. Gənc qadın az əvvəl
İlyasovun öldürdüyü erməni zabitinin qarın
içinə düşmüş mundirinin qanlı düyməsini
görmüşdü. Odur ki, birdən kəskin şəkildə
geri dönüb evə sarı yüyürdü. Artıq
aşkarlanmışdılar. İndi bu qadının bir kimsəyə
xəbər verməsinin qarşısını almalı və
buradan mümkün qədər tez uzaqlaşmalı
olacaqdılar. Onun ardınca hər ikisi içəri girdilər.
İçəridə yük yığılmış
çarpayının yanında yumaq kimi
büzüşmüş bayaqkı gənc erməni
qızı və bir də beşikdən balaca bir
uşağı qucağına alıb mat-mat onlara baxan
yaşlı bir erməni qadından başqa kimsə yox idi.
Uşağı və iki kimsəsiz qadını görən
Rza üzünü geri çevirib İlyasova buradan
çıxmalı olduqlarını söylədi. Lakin
İlyasov komandirinə qarşı çıxdı. Rza isə
ona “biz ermənilər kimi köməksiz insanlara və
uşaqlara toxunan deyilik”- dedi. İlyasov isə arxasını
çevirmədən əli tətikdə geri çəkilməyə
başladı. 3-4 addım atmışdılar ki, İlyasovun
səsboğucu bağlanmış avtomatı “dilə gəldi”.
Qeyzlə geri çevrilən Rza gördüklərinə
inanmadı. Sən demə yaşlı erməni qadın azərbaycanlı
xislətini yaxşı bildiyi üçün
uşağı qarant olaraq qucağına alıbmış.
Onlar əmin idilər ki, qadın və uşaqlar olan yerdə
azərbaycanlılar artıq hərəkətə yol verməyəcək
və geri dönəcəklər. Düşmənə
kürəyini çevirən bu iki zabiti isə yükün
altında gizlətdiyi avtomatla gənc erməni qadını
güllədən keçirəcəkdi. Lakin bu dəfə
daş qayaya rast gəldi. Rza, qan içində divara
yapışmış əli avtomatlı erməni leşinə
nifrətlə baxaraq oradan çıxdı. O gündən
Rza hər zaman bütün əsgərlərə
döyüşdə, müharibə meydanında hissə
qapılmamağı tövsiyyə edərdi.
(Ardı var)
Fərid MURADZADƏ
Hürriyyət.- 2020.- 31 dekabr.- 2021.-
4 yanvar.-S.14