Əbədiləşən
qəhrəmanlıq əfsanəsi...
Cəlilabad
qartalı” Siyahim Dəmirovu şəhadətə aparan yol...
(Əvvəli ötən
sayımızda
27
sentyabr 2020-ci il tarixdən, 2-ci Qarabağ Müharibəsinin
başladığı ilk gündən Siyahim də
yoldaşları ilə bərabər Füzuli rayonu istiqamətində
döyüşlərdə iştirak edir. Döyüş
meydanında düşmən istehkamlarının dağıdılmasında
xüsusilə fəallıq göstərir, erməni
terrorçularının məhv edilməsində bilavasitə
qeyri-adi xidmətləri olur. Onun döyüş yolu,
Füzuli rayonu və ətraf kəndləri, eləcə də,
Cəbrayıl, Hadrud, Qubadlı və Şuşa şəhərləri
istiqamətində kəşfiyyatçı-döyüşçü
kimi xüsusi rəşadət göstərmişdir.
Qəhrəmanımız
avtomat, pulemyot, qumbaraatan, snayper və digər silahlardan mahir
atıcı kimi istifadə etməklə, düşmənin
canlı qüvvəsinə ağır, sarsıdıcı zərbələr
vurmuşdur.
Siyahim,
müharibədən qabaq Şuşa şəhərini fəth
edən ilk kəşfiyyatçı kimi də tarixə
düşməyi bacardı!
29
oktyabr 2020-ci il tarixdə Daşaltı əməliyyatına
kömək üçün çağrılan Siyahim, orada
xüsusi əməliyyatlarda birbaşa iştirak edir,
yağış kimi yağdırılan düşmən
snayperlərinin susdurulmasında müstəsna xidmətləri
olur.
Döyüş
yoldaşlarının dediklərinə görə Siyahim bu
döyüşlərdə də, hətta, silahsız, bir
neçə silahlı erməni əsgərini cəhənnəmə
vasil etmişdir. Bir cinahdan düşmən istehkamına daxil
olan Siyahim, əl qumbarası ilə 8 erməni əsgərini
məhv etmişdir. Elə həmin istehkamda döyüşən
erməni diversiya qrupuna rəhbərlik edən mayor rütbəli
bir erməni zabitinin başını şəxsən
özü kəsmişdir! Qayıdanda isə,
öldürdüyü bu erməni zabitinin xüsusi təlim
görmüş itini də özü ilə hərbi hissəyə
gətirmişdir.
Qəhrəmanımızın
hər iki diz qapağı döyüşlərdə ciddi
şəkildə zədələnibmiş.
Ağrıları o dərəcədə şiddətli
olurmuş ki, hər iki ayağını xüsusi
sarğı vasitəsi ilə bağlayırmış. Edilən
məcburiyyətlərə baxmayaraq, o, müalicə almaqdan
imtina edərək, xidmətinə davam etmişdir. Siyahim:
“Onlar məndən ruh alır, mən öz əsgərlərimin
yanında olmalıyam” demiş və yoldaşlarını tərk
etməmişdir!
Yaxın
qohumu ilə həmsöhbət olduğum zaman mənə
Siyahimlə olan son yazışmasını göstərdi.
Yazdığı sözləri oxuduqca heyrətlənir, hisslərimə
hakim çıxa bilmirdim. Göz yaşları ilə oxudum
hünər sahibi olan o kişinin real vəziyyəti qiymətləndirərək
yazdığı cümlələri...
Siyahim:
“Şuşa tərəfdən bütün xalqıma, el-obama
salamım var! Sizə görə həyatdayam! Nə isə
olsa, qoymayın kəfənimi, tabutumu açmağa! Olmaz!
Qoy, gördüyünüz kimi yaddaşınızda
qalım! Bilmək olmaz həyatdan necə köçərəm!
Qismət olsa, görüşərik!”...
Bu
cümlələrdə öz əksini tapan sözlərin
özü, elə həyat fəlsəfəsinin əsasını
təşkil edir! Budur, yalnız əsl kişilərin gedə
biləcəyi həyat yolu! Bax, budur dünya içində
böyük bir dünya!
Yeganə
döyüşçü Siyahimdir ki, məhz ona görə,
onun yerini təyin etmək üçün, düşmən
havaya qırıcı-bombardmançı təyyarə
qaldırır. Onların bu səyi də heç bir nəticə
vermir, qəhrəmanımızın yerləşdiyi
mövqeyi müəyyən edə bilmirlər!
Şahidlərin
bildirdiyinə görə, Siyahim mövqelərimizə kəşfiyyat
üçün gələn, əli silahlı bir erməni kəşfiyyatçısını
yerə yıxmış və əllərilə boğaraq
öldürmüşdür! Bax, bu yazdıqlarım bir Azərbaycan
hərbçisinin mümkünsüz görünən bir
işi reallığa çevirdiyi tarixi faktdır!
Siyahim,
xidməti boyunca, ümumilikdə 200-ə qədər erməni
quldurunu şəxsən özü məhv etmişdir!
12 nəfərlik
qrupa rəhbərlik edən Siyahim ailəli olan 8 nəfər
yoldaşlarından arxaya qayıtmalarını əmr
etmiş, özü də daxil olmaqla yerdə qalan 4 nəfər
isə, döyüşə davam etmişdir. O, elə həmin
döyüş zamanı vuruşaraq döyüş
yoldaşlarını xilas etmək istəyərkən namərd
gülləsinə rast gəlir və qəhrəmancasına
şəhid olur!
O, Vətəninə
ləyaqətlə xidmət etmiş, xalqına, dövlətinə
sadiqliyini, ona sədaqətini öz əməli işi və
sevgisi ilə sübut etmişdir!
Olduqca
maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Siyahim
qardaşımın gördüyü yuxular həmişə
çin çıxarmış! O, hətta, şəhid
olacağını da qabaqcadan yuxusunda görübmüş!
Şəhid olmuş əsgərinin onu
çağırdığını yuxuda görür və
bir neçə gün sonra, özü də şəhadətə
qovuşur!
Döyüş
yoldaşlarının dediyinə görə, şəhidimizin
çox nadir hallarda geyindiyi güllə keçirtməyən
xüsusi geyimində təxminən 35 fərqli yerdə
güllə izi olub. Təkcə bu fakt, onun bizim
üçün hansı təhlükə qarşısında
qalmasını bilməyimiz üçün yetərlidir!
Önəmli
faktlardan biri də ondan ibarətdir ki, Siyahim şəhid
olduğu sonuncu döyüşdə ölümcül
yaralansa da, düşmənə təslim olmayıb və son
nəfəsinə qədər mübarizə aparıb! Bəli,
bizim “Sakan” döyüşə-döyüşə, şərəflə
şəhidlik zirvəsinə yüksəlib!
Onu
da qeyd etmək istəyirəm ki, şəhidimiz Beyləqan
rayonu ərazisində yerləşən Cərcis Peyğəmbər
ziyarətgahında, şəhidlərimiz üçün
ayrılmış Şəhidlər Xiyabanında dəfn
edilib!
Artıq tarixə çevrilmiş həmin gün, öz şəhidini hörmət və ehtiramla son mənzilə yola salan xalq sevgisinin canlı şahidi oldum! İnsan izdihamının, alqışların və haqqında deyilən qürurverici sözlərin müşayiəti ilə dəfn edildi şəhid qardaşım!
Göstərdiyi birliyə, həmrəyliyə görə, qədirbilən xalqımla bir daha fəxr etdim...
Düşünürəm ki, şəhidlərimizə, onların ailə üzvlərinə göstərdiyimiz diqqəti və qayğını gələcək nəsillərimiz üçün miras kimi qoruyub, onlara ötürə bilsək, vətənimiz Azərbaycan bizdən sonra da əmin əllərdə olacaq. Ölkəmiz uzun illər boyu müxtəlif sınaqlar, çətinliklər qarşısında qaldı və bu sınaqlara, çətinliklərə sinə gərən minlərlə Vətən övladı şəhid oldu. Bu gün bu torpaqlar üzərində həmin şəhidlərin hər birinin haqqı var.
Hazırda isə, üzərimizə düşən ən böyük məsuliyyət, yaşamış olduğumuz bu reallıqları gələcək nəsillər üçün tarixə çevirmək və onların vətənpərvərlik şüurunun inkişafı üçün çalışmaqdır.
Məlumat üçün bildirim ki, möhtərəm Prezidentimiz, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” imzaladığı sərəncama əsasən, Siyahim Əlizamin oğlu Dəmirov ölümündən sonra, “Qarabağ” ordeni, həmçinin, “Vətən uğrunda” medalı ilə təltif edilmişdir!
Öz ölümü ilə ölümsüzlük qazanan Vətənimizin mərd övladlarını yada salmaq, onların əziz xatirəsini hörmətlə anmaq hər birimizin ən mühüm vəzifəsi və ən əsası, vətəndaşlıq borcudur!
Şəhidlərimizin uyuduğu hər bir məzar birmənalı olaraq, bizim üçün and yeri, ziyarət etdiyimiz ən müqəddəs məkandır!
Qürur yerimiz olan müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyi uğrunda gedən mübarizədə igidlik göstərərək haqqa qovuşmuş şəhidlərimizlə fəxr edir, onları böyük hörmətlə anırıq!
Siyahim və haqq yolunda özünü fəda edən bütün şəhidlər ən ali hörmətə və ən ülvi ehtirama layiqdirlər!
Siyahim qardaşımın özünə aid, fərqli bir dünyası var idi. O, sirlərlə dolu, sonsuz sevgiləri özündə yaşadan böyük bir ürəyə sahib idi!
Siyahim, sən və sənə bənzər oğullar, müasir dövrümüzün milli qəhrəmanlıq düsturunu yaradan kişilər kimi tarixə düşdünüz!
Siyahim, sən, həm, əsl vətəndaş, həm də, vətən daşı olaraq, öz üzərinə qızıl hərflərlə, heç zaman silinməyəcək “Qələbə” adlı bir tarix yazan qəhrəman oldun!
Siyahim, səni fəth etdiyin müqəddəs zirvəyə görə əbədiyyət üfüqündə doğan Günəşə bənzədirəm!
“Vətəni sevmək imandandır!” deyiblər! Şəhid qardaşım, imanlı, təmiz, pak ruhunun qarşısında baş əyir, adını böyük ehtiramla anıram!
Sən, hər günü əsrə bərabər olan mənalı bir ömür yaşadın!
Fani dünyada 30 il yaşamaq qismətin olsa da, əbədi dünyanın ölümsüz sakini kimi əlçatmaz zirvə qazandın!
Subay idin, sözsüz ki, gözü yolda qalanın da vardı əziz qardaşım...
Dostlarının ona verdiyi “Siyahim, nə vaxt evlənəcəksən?” sualına, o, özünəməxsus şəkildə, təmkinlə, “Kişilər, tələsməyin, qoy müharibə qurtarsın, sonra evlənəcəm! Qarabağı düşməndən azad etməyincə, ailə qurmayacam!” deyə cavab vermişdi!
Təəssüf, çox təəssüf ki, arzuların da, sevgin də, nakam ömrün kimi yarımçıq qaldı, Siyahim...
Siyahim qardaşımın dostları ilə münasibətdə ən çox işlətdiyi söz – “Kişi” sözü idi! Sonuncu dəfə dostları ilə danışanda, “Mənim qanım bu torpağa halaldır! Şərəfsizlərdən yetərincə qırmışam! Günahsızların qanını almışam! Qismət olsa, görüşərik! Kişilər, məni yaddan çıxarmayın!...” sözlərini demiş və bir neçə gündən sonra haqqa qovuşmuşdur!...
Siyahim bir gün dostlarına deyir: “Ailəmizin yaxşı dolanmağı üçün mən də onlara öz köməkliyimi edirəm. Əgər ailəmin mənim verdiyim pula ehtiyacı olmasa, Vətənimə, dövlətimə pulsuz da xidmət edərəm, hətta hərbi geyimlərimi də özüm alaram! Vətənim üçün hər şeyə hazıram! Dövlətimə, bayrağıma görə hər çətinliyə dözərəm! Öz sevgimi bildirməyim üçün mənə dövlətdən hər hansı bir məvacib almağım önəmli deyil, onsuz da Vətənimi ürəkdən sevirəm!
Məğrur
dayan, başını dik tut, şəhid
atası! Ömürlük hüznə
bürünmüş, qürurla dayanmağı bacaran bir
şəhid atası olmaq, qıy vuran qartallar məskəni -
başı qarlı uca dağ olmaq deməkdir!
Sən fəxr
et ki, Vətənimiz üçün
Siyahim kimi məğlubedilməz bir qəhrəman övlad bəxş
etmisən! Allah, Özünün ən sevimli bəndəsinə
- Şəhid əmanətinə sahib çıxdı,
Siyahimi cənnətinə aparıb, ən yüksək adla-
Şəhid adı ilə mükafatlandırdı!...
Dəyanətli
ol, qürurla dur şəhid anası!
Şəhid
qardaşım qayıtdı! Bu dəfə, fərqli bir
formada! Siyahimin öz adına layiq bir şəkildə
- kişi kimi! Müqəddəs, üçrəngli
bayrağımıza bürünərək, qeyrətli Vətən
övladlarının çiynində qayıtdı!
Özü ilə Sənə qocaman dünyamız boyda
qürur, gizli iç dünyan boyda bir qəm-qüssə gətirdi!
Siyahim, ömrün boyu fəxrlə deyəcəyin Şəhid
Anası kimi əlçatmaz bir ad, böyük bir şərəf,
müqəddəs bir nemət hədiyyə etdi Sənə!
Ağlama,
şəhid anası! Göz yaşı qəlbinə axan əziz
anam, Siyahim kimi oğul dünyaya gətirən ana, heç
zaman ağlamaz! Xalqın qəhrəmanına
çevrilmiş bir insanı, cənnəti qazanmış
xoşbəxt bir Allah bəndəsini ağlamazlar! Hamıdan
çox Sən yandın, hamıdan artıq Sən
üzüldün! Oğlun Vətən
uğrunda şəhid oldu - əbədiyyətə
qovuşdu, ancaq səni yalnız buraxmadı. Səni
bütün Vətən oğullarının anası etdi! Bil
ki, Siyahimin silahdaşları, bütün Azərbaycan
iğidləri indi Sənin oğlundur! Qardaşım Siyahim tək
Sənin deyil, Vətənimizin, Azərbaycanımızın,
xalqımızın övladıdır! Ağlama, şəhid
anası, sil gözünün yaşını, ağlama!...
Vətənin
dar günündə ona sahib çıxan Siyahimin elə, bu Vətən
boyda da bir ailəsi var! Bu Vətən üçün
şirin canından keçmək, özünü bu yolda fəda
etmək və hər kəsin ailə üzvü
olmağı bacarmaqdır, Siyahim olmaq!
Ailəmiz
bir Siyahim itirsə də, neçə milyon insan, neçə
milyon ürək yeni bir Siyahim qazandı!
Uşaqlıqdan
“Sakan” adlandırdığımız Siyahim
qardaşımın qazandığı şəhidlik zirvəsinə,
köksündə fəxrlə gəzdirdiyi üçrəngli
müqəddəs bayrağa, xalq sevgisinə, bir ömür
boyu həsrətlə oğul yolu gözləyəcək səbrli
anaya və bu gün də onun yoxluğuna inanmayan, dağ
vüqarlı ataya əbədi alqış düşür!
Şəhadət
şərbətini içən qeyrətli eloğlu, şəhidlik
məqamın mübarək olsun!
Kaş
ki, sənə qismət olan cənnət, mənə də
qismət ola!
Kaş
ki, o müqəddəs məkanda rastlaşa bilək!
Allah-Təala
qismət eləsin, mən də sənin kimi Onun ən sevimli
bəndələrindən biri olum!
Cismən
aramızda olmasan da, ruhən bizimləsən əziz
qardaş!
Haqqını,
bizim kimi günah sahiblərinə halal et!
Xalqımızın
ər oğlu, mənim şəhid qardaşım,
gözün yolda qalmasın!
Ruhun
şad olsun əziz qardaşım! Dostların, Şanlı Azərbaycan
Ordusunun əsgərləri- cəngavərlərimiz
düşmənin arzusunu gözündə qoydu! Tarixi
torpaqlarımız işğaldan azad edildi və erməni
terrorçularından tamamilə təmizləndi!
“Dəmir
Yumruq” əməliyyatı – 44 günlük Vətən
Müharibəsi, Sənin kimi “Dəmir Yumruq”
qardaşlarımızın sayəsində - bizim möhtəşəm
Qələbəmizlə başa çatdı!
Qəlbinin
ən böyük nəğməsi Vətən nəğməsi
olan məğrur insan, rahat uyu!
Artıq
arzuna çatdın, rahat uyu qardaş!
Şərəfinlə
müqəddəs şəhidlik zirvəsinə yüksələn
şəhid qardaşım, mən də daxil olmaqla,
bütün səni sevənlərin və qədirbilən
xalqımızın qəlbində daim yaşayacaqsan!
Başın
sağ olsun Azərbaycan xalqı!
Təki,
Vətən yaşasın!
Təki,
müstəqil Azərbaycan dövləti var olsun!
Ulu
Tanrı cəmi şəhidlərimizə rəhmət etsin!
Amin!
Xalqımız,
müstəqil dövlətimiz daim var olsun!
Üçrəngli
bayrağımız həmişə zirvələrdə
dalğalansın!
Siyahim, əziz
qardaş, Sənin Vətənimiz üçün,
övladlarımızın xoş gələcəyi naminə
etdiyin fədakarlıqları kiçik bir yazıda oxuculara
yetərincə təqdim edə bilmədiyim üçün
məni bağışla!
Sənin
haqqında fikir formalaşdırmağa ən mükəmməl
sözlərlə ifadə olunmuş cümlələr belə,
yetməz!...
Şəhid
haqqı heç zaman ödənə bilməz!
Bütün
şəhidlərin və onları tərbiyə edən
valideynlərin qarşısında baş əyirəm!
Haqqınızı
halal edin!
Yazının
ərsəyə gəlməsində və işıq
üzü görməsində mənə yaxından kömək
edənlərə: Şəhidimizin ailə üzvlərinə,
şəhidimizin dayısı qızı Ülviyyə
bacıma, şəhidimizin dostlarına, Azərbaycan
Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin
sədri, cənab Müşfiq Əliyevə, mətbuat
nümayəndələrinə və digər zəhməti
keçənlərə sonsuz təşəkkürümü
bildirirəm!
Diqqətinizə
görə minnətdaram!
Dərin
hörmətlə,
Sabit Vaqif oğlu Mehdiyev.
YAP Beyləqan rayon təşkilatında
məsləhətçi.
Azərbaycan Respublikası Şəhid
Ailələrinə
“Qayğı” Cəmiyyətinin
Beyləqan rayon şöbəsinin sədri.
Hürriyyət.-
2020.- 29-30 dekabr.- S.13.