Zəhmətlə ucalan müəllim ömrü

 

Zəhmətlə ucalan müəllim ömrü

Sevdiyin, şəxsiyyətinə, mənliyinə böyük hörmət və ehtiram bəslədiyin, fəaliyyətini özün üçün örnək saydığın bir insanın ömür yolu barədə düşünmək nə qədər asandırsa, onun haqqında düşündüklərini hissə qapılmadan, doğru- düzgün qələmə almaq bir o qədər çətindir, mürəkkəbdir...

 

İnsan var ki, onu qohum-əqrabasından başqa heç kəs tanımır. İnsan var ki, az görüb çox tanınmağa çalışır. İnsan da var ki, daim qəlbini saflaşdırır,özünü təkmilləşdirir, müdrikliyini, qüdrət və cəsarətini artırır. Ömrünü çıraq edib milyonların yolunu işlandırır, qəlbinə, idrakına nur saçır. Başqa sözlə desək, yorulmaz fəaliyyətilə iz salan əməllərindən başqalarına da pay düşür. Müasirlərini, gələcək  nəsilləri doğru yola istiqamətləndirir. Özü isə şam kimi əriyir. Vicdanının səsinə qulaq asa-asa başqalarını da haqqa, ədalətə səsləyir. Xoşbəxtlik, səadət təlqin edən düşüncələri ilə hamının hörmət və ehtiramını qazanır. Tale elə gətirib ki, mənim də ətrafımda belə insanlar həmişə mühüm rol oynayıb. Bu mənada qətiyyətlə deyə bilərəm ki, həmin insanlardan biriAğayeva Şövkət Əhmədağa qızıdır.

Əvvəlcədən oxucuma deyim ki, mən Şövkət müəllimə haqqındakı təəssüratlarımı çoxdan sizlərlə bölüşmək, onları qələmə almaq fikrim var idi. Sadəcə qəlbimin istəyi, ürəyimin diktəsi ilə ərsəyə gələn bu yazını indi, onun ad  günü ərəfəsində qeydə ala bildim.

Aydındır ki, müəllim adı nə qədər şərəflidirsə, o qədər də çətin və məsuliyyətlidir. Dünya şöhrətli şahlar, sərkərdələr, fatehlər də həmişə müəllimləri qarşısında özlərini çox gücsüz hesab ediblər. Yaradan yanında da müəllimin adı ucadır. Ulu peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) də müəllimə yüksək qiymət verib. Onun bir hədisində deyilir: “Bir adama oxumaq öyrətmək nəzir vermək qədər savabdır.”Bu savabı doyunca qazanan müəllimlərdən biri də Şövkət müəllimdir.

Məlumat üçün qeyd edək ki, Ağayeva Şövkət Əhmədağa qızı Suraxanı rayon 208 nömrəli tam orta məktəbi fərqlənmə diplomu ilə bitirmiş, iki ali universitetdə təhsil almışdır. 40 ilə yaxındır ki, Suraxanı rayonu  B.Qulamoğlu adına  285 saylı tam orta mətkəbdə müəllim vəzifəsində çalışır. Eyni zamanda xüsusi məktəblərin birində təcrübəli pedaqoq kimi gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olur.

Qəti sözü, aydın fikri, orijinal yolu, güclü məntiqi, təmənnasız xeyirxahlığı, düz ilqarı olan Şövkət müəllim barədəki düşüncələrimi kağıza köçürmək istərkən xəyalım qeyri-iradi olaraq məni 2 il əvvələ apardı...

İstər-istəməz geriyə boylananda bir anlıq kövrək, sevinc dolu xatirələr gözümdə, xəyalımda canlandı.  İki il əvvələ qədər mənim Şövkət müəllim ilə nə tanışlığım, nə də ünsiyyətim vardı. Yalnız həmişə haqqında xoş sözlər eşitmişdim. Şəxsən tanımasam da, haqqında müəyyən xoş  təssürat yaranmışdı. Ancaq hələ də onunla ilk dəfə görüşməyə çox ehtiyat edirdim. Daha doğrusu, həyəcanlanırdım. Övladımı sinfinə qoyumaq üçün onunla görüşüb söhbətləşmək istədim.  Həmin məktəbdə adı ilə, şərəfi ilə tanınan pedaqoqlardan bəlkə də biricisidir, desəm heç də yanılmaram. Həmin məktəbin həyətinə gəldim. Müəllimlər növbə ilə uşaqları valideynlərə təhvil verir, onlara nəsə izah edib, sağollaşıb sinfə qayıdırdılar. Mən isə həyəcanlı şəkildə Şövkət müəllimi gözləyirdim. Özüm də müəllim olsam da, cümlələri hansı ardıcıllıqla quraşdırıb necə danışacağımı düşünürdüm. Qayğılar artdıqca məsuliyyətimi daha da yaxşı dərk edirdim.

Yaxşı yadımdadır: Məktəbin böyük qapıları açıldı. Səliqə ilə geyinmiş əl-ələ tutmuş uşaqlar sıra ilə iki-iki pilləkəndən düşdülər. Qəribədir ki, həmin uşaqlar başqa şagirdlər kimi nə qaçır, nədə ki, qışqırırdılar. Sanki uşaqların  valideynləri də sakitcə yerlərində dayanıb tərpənmirdilər. Müəllim onlarla sağollaşdıb valideynlərinə təhvil verdi. Bu müəllim mənim ümidlə gözlədiyim Şövkət müəllim idi. Gördüyüm  mənzərə mənə o qədər xoş gəldi. Sevinirdim ki,   kiçik yaşlarından uşaqları nizam-intizama alışdıran, onlara daim hərəkətlərinə nəzarət etməyi öyrədən müəllimin sinfində övladı oxutmaq mənə də qismət olacaqdır.

Mən Şövkət müəllimə yaxınlaşıb ona öz istədiyimi bildirdim. O, məni mehribanlıqla qarşıladı, bu istəyimə də etiraz etmədi. Mənə dediyi söz belə oldu: “Qızım, mənim sinfimin uşaqları oxumalıdır. Mənimlə birgə sən də ona dəstək olmalısan. Uşağı ilə maraqlanmayan valideynlə mübarizə belə aparıram. O, artıq sənin yox, həm də mənim  balamdır.”

Artıq o gündən iki il vaxt keçir. Şövkət müəllimin bu sözləri mənə övladıma qarşı olan diqqətimin daha da artmasına səbəb oldu. Mən bir daha əmin oldum ki, o əsl pedaqoqdur. Şagirdləri ilə yanaşı, eyni zamanda onların valideynlərinə də məsləhətlər verməkdən belə çəkinmir. Məktəbəqədər hazırlıq vaxtlarından belə Şövkət müəllim valideynlər üçün bildirişlər hazırlayır, onlara övladları ilə düzgün ünsiyyət qurmaqda yol göstərməyə çalışırdı. Hər gün Şövkət müəllim mükəmməl tədris işi aparmaqla övladlarımızın hərtərəfli inkişafına nail olmağa çalışır. Uşaqlara əlavə tapşırıqlar verməklə onların dünyagörüşünü formalaşdırır. Deyə bilərəm ki, sanki bu baxımdan 285 saylı məktəbin bəxti gətirib. Çünki bu məktəbdə Lətifə müəllim, Yeganə müəllim, Xuraman müəllim, Nailə müəllim, Aygün müəllim, Gilanə müəllim, Cəmizər müəllim, Hacıxanım müəllim, Qızxanım müəllim, Xatirə müəllim, Səbinə müəllim, Sevda müəllim kimi savadlı, ziyalı, daim öz üzərində işləyən onlarca ibtidai sinif müəllimi var. Məktəb rəhbərliyinə, xüsusən direktor Rəhimova Səfurə xanıma belə bir kollektiv formalaşdırdığına görə çox təşəkkür edirik.

Bəzi ibtidai sinif müəllimləri Azərbaycan dili  Riyaziyyat fənnindən başqa, digər fənlərin tədrisinə önəm vermədiyi halda, Şövkət xanım bütün fənləri yerli-yerində keçironlara bu fənləri sevdirir. Tez-tez şagirdlərlə rollu oyunlar, bilik yarışları, qruplarla və cütlərlə təşkil edir. Dərs prosesində Şövkət müəllim  fəal təlim üsullarından istifadə etməklə, şagirdlərin təqdimatlarını təşkil edir. Şagirdlərin belə çıxışları indi və gələcəkdə onların nitq və təfəkkürünü, söz ehtiyatını, dilin lüğət tərkibini zənginləşdirmiş olacaq.

Əziz Şövkət müəllim! Sizin haqqınızda nə qədər xoş sözlər yazsam yenə azdır. Əməyiniz, əziyyətiniz çoxdur. Neçə-neçə nəslin yetişməyində, tərbiyə almasında sizin böyük əməyinizvar. Hətta elə şagirdləriniz var ki, onların valideynlərinə də dərs demək qismətiniz olmuş, gözəl insan! Bu illər ərzində Fəxri fərmanlarla, eləcə də “Qabaqcıl Ziyalı Fəxri Diplomu” ilə təltif olunmusunuz.

Hörmətli Şövkət müəllim! Bu gün tam əmin ola bilərsiniz ki, bir pedaqoq kimi gənc  nəslin yetişməsində haqqı-sayınız böyükdür, insanlara münasibətdə olduqca xeyirxahsınız.

Ünsiyyətdə olduğunuz adamların dərin hörmətini qazanmağa qabilsiniz. Hamıda heyranlıq doğuracaq bu hisslər Ulu Tanrıdan Sizə göndərilmiş bir bəxşişdir. Siz zəngin təcrübə və nüfuz sahibisiniz. Qəlbiniz açıq, düşüncəniz aydın, niyyətiniz təmizdir.

Şövkət müəllim, həyatınız elə bir çağındasınız ki, artıq çox şeyə sahibsiniz. Bundan sonra, Sizə yalnız sağlam can, uzun ömür arzulayırıq. Dama sevdiklərinizin əhatəsində olasınız.

Biz,  1a sinfinin şagird və valideynləri Sizi çox sevirik,hörmətli Şövkət müəllim... Sizə qarşı olan ehtiram hissimizi ifadə etmək üçün kəlmələr də aciz qalır. Sözün gücü yetdiyi qədər ifadə edə bildiklərimizin daha artığını beynimizdə, ürəyimizdə daşıyırıq. Hər şeyə görə çox sağ olun!!!

Sizi yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edirşair Vahid Dumanoğlunun aşağıdakı şeirini şagirdlərinizin, fidan balaların adından sizə ərmağan edirik!..

 

Ömrünü şam kimi əridən müəllim,

Bizə elmlərin açarını verdi.

Onunla səmimi görüşdüyüm yer,

Doğma məktəbdir, müqəddəs yerdir.

Müəllim, imtahan elə min kərə,

Mənim də öz qolum, qanadım olsun.

Qarşıma çıxsa da, neçə dağ-dərə,

Zirvələr aşmağa inadım olsun!

 

 

Esmira Fərhad qızı Məmmədova

ADPU-nun baş müəllimi,

pedaqogika üzrə fəlsəfə doktoru

Hürriyyət.- 2020.- 1-3 fevral. S. 15.