Azərbaycan “Avropa
ailəsi”nə qovuşmaq üzrə...
Müstəqillik
qazandığımız ilk illərdən
ölkəmizin xarici siyasət prioritetləri
içərisində Avroatlantik strukturlara və institutlara
inteqrasiya mühüm
yer tutub...
I YAZI
“Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir”.
Bunu ötən ay Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev euractiv.com saytına müsahibəsində bəyan etmişdi.
O bildirmişdi ki, Azərbaycanla Avropa İttifaqı müxtəlif sahələrdə əməkdaşlıq edirlər.
“Azərbaycan ticarət baxımından Avropa İttifaqının vacib tərəfdaşıdır. Eyni zamanda Azərbaycanda ən böyük investorlar əsasən Avropa İttifaqına üzv dövlətlərdir. Avropa İttifaqı və Azərbaycan təhlükəsizlik, nəqliyyat və enerji sahələrində sıx əməkdaşlıq edirlər, xüsusilə enerji sahəsini vurğulamaq istərdim. Enerji sahəsində Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur. TANAP və TAP vasitəsilə tədarük olunan Azərbaycan qazı yayın ortalarında Avropa İttifaqının ərazisinə daxil olacaq və biz TAP layihəsinin son hissəsini yekunlaşdıracağıq”, - deyə Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb.
H. Hacıyev qeyd edib ki, Aİ ilə yeni tərəfdaşlıq sazişi üzərində iş aparılır: “Müəyyən sahələr var ki, bununla bağlı fərqli görüşlərimiz mövcuddur. Lakin bu boşluqları aradan qaldırmaq üçün hər iki tərəf konstruktiv əməkdaşlıq edir. Saziş mətninin demək olar ki, 90 faiz hissəsi razılaşdırılıb. Ancaq enerji və ticarətlə bağlı məsələlərdə Avropa İttifaqı daha çox səy göstərməlidir. Avropa İttifaqı sazişə münasibətdə imtiyazlı mövqe, başqa sözlə desək, təhqiramiz ticarət yanaşması göstərməməlidir. Bu anlayışa əsaslanaraq biz irəliləyişə nail olacağımıza inanırıq. Bizim həm daxili islahat prosesi, həm iqtisadi prioritetlərimiz, təşəbbüslərimiz var və buna uyğun olaraq, saziş hər iki tərəfin tələblərinə cavab verməlidir. Eyni zamanda qarşılıqlı faydalı yanaşma olmalıdır”.
Qeyd edək ki, Azərbaycan dövləti öz müstəqilliyini elan etdikdən sonra ölkənin xarici siyasət prioritetləri içərisində Avroatlantik strukturlara və institutlara inteqrasiya mühüm yer tutur. 1993-cü ildən Azərbaycan dövlətinin xarici siyasətində Avropaya inteqrasiya prioritet istiqamətə çevrilmiş və bu kontekstdə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə fəal əməkdaşlığa başlanmışdır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərin də eyni zamanda, ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını daha da artırmışdır. Azərbaycan-Avropa İttifaqı əlaqələri xüsusi proqramlar çərçivəsində qurulmuş və müxtəlif sahələr üzrə: iqtisadi və sosial islahatlara yardım, Şərq-Qərb nəqliyyat-kommunikasiya (TRASEKA) dəhlizinin yaradılması, infrastrukturların inkişafı və s. istiqamətlərdə aparılır.
1991-ci ildə Avropa İttifaqı yeni müstəqil dövlətlərə texniki yardım və ekspert köməyi vasitəsilə demokratik islahatlar keçirmək, bazar iqtisadiyyatı infrastrukturlarını yaratmaq, ölkələr arasında ticarət, nəqliyyat, gömrük işlərini inkişaf etdirmək üçün xüsusi TASİS proqramı hazırlamışdır. TASİS proqramının Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç əsas istiqamətinə üstünlük verilir: infrastruktur, özəl sektor və insan resurslarının inkişafı. Bundan başqa, TASİS-in Azərbaycanla əlaqədar əsas çoxtərəfli şəbəkə layihələri mövcuddur. Bunlar 1995-ci ildən başlayaraq ali təhsil müəssisələrinə və onların əməkdaşlarına yardım göstərən TEMPUS proqramı, neft və qaz kəmərləri sisteminin regional inteqrasiyasını təmin etmək məqsədilə yaradılan İNOQEYT proqramı, TRASEKA-dır. Bununla yanaşı bu əməkdaşlıq “humanitar yardım” (ECHO) və digər proqrmlar çərçivəsində də inkişaf etdirilmişdir.
1993-cü ilin mayında Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" (TRASEKA) layihəsi irəli sürülmüş və 8 təsisçi dövlətin (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Ermənistan) ticarət və nəqliyyat nazirlərinin konfransında təsis edilmişdir. "Brüssel Bəyannaməsi" adlanan iki rəsmi sənəddə qədim Şərq-Qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alınmışdır.
1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan və Gürcüstan prezidentlərinin təşəbbüsü ilə və TRASEKA proqramının dəstəyi ilə "Tarixi İpək yolunun bərpası" adlı beynəlxalq konfrans keçirilmişdir. 32 ölkə və 13 beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən konfransın sonunda "Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş" adlanan mühüm bir sənədlə yanaşı, iştirakçılar adından Avrasiya ölkələri arasında hərtərəfli əməkdaşlığı və regional inteqrasiyanın əsas prinsiplərini əks etdirən "Bakı Bəyannaməsi" də imzalanmışdır. TRASEKA layihəsi Azərbaycanla 25 texniki və 11 investisiya layihəsinin həyata keçirilməsini dəstəkləyir ki, bu layihələrin 26-da Azərbaycanın payı ümumilikdə 100 milyon avrodan artıqdır.
Avropaya dövlətlərarası neft və qaz ixracı (İNOQEYT) Avropa İttifaqının yeni müstəqil dövlətlərə maliyyə dəstəyi çərçivəsində həyata keçirilən əsas regional proqramlardan biri kimi, 1999-cu ilin iyulunda Azərbaycan da daxil olmaqla 15 dövlətin iştirakı ilə imzalanan Çərçivə Sazişi əsasında fəaliyyət göstərir.
İnteqrasiya və strateji hədəflər
INOGATE çərçivəsində həyata keçirilən texniki əməkdaşlığa əlavə olaraq, Avropa İttifaqı zəngin təbii ehtiyatlara və strateji coğrafi əraziyə malik olan Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji təminatını və tranzit ehtiyatlarının səmərəli istifadəsinə yönəlmiş fəaliyyətində Avropa Qonşuluq Siyasətinə daxil olan ölkələr bütün maraqlı tərəfdaşların dəstəyi ilə enerji əməkdaşlığı prosesini genişləndirməkdədir. Bu əməkdaşlıq “Bakı Prosesi” təşəbbüsü ilə daha da genişlənmişdir. “Bakı Prosesi”nə 2004-cü il noyabr 13-də Bakıda Enerji Nazirliklərinin Konfransında Avropa ittifaqı, Qara Dəniz və Xəzər dəniz hövzəsi ölkələri arasında enerji sahəsində əməkdaşlığın gücləndirmək məqsədi daşıyan siyasi dialoq şəklində başlanmışdır.
1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"(TƏS) imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır. Müqaviləni imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və ölkə prezideni Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir. İmzalanan TƏS-də müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi, Azərbaycanda demokratiyanın möhkəmlənməsi, iqtisadi inkişaf, bazar iqtisadiyyatına keçid məqsədilə bəzi struktur islahatların aparılması, ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyyə, elmi-texniki və mədəni əməkdaşlıq nəzərdə tutulmuşdur. Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması sahəsində iş prinsipləri müəyyənləşdirilmişdir. "Saziş"də nəzərdə tutulur ki, Əməkdaşlıq Şurası Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün lazımi tədbirləri həyata keçirir. Bundan başqa, fəaliyyət göstərən Əməkdaşlıq Komitəsi Şuranın tövsiyələrinin həyata keçirilməsinə nəzarət edir. Komitənin nəzdində ticarət və sərmayə qoyuluşu ilə əlaqədar müzakirələr aparmaq məqsədilə Xüsusi Alt Komitə yaradılmışdır. Avropa İttifaqı ilə Azərbaycan arasında energetika və nəqliyyat məsələləri üzrə ayrıca Alt Komitə də təsis edilmişdir. Bununla yanaşı, dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək üçün Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq üzrə Dövlət Komissiyası yaradılmışdır.
2004-cü il mayın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə rəsmi səfəri zamanı Avropa İttifaqına on üzvün qoşulması ilə əlaqədar olaraq "Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş"ə Əlavə Protokol imzalanmışdır.
Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin 43-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyin uyğunlaşdırılması sahəsində üzərinə götürdüyü öhdəliyinin icra edilməsi məqsədilə Avropa İttifaqının hüquq ekspertlərinin dəstəyi ilə "Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması üzrə 2010-2012-ci illər üçün Tədbirlər Planı" hazırlanmış və Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının 23 oktyabr 2009-cu ildə keçirilmiş 3-cü iclasında təsdiq edilmişdir. Avropa İttifaqının Azərbaycanla əlaqələri təkcə TRASEKA layihəsi və "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" çərçivəsində deyil, həm də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, eyni zamanda bölgədə sülhün və sabitliyin təmin olunmasına dair digər proqramlar çərçivəsində reallaşır. Avropa İttifaqı öz nümayəndəsini 1998-ci ildə Azərbaycana göndərmiş, 2000-ci ildə isə Brüsseldə Azərbaycanın Avropa İttifaqında Daimi Nümayəndəliyi açılmışdır. Bundan əlavə, 2008-ci il fevralın 4-dən Bakıda Avropa Komissiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi fəaliyyət göstərir.
Cənubi Qafqazda mövcud olan münaqişələrin aradan qaldırılması, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, region dövlətləri arasında vahid əməkdaşlıq və təhlükəsizlik sisteminə inteqrasiya mühitinin yaradılması da Avropa İttifaqının əsas şərtlərindəndir. 2003-cü il iyulun 7-də Avropa İttifaqı Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsini təyin etməsi təşkilatın regionda fəallığının artmasını göstərən addım kimi qiymətləndirilməlidir. Eyni zamanda, Avropa Parlamenti də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olan Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının vacibliyini bildirmişdir. Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü il mayın 19-da Brüsselə səfəri Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində tamamilə yeni mərhələ oldu və ölkəmizin adı çəkilən İttifaqla "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində genişmiqyaslı əməkdaşlığına dair razılaşmalar əldə edildi. Avropa İttifaqının region dövlətləri ilə həm ikitərəfli, həm də regional inteqrasiya kontekstində çoxtərəfli münasibətlər qurması və gələcəkdə onların təşkilatla daha sıx əməkdaşlığı üçün ciddi fəaliyyət göstərməsi nəticəsində son illərdə adı çəkilən təşkilat öz sərhədlərini bir qədər də genişləndirmişdir. Bununla da, sərhədləri genişlənən İttifaq Avropada yeni qonşular qazanmış və 2003-cü ildə "Daha geniş qonşuluq: Şərq və Qərb qonşularla yeni çərçivə təşəbbüsü" adlı proqram qəbul etmişdir. Avropa İttifaqının xarici işlər nazirləri 2004-cü ilin yanvarında üç Cənubi Qafqaz respublikasını bu təşəbbüsə qoşmaq üçün Avropa Komissiyasına təkliflər hazırlamaq haqqında tapşırıq vermişlər.
2004-cü il mayın 12-də Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə dair Strategiya sənədini qəbul etdi. Adı çəkilən sənəddə Avropa Komissiyası Azərbaycan, Gürcüstan və Ermənistanın bu siyasətə daxil edilməsi üçün Avropa İttifaqı Şurasına tövsiyə etmişdir. 2004-ci il iyunun 14-də Avropa Komissiyasının tövsiyəsinə təşkilatın Ümumi Məsələlər və Xarici Əlaqələr üzrə Şurasında baxılmış və Şura Cənubi Qafqaz dövlətlərini qeyd edilən siyasətə daxil etməyi qərara aldı. Qonşuluq Siyasətinin strategiya sənədinə əsasən Avropa İttifaqının tərəfdaş ölkələrlə münasibətlərini yaxın gələcək üçün tənzimləyən əsas sənəd Fəaliyyət planları olacaqdır ki, bu sənəddə İttifaq ilə ikitərəfli münasibətlərin prioritetlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Hürriyyət.-
2020.- 4-5 fevral. S. 13.