Azərbaycan “Avropa ailəsi”nə qovuşmaq üzrə...

 

II YAZI

 

Müstəqillik qazandığımız ilk illərdən ölkəmizin xarici siyasət prioritetləri içərisində Avroatlantik strukturlara və institutlara inteqrasiya mühüm yer tutub...

 

Azərbaycanın Avropa Birliyinən inteqrasiyasının əsasında iki amil dayanır. Birincisi, siyasi, iqtisadi və inzibati islahatların səmərəli şəkildə həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişlərə nail olunması müqabilində tərəfdaşların tədricən Avropa İttifaqının daxili bazarında müəyyən paya sahib olmaq imkanı. İkincisi, vətəndaşların, əmtəənin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya prosesləri və digər aspektlər üzərində formalaşmaqdadır. Avropa Birliyi ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, investisiyaların təşviqi imkanları, yeni maliyyə mənbələri, Ümumdünya Ticarət Təşkilatına üzvlüyün dəstəklənməsi və s. Bununla yanaşı, Avropa Qonşuluq Siyasəti tərəfdaş ölkələr, o cümlədən Azərbaycan üçün mədəni, təhsil və ətraf mühit kimi sahələr üzrə əlaqələri təşviq edən müəyyən Avropa İttifaqı proqramlarında daha çox iştirak və texniki yardım imkanları təqdim etmişdir.

2004-cü ilin may ayında Avropa Birliyi Qonşuluq Siyasətinin həyata keçirilməsi üçün 255 milyon avro vəsait ayıraraq, Cənubi Qafqaz dövlətləri ilə bu istiqamətdə məqsədyönlü iş aparır. Adı çəkilən proqrama qoşulan ölkələr İttifaq institutlarına insan hüquqlarına hörmətlə yanaşmaq, qanunların aliliyini təmin etmək, səmərəli və şəffaf idarəçilik yaratmaq, bazar iqtisadiyyatı tələblərinə hörmət bəsləmək və xarici siyasət sahəsində beynəlxalq hüquq normalarına əməl etmək əzmində olduqlarını nümayiş etdirməlidirlər.

Azərbaycan Respublikası da bu sahədə qarşıda duran vəzifələrin həlli istiqamətində ardıcıl addımlar atmaqla öz mövqeyini ifadə etmişdir. Bu məqsədlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2005-ci il iyunun 1-də "Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" imzaladığı sərəncamda Azərbaycan ilə Avropa Birliyi arasında əlaqələrin daha da gücləndirilməsi, İttifaqın Azərbaycan üzrə Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi üzrə səmərəli, əlaqələndirilmiş işin təmin edilməsi məsələləri öz əksini tapdı. Bununla yanaşı, qəbul edilmiş sənəddə Avropa İttifaqı ilə siyasi, iqtisadi, hüquqi, nəqliyyat və enerji, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qrupun yaradılması nəzərdə tutulmuşdur.

Hazırda Avropa Birliyinin regionda həyata keçirdiyi “Yeni qonşuluq siyasəti” layihəsinin əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarətdir. Təbii ki, Cənubi Qafqaz ölkələri də bu məsələdə maraqlıdırlar və Avropa Birliyi ilə ikitərəfli münasibətləri genişləndirməyə çalışırlar. Bu mənada prezident İlham Əliyevin 2006-cı il oktyabrın 6-8-də Brüsselə rəsmi səfəri mühüm əhəmiyyət daşıyır. Avropa Birliyi Nazirlər Şurasının Baş katibi, xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə keçirdiyi görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsinin başladığını bildirən dövlət başçısı İlham Əliyev bu səfərin Birliyin Cənubi Qafqaz regionuna dair yeni qonşuluq siyasətinin gələn beş il ərzində ölkəmizdə siyasi və iqtisadi inkişaf meyarlarının Avropa İttifaqındakı göstəricilərinə uyğunlaşdırılmasının əsasını qoyacağını bəyan etdi: "Avroatlantik məkana inteqrasiya sahəsində Azərbaycanın neçə illər ərzində apardığı siyasət həm ölkəmiz, həm də bütövlükdə regional əməkdaşlıq üçün çox böyük nəticələr vermiş və verəcəkdir".

Avropa Qonşuluq Siyasətinin prinsipləri

Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu 2006-cı il noyabrın 7-də Brüsseldə Azərbaycan Respublikası və Avropa Birliyi arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzaladılar. Bununla da, Azərbaycan ilə Avropa ittifaqı arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar açılmışdır. Bu Memorandumun əsas məqsədləri Avropa Birliyinin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir. Bu sənədin imzalanması Azərbaycanın Avropa Birliyinin enerji bazarlarına daha tez inteqrasiyasına kömək etməklə yanaşı, Xəzərin enerji daşıyıcılarının nəqli nəticəsində İttifaqın enerji təhlükəsizliyi daha da güclənəcəkdir. Bunun regional təhlükəsizlik, eləcə də əməkdaşlıq və ümumiyyətlə, Avroatlantik məkana inteqrasiya, xüsusilə, Azərbaycanın böyük neft, qaz ehtiyatları və ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyəti vardır. Dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri həm Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi, həm də münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilir.

Azərbaycan Respublikası ilə Avropa Birliyi Fəaliyyət Planı 2006-cı il noyabrın 14-də Brüsseldə Azərbaycan Respublikası – Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilmişdir. Bununla da, 1999-cu ildən Tərəfdaşlıq və Əməkdaşlıq sazişi ilə tənzimlənən Azərbaycan – Avropa Birliyi münasibətlərinin gələcək inkişafının istiqamətləri Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan – Avropa Birliyi Fəaliyyət Planı ilə müəyyənləşdirilmişdir.

1992-2006-cı illərdə Avropa Birliyinin TASİS və digər yardım proqramları çərçivəsində Azərbaycana 414 milyon avrodan çox məbləğdə humanitar, texniki və ərzaq yardımı göstərilmişdir. 2007-ci il yanvarın 1-dən etibarən TACİS proqramı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) ilə əvəz olunmuşdur. Bu alət çərçivəsində 2007-2009-cu illər üçün Azərbaycan üzrə illik Fəaliyyət Proqramları çərçivəsində 61 milyon avro məbləğində yardım ayrılmışdır. Daha geniş mandat və əhatə dairəsinə malik olan AQTA Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planlarının həyata keçirilməsi üçün əsas maliyyə alətidir. AQTA 3 başlıca strateji məqsədi ehtiva edir: demokratiya və insan hüquqlarının təşviqi, bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davamlı inkişafın təşviqi, habelə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafı. AQTA çərçivəsində 2007-2013-cü illər üçün nəzərdə tutulmuş Azərbaycan üzrə Strategiya Sənədi Avropa Birliyinin yardım məqsədlərini və siyasət məsuliyyətini əks etdirərək prioritet olan əməkdaşlıq sahələrini dəqiqləşdirir. Bu prioritetlər Azərbaycanın bazar iqtisadiyyatına və demokratik idarəetmənin təşviqinə yardım, Fəaliyyət Planının həyata keçirilməsi və təhlükəsizlik məsələlərini əhatə edir. Bundan əlavə, 2008-ci il mayın 26-da Avropa İttifaqının Xarici İşlər Nazirlərinin Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən Şərq Tərəfdaşlığı təşəbbüsü irəli sürülmüşdür. Şərqi Avropa Qonşuluq Siyasəti ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan bu təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir. 2008-ci il dekabrın 3-də Şərq Tərəfdaşlığı təşəbbüsü üzrə məlumat sənədi və onu müşayiət edən işçi sənəd Avropa Komisiyyası tərəfindən Avropa Parlamentinə və Avropa Birliyinin İttifaqının dövlət və hökumət Başçılarının Şurasına təqdim olunmuşdur. Bu iki sənəd Şərq Tərəfdaşlığına dair Avropa Komissiyasının mövqeyi və təkliflərini əks etdirərək, Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqının Şərq tərəfdaş ölkələri ilə gələcək əməkdaşlıq istiqamətlərini müəyyən etmişdir. 2009-cu il mayın 7-də Praqada Şərq Tərəfdaşlığı üzrə Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə bu təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin gələcək əməkdaşlıq prosesinin ümumi konturlarını müəyyən edən Birgə Bəyannamə qəbul edilmiş və bununla da Şərq Tərəfdaşlığı rəsmi səviyyədə başlanılmışdır.

Şərq Tərəfdaşlığı Avropa Birliyi və Şərq tərəfdaş ölkələri arasında münasibətlərin daha yüksək səviyyəyə qaldırılması, mövcud əməkdaşlığın ikitərəfli və çoxtərəfli formatda davam etdirilərək genişləndirilməsini nəzərdə tutur. Belə ki, Avropa Birliyi və hər bir tərəfdaş ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə ikitərəfli format çərçivəsində mövcud Tərəfdaşlıq və Əməkdaşlıq Sazişləri əvəzinə yeni, Assosiasiya Sazişlərinin imzalanması, tərəfdaş ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və müfəssəl azad ticarət zonasının yaradılması, həmçinin vizaların tədricən liberallaşdırılması, tərəfdaş ölkələrin və Avropa İttifaqının enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə daha dərin əməkdaşlığın həyata keçirilməsi və s. planlaşdırılır. Bu format çərçivəsində Şərq Tərəfdaşlığına daxil olan ölkələrin dövlət və hökumət başçılarının hər iki ildən bir görüşünün, hər il Avropa Birliyinə üzv dövlətlərin və Şərq tərəfdaş ölkələrinin Xarici İşlər Nazirlərinin illik iclasının keçirilməsi nəzərdə tutulur. Avropa Birliyi ilə əlaqələrin genişləndirilməsi baxımından Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il aprelin 28-29-da Belçika Krallığına işgüzar səfəri mühüm əhəmiyyət kəsb edir. Səfər zamanı Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə görüşündə dövlət başçısı İlham Əliyev Avropa Birliyi ilə ölkəmiz arasında əlaqələrin müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini diqqətə çatdıraraq Azərbaycanın Avropaya inteqrasiyasının bundan sonra da davam etdiriləcəyini bildirdi.

Dövlət başçısı İlham Əliyevin Avropa Birliyi Nazirlər Şurasının Baş katibi, xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə keçirdiyi görüşdə Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin qarşılıqlı şəkildə faydalı olduğunu və “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində yaranacaq yeni formatın bu əlaqələri daha da möhkəmləndirəcəyini bəyan etdi. 2009-cu il mayın 7-də Praqada Avropa Birliyinin “Şərq tərəfdaşlığı” Sammitində iştirak edən Prezident İlham Əliyev bu proqramın Azərbaycanın Avropa Birliyi ilə əlaqələrinin daha da yaxınlaşmasına və genişlənməsinə təkan verəcəyini qeyd edərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını diqqətə çatdırdı. Mayın 8-də Praqada “Cənub dəhlizi-Yeni İpək yolu” Sammitində dövlət başçısı İlham Əliyev Azərbaycanın təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələrinin, neft boru kəmərlərinin, sonra isə qaz kəmərlərinin inşasının uzaqgörən bir strategiya olduğunu və ölkəmizdən müxtəlif istiqamətlərdə neft-qaz kəmərlərinin fəaliyyət göstərməsini çoxşaxəliliyin təmin olunmasına töhfə kimi qiymətləndirdi. Avropa Birliyi o cümlədən, Avropa Parlamenti də Cənubi Qafqazda təhlüksizliyin təmin edilməsinə mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının vacibliyini bildirmişdir. Belə ki, 2010-cu il mayın 20-də Avropa Parlamenti Avropa Birliyinin Cənubi Qafqaz strategiyasına dair qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə xüsusi yer verilmişdir. Avropa Parlamentinin Dağlıq Qarabağa dair qəbul etdiyi qətnamədə birmənalı şəkildə göstərilir ki, Azərbaycan torpaqları işğal altındadır. Sənəddə Avropa Birliyinin  Azərbaycanın ərazi bütövlüyünü tanıdığı və Dağlıq Qarabağ probleminin tezliklə beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmasına tərəfdar olduğu öz əksini tapmışdır. Bununla yanaşı, sənəddə Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaşlığı yüksək qiymətləndirilmiş və ölkəmizin enerji resurslarının Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb etdiyi xüsusi qeyd edilmişdir.

 

(Ardı var)

Hürriyyət.- 2020.- 6-7 fevral. S. 14.