Davos
Forumu strateji dialoq platforması və Azərbaycan
reallıqları
Davos Dünya İqtisadi Forumu qlobal və regional səviyyədə
dünyanın başlıca siyasi, sosial və iqtisadi problemlərinin
müzakirəsinin aparılması üçün strateji
platforma hesab olunur. Bunun əsas səbəbi iqtisadi və
siyasi sahədə fəaliyyət göstərən
nüfuzlu beynəlxalq və regional səviyyəli təşkilatların
rəhbərləri ilə interaktiv dialoqların və qeyri-rəsmi
danışıqlar üçün əlverişli
mühitin təşkil olunmasıdır. Forum
müxtəlif transmilli media qurumları tərəfindən
birbaşa nümayiş etdirilir. Forum
müddətində transmilli korporasiyaların rəhbərləri
ilə dialoqların qurulması və müxtəlif ölkələrin
hökumət nümayəndələri ilə ikitərəfli
görüşlərin keçirilməsi üçün əlverişli
imkanlar yaradılır.
Beynəlxalq
birliyin tərkib hissəsi olmaq dövlətin
gücünü artırır
İsveçrədə keçirilən 50-ci Davos
Dünya İqtisadi Forumu dünyanın diqqət mərkəzində
oldu. Dünyanın 100-dən çox ölkəsinin
dövlət və hökumət rəhbərlərinin dəvət
olunduğu beynəlxalq tədbirdə 1000-dən artıq
qlobal şirkətin rəhbər şəxsləri, beynəlxalq
qurumların və qeyri-hökumət təşkilatlarının
təmsilçiləri, aparıcı media şirkətlərinin
nümayəndələri də iştirak ediblər.
“Qloballaşma 4.0: 4-cü Sənaye İnqilabı
dövründə yeni arxitekturanın yaradılması“ devizi altında keçirilən builki Forumda
qloballaşan müasir dünyanın əsas problemləri
müzakirə predmetinə çevrilib. İqtisadi
xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə,
beynəlxalq münasibətlərə ciddi təsirə
malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin
şəkilləndirilməsində önəmli rol
oynayır. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin
bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat
xarakteri daşıyır. Qlobal iqtisadi böhranın,
milyonlarla insanın yaşayışına, ayrı-ayrı
dövlətlərin iqtisadiyyatına təsir edən siyasi
münaqişələrin davam etdiyi, ərzaq
çatışmazlığı probleminin mövcud
olduğu indiki dövrdə siyasi liderləri, iş
adamlarını, vətəndaş cəmiyyəti
qurumlarının rəhbərlərini bir araya toplayan Davos
Forumu, şübhəsiz ki, bir çox məsələlərin
müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli
mühit yaradır.
Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya
edir, ölkəmizin təşəbbüsü və liderliyi
ilə gerçəkləşdirilən qlobal xarakterli
transmilli layihələrin əhəmiyyəti və nəticələri
beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Respublikamız
ikitərəfli və çoxtərəfli münasibətlərini
uğurla davam etdirir, yeni əməkdaşlıq
platformaları yaratmaqla regional və beynəlxalq işbirliyinə,
təhlükəsizliyə müstəsna töhfələr
verir. Bununla yanaşı, ayrı-ayrı
beynəlxalq qurumlarda təmsil olunan Azərbaycan dünyanın
başlıca siyasi, sosial və iqtisadi problemlərinin
müzakirəsi üçün strateji platforma olan Davos
İqtisadi Forumunda da iştirak edir. Azərbaycanın bu
mötəbər tədbirdə hər il
iştirakı dövlətimizin böyük nüfuz sahibi
olmasının göstəricisidir.
O da bir
faktdır ki, bu beynəlxalq Forumda Azərbaycan ən yüksək
səviyyədə və müvəffəqiyyətlə təmsil
olunur. Yəni ölkəmizin bu platformada da
nüfuzu olduqca yüksəkdir. Məhz Dünya
İqtisadi Forumunun 2013-cü il aprelin 7-8-də
Bakıda keçirilməsi bunun bariz nümunələrindən
biridir. Bəllidir ki, Forum Cənubi Qafqazın və Mərkəzi
Asiyanın gələcəyi ilə bağlı Strateji Dialoq
adı altında baş tutmuşdu, dünyanın diqqət mərkəzində
olan, strateji əhəmiyyətli Cənubi Qafqaz və Mərkəzi
Asiya regionunun iqtisadi inkişafı, bölgədəki iqtisadi
vəziyyətin dünyanın digər regionlarına təsiri,
gələcək perspektivlər və digər məsələlər
müzakirə olunmuşdu. Dünya İqtisadi
Forumunun Bakıda keçirilməsi bir tərəfdən Azərbaycanın
beynəlxalq aləmdə artan nüfuzunun, digər tərəfdən
isə ölkəmizdə həyata keçirilən iqtisadi
islahatlar nəticəsində əldə olunan uğurlara verilən
yüksək qiymətin ifadəsidir.
Dünyanın
iqtisadi və social mənzərəsində yer alan
hədəflər
Azərbaycanın Dünya İqtisadi Forumunda uğurla təmsil
olunması ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası,
beynəlxalq iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi
baxımından xüsusi önəm kəsb edir. Azərbaycanın bir
dövlət olaraq
həm ölkəmiz, həm də region və
dünya üçün müstəsna əhəmiyyətə
malik olan çox mühüm məsələlərlə
bağlı addımlar atması iqtisadi inkişafı, beynəlxalq
nüfuzu və ölkəmizdə həyata keçirilən
siyasi, iqtisadi islahatların əhəmiyyəti diqqətə
çatdırılıb. Bütün bunlar
Forum iştirakçılarında Azərbaycan iqtisadiyyatı
və ölkəmizin iqtisadi siyasəti barədə real təsəvvür
yaratmaqla əməkdaşlıq üçün yeni
perspektivlərin açılacağından xəbər verir.
Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və təmsil olunması böyük maraq doğurur. Mütəxəssislər Azərbaycanın dövlət başçısının təhlillərinə və irəli sürdüyü fikirlərə ciddi diqqət yetirirlər, dövlət başçısının səsləndirdiyi fikirlər beynəlxalq mətbuatın diqqət mərkəzində olur. Prezident İlham Əliyevin builki Forumda səsləndirdiyi fikirlər də olduqca böyük diqqət və marağa səbəb olub. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Azərbaycan həm daxili ictimai-siyasi sabitlik amilinə və iqtisadi potensialına, həm də quru və su sərhədlərinə malik olmasına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən, əlverişli coğrafi mövqeyə malik Azərbaycan nəqliyyat xidmətlərini daim inkişaf etdirir, müasir infrastrukturlar qurur, daşımaların idarə olunması mexanizmini təkmilləşdirir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyanı genişləndirir. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizdən keçir. O da qeyd edilməlidir ki, ölkəmizdə avtomobil və dəmir yollarının, beynəlxalq hava və dəniz limanlarının inkişafına çox böyük investisiyalar qoyulur. Bütün bunların hamısı gələcəyə hesablanan və perspektivdə Azərbaycandan daha çox tranzit yüklərin keçməsi üçün atılan strateji əhəmiyyətli addımlardır. Ölkəmiz tərəfindən logistika və ticarətin inkişafı istiqamətində görülən işlər, Azərbaycanın tranzit potensialının daha da artırılması ilə bağlı həyata keçirilən dövlət siyasəti və qlobal miqyaslı təşəbbüslər ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verir. Bütün bunlar Azərbaycana böyük siyasi və iqtisadi dividendlər gətirir, ölkəmizin dünyada və regionda mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələr başa çatıb və ölkəmiz real gəlirlər gətirməyə başlayıb. Bunlar, ilk növbədə, “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində onun mühüm seqmenti olan TANAP-ın tikilib başa çatdırılması, eyni zamanda, ölkəmizin xaricdə ən böyük investisiyası hesab edilən “Star” neft emalı zavodunun açılışı olub. Bu layihələrin reallaşdırılması təkcə Azərbaycan üçün deyil, digər tərəfdaş ölkələr üçün də mühüm hadisəyə çevrilib, Avropanın enerji təhlükəsizliyi üçün mühüm alternativ kimi özünü təsdiq edib, eyni zamanda, Azərbaycan-Qərb münasibətlərində yeni etibarlı iqtisadi körpü rolunu oynamağa başlayıb. Bu, Türkiyə-Azərbaycan strateji müttəfiqliyini iqtisadi müstəvidə daha da dərinləşdirməklə hər iki tərəfin gücünü və nüfuzunu bir qədər də artırıb.
Üfüqdə görünən strateji hədəflərin uğur paketi
Müasir beynəlxalq münasibətlər sistemində milli maraqların təmin olunması hər bir ölkənin və onun liderinin qarşısında duran əsas vəzifələrdən biridir. Milli maraqların təmin olunması, heç şübhəsiz ki, intensiv dialoq və fəal diplomatik münasibətlərdən keçir. Bu mənada, Azərbaycanın çevik, çoxvektorlu, tarazlaşdırılmış və praqmatik xarici siyasəti həm ölkəmizin dünyaya inteqrasiyasını təmin edir, həm də milli maraqların təmin olunmasına xidmət göstərir. Azərbaycanın həyata keçirdiyi fəal tərəfdaşlıq və əməkdaşlıq diplomatiyası yeni perspektivlər müəyyənləşdirməklə bərabər, eyni zamanda, ölkəmizin dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsinə və beynəlxalq siyasi proseslərdə söz sahibi olan dövlətlərdən birinə çevrilməsinə xidmət edir. Azərbaycanın xarici siyasət kursunun başlıca səciyyəvi xüsusiyyəti onun müstəqil olmasıdır. Ölkəmizin milli maraqların qorunmasına xidmət edən xarici siyasət kursu sırf müstəqillik prinsipinə əsaslanır.
Azərbaycanın xarici siyasətinin ən
mühüm strateji prioriteti Dağlıq Qarabağ
münaqişəsinin beynəlxalq hüququn norma və
prinsipləri əsasında, yəni ölkəmizin ərazi
bütövlüyü çərçivəsində həllidir.
Bunun üçün Azərbaycan ötən illər ərzində
mühüm, dərin strateji diplomatiya siyasəti həyata
keçirməklə, ilk növbədə, problemin həlli
ilə bağlı yeni şərtlər
formalaşdırmağa nail olub. Bu şərtlərin
formalaşdırılması mühüm strateji istiqamətlər
üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü
siyasət sayəsində mümkün olub. İlk növbədə,
beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun
artırılması, regional və beynəlxalq təşkilatlarla
ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa
nail olması, ikincisi isə, regionda ermənilərlə ənənəvi
əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı
kimi tanınan ölkələri öz tərəfdaşına
çevirməsi siyasəti həyata keçirilib.
Hazırda Ermənistan həm regionda, həm də beynəlxalq
aləmdə Azərbaycanın nüfuzu qarşısında
küncə sıxışdırılmış vəziyyətə
düşüb, ənənəvi müttəfiqlərini də
itirib. Azərbaycan işğalçı Ermənistana
qarşı təcrid siyasətini uğurla davam etdirib və
işğal faktı davam etdikcə həmin siyasəti davam
etdirilməsi, yeni reallıq və Ermənistanın bu cür
küncə sıxışdırılması onun öz ənənəvi
müttəfiqləri ilə münasibətlərinin korlanmasına
gətirib çıxarıb. Bu reallıqlar ölkəmizin
lehinədir və Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ probleminin həllində yeni perspektivlər
yaradır. Davosda dövlətimizin rəsmilərinin
keçirdikləri çoxtərəfli görüşlər
isə bir qədər daha fərqli formada vasitəçilərin
iştirakı olmadan baş tutub. Bu, özlüyündə
müsbət hal olmaqla ilk dəfədir ki, baş verir. BMT
Baş katibi və Avropa İttifaqının bəyanatla
çıxış edərək danışıqları
müsbət qiymətləndirməsi özlüyündə
yeni dinamikadır və müəyyən ümidlər
yaradır. Nəzərə almaq lazımdır ki, hazırda
Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq
problemin həllini zəruri edir və bu, Ermənistanda da dərk
edilən reallığa çevrilməkdədir. Ona görə
də əgər fövqəladə bir hadisə baş verməsə,
2020-ci ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində
intensiv və nəticəyə yönəlik
danışıqlar prosesinin davam etdiriləcəyini
müşahidə edə bilərik. Azərbaycanın
prinsipial mövqeyi qəbul edilir və danışıqlar
prosesi yalnız və yalnız Azərbaycanın ərazi
bütövlüyü, sərhəd toxunulmazlığı
çərçivəsində aparılır.
(Ardı var)
Hürriyyət.-
2020.- 6-7 fevral. S. 14.