Bakı Forumu beynəlxalq sülhə yönəlmiş təşəbbüsləri birləşdirir

 

Bakıda keçirilən və 140-dan çox ölkəni təmsil edən dövlət və hökumət başçıları, nazirlər, diplomatlar, yüksək səviyyəli dövlət, ictimai, mədəniyyət xadimləri, nüfuzlu beynəlxalq təşkilatların, dünyada tanınmış beyin mərkəzləri rəhbərlərinin, elm adamlarının və digər şəxslər də daxil olmaqla 2000 nəfərə yaxın adamın qatıldığı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işini uğurla başa çatdırdı.

Ölkəmiz, eləcə də bütün dünya üçün mühüm əhəmiyyət kəsb edən bu Forum sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq, əməkdaşlıq və davamlı inkişafın təşviqi, milli, diniirqi ayrı-seçkiliyin, dünyada sülh və təhlükəsizliyi təhdid edən neqativ halların aradan qaldırılması, habelə ümumbəşəri əhəmiyyət kəsb edən aktual məsələlərin müzakirə olunduğu mühüm problemlərin həllinə dəstək məqsədi daşıyan qlobal platformaya çevrildi.

Təsadüfi deyil ki, ekstermizmə və terrora qarşı mübarizə, münaqişə zonalarında sülhün bərqərar edilməsi, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman, gənclərin rolu, video-oyunlar vasitəsi ilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri, inklüziv cəmiyyətlərin qurulması, multikulturalizm, media peşəkarlığı, Bakı prosesi və digər məsələlər müzakirə edilərək sonda Bakı Bəyannaməsi qəbul olunub.

Sivilizasiyalar və mədəniyyətlər arasında körpü

Bakı Forumunun açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev belə bir beynəlxalq tədbirin Bakıda keçirilməsini yüksək dəyərləndirərək demişdir: "Bu, bizim işimizə verilən qiymətdir. BMT-nin Sivilizasiyalar Alyansının yaradılması Türkiyə və İspaniyanın təşəbbüsü olub. Azərbaycan əsərlər boyu mədəniyyətlər və dinlərin kəsişməsində yerləşib. Əsrlər boyu dinlər, mədəniyyətlər Azərbaycanda inkişaf edib. Azərbaycanda hər zaman tolerantlıq, multikulturalizm mövcud olub. Ona görə də Azərbaycanda bütün etnik qruplar və dinlər bir arada yaşayır, yaradırlar. Bu, zənginliyimizdir, biz tariximizlə fərəhlənirik. Müxtəlif mədəniyyətlərin nümayəndələri Azərbaycanda yaşayıb, yaradıblar".

Prezident İlham Əliyev müasir Azərbaycanın müstəqilliyinə açıq şəkildə işarə edərək bunu da xatırladıb: "Ölkəmiz tariximiz qədər qədimdir. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Son illər bir çox tədbirlər Azərbaycanda təşkil olunub. Bütün bunların məqsədi müxtəlif dinlər arasında dialoq qurmaqdır. Bu gün bu mövzu qlobal gündəlikdə duran ən mühüm mövzulardan biridir. Əfsuslar olsun ki, biz keçmiş SSRİ və Avropa ərazisində bəzi narahatlıq doğuran məsələləri müşahidə edirik, toqquşmalarda təəssüf ki, dini səbəblər də görürük. Azərbaycanın bu gün beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilməkdədir. Ölkəmiz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı və bir sıra beynəlxalq qurumların üzvüdür. Biz güclü beynəlxalq dəstəyə malikik. 2011-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi məhz bunun təzahürü oldu. Bu, ölkəmizin böyük qələbəsi və Azərbaycana böyük ehtiramın əlaməti oldu".

Bakı Forumunda Azərbaycanın qısa zamanda, 25 il içində etibarlı beynəlxalq tərəfdaş, müstəqil xarici siyasətə malik, regional inkişafa, təhlükəsizliyə, sabitliyə və multikulturalizmə töhfə verən ölkə kimi təqdim etməyə müvəffəq olduğumuzu dilə gətirən çıxışlar olundu. Dövlət müstəqilliyimizin yeni sistemimizin transformasiyası, demokratik təsisatların yaradılması barəsində əyani sübutlar ortaya qoyuldu  Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar siyasi islahatlarla paralel şəkildə aparılması mövzusunda geniş və əhatəli çıxışlar edildi.

Erməni ekspansionizmi nəticəsində 1 milyondan çox  məcburi köçkünümüz yaranıb

Forum iştirakçılarının diqqətini bir daha ölkəmizin bir saylı probleminə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və bir milyondan çox qaçqın və məcburi köçkün probleminə yönəldən dövlətimizin başçısı təəssüflə bildirib ki, dövlətçiliyimizin yaranması zamanı qonşu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dominant amil olmuşdur. Həmin təcavüz ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsinin işğalı ilə nəticələnmişdir. Dağlıq Qarabağ Azərbaycanın tarixi parçasıdır, hüquqi baxımdan da bu, belədir. Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ ölkəmizin tərkib hissəsi kimi qəbul edilmişdir: "Lakin həmin təcavüz nəticəsində Dağlıq Qarabağ Ermənistan tərəfindən tamamən işğal edilmişdir. Nəinki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağın ətrafında yerləşən digər yeddi rayonu da işğal altındadır. İşğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz yaranıb. Ermənistan bizə qarşı etnik təmizləmə aparmışdır və ərazimizin 20 faizi 20 ildən artıqdır ki, işğal altındadır".

İşğal edilmiş ərazilərimizdə hər şeyin dağıdıldığını, ATƏT-in oraya faktaraşdırıcı missiya göndərdiyini və onların dəhşətli hesabatlar təqdim etdiklərini, bu işğala son qoymaq üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq qətnamə və qərarlar qəbul olunduğunu diqqətə çatdıran Prezident bunun bariz nümunəsi kimi deyib ki, ən ali beynəlxalq qurum olan BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, Ermənistan sadəcə bu qətnamələrə məhəl qoymuronlara əməl etmir: "Burada ən mühüm element beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası mexanizmidir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə, artıq 20 ildən çox keçir və münaqişə həll olunmamış qalır. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı da Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən bənzər qətnamə və qərarlar qəbul etmişlər. Ermənistan isə bunlara məhəl qoymur və işğalçını beynəlxalq hüququn normalarına əməl etməyə məcbur edəcək beynəlxalq təzyiq isə göstərilmir".

Ötən əsrin 90-cı illərində Azərbaycan böyük humanitar fəlakətlə üzləşdi

Bakı Forumunda çıxış edən məruzəçilər Ermənistan ilə Azərbaycan arasındakı münaqişə beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini önə çəkdilər. İşğal altında olan ərazilərimizin azad edilməsi, insanlarımızın evlərinə geri dönmək imkanı qabardıldı: "1990-cı illərin əvvəlində Azərbaycan böyük humanitar fəlakətlə üzləşdi. Çünki 250 min azərbaycanlı Ermənistandan qovulmuş, 700 mindən çox məcburi köçkün isə Dağlıq Qarabağ və digər bölgələrdən idi. O zaman Azərbaycanın əhalisinin 8 milyondan az olduğunu nəzərə alsaq, adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə Azərbaycan çox güman ki, dünyada birinci yer tuturdu. Biz bilirik ki, onların yerləşdirilməsi, zəruri şəraitin yaradılması nə dərəcədə çətin məsələdir. O vaxt biz tamamilə maliyyə vəsaitindən məhrum vəziyyətdə, dünyanın ən yoxsul, yaşayış səviyyəsinin yoxsulluqdan aşağı olduğu ölkələrindən biri idik. Əlbəttə, o zaman bizə müəyyən beynəlxalq dəstək göstərilirdi, lakin əsasən biz bu məsələnin öhdəsindən özümüz gəldik".

Məcburi köçkünlərə dövlət qayğısı humanizmi

Azərbaycan bir dövlət olaraq, öz gücünə bu günə qədər 90-dan artıq qəsəbə inşa edib və hər il 20 min qaçqın və köçkünü yerləşdirməyimizə baxmayaraq, onların bəzilərinin hələ də çətin şəraitdə - xüsusilə yataqxana, məktəb və uşaq bağçalarında yaşadıqları məsələsi xüsusilə qeyd olunubdur. Bildirilib ki, Azərbaycan bir dövlət olaraq məcburi köçkünlər və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edir, lakin bu, uzun zaman tələb edir: "Yəni, bu gün biz bəzi ölkələrin qaçqınlarla bağlı üzləşdiyi vəziyyəti aydın şəkildə anlayırıq. Bu, həqiqətən də humanitar fəlakətdir və bütün beynəlxalq ictimaiyyət bu məsələlərin həllində iştirak etməlidir. Ən çox qaçqın qəbul etmiş ölkələr hazırda dəstəklənməlidir - yalnız sözlə deyil, ciddi maliyyə yardımları ilə. Bir daha qeyd etmək istəyirəm ki, işğaldan əziyyət çəkməkdə davam edən ölkə kimi bunların nə dərəcədə çətin olduğu bizə yaxşı məlumdur. Hər bir nöqteyi-nəzərdən - siyasi, mənəvi, iqtisadisosial baxımdan".

Bakı Forumunun önəmli nəticələri

Forumun Bakıda keçirilməsi müstəqilliyini yenidən bərpa etdikdən sonra qısa müddət ərzində müxtəlif istiqamətlərdə qazandığı uğurları, beynəlxalq aləmdə tutduğu yeri, dünyada söz sahibi olması və ona yeni töhfələr verə biləcəyi ilə bağlıdır. Tədbirin yüksək səviyyədə baş tutması və müzakirə edilən məsələlər ətrafında irəli sürülən təklif və qəbul edilən Bəyannamə bu mövqeni daha da möhkəmləndirilməsinə səbəb oldu. Bakıda keçirilən Forumda sadalanan istiqamətlərdə qazandığı nailiyyətlərini gələn minlərlə nümayəndəyə, eyni zamanda bütün dünyaya təkcə sözdə yox, əyani şəkildə, nümunələrlə göstərə bildi. Azərbaycan özünün ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində yaranan qaçqın və məcburi köçkün problemi ilə bağlı həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmaq imkanı əldə etdi. Forum Azərbaycanın dünyadakı dostlarının, onun mövqeyini müdafiə edənlərin sayının sayının artmasına səbəb oldu. Azərbaycanın qazandığı uğurlarını əyani görmək imkanı əldə edən müxtəlif dövlətlərin nümayəndələri ölkəmizlə müxtəlif sahələrdə əməkdaşlıq etməyə və ya mövcud əməkdaşlığı daha da genişləndirməsinə səbəb oldu.

Ümumilikdə həm yerli, həm də xarici ekspertlər tərəfindən Bakıda keçirilən Forumun işi yüksək qiymətləndirildi. Çünki bu, Forum beynəlxalq ictimaiyyəti bir çox mühüm məsələlərdə birləşdirir, ən əsası da ekstremizm, terorizm, qanlı toqquşmalara qarşı mübarizə sahəsində səylərin birləşdirilməsi istiqamətində birgə fəaliyyətə çağırır, bir növ həyəcan siqnalını verdi. Ən əsası isə, ölkəmizdə keçirilən beynəlxalq Forumun Azərbaycanın BMT-də mövqeyinin güclənməsi, öz sözünü diqtə etməsi baxımından da faydalı nəticələrə gətirib çıxardı.

 

Hürriyyət.- 2020.- 8-10 fevral.S. 14.