İKİ
ÖLÜM
Mirzə Xəzəri “Azadlıq”
radiosunda
çıxışları ilə
tanımışdım, Beytulla Şahsoylu isə...
Bu
günlərdə iki qəmli xəbər, iki nəfərin
ölüm xəbərini eşitdim. Gənclik dostum, illərlə
hər gün görüşüb günümüzü birgə
keçirdiyimiz Beytulla Şahsoylu (Bağırov) və lap bu
günlərdə vəfat edən tanınmış jurnalist Mirzə Xəzər.
Beytulla ilə bir nəfəs alırdıq. Hələ
keçən əsrin 60-cı və 70-ci illərinin
ortalarına qədər demək olar ki, hər gün
görüşür, bütün günü
danışır, söhbətləşir, dərdləşir,
təəssüratlarımızı, biliklərimizi
bölüşürdük. Çox-çox təəssüf
ki, Beytullada
yazı vərdişi yox idi, o böyük zəkasını,
ağlasığmaz sağlam düşüncəsini hər
kimə, hər hadisəyə dəqiq mənəvi, siyasi,
elmi diaqnoz qabiliyyətini demək olar ki, özü ilə
apardı. Yəni o bir növ min il qabaq ki
müdriklərə və dərvişlərə bənzər,
necə deyərlər onların bir növ sonuncu yadigarı
idi.
O, Azərbaycan
Milli Elmlər
Akademiyasının Şərqşünaslıq İnstutunun əməkdaşı
idi və fəlsəfə elmləri namizədi dərəcəsini
hələ gənc ikən qazanmışdı. Vallah- billah bəlkə də Akademiya da ən
sağlam düşüncəli bir alim idi. Hərçənd
ki, bu dünyada xüsusən bizim ölkəmizdə mələk
sayıla biləcək adam yoxdur. Əlbəttə, Cəfər Cabbarlı və ya
Üzeyir bəy kimi bir neçə klassikimizi nəzərə
almasaq. Təsadüfi deyil, hələ dahi
Şekspirin Hamleti deyirdi ki, mən özümdə elə
nöqsan və eyiblər göstərə bilərəm,
heç doğulmasam daha yaxşı olardı. Bu çox böyük və amansız bir həqiqət
və reallıqdır. Amma onu da unutmaq
lazım deyil ki, elə insanlar olub və var ki, onlarda eyib
axtarmaq ən azı günahdır.
Beytulla
adamlara xoş gəlmək üçün
çalışan və ya danışan adam
deyildi. Eyni zamanda kim olursa olsun haqsıza dəstək
də verməzdi. O səhər işə gəlib kitabxanaya
gedər, təzə gələn bütün mətbuat
orqanları ilə tanış olar,
kitabları vərəqləyərdi. Biz görüşəndə
xüsusən məni fəlsəfəyə aid məlumatlarla
tanış edərdi. Mən xüsusilə
M. Monten, J.A.Qobino, F. Nitşe, kimi böyük mütəfəkkirlərlə
ilk dəfə o tanış etmişdi. Eyni
zamanda türk tarixinə və ümumiyyətlə dünya
tarixinə aid bir çox kitabların da adlarını ilk dəfə
ondan eşitmişdim. Və bunun nəticəsində
onun elə-belə ötəri olaraq tanış
etdiyi özünün də, çox ötəri bələd
olduğu mütəfəkkirlərin əsərlərini mən
sonralar əldə etməyi özümə məqsəd
qoydum və çoxunu da əldə etdim. Bəzilərini
isə çox baha qiymətə olsa da, üzlərini
çıxartdım. Xülasə, həmin
illərdə biz Azərbaycanın demək olar ki, ən zəngin
fəlsəfi, tarixi məlumatlara sahib olan cavanları idik.
Heç kim bizimlə mübahisəyə
girə bilməzdi və ən xoş cəhəti də bu
idi ki, fikirlərimiz daima üst-üstə düşər,
daim biri-birimizin haqlı olduğumuzu dərk edərdik və
bu bizə ləzzət verərdi. Bircə
baxmaqla biri-birimizi başa düşürdük. Beytullanın ən üstün cəhətlərindən
biri onun siyasi təfəkkürü, Azərbaycanda mövcud
olan rejimin qeyri-fəal amma barışmaz düşməni
idi. Bəli, dissident deyildi, çünki
dissident olmaq xüsusilə 70-ci illərdə ölümə
bərabər idi. Beytulla isə bu cəhətdən də
çox ayıq və realist bir adam idi. Gənc
yaşında filosof Qəmbər Əsgərov kimi ömrünü və gələcəyini
qurban verməyin nə mənası... Üstəlik
başqa respublikalarda əgər belələrini dilə tutur,
ən pis hallarda psixiatrik xəstəxanalara salır və
yüngül rejimli təcridxanalara salırdılarsa, bizdə
isə ya güllələyib öldürür, ya da gedər-gəlməzə
yola salıb məhv edirdilər.
Beytulla çox ustalıqla həqiqətin
göbəyində oturub həm də özünə təhlükəsizlik
sferası yaratmışdı. Bu hiss və azadlıq tələbatı onda
o qədər güclü idi ki, bu cavan, yaraşıqlı
insanı evlənməyə belə, qoymurdu. Halbuki
nə qədər gənc qadınlar, qızlar ona heyran idilər.
Əslində o, dünyadan razı və rahat getməliydi. Çünki çox az adam ola bilərdi ki onun kimi necə istəyirsə,
elə də yaşamış olsun. Bəlkə
bu cəhətdən o tamamilə tək idi. Bir neçə
kitabı da çap olunmuşdu və bunlar əsasən
itib-getmiş xalq yarardıcılığı nümunələrindən
ibarətdi. Əgər hətta yetkin yaşlarında da
ilboyu gedib dənizdə çimməsini və bunun nəticəsində
sonralar əmələ
gələn xəstəliyi və nəzərə almasaq, o
heç vaxt xəstələnməmişdi. Və
yaşadığı 81 illik ömür hər halda çoxları
üçün əlçatmazdır. Buna baxmayaraq o daha
çox yaşaya bilərdi.
Cavanlıqda subaylıq
bəlkə də yaxşı görünür. Ahıl yaşlarında isə bu artıq
qaldırılması çox çətin olan bir
yükdür. Yemək-içməyini hazırlamaq və
xırda-xuruş
dəsmal-corab və s. özün yumaq hər halda
kişi üçün xoşagələn iş deyil.
Çox qəribədir ki hələ də
yaşayıb-yaşamadığını bilmədim
yaşca 5-6 il ondan kiçik olan
qardaşı Qəhrəman da tamamilə onun tutduğu yolu
getdi. Həm də çox qəribədir ki, məndən
kiçik qardaşımın da adı Qəhrəman idi.
Beləliklə, onun ruhu xalqımızın zəkalı
oğullarından biri kimi bəlkə də Elmlər
Akademiyasında lap birincisi kimi heyf ki haçansa sona
çatmağa məhkum idi.
İkinci ölüm xəbəri də məni nəsə
pərt etdi.
Beytullanın ölümü qədər olmasa da xeyli
düşündürdü. Mən Mirzə Xəzəri “Azadlıq” radiosunda çıxışları ilə
tanımışdım. Keçən əsrin 70-ci illərindən
90-cı illərin ortalarına qədər dünyada, Azərbaycandan
kənarda heç kim Azərbaycanın mənafeyi
uğrunda onun qədər mübarizə aparmamış, onun
qədər çarpışmamışdır. O,
Amerikanın “Azadlıq” radiosunun Azərbaycan bölməsinin
rəhbəri və diktoru idi. Azərbaycan dilində
təmiz diksiyası ilə seçilən bu adamın
ehtiraslı, emosiyalı səsi hələ də
qulaqlarımdadır. O, sovet dövründə,
aydındır ki, bu riyakar müstəmləkə rejimini hər
gün ifşa edir, onun bu xalqlara qarşı törətdiyi mənəvi
zülmləri açıb-tökürdü.
SSRİ
dağılmağa başlayanda, 1990 cı il
- 20 yanvar ərəfəsi və ondan sonrakı günlərdə
Mirzə Xəzərin çılğın
çıxışları heç kimi biganə qoymur və
Kreml imperiyasının sütunlarından birini
sarsıdırdı. O, Azərbaycan müstəqil olandan sonra
da bir xeyli müddət öz böyük missiyasını yerinə
yetirdi.
Yadımdadır,
Mirzə Xəzərin öz tərcüməsi və ifasında Qurban
Səidin (Əsəd bəy)
misilsiz “Əli və Nino”
romanını hər gecə necə həyəcanla dinləyərdim.
Qonşular eşitməsin deyə - səsini
azca açıb qulaq asardım. Elə bil ki səhrada birdən-birə
bulaq suyu ilə rastlaşmış adam kimiydim.
Nəhayət onu ələ ala bilməyən, məfkurəsindən
döndərə bilməyən rejim və onun rəmzi öz
işini gördü. Nəyin hesabınasa bəlkə də külli miqdarda
pul hesabına onu
vəzifəsindən kənarlaşdırmağa
nail oldular. Və bununla da sanki qartalın
qol-qanadını qırdılar. Mirzə
Xəzər elə bil həyatının mənasını
itirdi. Daha
doğrusu, tamaşanın baş rollarından birini oynayarkən
birdən-birə dönüb tamaşaçı oldu.
Bəli, bu dəfə də bəxtimiz gətirmədi. Lakin bəxt nədir?
Bəxt insanın və ya xalqın azadlıq və
ədalət uğrunda, özünün imkanlarının
reallaşdırılması uğrunda və nəticədə
xoşbəxtlik və firavanlıq üçün
apardığı inadkar və yorulmaz mübarizə deməkdir.
Bizdə isə çox təəssüf ki, bu
yoxdur. Yerli-dibli yoxdur. Evlərimizdə
oturub göyə hirslənməkdən, lazımsız yerlərdə
dil pəhləvanı olmaqdan və yalnız yetim küçə
uşaqlarına gücü çatan iyrənc diksiyası ilə
seçilən Rasim Musabəyov kimilərinə çevrilməkdən
başqa əlimizdən heç nə gəlmir.
Qalanlarımız da evlərdə və orda-burda,
ünvansız internet səhifələrində söyüş,
lənət, yalvarış və inildəməkdən
başqa heç nə bilməyən kütlə,
sürü...
Mirzə Xəzər Azərbaycanın azadlıq və
demokratiya ruporu idi. İndi bu rolu xaricdəki bir neçə
internet şəbəkələri yerinə yetirir. Qeyri-bərabər mübarizə davam edir və
artıq on illərdir ki yalnız bir tərəfin qələbəsi
ilə. Azərbaycan dünyada çoxlu sayda rekord
ölkəsinə çevrilib. Bu rekordların
heç biri də ölkəmizə şan-şöhrət
və rəğbət gətirmir.
Beləliklə, köhnənin yaxşı nümayəndələri
bir-bir gedib efirdə məskun olur, onları əvəz edənlərin
içində isə əvəzedici missiyasını
daşıyanlar çox azdır. Hələ
yaxşı ki buna da şükür. Çünki onlar
da olmasaydı
ölkəmiz nəyə çevrilərdi, - bunu
düşünəndə dəhşətə gəlirsən.
Eşq
osun sizin ruhunuza! Əlbəttə, əgər həqiqətən
ruh deyilən o enerji
yığımı və topası varsa...
Əlisa NİCAT
Hürriyyət.-
2020.- 11-12 fevral. S. 13.