Şeirləri əbədi canlı Səyavuş Sərxanlı

 

Yeniyetməlik çağları insan ömrünün , bəlkə də, ən uca zirvəsidir. Yaratdıqları baxımından deyil, düşündükləri, hiss etdikləri, görmək istədikləri baxımından . İnsan Yer kürəsini öz oxundan çıxarıb istədiyi səmtə fırlatmaq gücü hiss edir özündə. Qarşısnda tab edib dayana biləcək gücündə elə bir maneə düşünə bilmir. Özünün düşündüklərini yaradıb qura biləcək bir güc sahibi olduğunu düşünür.

 

Hamı kimi mən də o hissləri yaşamışam. Orta məktəbin 5-6-cı siniflərində şeirlər yazmağa başlamışdım.Bilmirəm, bu istək, bu hiss, bu duyğu məndə hardan yaranmışdı?!Üçüncü-dördüncü siniflərdə oxuyanda kiril əlifbası ilə oxumaqda əziyyət çəkən babam Səttar Zeynalxanoğlu üçün dəfəlrlə oxuduğumKoroğlu” dastanı, yoxsa, ana nənəm Gülüdən eşitdiyim nağıl, bayatı və el nəğmələrinin təsirindən?!

 

Orta məktəbin son siniflərində dünya ədəbiyyatı nümunələri ilə tanış olmağa başladım. Martin İdeni oxuyandan sonra özümdə tükənməz bir qüvvə hiss etdim.Ona görə də özüm üçün nadir nümunələr hesab etdiyim seirlərindən bir neçəsini “Ulduz” jurnalına göndərdim. (Özüm oradan başladım ki,ilk şeirlərim o jurnalda çıxandan sonra rayon qəzetində şeirlərimin dərci üçün maneələrlə qarşılaşmayım)

 

Bir neçə gündən sonra mənə redaksiyadan cavab məktubu gəldi.Min bir maraqla həmin yığcam məktubu oxumağa başladım. (Həmin məktub indi də arxivimdə qalır),şeirlərlə bağlı xeyli tərif və xoş sözlər yazılmışdı.Onun ardınca isə bir cümlə yazılıb imza qoyulmuşdu:

 

Çox oxu, çox düşün, az yaz!”

 

İmza: Çox hörmətlə Səyavuş Sərxanlı.

 

Mən Səyavuş Sərxalı imzası ilə ilk dəfə orada tanış oldum.Ola bilsin ki, o vaxta qədər qəzet, jurnal səhifələrində də onun imzasına çox rast gəlmişəm, ancaq ilk dəfə yadımda qalan onunla qiyabi ünsiyyətim belə başladı.

 

Ali məktəbə daxil olandan sonra bir yaradıcı tələbə, eyni zamanda bir poeziya həvəskarı kimi qəzet və jurnallarda dərc olunan şairlərin şeirlərini müntəzəm oxumağa başladım.

 

İkinci kursda oxuyanda bizimlə bir otaqda qalan əmim Nəbi Zeynalovun qrup yoldaşı, məndən bir kurs yuxarıda oxuyan, indi NDPU-nun dosenti Xanəli Kərimli oxumaq üçün APİ-nin Naxçıvan filialından ayrılıb, Bakıya APİ-də oxumağa gəlmək istədi.

 

Bir neçə gün keçəndən sonra dərsdən çıxıb evə gəldim.Qapını açıb stolun üstündə Xanəlinin arxası yazılmış şəklini və şəklin yanında cildi açıq şəkildə qoyulmuş bir kitab gördüm.Kitabın cildinin vərəqində bir beyt Əliağa Vahid, Puşkinin , “Doğrudan da, vicdanı təmiz olmayan yazıqdır” kəlamını, onun ardınca isə :

 

Yersiz boşalandan, yersiz dolandan,

 

Yerində kövrəklik, sərtlik gözləmə.

 

Çörəyi dizinin üstdə olandan,

 

Kişilik gözləmə, mərdlik gözləmə.

 

Səyavuş Sərxanlı 15.IX.1971 misralarını oxudum .

 

Səyavuş Sərxalını ikinci dəfə dərindən həmin misralarla tanıdım, bildim ki, atalar sözü kimi işlənən bu sətirlərin müəllifi sıradan bir insan deyil, kimdirsə, misraları dillər əzbəri olub, başqalarına nümunə göstərilən bir şəxsiyyətdir. Heç bilməzdim ki, bu misraları yazan müəllifin bunu yazanda 33-34 yaşı olub.

 

Səyavuş Sərxanlı ilə üçüncü görüşüm yetmişinci illərin sonunda , hələ “Ulduz” jurnalında şöbə müdiri işlədiyi vaxta təsadüf etdi.

 

Rayondan şəhərə gələndə şeirlərimi təqdim etmək üçünUlduz” jurnalının redaksiyasına getdim. Poeziya şöbəsinin müdirinə müraciət etməyi məsləhət gördülər.

 

İlk dəfə olaraq hələ on il əvvəl imzası mənə cavab məktublarından tanış olan Səyavuş Sərxanlı ilə görüşüb, darısqal otağında qarşı-qarşıya oturduq.

 

Təqdim etdiyim şeirləri nəzərdən keçirib iki misranı ucadan oxudu:

 

“Qış papağın çıxarıbdı asırım,

 

Yaxasını külək açıb çaşırın.”

 

Sonra mənə “çaşır” deyəndə nəyi nəzərdə tutduğumu soruşdu.Mənim yığcam izahımdan sonra bu söz vasitəsilə hər ikimizin düşündüklərimizin eyni olduğu qənaətinə gəldi və bizim dostluğumuz elə həmin gundən, elə həmin söhbətdən

 

başladı. Ondan bir neçə ay sonra bəyəndiyi şeirlərdən biri həmin jurnalda çap olundu.

 

Elə ilk tanışlığımızdan onun isti münasibəti, səmimi davranışı , sadəliyi , görüşdüyü müəllifə qayğısı, redaksiyaya təqdim etdiyi yazılara verdiyi obyektiv qiymət onu bir şairdən çox, bir insan kimi mənim gözümdə ucalardan ucalara qaldırdı və bizim aramızda səmimi dostluq münasibəti yarandı.

 

Tez-tez olmasa da, arabir şəhərdə görüşər, hal-əhval tutardıq.

 

O “Açıq söz” qəzetində işləyəndə (90-cı illərdə) təkcə onun xatirinə həmin qəzeti alıb oxuyar, gündəlik hadisələrdən hali olardım.Səyavuş Sərxanlının təşəbbüsü ilə həmin qəzetin bir səhifəsi yeni yazılan şeir və hekayələrin nəşrinə həsr olunardı.

 

Bir dəfə qəzeti alıb oxuyanda ədəbiyyat səhifəsində verilən şəkil diqqətimi cəlb etdi. Şəkildəki eynilə mənə bənzəyirdi. Səhifəni oxumağa başladım.Səklin yanında mənim şeirlərim verilmişdi. Səyavuşa zəng vurub mənə aid olan (əslində çəkdirdiyim fotodan o qədər də seçilməyən) həmin şəkli haradan aldığı ilə maraqlandım. O bununla bağlı kiçik bir epizod danışdı: “Ədəbiyyat səhifəsini hazırlayanda digər müəlliflərin şəkli olduğu halda, sənin şeirini şəkilsiz verə bilmədim, ona gör də həmin şəkli səni təsəvvürümdə canlandırıb gördüyüm kimi çəkdim.

 

Mən Səyavuş Sərxanlının rəssamlıq qabiliyyətinə heyran qaldım. Ən azından yazdığı şeirlər qədər mükəmməl bir rəsm əsərdi.

 

Onun özü haqqında, həyatı ilə bağlı danışdığı hadisələri qələmə alıb toplasan, bəlkə də, qalın bir kitaba çevrilər. Söyləyirdi ki, Pribaltikada Azərbaycan poeziya günlərində iştirak edərkən (1976) bir jurnalist mənə yaxınlaşıb müsahibə götürmək istədiyini bildirdi.Mən ona çatdırdım ki, burda adlı-sanlı Azərbaycan şair və yazıçıları çoxdur, onların arasından məni seçib, məndən müsahibə götürməyiniz normal alınmaz.Siz mümkünsə, müsahibəni məndən yaşlı olan şairlərdən götürün.

 

O təəccüblə mənə baxıb dedi:

 

-Mən sizi yaxşı anlayıram.Ancaq onlar rus dilində elə danışırlar ki, ruslardan seçilmirlər.Ancaq Siz danışanda danışığınızdan azəbaycanlı olduğunuz o dəqiqə özünü büruzə verir.

 

Buna görə də mən məcbur qalıb müsahibə verməyə razı oldum.

 

Gözəl şair, qələmi iti publisist, 1971-ci ildən AYB və AJB-nin üzvü, “Qızıl qələm” (1977), “Ümumittifaq N.Ostrovski” (1980), “Məmməd Araz” (1980), “Nəcəf Nəcəfov (2000) mükafatları laureatı Səyavuş Sərxanlı 1942-ci il fevralın 28-də Şəmkir rayonunun Sərxanlı kəndində anadan olub.

 

Nizami adına Şəmkir şəhər orta məktəbini qızıl medalla bitirib və elə həmin il , Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. Lakin ürəyi poetik duyğularla coşub-daşan Səyavuş könüllü olaraq tibb təhsilindən uzaqlaşıb.Qəlbinin istəyi ilə sənədlərini ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsinə verib qəbul olunur (1963) və oranı əla qiymətlərlə başa vurur (1967).

 

Ədəbi fəaliyyətə orta məktəbdə oxuduğu illərdən başlamış və hələ şagird olarkən şeirləri “Qırmızı Şəmkir” adlı rayon qəzetində çap edilmişdir.

 

Özü söyləyirdi ki, Tibb İnstitutunu atıb getmişdim rayona.Bir yerdə durub dayana bilmirdim, yerimi tez-tez dəyişirdim, qəlbim bulaq kimi çağlayırdı.Şeirlərimi mərkəzi mətbuatda çap etdirmək üçün yollar axtarırdım. Düşünüb-daşındım və Xalq şairi Nəbi Xəzriyə geniş bir məktub yazıb şeirlərimi də əlavə edib ona göndərdim. Bir müddət qulağım səsdə qaldı. Bir gün rayonda işdən qayıdanda xəbər verdilər ki, şeirlərim Nəbi Xəzrinin təqdimatı ilə “Azərbaycan gəncləri” qəzetində çap olunub. Sevincdən necə qışqırdımsa......O hissi sözlə ifade etmək qeyri-mümkündr.

 

Qəzeti tapıb oxudum, gördüm ki, N.Xəzrinin yığcam təqdimatından sonra”Cığır” və “Səslədi məni ” şeirlərim nümunə kimi çap edilib”.

 

“Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” kitabında Nebi Xəzrinin bu təqdimatının

 

“Azərbaycan gəncləri” qəzetinin 1961-ci il nömrəsində dərc olunduğu qeyd olunur. Lakin N.Xəzriyə ünvanladığı məktubda yazır: “Mənim 20 yaşım bu yaxınlarda, fevral ayının 28-də tamam olmuşdur”.

 

Deməli, Səyavuş Sərxanlının N.Xəzrinin təqdimatı ilə çıxan şeirləri 1963-cü ildə, o institutun birinci kursunda oxuyanda dərc olunmuşdur.Bu xəbəri eşidəndə isə Tələbə İnşaat dəstəsinin üzvü kimi rayonda çalışırmış.

 

Şair 9 şeir kitabı,5 tərcümə əsərinin müəllifidir. 1968-ci ildə nəşr olunanQayit” adlı ilk kitabı “Gənclik” nəşriyyatında çap olunmuşdur. Kitaba daxil edilən “Ayaqlar-Addımlar” şeirində yazılır:

 

Ömür nur çeşməsi-

 

Coşub axacaq...

 

Bir arzu səsidir hər addım səsi,

 

Vicdandan kənara bir addım atmaq,

 

Ömrün alçalması, ləkələnməsi.

 

Şair şeirində insanları vicdanlı olmağa çağırır, vicdandan kənara atılan addımları insanlığın alçalması, ləkələnməsi kimi qəbul edir.

 

Doğrudan da, bu gün də belədir, bütün qanunlardan, qaydalardan öndə duran vicdandır! Vicdandan kənar bir addım atılırsa, bütün insanlığı nizamlayıb qoruyan qayda və tələblərin əleyhinə addım atmış hesab olunur.

 

Səyavuş Sərxanlının yaradıcılığı çoxşaxəlidir. Onun şeirlərində ana, Vətən,sevgi, təbiət və insani duyğular ilk sırada dayanır.

 

Şair anası Səadət xanıma həsr etdiyi “Ana” şeirində yazır:

 

Vuruldum Vətənə ana adında

 

Ömrümün gecəsi, gündüzü ana.

 

Həyat dediyimiz kainatın da,

 

İlk sözü anadı, son sözü ana.

 

Və onun ardınca həm ona, həm də anasına ana olan Vətən haqqında “Vətən, səslə oğlunu” şeirində yazır:

 

Ağacınam-ayaq üstə, yuxusuz,

 

Əlacınam- qadağasız, qorxusuz

 

Leylacınam-duya bilməz duyğusuz,

 

Möhtacınam-yüz sınaqsız, sorğusuz,

 

Neyə tutum, göydən asım yolunu,

 

Vətən, var ol,

 

Vətən , səslə olğlunu!

 

O, “İnsan” şeirində dünya ilə insanı qarşı-qarşıya qoyur, göstərir ki, sevərək gəldiyin , min bir məhəbbətlə könül verdiyin dünya son anda sənə dönük çıxır, verdiyini geri alan insanlar kimi...

 

Bir bənddə iki qütb qarşılaşır- bütün varını insanların qarşısına süfrə kimi açan və son anda bütün verdiklərini insanın özü qarışıq geri istəyən hərdəmxəyal insanlara bənzəyən dünya...

 

Kimi sevdik, gördük yüklü qatardı,

 

Səbrimizi çaldı-çapdı apardı.

 

Qayğıların qaysağını qopardı .

 

Soyuq istək,

 

İsti talan olmaya,

 

İnsan odur, oxşamaya dünyaya,

 

Verdiyini geri alan olmaya...

 

O, ömrünün çoxunu şəhərdə yaşasa da, qəlbində bir kənd həsrəti,doğma yurd sevgisi bütün sevgilərdən öndə dayanırdı. Ona görə də 1978-ci ildə yazdığı şeirlərindən birində deyirdi:

 

Qardaş kürəyidi, bacı nəfəsi,

 

Məndən öncə uçur harayı, səsi,

 

Qoy böyük şəhərlər qürrələnməsin,

 

Hamısının atası, anası kənddir.

 

Səyavuş Sərxanlı təmənnasız insan idi. Ona yad baxan, onu sevməyənləri də sevməyi bacarırdı. Bu duyğuları “Sevənlər, sevməyənlər” şeirində daha gözəl ifadə edib:

 

Ey məni sevənlər,

 

ey sevməyənlər,

 

Sizi düşünürəm, qurbanam sizə.

 

Dalımca yaxşı söz, pis söz deyənlər,

 

Qəlbimi döşərəm qədəminizə.

 

Şair böyük ürəyə sahib bir insan idi. O özünə olan haqsızlığı insan düşüncəsinin kallığı kimi qəbul edirdi. İnanırdı ki, xəbis, xain insanlar da nə vaxtsa kamilləşəcək və onlar da insanlara sevgi gözü ilə baxmağı öyrənəcəklər. Şair oxucularını da bütün pislikləri unutmağa, bu əməl sahiblərini bağışlamağa çağırırdı. O,“Unut getsin” şeirində yazırdı:

 

Yüz yol yanıb oxşasan da sən neyə,

 

torpağa yiyə sənsən, göyə,

 

Bəsdir, ürək, qan ağlama qəm deyə-

 

Unut getsin,

 

unut getsin hər şeyi!

 

Kim görübdü göz yaşından pay olsun?

 

Eldi gəlir, toy olsun, ya vay olsun,

 

Yaşa getsin , hər nə olur, qoy olsun,

 

Unut getsin,

 

unut getsin hər şeyi!

Səyavuş Sərxanlının dünyagörüşü o qədər zəngin , kamil və hərtərəfli idi ki, qarşılaşdığı pisliklərə insanların səhvi kimi yanaşırdı. Düşünürdü ki, gec-tez hər bir insan öz səhvini anlayıb, doğru yol seçməyi bacaracaq – “Allah yoluna qayıdacaqdır!

 

Şair dünyaya gəlib gedən hər kəsin günün birində unudulacağını bir həyati qanun kimi qəbul edirdi. Ancaq ona da inanırdı ki, unudulmayan, insanların qəlbinə yol tapan, onları həm ağlatmağı, həm güldürməyi bacaran, sevindirə bilmək gücünə sahib olan şeirlərin altında olan imzalar da , şeirlər kimi hər an oxunacaqheç zaman unudulmayacaq. Buna görə də “Məni sorusan olsa” şeirində yazırdı:

 

Məni xatırlayan,

 

Soruşan olsa-

 

Üzüm ellərədir,

 

Ünvanım- şeir.

 

Kim məni tapanda pərişan olsa ,

 

Özümə tutduğum divanım-şeir.

 

Gecikən sevginin gizli ahları

 

O yaslar, o toylar- düyünlər- şeir.

 

Dostların səhvləri öz günahlarım,

 

Açılan, açılmaz düyünlər – şeir.

 

Səyavuş Sərxanlının arzusu, əməli, qəmi, kədəri – hər nəyi varsa öz əksini şeirlərində tapıb. Özü kimi seirləri də səmimi, saf, təmiz, qəlbə yaxındır.

 

Mənim 1993-cü ildə çap olunanÜyüt, ömür dəyirmanı” kitabıma Səyavuş Sərxanlı “Bütün böyük oğullar kənddə doğulur, səhərdə ölməyə gəlir” sərlövhəli ön söz yazmışdı. Ancaq mən Səyavuş Sərxanlının timsalında yəqinləşdirdim ki, kənddə doğulub şəhərə gələn oğulların hamısı bura ölməyə gəlmir, yüksək qabiliyyəti, istedadı olanlar əbədiyyətə qovuşmağa, əbədiyaşarlıq qazanmağa gəlir,eynən SƏYAVUŞ SƏRXANLI kimi.

29 iyun 2020

 

 

Sərdar Zeynal

 

Filologiya üzrə elmlər doktoru

 

Hürriyyət.- 2020.- 2-3 iyul.- S. 13.