Gəncə üsyanı – 100:
Şərəf və namusumuzun paytaxtı
Azərbaycanın
müstəqilliyi uğrunda döyüşlərdə
canından keçmiş əsgər və zabitlərimizə
ithaf olunur
28 Aprel işğalından sonra ilk həftə XI Qırmızı Orduya xalqı incitməmək tapşırılmışdı. Bolşeviklər özlərini elə aparırdılar ki, guya onların istədikləri təkcə Azərbaycanda fəhlə-kəndli hakimiyyəti qurmaq və bir də neftdir. Qalanıyla işləri yoxdur. Rusiyanın rəhbəri Lenin mayın 5-də Bakıya təbrik teleqramında şəxsən şüar deyirdi: "Yaşasın müstəqil Azərbaycan Sovet Respublikası!” Amma ölkədə diviziyalarının sayını artırdıqca, bolşeviklər azğınlaşır, iqtisadiyyatı talayır, xalqı soyurdular. Kütləvi həbslər başlanmışdı. Qəzetlər hər gün güllələnən "əksinqilabçılar”ın siyahılarını dərc edirdilər. Milli Ordu hissələrini "yenidən qurmaq” adı ilə ya buraxır, ya rus diviziyalarının tərkibinə qatırdılar. Bakıda özünü təhlükəsizlikdə hiss edən sovet komandanlığı əsas diqqətini Gəncəyə və Qarabağa yönəltmişdi. Çünki Azərbaycanın Milli Ordu hissələri Ermənistanla Qarabağ müharibəsi səbəbindən bu bölgələrdə cəmlənmişdi. Doğrudur, indi həmin qüvvələr sovet hökumətinə tabe idilər, amma Azərbaycanla "müstəqillik” oyununu birdəfəlik bitirmək üçün ilk növbədə onun ordusunu bitirmək lazım idi. Xüsusilə Cavad xanın ruhunu yaşadan üsyankar Gəncə ram edilməliydi…
***
Gəncə qubernatoru Xudadat bəy Rəfibəyliyə bu bəd xəbəri Bakıdan həmyerlisi, sosialist millət vəkili Aslan bəy Səfikürdski çatdırdı. Zəng edib dedi ki, parlament artıq hakimiyyəti bolşeviklərə təslim edib və Hərbi-İnqilab Komitəsinin qərarına əsasən, Gəncə qubernatorunun fəaliyyətinə xitam verilıb.
Xudadat bəy müavini, polkovnik Hüseynqulu xan Xoyski ilə hazırlıq işlərini gördü və mayın 1-də quberniyanı yerli bolşeviklərin lideri İbrahim Əliyevə təhvil verdi.
XI Ordunun "Mixail Ulyantsev” zirehli qatarı, 20-ci atıcı diviziyası və 28-ci diviziyasının desant dəstələri artıq Gəncə stansiyasını tutmuşdular. Mayın 2-də 2-ci süvari korpusu və Taman süvari diviziyasının alayıarı da şəhərə çatdılar və ətraf əraziləri nəzarətə götürdülər.
HAŞİYƏ
Ruslar bir ucdan qərbə qoşun daşıyırdılar. Azərbaycanın sürətli işğalından dişlərinin dibində şirə qalmışdı. Sərhəddə insident yaradıb, bir bəhanə ilə Gürcüstana girmək, Tiflisi də ələ keçirmək istəyirdilər. Mayın 6-da Britaniya hökumətinin Tiflisdəki nümayəndəsi, komissar Lyuk Londona "əlahiddə təcili”, şifrəli teleqram göndərmişdi: "…100-minlik bolşevik ordusu Azərbaycan istiqamətində cəmləşdirilib… Plan üzrə əvvəlcə Gürcüstana Poyludan hücum olacaq… Birləşmiş Ştatların bütün hərbi ofisi də dünən müttəfiqlərin missiyalarına və yerli hökümətə xəbər vermədən, qəflətən Tiflisi tərk edərək Batuma köçüb”. Amma arxadan, xüsusilə Gəncədən hər zaman təhlükə gözləyən rusların tərəddüdləri bu planın icrasını gecikdirirdi. Gəncədə isə general Cavad Şıxlinskinin komandanlığı altında Azərbaycan Milli Ordusunun 1-ci diviziyası dayanmışdı.
Hələ aprelin 29-da Azərbaycan Hərbi-İnqilab Komitəsi – Azrevkom – milli ordunun operativ qaydada XI Qırmızı Ordunun tabeçiliyinə verilməsi barədə qərar çıxarmışdı. Bütün rütbələr, milli fərqlənmə nişanları ləğv olunmuşdu. Ancaq bu, kifayət etmirdi. Mayın 7-də Azrevkom yeni qərarı ilə silahlı qüvvələrimizi nəinki operativ, həm də inzibati, təşkilatı qaydada, təchizat məsələlərində XI Ordunun ixtiyarına verdi. Bolşeviklər hərbi hissələri "yenidən formalaşdırmaq” adı ilə onları tərksilah etməyə, komandirləri ermənilərlə, ruslarla əvəzləməyə başladılar. Artıq görünürdü ki, məqsəd Azərbaycan diviziyalarını Rusiya ordusunun içərisində əridib, yox etməkdən ibarətdir.
Azərbaycan hissələrində narazılıq artırdı. Həm də bu, təkcə ordunun öz vəziyyəti ilə bağlı deyildi, əsgər və zabitlərimizi dövlət müstəqilliyinin əldən verilməsi, bolşeviklərin əhali ilə günü-gündən daha kobud davranması hiddətləndirirdi. İlk vaxtlar camaata toxunmayan "qırmızılar” indi insanların malını-mülkünü zorla müsadirə edir, repressiyaların dairəsini genişləndirirdilər. Sovet əsgərlərinə güvənən ermənilər də bir tərəfdən ayaq almışdılar. Gəncənin müsəlman əhalisinin hörmətli adamlarını, başbilənlərini şərləyib tutdururdular. Mayın 10-da Qırmızı Ordu diviziyasının Xüsusi şöbəsi bir qrup erməninin donosu əsasında gəncəlilərin sevimlisi, şəhər xəstəxanasının direktoru, keçmiş qubernator Xudadat bəy Rəfibəylini həbs etdi. Mayın 12-də onu Bakıya apardılar və 8 gündən sonra xəlvəti güllələdilər…
Gəncə zabitləri və ziyalıları əvvəlcə Bağmanlar məhəlləsində evdə, sonra Kürqırağı meşələrdə gizli yığıncaqlara toplaşırdılar. Hiylə ilə ölkəyə soxulmuş bolşeviklərin iç üzü açıldıqca, silaha sarılmaq tərəfdarlarının sayı artırdı. Mayın 16-da ilk dəfə üsyan planı müzakirə olundu. Gözlənilmədən hücuma keçib şəhərdəki Qirmizi Ordu hissələrini tərksilah etmək, sonra Qarabağdakı Milli Ordu alayları və Gürcüstan qoşunu ilə birləşmək, ölkəni azad etmək qərara alındı. Bu təkliflə Tiflisə və Tərtərə adamlar yola salındı.
HAŞİYƏ:
Tiflisə kimlərin göndərildiyi barədə həmin toplantıda iştirak edənlərin xatirələrində iki versiya söylənir. Üsyan rəhbərlərindən biri, diviziyanın alay komandiri, polkovnik Cahangir Kazımbəyov bunların iki gürcü zabiti olduğunu yazır. ADR-in Əksinqilabla mübarizə əşkilatının keçmiş rəhbəri
Nağı bəy Şeyxzamanlı isə həmin missiyanın ona həvaləolunduğunu deyir. İstənilən halda, "gəncəlilərlə gürcülər ümumi düşmənə qarşı mübarizədə nə üçün birləşə bilmədilər?” sualının cavabı eyni ünvandan gəlir. Gürcüstan Silahlı Qüvvələrinin Baş Komandanı, general Giorgi Kvinitadzenin xatirələrində oxuyuruq: "Qırmızı körpü-Sadaxlı cəbhəsində qoşunlarımız hücuma hazır idilər… Mən kəşfiyyatımızdan, Azərbaycandan qaçmış gürcü zabitlərindən və hökumətin keçmiş üzvlərindən məlumatlar alırdım. Onlar göstərirdilər ki, Azərbaycanda… əhalinin işğalçılara qarşı etirazı artır, passiv ordu məqam gözləyir, bəzi hissələr artıq fəallıq nümayiş etdirir… Əmin idim ki, bir qığılcıma bənd Azərbaycan qalxacaqdı… Hökumətimizin sədri isə hərbi əməliyyatları davam etdirməyə meylli deyildi. Nəhayət, razılaşdı… Mayın 19-da ordumuz hücuma başlamalı idi. Hərbi nazir və mən Sadaxlıya getdik. Ancaq həmin gün hökümətimizin sədrindən hərbi əməliyyatları dayandırmaq və rəqiblə sülh danışıqlarına başlamaq haqqında qısa teleqram aldım. Biz Tiflisə qayıtdıq və mən istefa verdim… Bir həftə keçməmiş, mayın 25-də Yelizavetpolda (Gəncədə – red.) üsyan qalxdı və bolşeviklər tərəfindən amansıızlıqla yatırıldı… Mayın 19-da biz hücuma keçsəydik, belə olmazdı”.
Ancaq Rusiya-Gürcüstan danışıqları gizli aparılırdı və Gəncədə bundan təbii ki, xəbərsiz idilər. Qarabağa göndərilən zabitlərin də Yevlax yolunda saxlanılıb güllələndiyini bilmirdilər. Böyük ümidlərlə üsyana hazırlıq davam edirdi. Rusları duyuq salmamaq üçün "təlim” adı altında diviziyada hər gün atıcılıq üzrə məşğələlər keçirilirdi.
Bununla belə, XI Ordu qərargahında Gəncədə vəziyyətin gərgin olduğunu bilirdilər. Mayın 18-də ordu komandanı Levandovski Gürcüstanla sərhəddə cəmləşmiş hərbi hissələrdən bir neçəsinin Azərbaycanın içərilərinə köçürülməsi əmri verdi. Onların çoxu Gəncə ətrafında yerləşdirilməli idi. Mayın 20-də şəhər komendantı Məhəmməd Mirzə Qacar vəzifəsindən üzaqlaşdırıldı. Diviziya komandiri Cavad bəy Şıxlinski çıxarıldı, yerinə ruslardan Şevelyov soyadlı birisini təyin etdilər. Əfsanəvi 1-ci piyada diviziyasının bazasında "Birləşmiş Qırmızı Fəhlə-Kəndli Diviziyası” yaratmaq üçün Bakıdan XI Ordunun inspektoru Melnikov da Gəncəyə gəldi. Bu, diviziyada böyük həyacanla qarşılandı. Artilleriya briqadasının komandiri, polkovnik Daniyal bəy Həlləcovun qızı Leyla Həlləcova xatirlayır:
"Həmin axşam atam evə gələndə özündə deyildi. Şəhər komendantı Məhəmməd Mirzə Qacarın və diviziya komandiri Cavad bəy Şıxlinskinin çıxarılması onu çox əsəbiləşdirmişdi. Atama demişdilər ki, XI Ordu qərargahından gələnlər bizim komandir heyəti ilə kobud davranırlar… Bütün əsgərlərimiz və zabitlərimiz bir səslə etiraz edirlər”.
Bu hadisə üsyanın sürətləndirilməsinə təkan verdi. Mayın 22-də Cahangir Kazımbəyovun təşəbbüsü ilə hərbçilər şəhərdən 20 km aralıda, Nüzgar kəndində toplaşdılar. Kəndə qaçaqlar nəzarət edirdilər. Taktiki plan hazırlandı. Dəmir yolunu tutmaq, Bakı ilə qərb bölgəsinin əlaqəsini kəsmək, oradakı Qızıl Ordu birləşmələrinin Azərbaycanın içərilərinə hərəkətinin qarşısını almaq, nəhayət, bolşevik hakimiyyətinə son qoymaq qərara alındı. Üsyana ümumi rəhbərliyi generallar Cavad bəy Şıxlinski, Məhəmməd Mirzə Qacar və polkovnik Cahangir bəy Kazımbəyov həyata keçirməli idi. Şıxlinski artilleriyanı, Kazımbəyov Gəncə alayını və partizan dəstələrini idarə edəcəkdi, Mirzə Qacar müdafiə qurğularına cavabdehlik daşıyırdı. Sarı Ələkbər, Qaçaq Qənbər, digər qaçaqlar üsyana dəstək verəcəkdilər. Gürcü ordusuna və Qarabağdakı dəstələrimizə də böyük ümid bəslənilirdi.
HAŞİYƏ:
Üsyan ərəfəsində Gəncədə və şəhər ətrafında qüvvələr nisbəti, xüsusilə silah sarıdan düşmənin xeyrinə idi. Üsyançıların sərəncamında Gəncə piyada alayı, Şəki süvari alayının təlim komandası, bir top batareyası və qərargahın komendant hissəsi – cəmi 1800 əsgər vardı. Rusların əsas güvvələri – 20-ci diviziyanın iki atıcı alayı şəhərin ermənilər yaşayan cənub-şərqində məskunlaşmışdı, 3-cü briqadanın rabitə batalyonu və qərargahın komendant hissəsi isə şimal-qərbdə azərbaycanlıların yaşadığı hissədə yerləşmişdi. Onların cəmi 2000 əsgəri, 30 pulemyotu, 1 artilleriya divizionu, bindan başqa, Zurnabadda 450 süvarisi, səkkiz pulemyotu, bir top batareyası, Helenendorfda artilleriya qərargahı və hərəsinin 2 topu olan 2 batareyası var idi.
25 may
Üsyan mayın 25-dən 26-na keçən gecə şəhərin müsəlman hissəsində başladı. Milli Ordu 3-cü briqadanın komandiri Şirmaxeri qərərgahı ilə birlikdə həbs etdi, 600 nəfərdən ibarət şəxsi heyəti əsir götürdü, 20-ci diviziyanın üç artilleriya batareyasını ələ keçirdi. Gecə ikən bolşeviklərin tutduqları adamlar həbsxanadan buraxıldı və şəhər əhalisi silahlandırıldı. Ancaq Gəncə alayının batalyonları sovet alayları ilə qızğın döyüşdən sonra şəhərin ermənilər yaşayan hissəsindən geri çəkilməli oldu.
26 may
Gün ərzində davam edən döyüşlərdən sonra milli ordu dəmir yolu vağzalını, ardınca, demək olar, bütün şəhəri ələ keçirdi. Üsyan planının birinci mərhələsi uğurla başa çatdırıldı. Bu, böyük qələbə idi və rusları həm qəzəbləndirmiş, həm də qorxuya salmışdı. Həmin gün XI Ordu komandanlığının bütün hərbi hissələrə göndərdiyi 60 saylı məxvi-operativ direktivdə deyilirdi:
"Azərbaycan ərazisi hərbi rayonlara bölünür, üsyanların qəddarlıqla yatırılması həmin rayonların məsul rəislərinə tapşırılır… Üsyanı yatırarkən rayon rəisləri ləğvetmə əmri gözləməməlidirlər, çünki rabitə hər an pozula bilər… Bütün şübhəli ünsürlər məhkəməsiz güllələnməlidir… Kiçik qığılcımlar sərtlik və amansızlıqla yatırılmalıdır, əgər üsyanlar… kütləvi fövqəladə hal xarakteri alarsa, o zaman hamımız Bakıya çəkilməli və şəhəri bütün ziyanlı ünsürlərdən təmizləməliyik. Daha sonra respublikanın digər ərazilərində üsyanlar amasızcasına yatırılmalıdır”.
27 may
Üsyanın yayılmasından qorxan sovet komandanlığı Gəncə rayonuna tələsik əlavə hissələr – atıcı alaylar, süvari dəstələri, artilleriya, zirehli maşınlar gətirməli oldu. Yeni qüvvələr və Qazaxdan qaytarılmış zirehli qatarla bolşeviklər stansiyanı geri aldılar. Bundan sonra şəhərə girmək üçün onlar dalbadal 7 dəfə hücuma kecdilər, amma Gəncə müdafiəçilərinin müqavimətini qıra bilmədilər.
Gəncə şimal tərəfdən aramsız top atəşinə tutulduğu bir vaxtda cənubdan, Yelenendorf istiqamətindən ermənilər bolşeviklərlə birləşərək basqın etdilər, amma böyük itkilərlə geri otuzduruldular.
28 may
Azərbaycanın müstəqilliyinin ikinci ildönümünü Gəncə işğaldan azad qarşıladı.
Polkovnik Kazımbəyov xatırlayır: "Olduqca gözəl bir gün idi. Sanki, təbiət də sevinirdi, üzüntülər içində olan xalqa mərhəmətini göstərirdı. Əvəzində düşmən sübh tezdən canfəşanlıq edirdi. Hər tərəfdən top səsləri gəlirdi”.
Üsyanı məhz mayın 28-də yatırmaqla ruslar Azərbaycana daha bir dərs vermək istəyirdilər. Bu məqsədlə onlar Gəncəyə əlavə olaraq Yefremovun zirehli qatarlar qrupunu, Kurışkonun 18-ci süvari diviziyasını, Velikanovun 20-ci atıcı diviziyasının yeni birləşmələrinı və haubitsa divizionu gətirmişdilər.
Səhər 7-də 2-ci batalyonun komandiri, alman əsilli polkovnik Hauzen şəhər ətrafinda düşmən süvarilərinin toplaşdığı barədə qərargaha xəbər göndərdi. Kazımbəyov özü döyüş mövqeyinə getdi və rəqibin planını dərhal anladı. O, bütün topları və pulemyotları önə çıxarıb atəşi dayandırmağı əmr etdi.
Rus süvariləri 4 eşelona bölünüb hər eşelonda 2 eskadron olmaqla hücuma keçdilər. Gəncə müdafiəçilərinin mövqeyində sükut hökm sürürdü. Eskadronlar sürətlə yaxınlaşırdı. Arada 600 metr məsafə qalanda "atəş” komandası gəldi. Süvari diviziyasının bu həmləsini üsyançıların iki batalyonu yüzlərlə tüfəngdən, 5 topdan, 22 pulemyotdan yaylım atəşi ilə qarşıladı.
"Azərbaycanlılarının tutduğu mövqenin qarşısında meydan insan meyitləri, at cəsədləri ilə, yaralılarla dolmuşdu…”, deyə Kazımbəyov xatirələrində yazır.
Yelenendorf istiqamətindən rus və erməni piyadalarının hücumu da uğursuzluqla bitdi.
Qəzəblənmiş düşmən günortadan sonra şəhəri bir neçə istiqamətdən top atəşinə tutdu. Dörd saat davam edən bombardman axşam 8-də dayandı. Sovet ordusunun Operativ idarəsinin rəisi Voronkovun qərargaha raportunda deyilirdi: "Şəhərin yarısı artilleriya zərbəmizlə dağıdılıb.”
1920-ci
ilin 28 may bayramı Gəncədə belə keçdi. Şəhərin müdafiəçiləri Vətən
torpağını özlərinin və düşmənlərin
qanı ilə bolluca suvardılar.
HAŞİYƏ:
General Şıxlinski bombardmanlar zamanı
yaralandığından, onun yerini polyak əsilli zabit
Stankeviç tutmuşdu. General Mirzə Qacar xəstələndiyi
üçün hərbi əməliyyatlardan kənarlaşmışdı.
Düzdür, Kazımbəyov rəhbərlikdə tək
qalmamışdı, general Teymur bəy Novruzov var idi, diğər
Mirzə Qacarlar, Xoyskilər var idi, polkovnik Daniyal bəy Həlləcov
var idi, cəsur batalyon komandirləri, polkovnik Hauzen və
kapitan Mirizadə var idi, şücaətlə
döyüşən qaçaqlar Sarı Ələkbər,
Qaçaq Qənbər, Qaçaq Məmmədqasım,
Ramazanoğulları, Tatoğlu Həsən, onlarla
başqaları var idi. Amma qırmızılar qərbdə
Balçılıya gedən yolu da kəsəndən sonra
şəhər tam mühasirəyə
düşmüşdü. Gəncəyə
heç yerdən yardım gəlmirdi, patron, mərmi tükənmək
üzrə idi. Qarabağdan xəbər
çıxmırdı. Tiflisdən
alınan xəbər isə üsyançılara
sarsıdıcı zərbə olmuşdu. Kazımbəyov yazır ki, Gürcüstanla
Rusiyanın razılığa gəlməsi haqqında məlumat
onlara məhz mayın 28-dən 29-na keçən gecə
çatmışdı. Döyüşə yeni-yeni
hissələr atan düşmən artıq nəinki
gündüzlər, gecələr də hücumlara ara vermirdi. O, şəhər müdafiəçilərinin
iradəsini qıra bilmədiyi üçün onları yorub
haldan salmaq istəyirdi.
29 may
Dan yeri söküləndə rusların ağır
artilleriyası təzədən işə düşdü. Saat 7-də 178-179-cu alaylar
şəhərin şimalından və şimal-qərbindən,
18-ci süvari diviziyasının qüvvələri cənubdan
və cənub-qərbdən, 180-ci alay və
erməni dəstələri şərqdən Gəncəyə
soxulmağa cəhd etdilər. Ancaq azərbaycanlıların
əks-həmlələri ilə bütün istiqamətlərdə
geri otuzduruldular. XI Ordu qərargahının operativ məlumatında
həmin günün döyüşləri haqqında
deyilirdi: "Mühasirədə olanlar… inadlı müqavimət
gəstərdilər və bizə əhəmiyyətli itkilər
verdirdilər”. Gəncə müdafiəçilərinin də
itkiləri az deyildi. Döyüşlərdə
azərbaycanlıların hər iki batalyonunun komandirləri,
polkovnik Hauzen və kapitan Mirizadə, Şıxlinskini əvəz
etmiş podpolkovnik Stankeviç qəhrəmancasına həlak
oldular.
30 may
Bolşeviklər
çıxış yolunu say üstünlüyünü
artırmaqda görürdülər. Gürcüstanla
sərhəddən 175-ci və 176-cı atıcı
alayları, bir artilleriya divizionu, ermənilərdən tərtib
olunmuş dağ batareyası və Bakıdan zirehli avtomobil
divizionu da gəldi. Beləliklə, şəhər
üzərinə həlledici hücum üçün Gəncə
ətrafında 5 atıcı, 6 süvari alayı, 7 əlahiddə
hissə, 57 top, iki zirehli avtomobil divizionu, 6 zirehli qatar
toplandı. Sovetlərə 3000 nəfərlik
erməni hərbi dəstələri yardım göstərirdilər.
Mayın 30-da şəhərin kənarında
ağır döyüşlərdən sonra
qırmızılar ermənı məhəlləsinə girə
bildilər. Amma oradan müsəlman məhəlləsinə
hücuma keçənləri azərbaycanlılar heç
aradakı Gəncə çayına yaxın buraxmadılar.
31 may
Gəncəyə son hücum dəmir yolu vağzalı
tərəfdən başladı. Bütün
artilleriyanın dəstəyi ilə qırmızılar
şimaldan şəhərə soxuldular, ancaq irəliləyə
bilmədilər. Gəncəlilər hər
evi, hər çardağı qalaya çevirmişdilər.
Bu çətin saatlarda üsyanın taleyini
"sapı özümüzdən olan baltalar”ın – Azərbaycan
kommunistlərinin satqınlığı həll etdi. Xüsusi
missiya ilə Gəncəyə göndərilmiş komissarlar
Həmid Sultanov və Sultan Məcid Əfəndiyev Bakıdan
gətirdikləri dəstə ilə şəhərin müsəlman
məhəlləsində həbsxanaya hücum etdilər.
Yerli kommunistlərin köməyi ilə
mühafizəçiləri zərərsizləşdirdilər
və əsir saxlanılan rus komandiri Şirmaxeri, 2000-dək əsgəri
azadlığa buraxdılar, silah anbarını ələ
keçirdilər. Gözlənilmədən
üsyançıların müdafiə xəttinin
arxasında peyda olan bu qüvvə vəziyyəti dəyişdi.
Küçə döyüşləri
başladı.
Gəncəlilər qadınlı-kişili
vuruşurdular.
Xİ Ordunun 1 iyun tarixli operativ məlumatında
deyilir ki, üsyançıları "hər evdən
artilleriya atəşi ilə çıxarmaq lazım gəlirdi”.
XI Ordunun hadisələr vaxtı Gəncədə olan
inspektoru Melnikov Qafqaz Cəbhəsinin Hərbi-İnqilab
Şurasının üzvü Orconikidzeyə raportunda
yazırdı: "Üsyançılar, demək olar,
bütün müsəlman əhalisindən ibarət idi. Qadınların tüfəng atması halları da
olurdu, sonra axtarış zamanı bəzilərinin donunun
qatlarından revolver çıxırdı. Hətta bir qırmızı əsgər mənə
danışdı ki, qadınlardan birini damda pulemyot
arxasında tapmışdılar”.
Ancaq bombardmanlarla viran qoyulmuş Gəncənin müdafiə
imkanı tükənmişdi. Axşama üsyan, demək
olar, yatırılmışdı. Bununla
belə, ayrı-ayrı küçələrdə
müqavimət davam edirdi.
3-cü Gəncə alayının sağ qalmış əsgər
və zabitlərinin böyük şücaəti nəticəsində
şimal-qərbdə mühasirə halqasını yarıb əhalinin
bir hissəsini şəhərdən çıxarmaq
mümkün oldu. Polkovnik Kazımbəyov Gəncə üsyanı
haqqında xatirələrinin yekununda bu son əməliyyat
haqqında da məlumat
verir: "Sakinlər fasiləsiz axınla şəhəri tərk
edib dağ kəndlərinə üz tutdular. Erməni
məhəlləsi tərəfdən evakuasiya dəhlizini
qoruyan taqımlar mühasirəni yarmış əsas qüvvələrə
qoşuldular. Qoşün sakinlərin arxasınca
çıxdı…”
HAŞİYƏ:
Mayın
31-də axşam saat 8-də Orconikidze Bakıdan Leninə və
Stalinə teleqramında yazırdı: "Altı
günlük inadlı döyüşlərdən sonra
üsyan ən qəddar şəkildə
yatırıldı”. İyunun 10-da silahdaşı Kirovla
telefon söhbətində isə o, əlavə edirdi:
"Ağlagəlməz qəddarlıqla yatırıldı,
şəhər artilleriya atəşi ilə
dağıdıldı”. Ən qaniçən
sovet rəhbərlərindən birinin dilində bunun nə demək
olduğunu təsəvvür etmək belə çətindir.
Şəhərə girən qırmızılar yerli
ermənilərlə birləşib Gəncəni tərk etməyə
macal tapmamış müsəlmanları qırırdılar. Vəziyyəti yerində
öyrənmək üçün Gəncəyə göndərilmiş
kommunist Müstafa Sübhi mərkəzə raportunda
yazırdı: "Dinc əhalidən 3500-4000 ölü saymaq
olur. Meyitlərin çoxu bağlarda, evlərin
içində və zirzəmilərdə tapılıb.
Bu, onunla izah edilir ki, qırmızılar gələndə əhali
bağlara qaçıb, evlərdə, zirzəmilərdə,
kim harada bacardı, gizlənib. Bəziləri bunun ermənilərin, digərləri
– qırmızı əsgərlərin işi olduğunu təsdiqləyirlər”.
Gəncə
hadisələri barədə Qafqazda Fransa missiyasının məxfi
hesabatında deyilirdi: "Şəhərin bütün
müsəlman hissəsi dağıdılıb, ölənlər
arasında 2-3 yaşlı uşaqlar var. Zorakılığa məruz
qalmış qadınlar arasında 8 yaşlı qıza da
rast gəldik”. Şahidlərin söylədiklərinə
görə, qız-gəlinlər namusunu qorumaq
üçün özlərini çaya atırdılar.
Gəncə çayı da, Qoşqar da iki
gün davam edən güclü yağışlardan sonra
daşmışdı. Qaçaq Məmmədqasım
xatirələrində tükürpədici səhnələr
təsvir edir: "Şəhərin su hovuzları qanla
dolmuşdu”, "daş-qaya, nə vardısa sürükləyib
gətirən Qoşqarı belə görən
olmamışdı, dalğalar içi insalnlarla dolu
arabaları beşik kimi atıb-tutur, sulara qərq edirdi”…
İlk günlər meyitləri basdırmağa icazə
vermirdilər.
İyunun 4-də fövqəladə komissar Mirzə Davud
Hüseynov Gəncədən Azrevkoma yazırdı: "Şəhərin
küçələrində meyit qalaqları indiyədək
durur!” Yalnız epidemiya təhlükəsi
qarşısında, məsələ Bakıda müzakirə
edildikdən sonra, Gəncə Vilayət Komitəsi
"öldürülənlərin meyitlərinin qohumları
tərəfindən maneəsiz basırılmasına dair”
göstəriş verdi.
Gəncə qurbanlarının sayı barədə
müxtəlif rəqəmlər söylənir. XI Ordunun arxiv
sənədlərində 1000 şəhər müdafiəçisinin
öldürüldüyü göstərilir. Amma həmin
günlərdə ABŞ-in "New York Times” qəzeti Dövlət
Departamentinə istinadən Gəncənin bütün müsəlman
əhalisinin "qəddar vəhşiliklə” məhv
edildiyini yazırdı. Britaniyanın "Vestern Gazette” və
"Çeltenham Kronikl” nəşrləri qırğında
15 min insanın qətlə yetirildiyini xəbər verirdi.
Qafqazda fransız hərbi missiyası "şəhərə
azı 8 min mərmi atıldığını,
öldürülmüş müsəlmanların
sayının 10 min nəfər təşkil etdiyini, Gəncədə
faktiki olaraq, müsəlman qalmadığını” bildirirdi.
Müasir tarixi ədəbiyyatda da əsasən 10-12 min
arasında rəqəmlər gətirilir…
HAŞİYƏ:
…Onların
arasında dünyadan bixəbər körpələr də,
ahıl generallar da, Firudin bəy Köçərli, Məhəmməd
Hadi kimi görkəmli şəxsiyyətlər də var idi. Amma Gəncə üsyanının qiyməti bir
şəhərin həyatı deyildi, bir millətin şərəfi
və namusu idi.
"Nə oldu ki, biz, Azərbaycan türkləri, belə
asanlıqla, müqavimət göstərmədən, etirazlar
etmədən, zəngin və çiçəklənən
məmləkətimizi barbarlara buraxırıq,
özümüz isə onların köləsi oluruq?!”
Bu, üsyandan əvvəl Cahangir bəy Kazımbəyovun
verdiyi sualdır.
"Gəncə üsyanı Şərəf və
Namusun yenidən etibar qazandığı bir dastandır! Gəncədə may
ayında axan türk qanı 27 aprel hadisəsi zamanı millətimizə
atılan ləkəni silib götürdü”. Bu isə
"Azərbaycan” qəzetin redaktoru Ceyhun Hacıbəylinin
üsyandan sonra verdiyi cavabdır. Bu gün onu təkrar etməyə
haqqımız çatdığı üçün biz Gəncə
şəhidlərinə, Milli Ordu zabitlərimizə və əsgərlərimizə
əbədi borcluyuq.
Arif Əliyev
Hürriyyət.-
2020.- 2 iyun. S. 8-9.