340 il öncə yaradılmış, 130
il
mövcud olmuş Quba xanlığı
Xanlığın yaranma şəraiti
və Quba xanlarının Alpan bəylərilə qohumluğu
barədə
17-ci əsrin 40-cı illərindən
bəri şimali-şərqi Azərbaycanda və cənubi
Dağıstanda baş verən bir çox ictimai-siyasi hadisələr
Qaytaq usmilərindən gələn Quba xanlarının nəsli
ilə əlaqədar olduğundan bu barədə ətraflı
bəhs etmək lazım gəlir. XII əsrə aid ərəb mənbələrində
Quba adı “Kuba” kimi göstərilirdisə, XIII əsr ərəb
alimi Həməvinin Coğrafiya lüğətində Azərbaycan
şəhərləri sırasında “Kubba” şəklində
vardır. XVI əsrin Səfəvi
qaynaqlarında isə Quba yaşayış məntəqəsi
“Qübbə” yazılışında verilmişdir. Qubanın şəhər tipli yaşayış məntəqəsinə
çevrilmə prosesinin XIV əsrin sonlarında
başladığı təxmin edilir. 1582-ci
ildən Osmanlı tərkibində ərazisi nahiyə (ülkə),
1593-cü ildən Səfəvi idarəçiliyində bəylərbəyliyi
kimi mövcud olan Quba bölgəsi, Azərbaycanda (1680-ci ildə)
yaradılan ilk yarımmüstəqil xanlıqlardan biri olub.
Quba xanlığının yaranma dövrü və 130 illik
tarixi barədə məlumatları əsasən
A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərindən,
habelə İskəndər bəy Hacınskinin, professorlar
Tofiq Mustafazadə, Şahin Fazil Fərzəlibəyli,
tarixçilər Zabit Babayev, Salman İbişov, Ənvər
Çingizoğlu və b. kitablarından ala bilirik.
1642-ci ildə
Səfəvi taxtına oturan II şah Abbas Dağıstanda
Qumuq əmiri şamxal Aydəmirin yerinə öz namizədi Tərkili
Surxayı dəstəklədi və ona şamxallıq
yarlığı verdi. 1645-ci ildə isə
o, Qaytaq usmisi Rüstəm xanın vəfatından sonra usmilərin
Yəngikənd və Məcalis qollarının ziddiyətlərindən
yararlanaraq, Qaytaqa gələn şah qoşunlarını
qarşılayıb dəstəsiylə sıralarına
qatılan usmi Əmirxan Sultanı Başlıda başa gətirdi.
Şah hakimiyətinin idarəçiliyi Dərbəndi
və Dağıstanın cənub hissəsini- Tabasaranı və
Tarki şamxallığını əhatə edirdi. Şimali Azərbaycan və Dağıstan
feodallarınin bir qismi şah qoşunları tərkibində
rus qalası Sunjaya yürüşdə də (1652/53)
iştirak etdilər. Onlardan Avar və
Qazıqumuk hakimləri şahdan səlahiyyət
yarlığları almışdı. 1659/60-cı
ildə Dağıstanda Səfəvi əleyhinə növbəti
üsyan zamanı Tarkili Surxay xan şaha qulluq etməkdən
imtina etdi və üsyan başçısı Ulubəyi dəstəklədi.
Üsyan yatırılarkən kürəlilər,
qaytaqlılar və qumuklar məğlub oldular və onların
hakimləri də şaha öz itaətlərini bildirdilər.
Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”də
yazdığına görə, II şah Abbasın və onun
oğlu Süleyman şahın dövründə
Dağıstan hakimlərindən Qaytaq usmilərinə pullu məvaciblə
yanaşı Şirvandakı bir sıra kəndlərin gəlirləri
və idarəçiliyi də verilmişdi. Həmin vaxt
Qaytaq usmisinin nəsli iki xəttə bölünürdü.
Böyük xətt Məcalisdə, kiçiyi
isə Yengikənddə yaşayırdı. Növbə ilə hər iki qolun nümayəndələri
usmi vəzifəsini tuturdu. Nəhayət
Qaytaq usmiliyindəki iki qolun arasında böyüyən
ixtilaf silahlı toqquşmaya çevrilir. Yengikənddəki
qol Məcalisə qəfil basqın edib azyaşlı
Hüseyn bəy istisna olmaqla bu qolun bütün kişilərini
məhv edir. Qohumlarından Ayda bəy
adlı bir xeyirxah insan Hüseyn bəyi xilas edib Tarki
Şamxalının yanına aparır. Yetkinlik
yaşına çatanda Hüseyn bəyi İran Azərbaycanına
apararkən, yolüstü bir müddət Səlyanın
Rudbar kəndində qazı Məhəmmədin evində
qalaraq onun qızı ilə evləndirirlər. Həmin qadından Hüseynin bir qızı
olmuşdu və sonralar bu qızdan doğulan kişilər Səlyan
və Rudbar sultanları nəslinin
başlanğıcını qoymuşdu.
Hüseyn bəy İsfahana gəldikdən sonra Ayda bəy
uzun müddət onu şaha təqdim edə bilmir. Burada zadəgan
Qacar tayfası əyanının qızı Zöhrə
xanım Hüseyn bəyi görüb onunla sevişməyə
başlayır və tezliklə onlar evlənirlər. Bu nikahdan onun oğlu Əhməd ağa doğuldu.
Nəhayət həyat yoldaşının vasitəsilə
Hüseyn bəyi şah da tanıdı. İran
şahı Hüseyn bəyin igidliyini və qabiliyyətini
qiymətləndirərək onu fərmanla Quba və
Gülhanın xanı təyin etdi. Səfəvi
İranında olarkən Hüseyn xan şiə məzhəbini
də qəbul etmişdi. Bu barədə A.A.Bakıxanov
yazır: “İranda olanda Hüseyn xan Əli məzhəbinə
daxil oldu. Və indiyə kimi Quba xanının nəsli
şiəliyə etiqad edir”.
Şah Süleyman Səfəvinin fərmanı əsasında
Quba xanlığı yarımmüstəqil inzibati vahid kimi
XVII əsrin son rübündən -1678-ci ildən mövcud
olub. O zamanlar
Səlyan və Gülhan da mülk olaraq xanlıq ərazisinə
daxil idi. Quba və ətraf mahallarda 1680-ci ilin əvvəlindən
xanlığı tanınmağla 10 ildən çox
hökmranlıq edən ilk Quba xanı Hüseyn xan 1689-cu ilin
sonunda vəfat edənədək böyük hüquqlara sahib
olub. A.A. Bakıxanov Xudat qalasını da
Hüseyn xanın tikdirərək xanlığın iqamətgahına
çevirdiyini yazır. 1689-cu ildə
Hüseyn xan Qaytağa yürüş etmiş və irsi usmi
mülkü olan Başlı şəhərini ələ
keçirmişdi. Lakin o zamankı usmi
Əli Sultan müxtəlif xalqlı dağlılardan 30 minə
qədər döyüşçü toplayıb tezliklə
Hüseyn xanı Qubaya tərəf
sıxışdırmışdı. Ruhdan
düşən Hüseyn xan bir neçə ay keçəndən
sonra Qubada vəfat etmişdir.
Qaytaq
usmisi Əli Sultandan sonra, 1696-cı ildən bəri 10 ildən
çox usmi olan Əmir Həmzəni də, Hüseyn
xanın oğlu Əhməd xan qubalılarla birgə
Qaytaqdakı tərəfdarlarının köməyi ilə məğlub
edərək Başlını tutur və özünü usmi
elan edir. Dağlara çəkilmiş Əmir Həmzənin
ətrafından Ulubəyin oğlu Əhməd xan bir müddət
sonra qoşun toplayıb Başlını və
Qaytağın bir hissəsini tutur. Qaytaq
usmisi olmağı Quba xanlığından üstün bilən
Əhməd xan Məcalisə çəkilib yeni qüvvələr
toplamağa çalışsa da, burada düşmənlərinin
sifarişi ilə öz nökərlərinin biri tərəfindən
öldürülür. Az sonra Ulubəyin
oğlu Əhməd xan usmi olaraq bütün Qaytağa yiyələndi.
1709-ci ildə orada öldürülən Əhməd xanı
isə irsi hakimiyyətdə azyaşlı oğlu Sultan
Əhməd xan əvəz etdi… Sonralar-1718-ci ilin sonu, Qaytaq
usmisi Əhməd xanla Quba xanı Sultan Əhməd xan
arasında Qubalı ağsaqqallar və usminin qaynatası
Hacı Qaib Alpanlının vasitəsilə barışıq
elan edilmiş və yenidən aralarında qohumluq əlaqələri
qurulmuş, usmi Əhməd xanın qızı 15
yaşlı Sultan Əhməd xana nişanlanmışdı…
İrandan qayıdan tarixçi dvoryan A.Lopuxin
Şamaxıdan quru yolu ilə şimala doğru hərəkət
edərkən 1718-ci ilin mart ayında Quba şəhərinə
də gəlmişdi. O, bu şəhərə böyük maraq göstərərək
icmalının “Quba haqqında məlumat” adlı hissəsində
yazırdı: “Xaçmaz daha çox Hacı Davudun
nüfuzuna ram olsa da… İndiki Quba xanı Sultan
Əhməd irsi olaraq hakimiyyətə yetişmişdir.
Onun 14 yaşı vardır. Hakimiyyəti
altında başqa şəhər yoxdur. Kəndlərin
də sayı azdır. Yanında 500 əsgəri var,
amma xalqın çoxu onun əmrlərinə məhəl
qoymur…”.
Tarixi mənbələrdə, Hüseyn xanın Məcalisdə
öldürülən oğlu Əhməd xanın qətli
kimi, Xudat qalasında qətl edildiyi bildirilən nəvəsi
Sultan Əhməd xanın ölümü də mübahisəlidir. A.Bakıxanov yazır ki,
üsyan qaldıraraq Şirvanda “İran ağalığı”nı
ləğv etmək istəyən Hacı Davud Xudatı zəbt
etmiş və bu zaman onunla birgə olan bacısı oğlu Nəzirin
təhriki ilə, mühasirəni yarıb qaladan
qaçmağa çalışan Sultan Əhməd xanı
öz yaxın adamları ilə bərabər
öldürmüşdür. Digər məlumatlarda isə
Sultan Əhməd xanın öz qayınatası – 1710-cu ildən
Qaytaq usmisi olan Əhməd xan ibn Ulubəyin təhriki ilə
öldürüldüyü versiyası irəli
sürülür… Nəsil yaddaşı ilə
ötürülən məlumatlarda, Hacı Qaib və
qardaşı oğlu (özününmü, Soltan Əhməd
xanınmı?!) 3 yaşlı qız nəvəsi Hüseynəlini
xilas edərək Tahircal (və ya Düztahir) kəndinə
apardığı və 1725-ci ilədək orada
böyüdüb tərbiyə etdiyi bildirilir…
A.A.Bakıxanovun yazdığına görə də,
öldürülən xanın körpə oğlu Hüseynəlini
tərəfdarlarından bir neçəsi uzaq Axtı kəndinə
aparıb 5 ildən çox orada qoruyub saxladılar… Kökü və irsi mülkləri cənubi
Dağıstanda -Qaytaq usmiliyində olan ilk Quba xanları
oraları xanlığın ərazisinə qatmaqdan daha
çox Qaytaq usmiliyini yenidən ələ keçirmək
üçün Quba xanlığından hərbi güc kimi
istifadə etməyə çalışırdı.
Müşkürlü Hacı Davud isə, qazıqumuq əmiri
Surxay xanın və Qaytaq usmisi Əhməd xanın
yardımı və dəstəsinin iştirakı ilə
Şamaxı və Şabranda yaşayan şiə
müslümanları-azərbaycanlı türkləri,
tatları qəddarlığla qırıb-qətl etməklə,
yurdlarını talayıb viran qoymaqla güya İran
ağalığına qarşı mübarizə
aparırdı… Amma, bir qism qatı millətçi,
sadvalçı ləzgilərin onu az qala
dini rəbər, milli qəhrəman, dövlət qurucusu
sayaraq ideal seçmələri başqa məqsədlərindən
xəbər verir…
18-ci əsrin əvvəllərində Xəzərsahili
məntəqəyə rus ekspansiyası ilə əlaqədar
olaraq Qafqaz hakimləri bir sıra hərbi əməliyatlar
keçirir, vergi yükü və məzhəb ziddiyətləri
ilə qızışan şah əleyhinə
çıxışlar da çoxalırdı. Üsyançı Hacı
Davud bir il öncə Şabranı viran etmələrinin
ardından, Qaytaq usmisinin, bəzi Quba və Qazıqumuk hakimləri
Surxay xan, Əli sultan və b. dəstəyi ilə, eləcə
də Şamaxının sünnü əhalisinin
yardımı ilə, 1712-ci ilin avqustunda Şamaxıya
yürüş edir və 15 günlük mühasirədən
sonra oradakı şiəməzhəb əhali ilə
yanaşı rus tacirlərinin də əmlakını qarət
edib qətlə yetirirlər. Bu qanlı
yürüş və 1721-ci ildə Quba
xanlığının da onların əlinə keçməsi
Azərbaycan ərazisinə Rusiya ekspansiyası
üçün bir bəhanə olur. Rus
çarı 1-ci Pyotr 1722-ci ilin iyununda Hacıtərxana
(Astarxana) gələrək İran ölkəsinə bu məzmunda
müracətnamə yazmışdı: “Ləzgilərin əmiri
Davud bəy və Qazıqumuq əmiri Surxay öz
padşahlarına yağı olub 1713-cü ildə
Şamaxı şəhərini yürüşlə
almış, rus tacirlərini qətl və qarət etmişlər.
İran padşahı bu fitnəkarların
öhdəsindən gələ bilmir. Buna görə,
biz özümüz onları tənbih etmək və intiqam
almaq fikrilə o tərəfə gəlirik…”.
İşğalçı Rusiya hakimiyəti Səfəvi
dövlətində baş qaldıran hərmərclikdən
yararlanaraq və üsyançıların dəvət etdiyi
Osmanlıların gəlişini qabaqlayaraq 1722-ci ildə Qafqaz
mülklərinin bölüşdürlüməsində
iştirak etməyə tələsirlər. 1723-cü il Peterburq müqaviləsinə görə
Tarki Şamxallığı, Kostekov və Aksay mülkləri
Rusiya imperiyasının ərazisi sayıldı. Şah II Təhmasib
bu sənədi tanımasa da, 1724-cü ildə İstanbulda,
Osmanlı Sultanı tərəfindən Rusiya
Çarının Dərbəndə, Bakıya, Xəzər
sahili şəhər və kəndlərə hakim olma
hüququnu tanıyan, eyni zamanda osmanlıların Azərbaycanın
əskər hissəsində ağalığını təmin
edən osmanlı-rus müqaviləsi bağlandı. Şirvan
vilayəti, sahil zolağından başqa, Osmanlı
imperiyasının ali himayəsi altında
müstəqil xanlıq elan edildi. Rusiya hakimiyətində
qalmağı Utəmiş sultanı, Qaytaq usmisi,
Qazıqumuklu Surxay xan və Səlyan naibi Həsən xan qəbul
etməkdən imtina etdilər. Tərki
şamxalı Adil Gəray öz adamları ilə rus
qoşunlarının hərəkətlərindən və
Müqəddəs Xaç qalasının tikilməsindən
və onun ərazisində ermənilərin və kazakların
yerləşdirilməsindən hiddətə gələrək
yeni tikilmiş rus istehkamını mühasirəyə
alır. Lakin şamxalın azsaylı
qoşunları ilk döyüşdəcə məğlub
oldular. Buna qarşılıq cəza tədbiri
olaraq şamxallıq ləğv edildi, oranın idarəsi isə
rus komandanlığına verildi. Rus
qoşunlarının 1732-ci ildən başlayaraq buralardan tədricən
uzaqlaşmasından sonra isə şah hakimiyəti şamxal vəzifəsini
bərpa etdi və onu Adil Gərayın oğlu Xaspolada verdi.
(Ardı var)
Hazırladı: C. Alpoğlu
Albantürk
Hürriyyət qəzeti.- 2020.- 23-24 iyun.- S.14.