340 il öncə yaradılmış, 130
il
mövcud olmuş Quba xanlığı
Xanlığın
yaranma şəraiti və Quba xanlarının Alpan bəylərilə
qohumluğu barədə
(Əvvəli ötən
sayımızda)
17-ci
əsrin 40-cı illərindən bəri şimali-şərqi
Azərbaycanda və cənubi Dağıstanda baş verən
bir çox ictimai-siyasi hadisələr Qaytaq usmilərindən
gələn Quba xanlarının nəsli ilə əlaqədar
olduğundan bu barədə ətraflı bəhs etmək
lazım gəlir. XII əsrə
aid ərəb mənbələrində Quba adı “Kuba” kimi
göstərilirdisə, XIII əsr ərəb alimi Həməvinin
Coğrafiya lüğətində Azərbaycan şəhərləri
sırasında “Kubba” şəklində vardır. XVI əsrin
Səfəvi qaynaqlarında isə Quba yaşayış məntəqəsi
“Qübbə” yazılışında verilmişdir. Qubanın şəhər tipli yaşayış məntəqəsinə
çevrilmə prosesinin XIV əsrin sonlarında
başladığı təxmin edilir. 1582-ci ildən
Osmanlı tərkibində ərazisi nahiyə (ülkə),
1593-cü ildən Səfəvi idarəçiliyində bəylərbəyliyi
kimi mövcud olan Quba bölgəsi, Azərbaycanda (1680-ci ildə)
yaradılan ilk yarımmüstəqil xanlıqlardan biri
olub. Quba xanlığının yaranma
dövrü və 130 illik tarixi barədə məlumatları
əsasən A.A.Bakıxanovun “Gülüstani-İrəm” əsərindən,
habelə İskəndər bəy Hacınskinin, professorlar
Tofiq Mustafazadə, Şahin Fazil Fərzəlibəyli, tarixçilər
Zabit Babayev, Salman İbişov, Ənvər Çingizoğlu
və b. kitablarından ala bilirik.
1721-ci ilin yazında Sultan
Əhməd xanın öldürülməsindən sonra xanlığın ərazisinin çox hissəsi Hacı Davudun (formal olaraq Qazıqumuq usmisi Surxay xanın) hakimiyyəti altına keçmişdi. 1722-ci ildə rus qoşunlarının Xəzərboyu əyalətlərə
yürüşü zamanı Quba xanlığının ilk
növbədə dənizə yaxın hissəsi, o
cümlədən Xudat qalası ruslar tərəfindən
tutulmuşdu. Qubanın özü də
daxil olmaqla dağlıq və dağətəyi ərazilər
Hacı Davudun hakimiyyəti altında qalmışdı.
Məhz buna görə də xanlıq tərəfdarları
dağ kəndlərində gizlədilən azyaşlı
Hüseynəlini 1725-cı ildə rusların nəzarəti altında
olan Xudata gətirmiş, Rusiyanın himayəsinə keçmək
yolu ilə xanlığı bərpa etmək istəmişdilər.
1726-cı ilin sonunda fərmanla, 1727-ci ilin sonunda isə mərasimlə
Quba xanlığı Rusiyanın tərkibinə daxil oldu və
öldürülmüş Sultan Əhməd xanın 10
yaşlı oğlu Hüseynəli bəy Quba xanı elan
edildi. Belə
ki, Rusiya İmperiyasının Xarici Siyasət Arxivində
saxlananılan rəsmi sənəddə, 1726-cı ilin 20
oktyabrında Dərbəndə gəlmiş Hüseynəli bəyin
Rusiya himayəsini qəbul edərək sədaqət andı
içməsi bildirilir. Hüseynəli xan
Rusiyanın açıq və ya gizli düşmənləri
ilə heç bir əlaqə saxlamayacağına da söz
vermişdi. 1726-cı il dekabrın
21-də Peterburqda Ali Məxfi şurada Hüseynəli bəyin
Rusiya himayəsinə qəbul edilməsi və onun Quba
xanı kimi təsdiq olunması məsələsi nəzərdən
keçirildi. Hüseynəli bəyin
torpaqları Osmanlılarla 1725-ci ildə bağlanmış
müqaviləyə görə Rusiya zonasında qalıbsa
himayəyə qəbul edib ona xan rütbəsi vermək
haqqında Xəzərsahili əyalətlərdəki rus
qoşunlarının komandanı feldmarşal Dolqorukiyə fərman
göndərildi. Sərhədlərin müəyyənləşdirilməsi
başa çatdığda Quba xanlığının
böyük bir hissəsi Rusiya tərəfində
qaldığından Hüseynəli xan 1727-ci ilin 12
dekabrında Quba xanı kimi təsdiq olundu və xan
azyaşlı olduğuna görə müvəqqəti qəyyumlar
təyin edildi: Əfrasiyab naib, Fəraməz isə nazir oldu. Eyni zamanda xanlığın kəndxuda,
yüzbaşı və ağsaqqaları Hüseynəli xanla
yanaşı Rusiya çarlarına da sədaqət andı qəbul
edirdilər.
Amma Hüseynəli xan şah hakimiyyətinə də
zahiri itaət göstərirdi. Məhz belə siyasət
nəticəsində, Nadir şahın Azərbaycana ilk
yürüşü zamanı – 1734-cü ildə, şah
Hüseynəli xanın idarəçiliyinə əlavə
olaraq Səlyanı da vermişdi və Səlyan ərazisi
yenidən Qubaya birləşdirilmişdi. Amma bir il keçməmiş şah nədənsə
Səlyanın idarəçiliyini Quba xanının səlahiyyətindən
çıxardı. Nadir şah
Əfşarın hakimiyyətinin son illərində Azərbaycan
və Dağıstanda İran ağalığına
qarşı azsaylı xalqların, sünni
müslümanların narazılığı geniş vüsət
almışdı. 1735-ci ildə
qubalıların bir hissəsi də Nadir şaha qarşı
çıxıb, Dağıstan üsyançılarına
güvənərək Xudat qalasında Hüseynəli
xanı mühasirəyə aldılar. Şamxal
Xaspulad və Dərbənd qarnizonunun rəisi onun
yardımına gələrək, üsyançıları dəf
etdilər. Hüseynəli xanın anası (Sultan Əhməd
xanın yoldaşı) Alpan bəyi Hacı Qaibin qız nəvəsi
( Qaytaq usmisi Əhməd xanın qızı) olsa da, Şeyxəli
xanın zamanınadək və Hacı Qaibin nəvəsi
Xanbaba bəy Fətəli xan Qubalının bacısı
qızını alanadək onların qohumluq münasibətləri
nisbətən soyuq olub…
Rəşt müqaviləsi (1732) və Gəncə
müqaviləsinə (1735) görə, Rusiya imperiyası
Kürdən cənuba Xəzəryanı ərazilərdən
İranın xeyrinə vaz keçdi və şahın
Dağıstan xalqları və Tarki şamxalı üzərində
hakimiyətini tanıdı. Rus qoşunları əvvəlcə
Sulak çayına, sonra isə Terek çayına çəkildilər.
Nadir şah Əfşar əski qüdrətini
bərpa etmək üçün Dağıstana
yürüşlər təşkil edir. O, Osmanlı
sultanı ilə də sülh sazişi bağlayaraq, öz
yerli tərəfdarları ilə (şamxal Xaspolad xan və
b.) Tabasaranda, Kürədə, Samurda, Qubada, Qazıqumuqda,
Akkuşa mülkündə və Məcalis mahalında
şah hakimiyəti əleydarlarına divan tutur. Azərbaycan və Dağıstan nümayəndələri,
o cümlədən Tarkili şamxal sonrakı illərdə də
Türkiyə-İran rəqabətinə cəlb olunurlar.
Hətta Nadir şah Qaytaq usmisini sıxışdıraraq, azərbaycanlı
tərəkəmələri (300 həyət) daha sakit yerlərə,
xüsusi ilə qumuq sərdarı Əlişah Həmzənin,
Əndərəy məlikləri Temir və Bamatın
mülklərinə, onlara yaxın olan qumuqların yanına
köçürür. Nadir şahın
ölümündən sonra azərbaycanlı-tərəkəmələrdən
bir hissəsi Qaytaq hakimi Əmir Həmzənin yanına –
öz köhnə yerlərinə qayıdırlar, ancaq 100 həyət
qumuqların arasında qalır.
Abbasqulu
Ağa Bakıxanov yazırdı: “İndi də Nadir
şahın ölümündən (1747) sonra Dağıstan və
Şirvanın nə halda olduğunu nəzərdən
keçirək. Nadir şahın vəfatından
sonra qoşunu da bu ölkədən çıxıb getdi.
Quba və Salyan hakimi Hüseynəli xan Sultan
Əhməd xan oğlu Xudat qalasını
köçürüb, indiki Quba şəhərinin Qudyal
adlı yerində tikdirməyə başladı (əvvəllər
də Quba xanları vəziyyətdən və mövsümdən
asılı olaraq Quba şəhərində və ya Xudat
qalasında oturardılar). İğtişaş
zamanı bu ölkənin özbaşına qalan bir çox
mahallarını itaətə məcbur etdi”. Quba xanlığı Azərbaycanda çox iri
olmayan, lakin hərbi cəhətdən güclü siyasi birlik
idi. Nadir şahın Azərbaycana yürüşləri
zamanı və mülkədarlar arası mübarizənin
gücləndiyi sonrakı illərdə xanlıq digər Azərbaycan
torpaqlarına nisbətən az zərər
çəkmişdi. Çünki, 1735-ci ildə
Xəzərsahili vilayətlər Rusiya tərəfindən
İrana güzəştə gedildikdən sonra, Hüseynəli
xanla birgə digər bəylər də xanlığın
qarət olunmasının qarşısını almaq və
öz hakimiyyətlərini qorumaq üçün bir sıra
tədbirlər görmüşdülər. Həmçinin xanlıqda qalalar olduğundan əhali
lazım gəldiyi təqdirdə sığınacaq tapa
bilirdi. 1747-ci ildə xanlığın mərkəzi
iqamətgahının Xudat qalasından Quba şəhərinə
köçürülməsi də xanlığın iqtisadi
gücünün qismən artmasına şərait
yaradırdı. 1757-ci ildə Dərbənd
və Şamaxı ətrafından bir sıra ailələrin
Quba xanlığına məxsusi köçürülməsi
və Səlyan xanlığının ləğv edilərək
Hüseynəli xanın idarəçiliyinə verilməsi
xanlığın hərbi gücünün artmasına
kömək etmişdi. Hüseynəli xan oğlu Fətəlini
uşaqlıq vaxtından hərbi və siyasi işlərlə
tanış etmək məqsədi ilə
ona müxtəlif tapşırıqlar verərdi. 1756-cı ildə atası Fətəli bəyi Quba bəylərindən
birinin rəhbərliyi altında, öz dövrünə
görə güclü bir qoşunun baş komandanı təyin
etmişdi. 1759-cu uldə Dərbənd
xanlığının Quba xanlığına birləşdirilməsi
ilə başlayan Fətəli xanın rəhbərliyi və
zəfərləri dövrü bir çox siyasi-hərbi hadisələrlə
zəngin olduğundan ayrıca geniş yazının
mövzusudur…
Amma bu xülasənin sonunda, Quba xanlarının soyundan gələn Asəf xan Qubalının (politolog Asəf Kərimovun) 5 il öncə fb profilində paylaşdığı bəyanatı diqqətinizə yönəltməyi lazım bildim: “Mən Fətəli xan nəslinin hüquqi varisiyəm ve rəsmən bildirirəm ki bizim nəsilin ləzgilərlə qarışıqı olmayıb. Mənim ulu babam Fətəli xan Qubalının nəsli Məcalisin sahsevenlər tayfasındandır, Azerbaycan türküdür! Onu da bildirim ki, A.Bakixanovun “Gulistani-İrəm”ində belə bir şey yazılmayib. Bu uydurma “Lezgi tarixi”ni Zabit və Rizvan Rizvanovlara (ata-ogul) bəxş edən erməni-rus hiylesidir. Mən bu məsələyə coxdan nöqtə qoymuşam və ondan sonra hec bir yerde Fətəli xan Qubalını ləzgi kimi qələmə verə bilmirlər … Fətəli xan Qubalı hec zaman uydurma Ləzgistan dovləti yaratmayıb və tarixdə hec bir zaman belə dövlət mövcud olmayib. Bu uydurma “tarix” ermənilər tərəfindən hazırlanıb azerbaycanlılarla ləzgilər arasında minilliklərlə mövcud olan qardaşliqa nifaq salmaq ücündür. Bunu da edə bilmədilər. Fətəli xan Qubalı bütöv Azerbaycan uğrunda vuruşub, ətrafında 3 imperiya (Rusiya, Osmanlı ve Fars) mövcud olduğu halda. O, 30 il mücadilə edərək mustəqil dövləti qurub və qoruyub, mustəqillik siyasətilə Azerbaycan torpaqlarının bir hissəsini bir dövlətdə birləşdirib. Fətəli xan Qubalı azerbaycanlıdır, geniş arealda köklü qubalıdır ve qubalı kimi də yaddaşlarımızda qalacaqdır!!”
Hazırladı:
C. Alpoğlu Albantürk
Hürriyyət.- 2020.- 25-26 iyun.-
S.14.