“Arxadan vurulan
zərbə”nin gizlinləri
Aktyoru az qala bıçaqla
öldürəcəkdilər
Milli.Az Kulis.az-a istinadən Arif
Babayevin "Arxadan vurulan zərbə" bədii filminin təhlilini
təqdim edir.
Film Elçinin
"Ox kimi bıçaq"
əsərinin əsasında
ekranlaşdırılıb. Süjetə əsasən,
keçmiş orqan işçisi Əhməd
Qəmərli (Həsən
Məmmədov) rayonlardan
birində müəllim
işləyən qardaşı
oğlu Fazilə (Akif Əli) qonaq gəlir. Və burada müəmmalı şəkildə qətlə
yetirilir. Cinayəti araşdırmaq
üçün Bakıdan
müstəntiq Gündüz
Kərimbəyli (Şahmar
Ələkbərov) dəvət
olunur. Çətin
axtarışlardan sonra
cinayətin üstü
açılır...
"Arxadan vurulan
zərbə" lirik-melonxolik
filmlər çəkən
Arif Babayevin detektiv janrda ilk işi idi. Bu janrda ilk təcrübəsi
olmasına baxmayaraq,
"Arxadan vurulan zərbə" mili kinomuzun ən yaxşı detektiv nümunələrindən biridir.
Təbii
ki, uğurun bir hissəsi də səliqə ilə işlənmiş ssenarinin payına düşür. Hətta Elçin
detektiv janrında Çingiz Abdullayevdən daha peşəkar və dərin işləyib. Bir neçə il
əvvəl Ç. Abdullayevin
"Quba kapriççiosu"
əsərinin motivləri
əsasında Yavər
Rzayev "Xeyirlə şərin rəqsi" filmini çəkmişdi.
Detektiv janrı ilə əlaqəsi olmayan ekran işində (filmin ssenarisini də yazıçı özü yazıb) dinamizm, hadisəlilik, hətta konflikt nəzərə çarpmır.
"Arxadan vurulan
zərbə" də
isə klassik detektiv janrının bütün qaydaları gözlənilib. Tamaşaçıya imkan yaradılır
ki, film boyu cinayət hadisəsi haqda müstəntiqlə birlikdə onun da öz qənaətləri,
mülahizələri yaransın.
Xüsusən də, ona görə ki, təhqiqatçı personajdan
fərqli olaraq, tamaşaçı rejissorun
hansı detalları vurğulamasını, əhvalatı
hara yönləndirməsini
gördüyündən daha
konkret fikirləri əmələ gəlir.
Və rejissor eyni zamanda
dolaşıqlıq yaratmaq
üçün təhkiyəni
bilərəkdən səhv
istiqamətə də
yönləndirə bilər.
Mislaçün, filmin əvvəlində
müstəntiq rayona gələndə vağzalda
İmaşla (Hamlet Xanızadə)
qarşılaşır. O, İmaşa ötəri nəzər yetirsə də, kamera onu xüsusi vurğulayır. Sonrakı gedişatda İmaşın
Qəmərlinin qardaşı
oğlu Fazillə mübahisəsinin qabardılması,
şübhəli davranışı
onun qatil olması qənaətini daha da gücləndirir.
Rejissor şübhəni
daha sonra filmin ikinci yarısında
əhvalata daxil olan Cəbiyə (Rasim Balayev) yönəldir. Bu, həm
də fabulanı mürəkkəbləşdirmək üçün zəruridir.
Əsas qatil Fəttahın-Qurd Cəbrayılın
(Yusif Vəliyev) cinayət hadisəsindən
kənarda saxlanılması,
Zibanın (Amaliya Pənahova) qətlə yetirilən adamdan oğurlanan cib saatını saatsaza verməsinin gizli kamera metodu ilə
müşahidəsi dolaşıqlığı,
intriqanı gücləndirir.
Ümumiyyətlə, film detektiv janrına
xas hadisəliliklə
zəngindir. İlk səhnənin
qətl hadisəsi ilə açılması
da janrın əsas xüsusiyyətlərindəndir.
Ara-sıra süjetə daxil olan qatar
mərkəzi fiqurlardan
biri kimi canlanır. O, hadisələrin
bir növ hərəkətverici qüvvəsi
kimi çıxış
edir. Təsadüfi deyil ki, dinamik,
həyəcanlı musiqi
(Xəyyam Mirzəzadə)
ilə müşayət
olunan qatar
kadrları ilə hər dəfə əhvalata yeni detal, obraz daxil
olur.
"Arxadan vurulan
zərbə" çoxmənalı
addır. Bu, təkcə
bir neçə nəfərin bıçaqla
arxadan vurulmasını
ifadə eləmir.
Həm də mənəvi məna daşıyır, inamdan sui istifadəni nəzərdə tutur. Məhəbbət xətti,
Amaliya Pənahovanın
Ziba obrazını yumor nüansları ilə ifası ağır hadisəli süjeti bir az yüngülləşdirir.
Baş verən hadisənin köklərinin keçmişə,
inqilab illərinə söykənməsi filmi əhəmiyyətli tarixi
qatla zənginləşdirir.
"Arxadan vurulan zərbə"nin natura çəkilişləri
əsasən Şəkidə,
Zaqatalada, Qaxda aparılıb. Keçmiş orqan əməkdaşı,
Qəmərlinin silahdaşı
Hüseynova (Rafiq Əzimov) atılan bıçaq səhnəsi
Qaxda, Kərimbəylinin
maşın sürdüyü,
Cəbininin öldürüldüyü
epizod Zaqatalada çəkilib. Qatar səhnələri Xaçmaz
stansiyasında, qapalı
məkan çəkilişləri
isə pavilyonda aparılıb. Şahmar Ələkbərovun
qəhrəmanının müstəntiq
Hüseynovla çay kənarındakı dialoqu,
Qurd Cəbrayılı
tanımaq üçün
onu dəvət etdiyini dediyi epizod Mingəçevirdə
lentə alınıb.
Filmin yaddaqalan epizodlardan biri Zibanın bölməyə apardıqları
səhnədə Amaliya
Pənahovanın milis
işçisinə dediyi
"ə, bu nə maşındır, başqa
maşın tapmadın?"
onun imropvizəsi olub.
Müstəntiq Hüseynovun bıçaqlanma
epizodu üçün
sirkdən artisti dəvət edilib. Epizod çəkilməyə başlayandan
əvvəl sirk artisti məşq edir, bir neçə
metr uzaqdan bıçağı nişan alaraq, bir dəfə də olsun hədəfdən
yayınmır. Hüseynov
rolunun ifaçısı
R. Əzimov müsahibələrindən
birində bu səhnə haqda deyir: "Arif mənə dedi ki, birinci komandanı
bıçaq atana verirəm, ikinci "əyil!" komandasını
sənə verirəm.
Bu vəziyyəti bir neçə dəfə çəkdik
- təbii ki, mən arxaya baxmadan yalnız Arifin komandasına əməl edərək addımlayırdım və
hər dublda da bıçaq başımın yanından
ötüb dirəyə
sancılırdı. Növbəti
dublda Arif komandanı mənə bir az yubadaraq verdi. Və həmin anda başımın üstündən, saçıma
nəyinsə toxunduğunu
hiss etdim, çox da fikir vermədim,
dedim yəqin bıçağın yeli
imiş. Amma Arif başda
olmaqla bütün çəkiliş qrupunun
necə böyük həyəcanla ayağa qalxıb içlərini çəkdiklərini görəndə
mən də vahiməyə düşdüm.
Hamısı mənə yaxınlaşıb
əllərini başıma
sürtdülər görsünlər
ki, başım yaralanıb, ya yox. Arifin rəngi sapsarı
saralmışdı. Dərindən
nəfəsini dərib
dedi ki, ay Əzimov, deyəsən sənin anan namaz üstündə imiş".
Əhməd Qəmərli roluna öncə Gündüz Abbasov təsdiq olunsa da, aydın
olmayan səbəblərdən
bu obraza Həsən Məmmədov
təsdiq edilib. SSRİ Dövlət
Təhlükəsizlik Komitəsinin
60 illiyinə həsr olunan film Moskvada ali kateqoriyaya
layiq görülüb.
Maraqlıdır ki,
"Yeddi oğul istərəm" əsərində
oynayan yeddi oğuldan beşini rejissor bu filmə
dəvət edib: Şahmar Ələkbərov,
Həsən Məmmədov,
Ələsgər İbrahimov,
Ənvər Həsənov,
Rafiq Əzimov. Ümumiyyətlə, filmdə çox
güclü, orqanik aktyor ansamblı var.
"Yeddi oğul
istərəm" filmində
aktyorların at sürmək
təcrübəsi olduğundan,
Qurd Cəbrayılla sovet hakimiyyətinin təmsliçilərinin 1930-cu illərdəki döyüş
səhnəsində ifaçılar
kaskadyorsuz keçinib.
Vikipediya
məlumatına əsasən,
əsl adı Cəbrayıl Baxşıyev
olan Qurd Cəbrayıl real adam olub. Maştağa kəndində doğulan
Cəbrayıl kriminal
aləminin tanınan simalarından biri idi. Ümumilikdə ona 70 ilə yaxın iş kəsilsə də, ömrünün 36 il həbsxanada keçirib. Daha çox tək
işləməyə üstünlük
verdiyinə görə
Qurd ləqəbini qazanıb. Kriminal aləmdə isə
"Paxan Cəbrayıl"
kimi tanınıb.
O, həbsxanadan sonuncu
dəfə 1963-cü ildə
çıxıb.
"Arxadan vurulan zərbə" filmində
Qurd Cəbrayıl sərrast bıçaq atan idisə da, reallıqda tapança ilə dəqiq nişan
almağı bacarırmış.
Qurd Cəbrayıl rolunun ifaçısı Yusif Vəliyev Cəbrayıl Baxşıyevlə
tanış imiş. Onlar eyni məhəllədə
yaşayıb və filmə dəvət alan Yusif
Vəliyev Cəbrayılla
bir müddət ünsiyyətdə olub. Filmi görməyən Cəbrayıl
1976-cı ildə dünyasını
dəyişib.
Filmin məsləhətçisi
polkovniki Sabir Hüseynov, opratoru Valeri Kərimovdur. SSRİ-də əsəri 17 milyon tamaşaçı izləyib.
Hürriyyət.- 2020.- 23-24 iyun.- S.16.