FANTAZİYALARIN ƏN GÖZƏLİ
Mircəfər Bağırov və Üzeyir Hacıbəyovun
söhbəti…
…O, yeganə sənətkar idi ki, həm fəal
kommunist, həm də böyük istedad sahibi idi…
…Nə yaxşı ki, ölkə, xalq bu qədər
varlı-dövlətli idi. Yoxsa ayılıb Mirzə Cəlil,
Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir bəy kimi cəmi
bir neçə milli iftixar sahiblərimizin də
başını çoxdan yeyərdilər…
1931-ci il idi. 46-cı baharını yaşayan böyük
Üzeyir Hacıbəyov yaradıcılıq
potensialının çiçəklənən
dövrünü yaşasa da, artıq neçə illər
idi ki, heç nə yazıb yaratmırdı. Nə qədər operalar, operettalar qəlbində
doğulub, qəlbində də yox olurdu. Çünki
bu dövr ümumiyyətlə Azərbaycan xalqının həyatında
ən faciəvi dövrlərdən biri idi. Bu 11 il ərzində bu bədbəxt respublikaya daha
kimlər başçılıq etməmişdi?! Ruslar, yəhudilər
və hətta erməni! Özü də necə erməni!!!
Mircəfər Bağırovu sürgün etdirən və
buna çox-çox peşman olan Levon Mirzoyan! Levon
ona görə peşman olmuşdu ki, necə asanlıqla bu
güclü və qorxunc erməni düşmənini məhv
edə bilərdi, amma etməyib ona Tiflisə dostu Lavrenti
Beriyanın yanına qaçmağa imkan vermişdi.
Bəli,
bütün bunlar qəlbi təmiz və qüdrətli bir
istedad sahibi kimi xalqını sevən Üzeyir bəyin
gözləri qabağında olmuşdu. O, necə olmuşdu ki, bu cür iblislərin meydan
suladığı bir səltənətdə sağ
qalmışdı, heç kim bilmir. Yəqin
ona görə ki, Kirovlar, Mirzoyanlar, Üzeyir bəydən daha
vacib məsələlərlə yəni, qızıl və sərvət
yığmaqla məşğul olmuşdular. Nə
yaxşı ki, ölkə, xalq bu qədər
varlı-dövlətli idi. Yoxsa
ayılıb Mirzə Cəlil, Hüseyn Cavid, Cəfər
Cabbarlı, Üzeyir bəy kimi cəmi bir neçə milli
iftixar sahiblərimizin də başını çoxdan yeyərdilər.
Doğrudur, meydan küçüklərin səsi,
rejimin şərəfinə zurnaçalanların şən
bağırtıları ilə dolmuşdu.
Bu cəhətdən
çeçen balası türkləşmiş Müslüm
Maqomayev istisna təşkil edirdi. O, yeganə sənətkar idi ki, həm fəal kommunist,
həm də böyük istedad sahibi idi.
Nəhayət,
budur, iyirminci illərin lap axırlarında böyük dostu
Beriyanın sayəsində Stalinin göstərişi ilə
Mircəfər yenidən ölkəsinə qayıtdı və
əvvəlki kimi ÇK-nın sədri oldu.
Köhnə
dostlar görüşüb xeyli söhbət etdilər. Bağırov Üzeyir bəyin bayaqdan diqqətlə
onun üzünə baxdığını görüb dedi:
– Nə işdir, Üzeyir bəy, gözlərini üzümdən
çəkə bilmirsən?
– Əziz Mircəfər,
inanın ki, gözlərimə inana bilmirəm.
Bağırov da
onun üzünə baxdı və bu köməksiz dahinin bu qədər
illər ərzində nələr çəkdiyini sanki indi dərk
etdi. Dərindən köks ötürüb
dedi:
– Eyb etməz, Üzeyir bəy,
xalqımızın dostu əziz İosif Vissrionoviçin
Stalinin sayəsində ağır günlərimiz, çətin
günlərimiz tamamilə arxada qalıb. İndi
bizim borcumuz yoldaş Stalinə sübut etməkdir ki, onun qərarı
əbəs yerə olmamışdır. Müslümlə
əl-ələ verib yeni-yeni gözəl əsərlərlə
xalqımızın yenə yaşayıb böyük sənət
inciləri yaratmaq qabiliyyətinin ölmədiyini sübut etməliyik.
– Əziz Mircəfər,
nə vaxtdandır ki, barmaqlarım pianonun klavişlərinə
və not vərəqlərinə həsrətdir. Bu barədə fikirləşim və nə
qərara gəldiyimi yəqin ki, yaxın vaxtlarda nəzərinizə
çatdıraram.
* * *
Bu hadisədən
bir neçə müddət keçdi. Üzeyir bəy bir neçə operanın librettosunun
qısa məzmununu
cızsa da, heç birinin üzərində dayana
bilmədi. Açığını deyək
ki, böyük insan heç cür sosializm ideyalarını,
sosialist həyat tərzini təbliğ edəcək nəsə
yarada bilmirdi. Bir tərəfdən də
ona görə ki, vaxtı ilə Müsavat hökümət
qəzetinin redaktoru və himninin müəllifi olduğu
üçün bunu özünə
sığışdıra bilmirdi. Bir tərəfdən
də, xüsusilə kəndlərdə qırğın-qiyamət
davam etdiyinə görə bu cür musiqi əsərləri
yaratmaq onu sevənləri xeyli təəccübləndirə
və təəssüfləndirə bilərdi. Amma onu da bilirdi ki, Bağırov yoldaş da
haqlıdır. O, mütləq nəsə
yazmalıydı.
Evdə kresloya dirsəklənib fikrə
getmişdi ki, çay gətirən Məleykə onun
üzünə baxıb gülümsəyərək dedi: Ay
Üzeyir, deyəsən yaman fantaziyaya dalmısan.
Üzeyir təəccüblə
qaşlarını çatıb gülümsədi, – nə
dedin, fantaziya? Ah, əhsən sənə yaxşı
yadıma saldın, axı bir dəfə hardasa
eşitmişdim ki, musiqidə tərcümə də mümkündür.
Gəlsənə, çox sevdiyim Motsartın
sonatalarından birini “Fantaziya” adı ilə
qulağımız üçün tərcümə edim.
Həm təzə bir janrın ilk nümunəsi
olar, həm yoldaş Bağırovun sifarişi yerinə
yetirilər, həm də ürəyim istəyən bir əsər
olar. Məleykə, sən allah, o
Motsartın sonatalar not kitabını gətir.
Və kitabı vərəqləyib, bir
zamanlar xüsusən Sankt-Peterburqda dönə-dönə qulaq asdığı
sonataların not səhifələrini nəzərdən
keçirməyə başladı. Aydındır ki, əsər
bizim muğamlardan birinin ladında yazılacaq. Yaxşı olar
ki, çox sevdiyim, amma az istifadə etdiyim
“Çahargah” üstündə olsun.
Və yenidən
vərəqləyib notları dodaqlarında səsləndirməyə
başladı. Nəhayət,
birdən dayandı. Aha, bu tamamilə “Çahargaha”
uyğundur. Hansıdır, “16-cı sonata – Do
major”.
Sonra bütün
sonatanı zümzümə etdi. Aha, sonrası asandır.
Bu zaman telefon
cingildədi. Məleykə
telefonu götürdü və Üzeyir bəyə baxıb
dedi, – Müslümdir, səni istəyir.
– Ver bəri.
– Müslüm, eşidirəm, nə var?
Müslüm həyəcanla dedi:
– Üzeyir bəy bilirsənmi, nə var?
– Nə var?
– Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin
yaradılması haqqında icazə almışam. Bu saat orkestrin heyətini müəyyənləşdirməklə
məşğulam. Hansı alətdə nə
qədər ifaçı olacaq, ifaçılarda kimlər
olacaq, sən də kimləri məsləhət bilirsən deyərsən.
Yəqin ki, bir müddət çəkər.
– Dostum, yaman sevinirsən haaa!
– Necə də sevinməyim. Rəhbəri və Baş drijoru ən yaxın
dostum olacaq.
Üzeyir bəy
qəhqəhə çəkdi.
(Ardı var)
Əlisa NİCAT
Hüriyyət.- 2020.- 7-8 may. S.14.